post-title

“Qrantamyot”lar

“Ovod” əsərinin sonunda maraqlı bir səhnə var. Baş qəhrəman Ovod ölür və onun dostu Çezare Martini öz-özünə deyir ki, yenə hər şey adiləşir, pamfletlər-filan, ənənəvi inqilabçılıq. Bunu oxuyanda mən utandım. Əslində biz Martininin dediyi ənənəvi inqilabçılıqla məşğuluq. Amma düşünəndə gördüm ki, biz Ovod kimi ola bilməsək də, orta mövqe tuta bilirik. Bir də var etiraz etməkdən sui-istifadə edənlər.

 

Bu qrup insanlar daha iyrənc mənzərə yaradırlar. Belə ki, onlar əsasən qrant udmaq hesabına pul qazanmaqla məşğuldurlar. Bunun üçün isə iqtidar demokratiyanın imitasiyasını yaratdığı kimi onlar da mübarizənin imitasiyasını yaradırlar.

Onlar haqqında deyilib, yazılıb, amma layiq olduqları qədər yox. Bir var irəliçilər kimi səmimi deyəsən ki, “Mən buyam. Yaltaqlığıma görə büdcədən və Qərb ölkələrinin vətəndaşlarının vergilərindən, mərhəmətlərindən talanan pulların bir qisminə yiyəlik edirəm”. Bir də var QHT yaradasan, adına “müstəqil” epiteti calayasan, utanmaz-utanmaz deyəsən ki, mən demokratiya, insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparıram, hansısa it ilində hakimiyyət məni təqib edib, özüm də ölmə-diril, güc-bəla bu “mübarizə”ni davam etdirirəm.

Bu ikincisi mübarizə, demokratiya, daha nə bilim nə adlandırdığımız prosesə daha çox ziyan vurur, nəinki səmimi yaltaqlar. Bunların bir gözəl adı var – “QRANTAMYOT”.

Deməli qrantamyotlar necə işləyir? Əvvəlcə radikal şəkildə inqilabçılıq edirlər. Mitinq, piket, polislə güləş, mülkigeyimli ilə boks, inzibati həbs... bütün bu teatrı isə xarici təşkilatlara, Avropa parlamentarilərinə tək-tək yazılan məktublar, zırıltılı bəyanatlar, tutularkən, döyülərkən, bölmə qabağında gözləyərkən çəkilmiş, müxtəlif pozaları əks etdirən fotoşəkillər, video-kadrlar və s. müşayiət edir.

Əlqərəz, qrantamyot silah-sursatı yığıb başlayır donorları layihə atəşinə tutmağa. Özü kimi “son dərəcə mübariz” dost-tanış QHT-lərindən də müşayiət məktubları, maddi, mənəvi və s. dəstək alıb ilk qranta yetişir. İlk qrantı hesabata uyğun xərcləyir, ikinci üçün müraciət edəndə birinci layihənin “faydalı” nəticəsini ikinci donora göstərir. Beləcə layihələr ard-arda gəlir, xərclənmdə şəffaflıq isə get-gedə tutqunlaşıb, axırda “dumanlıq”la əvəz olunur, göz-gözü, göz də pulu görmür.

“Qrantamyot” yoldaşımız özünə maşın, ev alır, hər ikisinin içini doldurur – birincini arvad-uşaqla, ikincini mebel-filanla. Daha sonra qrantlar davam edir, bu içini doldurduqlarının içini boşaldır – arvad-uşağın hərəsinə bir maşın alır, evdəkiləri də aldığı digər evlərə, bağlarına daşıyır. İctimai sektordan, gündəlik mətbuatdan itib-batır. İldə-ayda bir dəfə dost-tanışının, badə yoldaşının, bazdıq arkadaşının 3-4 mərtəbəli ofisinə işıq pulu bildirişi gələndə səhnəyə atılır, bu bildirişi hakimiyyətin təxribatı hesab edir, onun müdafiə bəyənatına qoşulmayan ictimai sektor nümayəndələrini isə “xain”, “onsuz da hara işlədiyi bəlli olan” və s. adlandırır, işıq pulunu ödəyir, çəkilir yenə mağarasına.

Bir az yaxınlıq edən adamlar “qrantamyot”ların xaricdə keçirilən təlimlərdə, konfranslarda çıxış etdiyini görə bilər. Bu çıxışlar da 2 yerə bölünür. Qrantamyot zalda həqiqətlərdən danışır, Azərbaycan iqtidarının diktator siyasətini tənqid edir, kofe fasilələrində isə səyahətinin əsl məqsədinə keçir – “donor ovu”. Səyahətdən qayıdanda onların baqajına baxanda bilmək olar ki, əslində xaricdə nə işlə məşğul olublar – hələ də adını tələffüz edə bilmədiyi şərablar, olduğu ölkənin adına bir “-ski” artırmaqla adlandırdığı (ukraynski, moldovski və s.) araqlar, gipsdən düzəldilmiş və bunlar kimi birdən görənləri aldatmaq üçün nəzərdə tutulmuş “only for glamours” seriyasından heykəlciklər və s..

Onların vaxtilə ora-bura qaçaraq yuxarıda barəsində danışdığım foto-video pozaları yığdığı zamanlarda olduğu vaxtlar yadlarından tez çıxır, həmin vəziyyətdə olan, amma onlardan fərqli olaraq poza yığmayan, həqiqətən mübarizə aparan gənc görəndə hər insanda olan hakimiyyət ehtirasları gəlir ağıllarına. Özlərinin pula görə üstün mövqelərindən qürrələnir, maddi, mənəvi yardım verməmələri cəhənnəm, villavari ofislərinin 3-5 nəfərlik otaqlarını da hansısa aktiv gənclər qrupuna qıymırlar. Hələ bu gənclər intellektualdırsa, onun donorlarını özlərinə istiqamətləndirə bilərsə, o zaman gözlər görməsin, qrantamyotun əlacı olsa, o gəncləri şərləyib tutdurar.

Hakimiyyət başına döndüyüm də bir gün heç dəxli olmadan bu qrantamyota yenə ilişir, ofisi əlindən almaq istəyir. Bah. Qrantamyot son vaxtlara qədər istehza etdiyi, qlamur kafelərdə oturub “şirzadlılar” kimi lağa qoyduğu bir qrup uşağı köməyə çağırır, özünü ərk edən kimi göstərir, özünün müdafiəsi ilə bağlı hərəsinə bir iş tapşırır.

Bunlara qrant verən donorlar isə bir ayrı dərddir. Ən real və ən çox xeyir verə bilən layihələri səbəbsiz olaraq, 3 sətirlik “qəbul olunmadı” məktubu ilə rədd edənlər demokratiyanın inkişafı məqsədilə meşədəki ağaca ürək şəklinin içinə Madaqaskarın prezidentinin adının baş hərfini cızmaq təliminə pul ayırırlar və bilirlər ki, bu pulun 90%-ə qədəri yalnız yeyilir.

Qrant-filan gözləmədən işləmək lazımdır – bu, aydın məsələdir. Amma bu qrantamyotlar ki var, onları hər fürsətdə biabır etmək, heç olmasa ictimai sektor daxili qınaq atəşinə tutmaq lazımdır. Onlar utanmadan özlərini mübariz kimi təqdim edib pul yeyəcəklər, xarici maşınlarda gəzəcəklər, rahat villalarda, bağ evlərində yaşayacaqlar, gözəl ofislərdə kef edəcəklər, həqiqi mübariz gənclər isə Şirzadın kafesində cız-bızın yarım porsiyasını bərpa etmək uğrunda mübarizə aparacaqlar, metrolarda qoltuq altı iynəyə-iynəyə, qocaların, qarakurtkalıların tənələri altında əziləcəklər, kirayədə canları çıxacaq, ofissizlikdən çayxanalarda sülənəcəklər.

“Qrantamyot”ların üstünə getmək lazımdır – onlardan nə isə ummadan. Pula-filana göz dikmədən. Bir şey soruşduqda onlardan hesabat tələb etmək lazımdır – hakimiyyətə işləmə ittihamından qorxmadan, mübarizəyə ikiüzlülükləri ilə ən çox ziyan verənlərin onların olduğunu üzlərinə vuraraq. “Qrantamyot”ları layiq olmadıqları bu mübarizə meydanından çıxdaş etmək lazımdır – əslində onların da bir irəliçi, “həyata keçirdikləri” layihələrinin isə QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantları hesabına həyata keçirilən “Əli-Bayramlıda sünnət” layihəsindən əhəmiyyətli olmadığını sübut edərək.

Qrant udub real iş görən, xeyir verən, vicdanının səsinə qulaq asıb bir az da olsa, səmimi olan adam o qədər azdır ki, onları ictimai sektora azacıq dəxli olan birisi barmaqları ilə bir-neçə saniyəyə sayıb qurtara bilər. Amma Azərbaycana hər il milyonlarla qrant axır. Təsəvvür edirsiniz? Şirzadda yarım porsiya cız-bızın ləğv olunmasını özünə dərd edən, Şirzad bağlandığına görə evdən çıxıb getməyə yer tapmayan etirazçı gənclik və milyonlarla qrant... Hər gəncə cib xərci verilsin demirəm, amma cibində siçanlar oynaşan bu gənclər yoxdan var yaradan Rəsulzadənin yolu ilə gedirlər, heç nədən nə isə aksiya, etiraz, kampaniya yaradırlar – 1 qəpiksiz.

Amma yenə də hər il milyonlarla qrant Azərbaycana axır. Qərblilərin mərhəmətləri istismar olunur. Nə var-nə var hansısa üçüncü dünya qrantamyotları “inomarka” maşın sürmək istəyir. Bizim onları tənqid imkanımız İlham Əliyevi tənqid imkanımızdan azdır. Cəsarətli olaq, onlardan nə isə ummayaq, üzərlərinə gedək, vicdansızlıqlarını üzlərinə vuraq, bəlkə utandılar, utanmasalar da, heç olmasa, kimin kim olduğu bilinər.

Zaur Qurbanlı

Kultura.az

 

Yuxarı