Ay aparan
Hər varlığın bir önəmi var idi, hər yaradılan vacib idi - ru…
Hər bayram nə qədər ümumi mesaj alırıq. Mobil telefonla alan telefonla, internetlə alan internetlə, bizim ölkəmizdəki kimi nəsillərin toqquşması sistemlərin toqquşması ilə üstüstə düşən xeyli adam da həm internetlə, həm də telefonla.
Əslində çox xoşməramlı niyyətdir, bayram günündə insanlara xoş arzular çatdırmaq, onları unutmadıqlarını göstərmək. Çox gözəldir, amma gözəllik dozası bir balaca çox düşüb. Gözəlliyin, yaxşlığın, saflığın həddən artıq olmasının problem yaratdığı barədə Nizami Gəncəvi də vaxtilə yazıb.
Əvvəllər daha sadə ümumi mesajlar alırdıq: "Filan bayramınız mübarək!" Mobil telefon və internet istifadəçiləri çoxaldıqca bu standart mesajları göndərənlərin də sayı çoxaldı. Bu zaman onların arasında bəziləri seçilmək üçün adətlərində dəyişiklik etmək qərarına gəldilər. Əslində bəlkə də bu adətin özünü tərgitməliydilər. Amma onlar dəyişdirmək yolunu seçdilər: öz aləmlərində daha yaradıcı, daha kreativ mesajlar düşündülər. Məsələn: "Qoy ulu tanrı özü üzərinizdən..filan..etməsin…daim..filan..olsun." (Bəlkə də onlar yaradıcılığı uzunçuluq kimi anlayıblar.) Amma yenə də mühüm bir prinsipə riayət etmirdilər: insanlara, dost-tanışlarına bütövlükdə kütlə halında baxırdılar. Belə çıxır ki, toplu mesaj yazdıqları adamlar ayrı-ayrılıqda Natiq, Ramin, Nərmin, Ülviyyə deyil, sadəcə bir qrup gözəl insandır. Fərdlər deyil, kütlədir.
Doğrusu, tənbəlliyimə görə elə əvvəllərdən də bu adətə meylli olmasam da, gələn mesajları cavablayırdım. Özü də ayrı-ayrı. Sonra buna da ərindim, yazan adamlara toplu cavab göndərməyə başladım. "Təşəkkür və sizin də bayramınızı təbrik edirəm." Daxili rahatçılıq da vardı. Siz ümumi mesaj göndərmisiniz, mən də eyni formada cavablayıram. Hələ mən küçədə "sən" dediyin adama mesajda "siz" yazmağa görə adamın özündən ikrah hissi keçirməsindən danışmıram. (Əks halda gərək "siz" dediklərinə ayrı, "sən"lə müraciət etdiklərinə isə ayrı mesaj göndərəsən. İş orasındadır ki, bu cür mesajları adətən "siz" müraciəti ilə yazırlar ki, nə şiş yansın, nə kabab.) Əlqərəz, sonra qərara gəldim ki, ümumiyyətlə cavab verməyim. Doğrudur, tərbiyəsizlik çıxır. Amma nə etməli. Anladım ki, bu özü-özülüyündə boş bir adətdir. Həm də daha nə oldu ki, hamı-hamıya toplu mesaj yazır, dadı-duzu da qaçır..
Ümumiyyətlə, insanlıq inkişaf etdikcə artıq adətlərdən, artıq bər-bəzəkdən, ümumiyyətlə artıq hər nə varsa ondan imtina edib. Avropada bir Barokko dövrü olub. Təxminən XVII-XVIII əsrin əvvələrində. Nəinki binaların çöl və iç dizaynı, hətta musiqisi ifasında da çoxlu bər-bəzəkdən, xırdalıqlardan istifadə edirdilər. Lap indi bizdə tikilən əksər binalardakı, səhnədə oxuyan əksər müğənnilərdə olduğu kimi. Hətta XX əsrə qədər Avropada qızıl diş taxanlar da vardı. Uzun sözün qısası bu bir sosial-mədəni təkamüldür, hamı keçməlidir. Hamı bir gün qızıl dişini çıxarmalıdır və çıxaracaq.
Qayıdaq toplu smslərə. Bir var nəyisə 1-2 ədəd alırsan, bir də var topdan. Topdan alanda mal necə ucuz çıxırsa, insanlara topdan müraciət etmək də bax eləcə ucuz çıxır.
Dini bayramlarda edilən təbriklər zamanı isə bütün bunların üstünə əlavə problem gəlir. Dindar adam ateistə Ramazan bayramı təbriki göndərir. İndi o ateistin bir az əsəbləri sakitdirsə, ötürür getsin. Amma əsəbləri həssasdırsa, o təbrikə uyğun olmayan cavab yaza billər.
Başa düşürəm, niyyət yaxşıdır, hətta buna görə nə qədər vaxt, əsəb, kontur, öz enerjimizi və elektrik enerjisi sərf edirik. Amma heç olmasa özümüzə görə bunlara qənaət edək. Başqalarına görə isə narahat olmayın. Məncə özünü bir fərd olaraq dərk edən adam başqasından toplu mesaj gözləməz. Buna ehtiyacı olmaz.
Bu arada, bir məsələ də mənə qəribə gəlir. Bəzən bir-birimizi "itirib-axtarmamaqda" qınayırıq. Doğrusu hələ də anlamıram ki, deyəcək ciddi bir sözüm yoxdursa niyə başqasını narahat etməliyəmʔ Sadəcə kef-hal öyrənmək üçün zəng edəcəyim adam həmin vaxt bir vacib iş başında olar, ya da heç o əhvalda olmaz. Qayıdıb adama deyər ki, balam sən özün avarasan, ya məni avara hesab edirsənʔ
Nə desən çıxar.
Firudin Allahverdi
Gündəlik Teleqraf