post-title

Bakının gecə həyatı varmı? – SORĞU

Bakının gecə həyatı, bar, disko klubların və pub-ların vəziyyəti, insaların münasibəti hər zaman müzakirə mövzularından biridir. Qış vaxtı insanlar gecə həyatını daha çox ev şəraitində keçirsələr də, istilər başladıqca bir çoxları həftəsonu istirahətini adətən belə məkanlarda keçirmək istəyir. Bəs görəsən Bakının gecə həyatı insaları qane edirmi? Tanınmış insanlar rahat şəkildə gecə əyləncələrində istirahət edə bilirlərmi?

 

 
Əli Əkbər: “Bizdə bar əxlaqsızlıq yuvasının sinoniminə çevrilib”
 
Bu suala cavab tapmaq üçün bir sıra tanınmış şəxslərdən münasibət öyrəndik. Tanınmış yazıçı Əli Əkbər ANN.Az-a açıqlamasında Bakının gecə həyatının qaneedici olmadığını bildirdi: “Bakıda gecə həyatı əxlaqsızlıqla, fahişəliklə asossasiya olunub. Bu cəmiyyətin nə qədər deqradasiyaya uğradığını göstərir. Bar, pub və bu kimi yerlər qərbdə ailəli insanların istirahət edib, oturduqları məkanlardır. Amma bizdə bar əxlaqsızlıq yuvasının sinoniminə çevrilib.Təbii olaraq bizim ölkədə bu səbəbdən gecə həyatı yoxdur. Gecə həyatını yalnız oğlanlar yaşaya bilər. Bir də ki, yüngül əxlaqlı qadınlar. Bakının mərkəzində normal insanların yığışa bildiyi 1-2 obyekti çıxsaq, gecə həyatı başqa heç yerdə yaşanmır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə, üçüncü böyük şəhər olan Sumqayıtda belə məkanlar ümumiyyətlə yoxdur”.
 
Yazıçı deyir ki, bu hal onu narahat edir: “Bunun kimi narahat edib-etməməsini tam deyə bilmərəm. Ancaq bu vəziyyət məni narahat edir. Çünki mən o gecə həyatını da yaşamaq istəyirəm. Özüm, dostlarımla və yaxud xaricdən gələn qonaqlarımla. Qonaqlarımızı apara biləcəyimiz normal bir yer yoxdur. Mənim belə bir tələbatım var və mən bunu təmin edə bilmirəm”.
 
Sevda Sultanova: “Psixoloji cəhətdən narahatlıq yaradır”
 
Tanınmış jurnalist Sevda Sultanova isə ANN.Az-a açıqlamasında bildirdi ki, bu gün Bakının gecə həyatı hətta qonşu Gürcüstanla müqayiəsədə çox aşağı səviyyədədir: “Sözün düzü, mən evdən çox nadir hallarda çıxıram. Çünki Bakıda nəinki gecə, hətta axşamüstü belə gəzmək, əylənmək məndə psixoloji cəhətdən narahatlıq yaradır. Nəsə həmişə bir psixoloji gərginlik hiss edirəm. Bu da çox güman ki, şəhərimizin əyləncə üçün yerlərinin olmaması və ya zövqsüz, qeyri – etik olması ilə əlaqədardır. Burada həmçinin insanlardan gələn mənfi enerji də rol oynayır. Yəni, Bakının gecə həyatını sevmirəm. Bunun səbəblərindən biri də odur ki, barlarımız çox pis səviyyədədir. Avropanı heç demirəm, sadəcə qonşu ölkə Gürcüstanın paytaxtında olan bar mədəniyyətinə çatmağımız üçün mənə elə gəlir ki, illər lazımdır və insanlar buna hazır deyil. Sonuncu dəfə Tiflisdə olanda gecəyarısı bir kafeye daxil olduq. 2-3 qız oturub bir kafedə yemək yeyirdi. Bizim ölkədə bunu təsəvvür etmək çətindir. Ona görə də deyirəm ki, insanlar buna hazır deyillər”.
 
Zaur Qurbanlı: “Azərbaycansayağı qlamurlar yığışır”
 
NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü Zaur Qurbanlı da ANN.Az-a açıqlamasında Bakının gecə həyatının onu qane etməməsini dedi: “Bakının gecə həyatı məni qane etmir. Azadlıqların geniş məhdudlaşdırıldığı ölkələrdə əyləncə anlayışı təhrif olunur. Buna görə də bizdə bara adətən fahişələr gedir. Fahişə olmayan qadınların getdiyi barlar tək-tük və bahalıdır. Normal istirahət imkanı çox az ələ düşür. Nisbətən ucuz yerlər pritondur, baha yerlərə isə azərbaycansayağı qlamurlar yığışır. Savadsız, mentalitetdən çıxa bilməyib özünü qərbli kimi göstərmək istəyən kütlənin yaratdığı aura isə iyrəncdir. Belə yerlərdə insan istirahət etməkdən daha çox əziyyət çəkir. Yanındakı qadına əşyası kimi yanaşan kişilərin əhatəsində nəinki mənim yanımdakı qadın, elə mən özüm də hədsiz narahat oluram. Gecə saatlarında Bakıda imkan daxilində daha dar dairədə tanışlarla, gözdən-könüldən kənar künclərə çəkilirik ki, belə iyrənc mənzərələrdən uzaq qalaq”.
 
Zaur Qurbanlı Bakının gecə həyatı ilə xarici ölkələrin müqayisəolunmaz olduğunu deyir: “Olduğum xarici ölkələrlə Bakı müqayisəyəgəlməzdir. Çünki o ölkələrdə fərdə qiymət verilir, nəticədə avtomatik olaraq yuxarıda dediyim “Bakı mənzərələri” aradan qalxır. Bakıda əyləncə yanığı olan insanlar hər sahədə qadağalar altında fəaliyyət göstərdiklərindən bütün enerjilərini cüzi sərbəstlik yaradılmış sahələrə axıdırlar, nəticə isə acınacaqlıdır”.
 
Pərviz
 
ANN.Az
Yuxarı