Kölgə ədəbiyyatı
Nədir kölgə ədəbiyyatı? Onu kimlər yaradır? &…
2008-ci ildə 79 yaşında dünyasını dəyişən Georgi Qaçevin - çağdaş Rusiya və dünya söz yaradıcılığına Sözün ruhuna varmaq, onu yerindən oynatmaq vergisinə malik dilçi-ədəbiyyatşünas, yazı və dil ifadə vasitələrinin analizinin fəhm sahibi kimi daxil olmuş alimin - fəaliyyətinin başlıca ideyası, hətta ixtirası "Dünyanın milli obrazları" toplusudur.
Azərbaycan barədəki bölməni Georgi Qaçev "Kosmos oqne-vodı" ("Alovlu sular kosmosu") adlandırıb. Bu bölmə özündə "Sad i rok" ("Bağ və tale"), "Kura i doroqa" ("Kür və yol"), "Oqnedışaşiy loqos" ("Odpüskürən loqos"), "Anar i Toqrul", "Koran i duxovnost" ("Quran və mənəviyyat"), "Kulturoloq Raxman", "Xudojnik Djavad Mirdjavadov", "Kosmos kovra", "Azerbaydjan i Rossiya", "Vzqlyad na iqrı istorii", "Azerbaydjanstvuyu!" və bu kimi baxışları, Qaçev baxışlarını birləşdirir. Onun kəlamlarından biri belə idi: "Söz mənim həyatıma xidmət etmək üçündür, həyatım sözün xidmətçisi deyil". Bu qeyri-adi şəxsiyyət və alim bir neçə il öncə Bakıya da səfər etmişdi. Onun bu səfərinin təfsilatları barədə fəlsəfə elmləri doktoru Rəhman Bədəlov bölüşüb: "1990-cı illərin əvvəllərində Qaçevin Bakıya səfərinin baş tutması o vaxtlar mətbuat naziri vəzifəsində çalışan Sabir Rüstəmxanlı ilə tanışlıq sayəsində mümkün olmuşdu. S.Rüstəmxanlı ona Azərbaycan milli kosmosunu qələmə almağı, daha sonra isə Bakıda Azərbaycanla yanaşı, Gürcüstan və Estoniya milli kosmoslarının da daxil olduğu kitab nəşr etməyi təklif etmişdi. Beləliklə, Qaçev Bakıya gəldi, Anarla tanış oldu. Anar isə öz növbəsində fikirləşib ki, Qaçev üçün Bakıda ən yaxşı bələdçi mən ola bilərəm. Biz təxminən iki günü birlikdə keçirdik. Təəssüf ki, mən azərbaycanlı olmağıma sadiq qalaraq belə görüşlərin diktofon yazısını toplamıram. Yaxşı ki, xeyli məqam yaddaşıma həkk olunub. Belə məqamlardan biri rəssam Mir Cavadın çoxdan bəri təmir olunmayan qəribə mənzil-emalatxanasını ziyarət etməyimiz idi. Mənzil-emalatxanada Qaçev ətrafındakıları səmimi maraqla müşahidə edərək həqiqi və az qala uşaq marağı ilə suallar verirdi. Daha sonra o, bütün bunları qələmə alaraq yazmışdı: "Tabloları gətirəndə sanki yanar bir mayenin üzərimə töküldüyünü hiss etdim. Bu maye günəşdən və qüdrətdən, qorxu və şənlikdən ibarət idi. Şən bədheybətlərin dişləri oduna bənzəyirdi. Bütün bunlar xalça kimi əlvan idi. Və prujin təki sərbəst idi. Beləliklə, təəssüratlarımı bir yerə toplayaraq aşkar etdim ki, bu, Alovlu Sular Kosmosudur! Həyatiliyin son dərəcə yüksək dərəcəsi, prujin bətni və bütün yaşayış əlvanlıq saçır. Hətta tünd boyalar: qara, tünd-bənövşəyi - hər şey istiliklə aşıb-daşır. Zərdüştiliyin potensialı olan neft kimi alovla növbələşir".
Mir Cavadın atası ilə bağlı bir məqamı Qaçevlə çox müzakirə etdik. Fatmayıdan olan bu sadə zəhmətkeş insan Mir Cavadın bir yaşı olanda onu 100 metr dərinliyi olan quyunun kənarında oturdub. Camaat onu məzəmmət edəndə isə deyib: "Mənim oğlum yıxılmaz". Yıxılmayıb da. Bax islamdan gələn taleyə, alın yazısına olan bu inam sonralar Mir Cavadın kompromissiz yaradıcılığında yoluna işıq salıb. Özümdən dəfələrlə soruşmuşam ki, qorxunu dəf etmək, onun gözünün içinə dik baxmaq, taleyimizə inamlı olmaq xüsusiyyətimizi nə vaxt, niyə itirmişik? Daxili güvənlilik keyfiyyətimizə niyə xilaf çıxmışıq?
Qaçevin Bakıda olduğu sonuncu gün bizim evdə sonralar onun "kulturoloqların məclisi" adlandırdığı insanların dairəsi yaranmışdı. Yadıma gəlir ki, həmin məclisdə Niyazi Mehdi, Vaqif İbrahimoğlu, mərhum filosof Həsən Quliyev var idi. Mərhum ömür-gün yoldaşım plov bişirmişdi. Biz söhbət edirdik, Qaçev isə əsasən suallar verirdi və diqqətlə qulaq asırdı. Dağılışmağa az qalanda Qaçev sual-fikrini söylədi: "Sizi dinləyəndə gözlərimin qarşısında heyrətamiz dərəcədə maraqlı mədəniyyət canlanır. Şübhəsiz bu mədəniyyətin öz Kosmo-Psixo-Loqosu var. Lakin nəyə görə özünüz barədə dünyaya bəyan etdiyiniz mədəni dalğa bu qədər darıxdırıcı və bayağıdır?".
Sonralar mən də bu sualı özümə verirdim ki, normal mədəniyyətin normal insan kimi özünün "təbliğatı" ilə məşğul ola bilməməsinə inam hissini necə aşılamaq olar? Necə aşılamaq olar ki, tək bircə Qaçevin qiyməti minlərlə növbətçi təriflərdən qat-qat üstündür.
Biz Qaçevlə dostcasına ayrıldıq. Bir müddətdən sonra isə Qaçevin "Azərbaycanın, Gürcüstanın və Estoniyanın milli obrazları" kitabının əlyazmasını göndərdilər ki, resenziya yazım. İndiyədək bilmirəm, kitaba faktik olaraq mənfi rəy yazanda haqlı idim, ya yox?. Əlbəttə, eston və gürcü "kosmosları" daha parlaq tərzdə qələmə alınmışdı və bu məni narahat etmirdi. Mən Azərbaycan mədəniyyəti ilə bağlı daha kəskin qiymətlə də razılaşardım. Məni pərt edən o idi ki, Azərbaycan Kosmosu Tale və Milli Mədəniyyət Azadlığı qütbləri arasında reflekslərimiz üçün böyük qida mənbəyi olan dəqiq gündəlik tərzində yazılmışdı. Bir neçə il öncə isə oğlum mənə Georgi Qaçevin işıq üzü görmüş kitabını gətirdi - "Dünyanın milli obrazları. Qafqaz. Rusiyadan Gürcüstana, Azərbaycana və Ermənistana intellektual səyahətlər". "İzdatelskiy servis" nəşriyyatı", Moskva, 2002-ci il. Bu kitabın çıxmasına çox sevindim. Ən əsası ona görə ki, həmin vaxt mən tam əmin idim ki, Qaçevin bizim haqqımızda qələmə aldıqlarını dünyaya tanıtmaq zəruridir".
Rəhman Bədəlov