İndiki əksər gəncliyin vətənpərvərliyi mənə saxta görünür.
Vətənpərvərlik Facebook-da Ramil Səfərovun, Mübariz İbrahimovun səhifəsini “like” etmək deyil. Şəkillərinə pafoslu şərhlət yazmaq deyil. Qarabağ üçün ağlamaq deyil. Qarabağı Ermənistandan istəmək deyil.
Vətənpərvərlik “Ramil Səfərovu necə yollamışdınız, elə də qaytarın!” şüarı yazılmış plakatla prezident aparatının qabağına getməkdir. Vətənpərvərlik 20 ildir torpaqlarımızı qaytara bilməyən hakimiyyətə etiraz mitinqində “Qarabağı necə satmısınız, elə də alın!” şüarını hayqırmaqdır.
Mənə saxta görünür sizin dövlətçilik, azərbaycançılıq ritorikanız.
Dövlətçiliyi qorumaq Eurovison qələbəsinə sevinmək deyil. Məmurların yalan statistikalarına özünü aldadaraq inanmaq deyil. Cındırlıqları görüb özünü görməzliyə vurmaq deyil. Xaricilərə qaşıq-qaşıq “Azərbaycan həqiqətləri” yedizdirmək deyil. Dövlətçiliyi qorumaq hakimiyyəti qorumaq deyil.
Dövlətçiliyi qorumaq dövləti bu harınlamışlardan qorumaqdır, təmizləməkdir. Dövlətin vətəndaşlarını qorumaqdır. Bizi - xalqı dövlət işlərinə qarışmağa imkan verməyənləri süpürüb atmaqdır ölkədən. Saxta seçkilərə göz yummamaqdır.
Mənə saxta görünür insanlarımızın xeyriyyə tədbirləri.
Xeyriyyə uşaq evlərini, qocalar evlərini ziyarət deyil. Xeyriyyəçilik onlara hər meyvədən 2-3 kiloqram almaq deyil. Məsum uşağın şəklinin altına kövrəldici rəylər yazmaq deyil.
Xeyriyyə o uşaqların o vəziyyətə salınmasına səbəb olan hakimiyyətdən hesabat istəməkdir. Xeyriyyə kasıb vəziyyətdə olduğuna görə ata-anasını qocalar evinə verməyə məcbur olmuş oğulları işsiz qoyan hökuməti tənqid etməkdir.
Saxta görünür mənə vətəndaşlarımızın adət-ənənə, mədəniyyət vurğunluğu.
Bunlara sevgi, vurğunluq bütün günü AzTV izləmək deyil. Kostyum, qalstuk geyinib muğam tədbirlərinə getmək deyil.
Vurğunluq adət-ənənəmizi, mədəniyyətimizi əllərində oyuncaq edən idarəçilərimizi sorğu-suala tutmaqdır. Bunlardan istifadə edib yeniliyin, müasirliyin əxlaqsızlıq olduğunu beyinlərə aşılayan televiziyalarımızı tənqid atəşinə tutmaqdır.
Mənə saxta görünür yeniyetmələrimizin idman sevgisi.
İdmanı, sağlamlığı sevmək bütün günü məşq etmək deyil. İdman TV-ni izləmək deyil. İlham Əliyevin idman uğurlarımıza guya səmimi qəlbdən sevindiyini əks etdirən kadrları izləmək deyil.
Sağlamlığı sevmək, idman adı altında elmi, təhsili 2-ci, 3-cü plana atan hakimiyyətə nifrət bəsləməkdir. Kitab oxumağı təbliğ etməyən, lakin turnikdə çəkinməyi xalqa nümayiş etdirən prezidentə etiraz etməkdir.
Saxta görünür mənə gənclərin namus-qeyrət, mentalitet keşikçiliyi.
Namus-qeyrət dərdi çəkmək küçədə “ana-bacılar”ı mühafizə etmək deyil. Bir-birini qırağa çəkib söhbət etmək deyil. Öz bacısını qoruyub gedib başqasının bacısına sataşmaq deyil.
Namus dərdi çəkmək ata-anamıza gördükləri işin əvəzində cüzi miqdarda maaş verən hakimiyyəti qırağa, söhbətə çəkməkdir. Qeyrət dərdi çəkmək insanları zorla öz ocağından çıxardıb evlərini sökən hakimiyyəti söyməkdir, evləri başlarına uçurdulanları mühafizə etməkdir.
Saxta görünür mənə insanlarımızın millətçiliyi.
Millətçilik bütün günü erməniləri söymək deyil. Erməni səhifələrini şikayət etmək deyil. Yəhudiləri qınamaq deyil. Küçəyə çıxıb bozqurd işarəsi tutmaq deyil. Türkçülükdən, Turandan danışmaq deyil.
Millətçilik millətimizi aciz vəziyyətə salanlara etiraz etməkdir. Millətinin nümayəndələrini təhqir edən hakimiyyət nümayəndələrini təhqir etməkdir. Bozqurd işarəsi tutmaq yox, türkçülüyü 20 ildir təhqir edənlərə orta barmaq göstərməkdir.
Bəsdirin, ay insanlar. Bəsdirin özünüzü artistliyə qoyub bu olanları görməzlikdən gəldiniz! Etməli olduğunuzu yox, daha asanından yapışdınız. Şərəfinizi, vicdanınızı satdınız. Hər cür təhqirlərə dözdünüz, söyüldünüz, alçaldınız, tapdalandınız, ən aciz vəziyyətlərə salındınız. Bir az dürüst olun. Yalançı vətənpərvərlik, heç kimə lazım olmayan xeyriyyəçilik, boş mentalitet keşikçiliyiniz, əttökən azərbaycançılığınız, idmançılığınız, qədimçiliyiniz, pafoslu millətçiliyiniz saxta görünür hamıya. Elə saxtadır da.
Kənan Qasımlı
Kultura.Az