Doğrudan da çox kreativ bir xalqdır bizim xalq. Hər il nə isə yeni bir şəbədə, söz ixtira edib atırıq ortalığa, hamı da ağına-bozuna baxmadan onu saqqız kimi ağzına alıb çeynəməyə başlayır. Öncələr ortalığa atılanlar haqqında danışıb başınızı ağrıtmaq istəmirəm, özünüz də bu barədə məndən yaxşı bilirsiniz, mənim davam bu təzə ortaya çıxmış “məlim” kəlməsi ilədir. İndi bir çoxunuz deyə bilərsiniz ki, bu söhbət öncələr də olub; ancaq mən müəllim olmayan, ümumiyyətlə elm-təhsil, mədəniyyət sahəsinə aidiyyəti olmayan adamlara Əli müəllim, Vəli müəllim deyə öncələr də, indi də olan müraciətləri nəzərdə tutmuram, sadəcə , heç bir ad-filan söyləmədən, yoldan ötən birisindən “məlim, saat neçədir”, yaxud dükanda bir şeyin qiymətini soruşduqda “iki manat,məlim” deyə verilən cavabları nəzərdə tuturam. Az qala hər yerdə və hamıya bu sözlə müraciət olunduğu üçün bu gün bir balaca bu haqda düşündüm... görəsən bu sözü kim ixtira edib atıb ortalığa və məqsəd nədir? Bəlkə, burada heç bir məqsəd-filan yoxdur, sadəcə tanış olmayan adamlar bir-birinə müraciəti asanlaşdırmaq üçün belə bir müraciət forması fikirləşib tapıblar və bu arada da, hörmət (rüşvət başa düşülməsin) məqsədilə ərəb sözü olan “müəllim”in bir saitini və bir samitini yeyib, “məlim” deyə bir invalid söz düzəldiblər.
Öncə düşünürdüm ki, yəgin bu söz yalnız savadsız, qara xalq arasında belə yayılıb, şirkətlərdə çalışan ali savdlı adamlar, nə bilim, dövlət idarələrində işləyənlər-filan bu sözdən istifadə etmirlər, ancaq yanılmışammış. İşimlə əlaqədar olaraq bir neçə həm dövlət, həm də qeyri-dövlət idarələrinin işçiləri ilə ünsiyyətdə oluram və son zamanlar onların da dilindən “məlim” deyə yeni müraciət forması almış sözü hər gün eşidirəm... yaxşı, taksi sürücüsü sərnişinə, sərnişin də taksi sürücüsünə, eni zamanda bazarda satıcı alıcıya, alıcı da satıcıya belə müraciət edəndə yenə birtəhər özünü zorlayıb anlaya bilirsən... çoxusu savadsız adamlardır... və keçirsən, bəs ali təhsilli bir qızın “məlim, sizin sorquya bir azdan cavab verəcəyik”, ya da, “ indi faksla göndərərik, məlim” deməsi məni vallahi-billahi yamanca çaşdırır. Polis işçisinə yaxınlaşıb yolu soruşuram, deyir “məlim, düz gedib sağa dönərsiniz”, balıq satan arvaddan balığın qiymətini soruşuram, deyir “məlim, 8 manata, aşağı yeri də var”...
Qısası, çaş-baş qalmışam: bütün dünya qloballaşmadan danışır, yeni inkişaf formaları fikirləşir; zehni itiləşdirmək, texnologiyaları təkmilləşdirmək, ekologiyanı çirkablardan təmizləmək üçün yeni üsullar fikirləşib arayan zaman biz hələ də bir-birimizlə normal ünsiyyət qurmaq üçün söz tapa bilmirik, tapanda da belə invalid sözlər quraşdırırıq... Rəhmətlik Sabir yadıma düşdü... biz onun dönəmində də belə idik, indi də beləyik. Axı nə dəyişib? Təfəkkürümüz, əxlaqımız və mədəniyyətimiz elə həmin dövrün çərçivəsində ilişib qalıb... Ortaya hər-hansı bir ağıllı, yeni fikir atılan zaman sağdan-soldan hücumlar başlayır... yox, bu bizim mədəniyyətimizə yaddır, yox bu bizim əxlaqımıza ziddir, yox, buna din icazə vermir, yox, yox, yox... ancaq lüzumsuz, gərəksiz şeyləri o dəqiqə əxz edirik və məişətimizə qatırıq... televiziyada ədəbiyyat haqqında söhbət etmək üçün yazarları toplayıb onlara və bütün xalqa “ala, bu qız dəlidir, nədir” kimi iyrənc mahnı dinlədirik, yaxud “Azərbaycan şou-biznesində ən seksual kişi və qadın” kimi “çox aktual və mənalı “ bir veriliş hazırlayıb cinsləri bəlli olub/olmayanların müzakirəsinə buraxırıq... doğrudanmı bizim məşğul olmaq üçün başqa bir işimiz-gücümüz yoxdur? Biz bütün problemlərimizi çözmüşük, buna görə də belə lazımsız işlərə baş qoşuruq? Bəlkə hər il tikilib bir yağışlıq ömrü olan yolların niyə belə tez dağılmasını araşdıraq; yaxud hər bayram qalxıb bir daha enməyən qiymətlərin nə səbəbdən tənzimlənməməsini öyrənək; yaxud niyə bir maşının gömrükdən keçməsi üçün bizdən həmin maşının qiyməti qədər pul alınmasıını soruşaq...
Birisi soruşur niyə çoxdandır görünmürsən, deyirəm ki, başım bir az qarışıqdır, bir az oxumalı kitab və yazı-pozu işim var, onlarla məşğulam... mənə dəli kimi baxır... yəni, sən niyə axı palaza bürünüb hamı kimi sürünmək istəmirsən, yazı-pozu, kitab oxumaq sənin nəyinə lazımdır? Get başını aşağı sal, pulunu qazan, axşam da Azərbaycan televiziya kanallarında çiy aparıcıların verilişlərində evlənib-boşananların şit-şit söhbətlərinə qulaq asıb at başını, yat fil qulağında... hamıya da “məlim” de, hörmətli və hörmətcil ol...
Nə isə, söhbəti nədən başladım, gəlib haraya dirəndi... artıq mənə “məlim” deyənlərə “mən məlim-zad deyiləm” deməkdən yorulmuşam, camaatın xətrinə dəyir.
Xətrinə dəyməsin,”məlim”, ancaq mən məlim-zad deyiləm...
Yalquzaq
Kultura.Az