Bir az açıqlayım...
... Mən özüm sovet imperiyası dönəmində doğulmuşam, o dönəmin gerçəklikləri indikindən çox fərqlənirdi. Gerçəklik də, nə qədər parodoksal olsa da, insanların sabahkı günə, kommunist ideologiyasının qələbəsinə inamı idi... və bəlkə də elə bu inamın sonucu olaraq insanlar ailə qurarkən çox zaman çocuqların sayının nə qədər olacağına önəm vermirdilər, hamı olmasa da çoxları yaxın vaxtlarda küçələrdəki kranlardan süd və yaxud şampan şərabının axacağına, çörəyin, ətin, yağın pulsuz olacağına inanırdı... belə olandan sonra ailədə çocuqların sayının nə qədər olmasının nə önəmi vardı ki? Hər kəs sağlamlığının imkan verdiyi qədər doğub törəyirdi.
Anam 25 yaşına çatanda artıq beş çocuq sahibi idi və bizim ailə çoxuşaqlı sayılsa da, bu, belə ailələrin çox olması səbəbindən kimsədə təəccüb doğurmurdu. Yeddi baş ailəni dolandıra bilmək üçün atam iki yerdə işləyirdi və əlbəttə ki, bu bizi doyurmağa, bütün ehtiyaclarımızı ödəməyə çatmırdı... birinci uşaq böyüdükcə onun ardınca gələnlər onun paltarlarını geyinir, beləcə də geyim problemi gismən həll olunmuş olurdu. O ki qaldı ərzaq məsələsinə... yadımda qalan odur ki, səksən səkkizinci illərin bəlli olaylarına qədər bu məsələdə çətinliklər olsa da katastrofik dərəcədə deyildi, yəni dişimizə talonla da olsa ət-yağ alıb çəkə bilirdik, yalnız həmin olaylardan sonra vəziyyət gərginləşdi. Zənnimcə vəziyyət təkcə çoxuşaqlı ailələr üçün deyil, əhalinin 80% üçün katastrofik həddə çatmışdı. Bu gündən boylanıb geriyə nəzər salanda gülümsünməklə ötüşürük, ancaq o zaman kimsənin gülümsəməyə vaxtı qalmırdı, çünki günün yarısından çoxunu mağazaların ağzına doluşub çörək maşınını gözləməklə keçirirdik, qalan yarısı da sonra o basabaslarda keçirdi... məlum məsələdir ki, bizim xalqda növbəyə durmaq mədəniyyəti heç zaman olmadığından hamıdan sonra gəlib hamıdan öncə çörək alanlardan tutmuş basabaslarda canlarını tapşıranlara qədər hər kəs bir yaşam savaşı içində idi. Mən özüm çəlimsiz bir uşaq olduğumdan dəfələrlə evə çörəksiz dönməli olmuşdum, yalnız bir kərəm dükanın arxasında bir neçə adamın çörək maşınının sürücüsünə bir az artıq pul verib rahatca çörək aldığını görəndən sonra utana-utana sürücüyə yaxınlaçıb, pul uzadıb çörək istədim. O da pulu əlimdən qapıb mənə 5 əvəzinə 4 çörək verdi. Evdə bunu anladılar və bundan sonra yalnız bu üsulla evə çörəklə qayıtmaq mənə və öyrətdiyim qardaşlarıma nəsib olurdu.
Nə isə, heç də xoş olmayan xatirələrə dalıb məsələnin məğzindən uzaqlaşdım... gəlin indiki dövrə nəzər salaq. Şəhər mühitində tanıdığınız ailələrin içində siz barmaqlarınızı qatlayıb 5 uşaqlı neçə ailə saya bilərsiniz? Mən şəxsən belə ailələri hərdən televiziyada-filan görürəm, yalnız bir yoldaşım yaşda məndən bir yaş kiçik olsa da dörd çocuq sahibidir, o da məşhur bir şirkətdə böyük vəzifə sahibi olduğundan bunu özünə rəva görə bilir. Sovet dönəmində mən gələcəkdə (yəni bu gün) ailə qurandan sonra doqquz uşaq sahibi olacağımı qət etmişdim və buna gerçəkdən inanırdım. İndi mənim durumuma baxaq: 37 yaşımda zor-bəla ilə evləndim (heç evlənmək istəmirdim), bir çocuğum oldu... və mən Azərbaycan gerçəkliklərinə baxanda aldığım yüksək maaşa rağmən bu bir çocuğun əlində əsir-yesir qalmışam. Maaşdan-maaşa birtəhər vəziyyəti yola verirəm, həyat da barmaqlarımın arasından su kimi axıb gedir. Yaşı ötmüş, subay qalan dostlarım isə yenə soruşurlar: “İkincisini nə vaxt düzüb-qoşacaqsan?”...
...Yox, qardaş, mənə elə biri də bəs eləyər, siz evlənin, sonra bu barədə bir az da geniş danışarıq...
Yalquzaq
Kultura.Az