post-title

Səlim Babullaoğlu: "Mən şeirdə özümü heç vaxt darlıqda hiss eləməmişəm"

Kultura.Az portalının "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair, publisist Səlim Babullaoğlu ilə ekskluziv müsahibəsi


 

– Səlim bəy, indi gündəmdə istər-istəməz facebook mövzularıdır, adamlar az qala bütün günü facebookda olur, sonra görüşdükdə yenə də oradakı mövzulardan bəhs edirlər. Biz də buna riayət edək – sizin hesabınızda bu yaxınlaradək bir çox zaman “Səkonun gündəliyindən” qeydi ilə aforistik üslubda yazılmış kiçik mükalimələr, bəzi fikirlər özünə yer alırdı. Bu nədir, yazıçının, şairin, ümumiyyətlə yaradıcı insanın özü ilə dialoqumu? Yoxsa epistolyar janrın yeni bir növümü?
 

– Rus demişkən, "скорее", sonuncu. Əlbəttə ki, bu həm də dialoqdur, Öz-özünlə söhbətdir. Bilirsiz, Elmir bəy, epistolyar janrın və üslubun digər janrlardan bir üstünlüyü var. Məktub janrında ya uydurululmuş, xəyal edilən, nəzərdə tutulan, ya da həqiqi bir adresat olur. Və bu şəxs həm görünür, çünki nəzərdə tutulur, həm də görünmür, çünki ədəbiyyatda yazılan məktublar göndərilmir. Bu ikililik səmimiyyəti artırır yazıda. Vacib deyil, sən bunu dialoqlar şəklində yazırsan, yoxsa, siz dediyiniz kimi bir qədər aforistik məziyyətlə. “Səkonun gündəliyi” aşağı-yuxarı bir il ərzində demək olar hər gün yazıldı. Səkoyla mənim tanışlığım 1997-ci ilə təsadüf edir. Onu məndən başqa heç kim tanımır. Mən onunla Ekkerman Höteylə, Yanoux Kafka ilə, Solomon Volkov Brodski ilə söhbət edən kimi o vaxtdan bəri hər gün danışıram. Əlbəttə, Ekkerman, Yanoux, Volkov həmişə Səlimdir. Səko isə Kafka və Brodski olmasa da Səlimdən qat-qat ağıllı, müdrikdir. Və biz hər şey haqqında danışırıq. İnqilablar, eşq, xəyanət, dostluq, ədəbiyyat, fanilik…Səko bir gün belə bir şey dedi, mənim də xoşuma gəldi: Sosial şəbəkələr nə qədər böyükdürsə, insanlar o qədər tənhadır. Sualınıza dəxli vardı deyə xatırladım bunu.

– Bu günlərdə bir qrup rəssam Sabina Şıxlinskayanın kuratorluğu ilə “Vizual poeziya” layihəsini təqdim etdi, orada siz də "Qrafik şeirləri və esselər" silsiləsindən 18 işlə təmsil olunmuşdunuz. Bu layihədə iştirakınıza zərurət nədən yarandı? Sizin üçün “vizual poeziya” formadan başqa daha hansısa əhəmiyyət kəsb edir? Yaxud poeziya çərçivəsində özünüzü darlıqda hiss etmirsiniz ki?

– Bilirəm ki, arını çiçəkdən qovmaq olar, amma çiçəyi arının ağlından çıxarmaq müşküldür. Yox, Elmir bəy, mən şeirdə özümü heç vaxt darlıqda hiss eləməmişəm. Xüsusən də son 8-9 ildə bu belədir. Çünki, şeir, poeziya mənim üçün daha çox, son dövrlər isə həmişə, vasitə olub, əsla hədəf olmayıb. Bütün ədəbi mükalimə və mübarizələr, “izmlər” isə yalnız poeziya hədəf və məqsədə çevriləndə yaranıb. Qaldı “qrafik şeirlər”ə, mən bilirdim ki, ədəbiyyat tarixində Apollinerin qrafik şeirləri var. Voznesenskinin belə cəhdləri olub. Ərəb kalliqrafiyasında qrafik mətnlər var və sairə. Mən həmişə bu işlərə baxa-baxa düşünürdüm ki, bu işlərdə xətalar var. Daha doğrusu əvvəlki qrafik şeirlərin hamısında yazı vektoruna münasibətdə yalnışlığa yol verilib.

Fikrimi dəqiqləşdirim. Məsələn, biz soldan sağa, ərəblər sağdan sola yazırıq. Mətn yazılışında pauzalar, sətirdən sətrə keçmələrin qaydaları var və bu qaydalar təsvirin alınması xətrinə pozula bilməz. Pozularsa belə, bunu bəraəti olmalıdır. Öz işlərimdə bunu nəzərə almağa çalışdım. Nə qədər müvəffəq oldum, bu artıq başqa məsələdir. 2008-ci ilin son günlərində və yeni il tətilində möhkəm xəstlənmişdim. Yataqdaydım. Boş oturmağı sevmirəm deyə, elə yataqdaca notebook, bloknot və karandaşla yataqdaca o şeirlərin böyük əksəriyyətini yazdım. Düzü, indi bilmirəm, yazdım demək doğru olardı, ya çəkdim. O vaxtkı işləri çox az adama göstərmişdim. Özü də hamısını yox. O cümlədən, sizin də, mənim də dostumuz olan Səbinə Şıxlinskayaya. Bu ilin yanvarında Krakovda ikən o mənə zəng elədi. Kempinski otelində belə bir sərginin olacağını dedi, təklif elədi ki, həmin sərgiyə mən də öz işlərimi təqdim edim. Sərgiyə qədər daha bir neçə yeni qrafik şeirlər yazdım, “Kafkanın portreti”ni, “Peyzaj”ı, “Rəqs edən ispan qızı”nl. Əvvəlkiləri isə təzədən işlədim, bəzi dəyişikliklər etdim.Və sərgiyə 18 iş təqdim elədim. Təklif olmasaydı bu işləri nə vaxt sərgilənəcəyi haqqında elə bir düşüncəm yoxdu. Çünki, bu təşkilati işlər yorucudur. Müəlliflərin özü ilə bağlı belə işləri görməsi həm də düzünə qalsa bir az doğru deyil. Mən bu təklifə görə Səbinə xanıma minnətdaram.

– Siz şair və publisist olmaqla yanaşı, həm də “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru qismində ictiami mənada çox vacib bir işlə məşğulsunuz – müasir dünya ədəbiyyatıın dilimizə tərcüməsi ilə. Azərbaycan (yoxsa türk?) dili artıq 11 ildir (2001-ci ilin məlum qərarından götürsək) rəsmi olaraq latın qrafikasında yazılır və bu anlamda çoxlu psixoloji və orfoqrafik problemlər indiyədək həllini gözləməkdədir. Məsələn, latın qrafikalı dillərdə insan, şəxs adları məsələsində hansısa ortaq məxrəcə gəlmək müyəssər olmayıb. Bəzi müstəsnalardan başqa çoxları kirillik qrafikadakı tək – sözləri eşitdiyimiz kimi yazmağın tərəfdarıdır. Lakin bu da sonda gülünc nəticələrə və daha ağırı – total savadsızlığa gətirmirmi? Sizin bu haqda fikriniz?

– Mən sözlərin eşidildiyi kimi yazmağının tərəfdarı deyiləm. Niyə? Əks-təqdirdə,ümumiyyətlə yazıya, ədəbiyyata ehtiyac olmazdı. Məsələn, çemodandırsa, onu çamadan kimi yazmaq mənə doğru görünmür. Doğrusunu deyim, burda bir barbarlıq, pis mənada əyalətçilik hiss edirəm. Bəlkə də yanılıram. Dilimizdə elə səslər var ki, mən onların saxlanmasının, amma deyək ki, daha müvafiq işarələnməsinin tərəfdarıyam. Məsələn, “xı”, “xe” səsinin. Amma, tutalım “ü” nün işarələnməsi normaldı, çünki Avropa ölkələrində də latın qrafikalı bir çox dillərdə də kiçik əlavələr və fərqlər var. Qaldı, xüsusi isimlərə, adlara, burda da çətinlik görmürəm. Nəzəri cəhətdən həll oluna bilən məsələlərdir. Praktik tərəfi isə müvafiq strukturların və mütəxəssisələrin işidir. Amma, istəyirəm bir şeyi deyim, məncə bu məsələdə hansısa bir problemin olması savadlılıq və savadsızlıq göstəricisi deyil. Nədənsə, Eliotun şeiri yadıma düşür: “Hanı həyat ki, həyatda itirdik? Hanı müdriklik ki, bilikdə qeyb elədik? Hanı bilik ki, statistikada, informasiyada yox oldu?” Təxminən beləydi gərək. Mənim üçün savadsız adam yazamağı-oxumağı bilməyən adam deyil... Anlamayan adamdır. Düzgün oxumayan və deməli laqeyd adamdır...

– Müasir dövrdə yazar olmaq nə deməkdir? Əgər əvvəllər yalnız kahinlər, daha sonra seçilmişlər yazıb-poza bilirdisə hazırda hamı yazır – istənilən sormada, olsun lap SMS, ya da Twit. İncildə ilk əvvəl sözün olduğu deyilirdi, müasir elmi nəzəriyyə isə partayışın olmasını iddia edir. Sizcə indiki səs-küyün içində partlayış kimi söz ümumiyyətlə ola bilərmi?

– Hər şey sözdü. Hətta partlayış da. Nə olacaqsa söz olacaq. Nə olacaqsa onu Söz edəcək. Haqılısız, indi yazmaq məsələsi az qala danışmaq məsələsi həddinə düşüb. Elə fb-u götürün. Orda adamların söhbəti yazıdır da. Bu mənada görün nə qədər yazımız var. Dünyada da çoxdur. Siz dediyiniz kimi partlayış doğuran sözün olub-olmaması məsələsinə gəlincə, münasibətim belədir ki, hər şey eşitməkdən asılıdır. Ona görə bayaq dedim ki, savadsız adam oxuyub yazmaq bilməyən adam yox, anlamayan, laqeyd adamdır. Bizim problemimiz budur.

– Sonda ənənəvi olaraq yeni layihələr və planlarınız haqda...

– Öz yazı-pozumla bağlı planlarım yoxdur. Görmək istədiyim işlər isə var, Elmir bəy.

 
Söhbətləşdi Elmir Mirzəyev
 
Kultura.Az
Yuxarı