Ölməkdə olan düşmənin düşüncələri
Səhər açılır. Saat səkkizi göstərir. Pəncərədən g&oum…
Hər gün məni və bir çox başqa düşünənləri rahatsız edən bir bayağı suala bu gün də cavab tapmağa çalışdım – “bu xalq nə zaman düzələcək?”
28 May metro stansiyasından çıxıb Azadlıq prospekti ilə üzüyuxarı qalxarkən yol ilə aşağı axıb gələn su nəzərimi cəlb etdi. Səhər tezdən qar və yağmur yağdığından bunun səbəbi haqqında çox düşünmədim, ancaq ürəyimdə də bir sual qaldı ki, axı o qədər də çox yağıntı olmamışdı, bəs bu balaca sel haradan əmələ gəldi. Bir az daha yuxarıya qalxanda cavab özü qarşıma çıxdı – kanalizasiya lyukundan bayıra balaca bir fəvvarə vururdu.
Əlbəttə, XXI əsrin Avropasının hər hansı bir ölkəsində bunun baş verməsi anormal bir hal sayıla bilər, ancaq Azərbaycan reallıqları bir az başqadır. İndi bu məsələnin üzərində çox dayanmayıb (qoy əlaqədar təşkilatlar məşqul olsunlar) elə bu gün və elə həmin prospektdə tanığı olduğum başqa bir olaya nəzərinizi cəlb edırəm. Azadlıq prospekti təmir olunub genişləndirilsə də, yenə də geniş bir prospekt deyil, onun bir az da daralmasına yolun hər iki tərəfindən çəkilmiş sarı xəttin üzərində saxlanılan avtomobillər öz etkisini göstərir, və bu arada bilməyənlərin nəzərinə də çatdırım ki, qanunla sarı xətt çəkilən yerdə avtomobil saxlamaq qadağandır. Bunu da qoyaq bir tərəfə, eyni söhbətləri saqqız kimi çeynəməyin faydası olsaydı mənim günüm elə səhərdən axşama kimi saqqız çeynəməklə keçərdi. Slavyan Universitetinin yaxınlığına çatanda qarşıdan iki böyük sərnişin avtobusu yanbayan, çox yüksək sürətlə həmin bu dar prospektlə üzüaşağı şütüyürdü və hiss olunurdu ki, onlar artıq uzun sürədir bir-birini təqib edə-edə buraya qədər gəlmişdilər.
Bu olay mənə yalnız bir şeyə əmin etdi – bu xalqdan mədəni və səviyyəli bir xalqın əmələ gələcəyini bu gün yalnız həddindən artıq optimist bir adam xülyalarında görə bilər. Bir neçə il bundan öncə şəhərin mərkəzində "Qazel"lər və İran istehsalı olan geydirmə Mercedes'lər şütüyən zaman biz eyni mənzərəni hər gün müşahidə edirdik, sürücülər daim yol hərəkəti qaydalarını və sərnişin daşıma prosedur və təlimatlarını pozur, insanların həyatını hər gün təhlükəyə atırdılar. Şəhərimizə yeni, böyük tutumlu, Koreya istehsalı olan sərnişin avtobusları gətiriləndən sonra düşündüm ki, nisbətən kiçik ölçülü avtobuslarla törədilən özbaşınalıqlar, ötüşmələr və sürətin artırılması büyük avtobuslarla mümkün olmayacaq və onların yolda çox yer tutmasına baxmayaraq hər halda insanların canı avtoş avtobus sürücülərindən qurtaracaq. Sən saydığını say məsələsi – axı avtobuslar dəyişsə də sürücülər dəyişməyib. Avtobusların böyüməsi ilə bizim sürücülərin psixologiyası dəyişdimi? Yenə də öncəki kimi bayağı musiqilər, sürücülərin ağına-bozuna baxmadan arvad-uşaq içində yeddimərtəbəli söyüşmələri, yay-qış avtobusda tüstülənən siqaretlər, avtobusu 10 metrdən bir saxlamalar, və daha nələr-nələr...
Bəs problem nədədir? Mən deyim siz dinləyin – hələ ki, bizim insan mədəniyyətin nə olduğunu qavramır, təhsilinə fikir vermir, televiziyada (Azərbaycan kanallarında) bir-birindən şit, düşük verilişlərə heyranlıqla baxır, özünü tərbiyənin nə olduğunu bilmir və öyrənmək istəmir, başqalarına sayqı göstərmir, rüşvət alınıb-verilməsini normal qəbul edir, biz, nisbətən uyqar insanlar Bakı şəhərində və gənəlliklə Azərbaycanda pozitivə doğru bir dəyişiklik görməyəcəyik, istər sürücülər arasında, istər də başqa peşə sahibləri arasında... və bu məni bu gün çox incidir. Və mən bu gün inanmıram; inanmıram ki, mənim qızım mədəni və sivil bir cəmiyyətdə, Avropa dəyərlərini başının üstündə bayraq tutan bir ölkədə böyüyür. Kim inandıra bilirsə buyursun, inandırsın...
Yalquzaq
Kultura.Az