post-title

Söyüş nədir? və ya Söyüşlə idarə

Saytda “Söyüş nədir?” sualı ilə müraciət olunan şəxslər cavablarında söyüşə anlayış veriblər. Ona görə də yazının adını şərti – mövzuya uyğun seçməklə söyüş barədə tərifdən daha fərqli şeylər haqqında danışmaq istəyirəm.

 

Söyüş barədə danışarkən söyüşün ən çox işlədildiyi yerlərdə bu vasitənin funksiyası barədə danışmaq da lazımdır. Bunlara 2 yeri tipik misal kimi göstərmək olar – hərbi hissə və həbsxana (burada həbsxana deyiləndə qanundakı kimi Qobustan qapalı müəssisəni yox, xalqın başa düşdüyü mənada dustaqxananı nəzərdə tuturam). Söyüş barədə bu tipik yerlərin misalında danışmağımın digər səbəbi də odur ki, cəmiyyətimizdə qanunların hörmətsizləşdirildiyi, mentalitetin tələb etdiyi düz məntiqin daha çox işə yaradığı təhsilsiz mühitin yaradıldığı, nəticədə “vor-zakon”ların təbliğinin genişləndiyi mühitdə mülki həyatın da yaxın gələcəkdə ən azından indiki hərbi hissə həyatı ruhunda olacağı proqnozlaşdırıla bilər.

Həbsxana təcrübəm olmadığından hərbi hissədəki vəziyyət haqqında danışacağam. Hərbi hissələrdə söyüş situasiyanı idarə etmək üçün nizamnamədən də güclü silahdır. Söyüşsüz Azərbaycan ordusu indiki vəziyyətində başıpozuq dəstə halını alar. İnsanların mənliyi onların söyüş götürmə dözümlülüyünə düz mütənasib qiymətləndirilir. Savadsızlığın tüğyan etdiyi, qadağaların güclü olduğu hərbi hissələrdə insanlar özlərini ifadə üçün söyüşdən daha çox istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə ən adi sözlər də söyüş çaları qazanır. Məsələn, ana söyüşü o qədər çox işlənir ki, ümumiyyətlə işlənən sözlərin içində “ana” sözü xüsusi çəkiyə malikdir. “Ana” sözü hətta sərbəst surətdə işlədiləndə də hər kəsin diqqətini cəlb edir və bu söz müstəqil olaraq da əsgərlərin beynində təhqir effekti yaradır.

Səbəb, əlbəttə ki, nizamnamələrin işləməməsi, insanların seksual yarımçıqlıqlarıdır.

Lakin səbəblər barədə, dediyim kimi, saytdakı bu mövzuda müsahibələrdə danışıldığından mən təqsirkar axtarışında olacağam. Dili bu qədər aşağı səviyyədə istifadə edən, özünümüdafiə, nüfuz qazanma üçün ən əsas vasitə olaraq söyüşü ortaya atan subyekt – söyüş söyən təqsirkardır mı?

Əgər kütlə bir səhvi edirsə, xüsusən bu hərəkət davamlı xarakter alırsa, onda kütlənin hər bir üzvü bunda təqsirkar hesab oluna bilməz. Təqsir idarəçidədir. Sadə nümunə çəkim. Hərbi hissəyə düşdüyüm ilk gün, zabitlərdən biri əsgərlərdən birinə dedi ki, tualetə gedəcək və tapşırdı ki, əsgər aftafanı doldurub ondan qabaq tualetə aparsın. Həmin əsgər başqa əsgəri çağırdı və o da müticəsinə aftafanı apardı. Sonradan öyrəndim ki, bura düşən hər bir əsgər ən qısa zamanda bir əsgəri sındırmalıdır ki, sonra zabitin tapşırığını yerinə yetirmək üçün sındırdığı əsgərdən istifadə edə bilsin. Zabitin tapşırığını yerinə yetirməmək “əmrə tabe olmamaq” maddəsi ilə cəzalandırılır. Yəni qanunla qorxudurlar ki, qanunsuz iş görülsün. Qanunun icrası “sındırmaq” adlı qanunazidd hədəyə tapşırılıb. Sındırmağın isə ən əsas əlaməti söyüş götürmə qabiliyyəti sayılır. Bir sözlə, qanunun icrasını təmin etmək üçün daha çox söyüş götürə bilən əsgərə ehtiyac var.

Bu vəziyyəti zabitlər nəinki bilirlər, onun işlək halda qalması üçün özləri də həm öz aralarındakı tabeçilik münasibətlərində, həm də əsgərlərə qarşı söyüşdən geniş istifadə edirlər. Yuxarıdakı misalda zabit özü də aftafanı apara bilərdi və ya tualet aftafa ilə daha peşəkar qaydada təmin oluna bilərdi, amma bunu əsgərə tapşırmaqla hərbi hissədə söyüş idarəçiliyini saxlamaq məqsədi güdülür.

Bu hallar mülki cəmiyyətə də get-gedə daha çox hopur. Polisə xəbər vermək qonum-qonşu arasında “sukalıq” sayılır; zibil daşımaq, yer süpürmək, tualet təmizləmək və s. işlər alçaldıcı sayılır (maraqlıdır ki, alçaldıcı işlər qadın işi sayılır və söyüşlər də daha çox qadın qohumlara ünvanlanır); söyüşə görə cinayətlər artan xətlə gedir...

Söyüşün şəxsiyyəti qiymətləndirmək üçün vasitə olması isə daha iyrənc və daha məntiqsiz mənzərə yaradır. Birinin anasını söymək ətrafdakılarn təsəvvüründə söyüş söyənlə, adətən tanımadıqları qadının cinsi əlaqəsi assosiasiyasını doğurur. Bu assosiasiyanı dağıtmaq üçün daha ağır mənzərəni real canlandırmaq lazımdır – başqalarının gözü qarşısında sındırmaq (söyəni “mundarlamaq”la, onun cavab verə bilməyəcəyi fiziki üstünlük şəraitində üzünə söyməklə və s.) və fiziki zor tətbiq etmək (döymək, öldürmək, xəsarət yetirmək və s.).

Amma qanuna müraciət etmək, mülki və ya inzibati, cinayət qanunvericiliyi ilə söyənin cəzalandırılmasını tələb etmək daha az yayılmış üsuldur. Çünki bu üsul ətrafdan baxanların gözündə itirilmiş nüfuzu bərpa etmir. Səbəb isə qanuni cəzanın, yəni qanunun nüfuza malik olmamasıdır. Bunun da səbəbi qanunvericinin və qanunun icra edilməsinə məsul olan orqanların nüfuzsuzluğudur. Bu sonuncunu da ən çox doğuran hal isə korrupsiyadır. Əgər qanunun icrasının qarşısı rüşvətlə alınırsa, təhqirə görə cəzanı da rüşvət verib ləğv etmək olar. Bundan başqa hakimiyyətdə olanların qeyri-qanuni cəza tədbirlərinə (mitinqdə döymək; jurnalistin, müxalifətçinin oğurlanması, döyülməsi, öldürülməsi; işdən çıxartmaq; həbsdə sındırıb hakimiyyətə işləməyə məcbur etmək; nəqliyyat müfəttişlərinin taksi sürücülərini döyməsi; Robert nümunəsi və s.) əl atması da qanunvericini və qanunu hörmətdən salan, etibardan məhrum edən əsas səbəblərdəndir.

Buna görə də ölkədə “vor-zakon”ların hörməti məhkəmələrin hörmətindən çoxdur, detektiv və “türmə həyatı” kitabları oxunmada digər ədəbiyyat nümunələrini üstələyib, bir siyasətçi istisna olmaqla, siyasətçilərə, şairlərə, incəsənət xadimlərinə yox, oğrulara, canilərə heykəllər qoyulur, yolkəsən quldur “vətəndaş” elan olunur.

Buna görə də ölkədə söyüşün qanundan daha təsiredici qüvvəyə malik olmasının səbəbi idarə edənlərin niyyətinin məhz bu istiqamətdə olmasından qaynaqlanır. Çünki idarə edənlər savadsızdırlar, onlar savadlı vətəndaşları idarə edə bilməzlər, onlar yalnız savadsız kütləni idarə edə bilərlər. Savadsız kütlə isə səbəb-nəticə əlaqəsini axtarmadan, dərindən analiz qabiliyyətindən məhrum olaraq, düz məntiq yürüdür və Taleon prinsipi ilə (“gözə göz, dişə diş”) davranırlar. Bu düşüncədəki insanları isə idarə etmək hətta quldarlıq qurulu şahları üçün də asandır. Həm də söyüşlə idarəçilik heç də mentalitetimizə, dinə və s.-ə uyğun deyil. İslamdan əvvəl qadınlar kişilər kimi at minib, silah istifadə ediblər, çətin ki, belə qadını söyüş predmetinə çevirmək mümkün olsun və çətin ki, belə qadının adından onun kişi qohumu təhqirə cavab versin. İslamda isə qadının namusu daha yüksək qorunur və ona verbal, real və ya başqa cür toxunan hər kəs ağır cəzalandırılır.

Hərbi hissələrimizdə laboratoriya kimi tətbiq olunan, hissə-hissə mülki cəmiyyətə sızdırılan söyüşlə idarəçilik məhz diktator, xüsusən də heç bir ideologiyası olmayan, “harda qırılar, qırılar” prinsipi ilə fəaliyyət göstərən, qırılana qədər mümkün qədər çox kapital yığmağı qarşısına məqsəd qoyan hakimiyyətin tətbiq etdiyi bir üsuldur.

Zaur Qurbanlı

Kultura.az

 

Mövzu ilə bağlı psixiatr Orxan Zamanlının mövqeyi

Mövzu ilə bağlı Erkin Qədirlinin mövqeyi

Yuxarı