post-title

Özü yaxşıdır ətrafı pis

Tiflisdə keçirilən konfrans zamanı, daha doğrusu fasilədə (cofee-break`də) iki erməni jurnalistinin bərk mübahisəsinin şahidi oldum. Jurnalistlərdən biri Ter-Petrosyan, o biri Köçəryan tərəfdarı idi. Köçəryan tərəfdarı olan jurnalist Ter-Petrosyan tərəfdarı olan jurnalistə dedi Ter-Petrosyanın vaxtında küçəyə çıxa bilmirdik. Yeməyi tonqalda bişirirdik. Çörək tapmırdıq. Qaz gəlmirdi, Yerevandakı bütün ağacları kəsmişdik. Hər tərəfdə əli silahlı adamlar gəzirdi. Avtobuslara girib əllərinə keçən adamları təlimsiz-filansız birbaşa müharibəyə aparırdılar...

 

Mən belə bir mübahisənin Yerevanda keçirilən beynəlxalq konfransda da şahidi olmuşdum. Orda da eynən bu ittihamları eşitmişdim. Həmin mübahisədə də Köçəryan tərəfdarı olan jurnalist Ter-Petrosyan tərəfdarı olan jurnalistə demişdi ki, Ter-Petrosyanın vaxtında küçəyə çıxa bilmirdik.

Elə onda başa düşdüm ki, bizim ermənlərlə nəinki toyumuz, adət-ənənələrimiz, mətbəximiz, musiqimiz, hətta siyasi söhbətlərimiz də oxşardır. Hətta deyərdim ki, çox oxşardır.

Eləmədim tənbəllik, Köçəryan tərəfdarı olan jurnalisti çəkdim kənara və ona solaxay bir sual verdim ki, erməni xalqı Sərkisyan haqqında nə düşünür? O vaxt hakimiyyət artıq Köçəryandan Sərkisyana ötürülmüşdü. Yəni siyasətdən bir balaca başı çıxan adam bilir ki, Köçəryan tərəfdarı olan adam avtomatik Sərkisyan tərəfdarıdır. Şair Murad Köhnəqala demişkən “toplananların yerini dəyişəndə qəm dəyişmir.”

Köçəryan tərəfdarı olan jurnalist sualıma çox ətraflı cavab verdi. Dedi ki, əslində Sərkisyan çox gözəl ölkə başçısıdır. Ürəyiyumşaq insandır. Sadəcə xaricdən maliyyələşən müxalifət bizim prezidenti xalqın gözündən salmaq istəyir. Düşmən dəyirmanına su tökürlər. Sərkisyan idmana böyük qayğı göstərir və bu qayğının nəticəsi olaraq erməni idmançıları beynəlxalq yarışlarda çox böyük uğurlar qazanaraq himnimizi səsləndirir, bayrağımızı ucaldır, xalqımızı tanıdırlar.

Ölkədə yollar çəkilib, xeyli iş yerləri açılıb, korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə müxtəlif beynəlxalq yarışlar, festivallar keçirilir, bu yarışlarda iştirak edən idmançılar erməni xalqının zəngin mətbəxi, mədəniyyəti ilə yaxından tanış olmaq şansı qazanırlar.

Ermənistann müxtəlif guşələrində ailəvi istirahət mərkəzləri tikilir, həmin istirahət mərkəzində hər bir erməni öz ailəsi ilə istirahət edə bilər.

Söhbətin bu yerində nə qədər böyük mədəniyyətsizlik də olsa onun sözünü kəsdim və növbəti sualımı ünvanladım. Soruşdum ki, həmin istirahət mərkəzlərində gizli kameralar quraşdırılıbmı? Yəni insanlar orada hamamda rahat çimə, yataqda rahat sevişə bilirlər? Qorxularından kostyumda yatmırlar ki?

O dedi ki, bəlkə də quraşdırıblar, amma hələ ki, televiziyada, ya da internetdə yaymayıblar.

Sonra dedi ki, Sərkisyanın xalq arasında nüfuzu çox yüksəkdir. Dağıdıcı-radikal müxalifətin nə deməyindən asılı olmayaraq xalqın Sərkisyana çox böyük etimadı var. Sərkisyan tez-tez xalqın müxtəlif təbəqələrindən olan nümayəndələri ilə görüşlər keçirir, onların xahişlərini yerinə yetirir. Xalqın qulluğunda durmaq istəməyən məmurları çox sərt cəzalandırır.

Ermənistan həqiqətlərinin dünyaya çatdırılmasında da böyük işlər görür. Ter-Petrosyanın zamanında məktəblərdə şagirdlərdən süpürgə pulu yığılırdı. Sərkisyanın zamanıda isə yığılmır. Düzdü, ter-Petrosyan da ürəyi yumşaq insandır. Millətini sevir, yaxşı tarixçidir, amma ondan prezident olmaz. Ermənistan hər il demokratiyaya doğru bir addım atır. Sadəcə mühüm geosiyasi bölgədə yerləşdiyimizdən xalqa tam demokratiya verə bilmirik. Belə də ki, erməni xalqı hələ demokratiyaya hazır deyil. Məsələn, siqareti çəkib kötüyünü zibil qutusuna deyil, yerə atırlar. Saqqızı çeynəyib metro vaqonunun qapısına yapışdırırlar. İşıq pulu, qaz pulu və su pulunu vaxtında ödəmirlər.

Düzdür, çox uğurla inkişaf etsək də, etiraf edim ki, bəzi məmurlar öz vəzifələrini yerinə yetirmirlər. Bu da haqlı olaraq insanlarda xırda, lap balaca narazılıq doğurur. Amma bu çox nadir rast gəlinən haldır. Xaricdən maliyyələşən müxalifət bu nadir rast gəlinən narazılıqdan istifadə etmək istəyərək ölkədə qarışıqlıq yaratmaq arzusundadır. Amma onların bu arzusu gözlərində qalacaq. Ermənistan paytaxtının sakinləri dəfələrlə Dövlət Televiziyasının canlı efirində prezidentə öz etimadlarını açıq surətdə bildirmişlər. Ermənistanın xalq şairləri, xalq yazıçıları, bəstəkarları prezidentin daxili və xarici siyasətindən vəcdə gələrək ona çoxlu şeirlər, romanlar, poemalar və mahnılar həsr ediblər.

Sadəcə bəzi məktəb direktorları, polis rəisləri, prokurorlar, uşaq baxçasının müəllimləri, JEK rəisləri, Yerevan metrosunun maşinistləri öz vəzifələrindən sui-istifadə edərək prezidentin fəaliyyətinə xələl gətirirlər. Bu da o səbəbdən qaynaqlanır ki, prezidentə heç də həmişə düzgün informasiya çatdırmırlar. Düşmən xalqın jurnalisti monoloqunu bu fikirlə yekunlaşdırdı: Özü yaxşıdır, ətrafı pisdir.

Bu söhbətə o qədər əsəbləşdim ki, Köçəryan tərəfdarı olan erməniyə Puşkinin məşhur ifadəsi ilə cavab verdim:

Ты трус, 

ты раб

ты армянин!

 

Seymur Baycan

Kultura.az

Yuxarı