Mən hansı sözü yazıb, hansını yazmayacağımı daha çox anamın yanında danışdığım leksikonla müqayisə edərək qərar verirəm. Sadə dildə desəm, anamın yanında deyə bilməyəcəyim sözü tam yazımıram, ümumiyyətlə, bu cür sözlərdən az istifadə etməyə çalışıram. Məşhur rus jurnalisti (özünə satirik demir) Mixail Zadornov bir monoloqunda özü üçün məhz bu qaydanı əsas tutmuşdu. Açığı, fikrimin onun fikriylə üst-üstə düşməsi məni sevindirir. Tamam başqa məsələ ki, mən anamın yanında necə danışıram… Buna, yadıma düşsə, bir az sonra qayıdaram.
Əvvəlcə söz və söyüş əlaqəsi haqda fikrimi izah edim. İstənilən söyüş sözdür. Yəni, işlətdiyimiz hər bir söyüş həm də sözdür. Amma hansı sözün söyüş olduğunu, hansının olmadığını necə anlamaq olar? Məsələn, eşşək sözü qətiyyən söyüş deyil, həmçinin digər heyvan adları. Amma bunları insana xitabən dedikdə, bu söyüşə çevrilir. O cümlədən, əşya adları, müxtəlif mücərrəd adlar, məsələn, mavi sözü söyüşə çevrilə bilir. Şəxsən mən istənilən əşya adından söyüş kimi istifadə edə bilərəm. Bu məntiqlə bütün sözləri söyüşə çevirmək olar. Bəs sərhədi necə təyin etməli? Axı bir dil başdan-başa vulqar sözlərdən ibarət ola bilməz. Bunu ayırd etməyi ANS mənə öyrətdi, özləri bunu bilmədən – onların yanlış yöndə getməsi məni doğru tərəfə yönəltdi.
ANS-də bu ifadəni tez-tez eşidirik: “nalayiq söyüşlərlə təhqir etdi”. Yəni “layiq söyüş” də olur? Bu ifadə belə olmalı idi: nalayiq sözlərlə təhqir etdi. Düstur olaraq yazsaq, söyüş = nalayiq söz, bu qədər! Bu halda bir çox paradoksa aydınlıq gəlir. Əgər qarşındakı deyilənə layiqdirsə, bu söyüş deyil. Bir küçüyə “it balası” demək normaldı. Amma bir insana “it balası” demək onu söyməkdir. Daha kəskin və aydın misal gətirim. “Fahişə” deyə birinə xitab eləmək onu söyməkdir. Lakin həmin adam fahişədirsə, onda? Onda bu qətiyyən söyüş deyil. Çünki, nazirə “nazir” dediyimiz kimi fahişəyə də “fahişə” deməliyik – onun işi budur. Həmin bu işlə məşğul olan birisinin övladına “qəhbə balası” demək də onu söymək demək deyil. Mənə “həkim oğlu” desələr, incimərəm. “Qəhbə balası” o vaxt söyüşdür ki, o nalayiq olsun, yəni adamın anasını tanımadan, ona bu cür sözü demək, onu təhqir eləməkdir – buna görə cəza verilməlidir. Nəticə etibarilə, konkret sözlərin söyüş olaraq işləndiyini göstərən bir siyahı yazmaq mümkün deyil. İşləndiyi situasiya və kontekstdən asılı olaraq, hər bir söz söyüş ola bilər, əgər nalayiqdirsə. Əsas məsələ məqsəddir. Yazılan söz hansı məqsədə xidmət edir.
Dilimizdə bir çox söz izqoy vəziyyətindədir. Biz “göt” sözünü işlədə bilmərik, niyə? Ona görə ki, bəzi əclaflıq edən insanları bu adla çağırırıq. Dolayısıyla, “göt” sözünü endirən biz – insanlarıq! Yoxsa, çox lazımlı bir orqandır. Söz olaraq da, əski türkcədə çox işlənib. Dədə Qorqudun originalını oğusanız, “buğa götünə-götünə” getdi cümləsinə rast gələrsiz. “Buğa dal-dala getdi” anlamında yazılıb – amma daha dəqiq. Bir çox atalar sözlərimizdə buna bənzər ifadələrə rast gələrsiz (Murad Köhnəqalanın kitabında). Ən maraqlısı odur ki, bu cür deyimlər daha hikmətli olur və vəziyyəti daha gözəl təsvir edir. “Göt” sözü dilimizdən kənarlaşdırıldı; “adam arasında” bu sözdən istifadə etmirik (şəkililər istisnadır), olsun. Yerinə “dal” sözünü gətirdik. Artıq onun da işlənməsi etik sayılmır, əvəzinə “yan”, “geri” sözündən istifadə edirik. Yaxşı, bəs 20 ilə “yan”, “geri” sözünü də tullayacayıq? Nəzərdə tutulan obyektə münasibət dəyişməyincə, bu proses dayanmayacaq.
Keçən il bir söz öyrəndim: “ekskrement”, “-krem” hissəsinə aldanmayın, bu söz latıncadan tərcümədə pox deməkdir. Yaxşı, daha etik yazım, nəcis deməkdir. Ancaq bu “nəcis” bizim deyil axı, ərəbindi və tərcüməsi yenə də poxdur! Quranda “fahişə”, “nəcis” sözlərinə rast gəlmək mümkündür (axtarsam, ondan da betərlərinə rast gələrəm, ancaq axtarmıram, bir kitabı belə məqsədlə oxumazlar). İndi nə? Qurana “vulqar ədəbiyyət” damğası vuraq?
Biz buyuq, bizim psixologiyamız budur! Açıq gözlə baxmaq istəmirik. Mən birini göstərib, “bu qəhbədir” desəm, mənə deyəcəklər ki, “sən tərbiyəsizsən!” Birisi pis bir işi görür, ona söz deyən yoxdur. Mənsə yalnızca o işin adını çəkdiyim üçün tərbiyəsiz sayılıram.
“Fahişə” sözünü fahişəylə bir səviyyəyə endirməyək. Öz sözlərimizə sahib çıxaraq, hər şeyi öz adıyla çağırmaqdan çəkinməyək!
P.S. Sağdakı şəkli intenetdə təsadüfən tapdım. İçindəki yazı çox maraqlıdır. Mətni oxuyun, ya da xahiş edin, başqa birisi oxusu. Ən axırıncı variantda mən də tərcümə edə bilərəm.
Anar Aydın Məsimli