post-title

İncəsənət nə daşıyıcısıdır?

İncəsənət – əsasən cəmiyyətdə mövcud olan durumu yaxud müəyyən problemi təqdim etmək, izah etmək, bəzən hətta onu həll etmək üçün etik, sivil və vacib vasitələrdən biridir. Bunu tarixdə dissident və müharibə həyatı yaşamış, repressiyaya məruz qalmış, cəmiyyətin qaranlıqda qalan tərəflərini əsərlərində göstərə bilən və hətta üsyanlarla nəticələnən əsərlərin və fikirlərin müəllifləri, incəsənət ustaları və görkəmli şəxslər sübut edib.

 

İncəsənətin mövcudluğu və inkişafı üçün təcrübədə (cəmiyyətdə) üç tətbiq üsulları tanıyıram: performativ (təqdimat), kreativ (yaradıcı) və eksperimental (araşdırıcı). Bununçün məktəblər (təhsil ocağı deyil, incəsənətdə cərəyanlar yaradan məktəblər – Vyana Məktəbi, Körpü Qrupu, Qara Dağ Məktəbi), sərgi salonları (misalçün performativ xarakter daşıyan Paris Salonu, bu gün müasir təsviri incəsənətin mərkəzi kreativ muzeylərindən olan Guggenheim muzeylər şəbəkəsi), experimental musiqi, yaxud teatr (bunlarla insanlar daha az rastlaşır).
 
Performativ xarakter daşıyan incəsənət cəmiyyətdə adətən “insanları çörək və tamaşadan məhrum etməyin” lozunqundakı altmənada özünü biruzə verir. Adətən tərəqqini təbliğ edir. Kreativ xarakter daşıyan incəsənət isə adətən hər hansı mövzuya daha asan və daha çox diqqət cəlb etmək üçün tətbiq edilir. Kobud desəm, daha əziyyətli araşdırmalar və iş tələb edir. Eksperimental xarakterli incəsənət isə hələ təcrübədə özünü təsdiqləməmiş yaradıcılıq araşdırması üçün tətbiq edilir.
 
Renessansın Avropanı bürüdüyü bir dövrdə (XIV-XVII əsrlər), mütləq monarxiya sistemli dövlətlərdə kral (həmçinin aristokrat) ailələri bir-birinə öz dövlətlərindəki (torpaqlarındakı) tərəqqini və öz güclərini sübut etmək üçün saraylarında mütləq rifahı təmsil edən teatr tamaşaları qoydurur, konsertlər çaldırır, ölkə boyu festivallar qurur, xüsusilə dini mövzularda tarixi rəsm əsərləri sifariş etdirir və katolik kilsələri bəzəyir, küçələr salır, yeni binalar tikdirir, şəhər gözəlliyinin çərçivəsinə sığmayan parklar saldırırdılar. Feodalların aşağı sinifləri razı saxlamaq üçün bütün bunlar mükəmməl həyata keçirilirdi. Roma Katolik Kilsəsi isə "Cənnətə Qəbz" satıb, yığılan büdcədən özünün mövcudluğu qorumaq üçün, digər cəmiyyətlərdə qəbul edilməsinə nail olmaq üçün və Roma Katolik Kilsəsinin "gözəl həyat təminatına" inandırmaq üçün bu cür təbliğat aparırdı. Roma İmperiyasının inkişafı qarşısında bu məlumat nə qədər qəribə səslənsə də, Katolik Kilsənin, kral və elitar ailələrinin mədəni fəaliyyətləri propaqanda idi (ən azı ona görə ki, mütləq monarxiyada insanların istəkləri kral tərəfindən nəzərə alınmır).
 
Bir müddət sonra Barok cərəyanı gəldi – daha doğrusu, Roma Katolik Kilsəsi bunu, insanları dindən asılı saxlamaq üçün incəsənətin birbaşa və daha emosional tətbiqini sifariş etdi. Çünki, Şimal İntibahından sonra həmin ərazidə böyük bir problem yarandı: Protestant Reformasiyası. Martin Luther'in tezislərinə daha çox inanan Alman torpaqları Roma Katolik Kilsəsindən imtina etdi. Təsadüfi deyil ki, bir çox mənbələr Protestant Reformasiyasına səbəblərdən biri kimi məhz Şimal İntibahını göstərirlər. Mən də inanıram, çünki, hər şey qəfildən sürətlə inkişaf etməyə başladı, cəmiyyət axtarışa və yaratmağa başladı, nəticədə Johannes Gutenberg ilk basma çap qurğusunu (1439) icad etdi, Martin Luther də bu qurğuda öz tezislərini çap edib kilsələrin qapılarına mismarladı – dində deyil, şüurlarda reformasiya etdi və demək olar ki, müasir Alman tarixinin və mədəniyyətinin əsasını qoydu. 
 
Azərbaycanda cəmiyyətin bu gün gördüyü incəsənət yalnız performativ xarakter daşıyır və tərəqqini təbliğ edir. Belə olan vəziyyətdə kreativ müasir incəsənətə (misalçün, Niyaz Nəcəfovun əsərlərinə) ehtiyac olmaya da bilər. Kreativ incəsənətin insanlar üçün üstünlüyü və performativ incəsənət üçün təhlükəsi, insanlarda zəkanı, düşüncəni və hətta dünyagörüşünü inkişaf etdirmə potensialıdı. Bu hal, ölkənin mədəniyyət sahəsindəki təhsilin Sovet modeli üzrə statik saxlanılması ilə özünü təsdiqləyir. Həmin model məzunlarının yaratdıqları məhsullar tərəqqini təbliğ etmək üçün bütün tələbləri ödəyir. Nadir hallarda istisna “məktəblər” (yaxud qruplar) ayrılır və onlar da müəyyən elitar çevrələr tərəfindən “qovulmuşlar” hesab edilirlər. Bütün dünya ölkələri eyni inkişaf proseslərini yaşayıb və yaşayırlar, amma incəsənət ustaları və tətbiqçilərinin, həmçinin incəsənətə layiq olduğu dəyəri verən insanların sayı artıq olan ölkələr bu gün “inkişaf etmiş”, “birinci dünya ölkəsi”, və s. kimi adlandırılırlar.
 
Azərbaycan mediyası və təhsil sistemi nə bu gün, nə də sabah heç kimin mədəni təhsilini təmin etməyəcək. İncəsənətin mahiyyətini, onun daima paylaşmaq istədiyi ismarıcları və enerjini öz varlığı ilə qəbul etmək istəyən şəxs gərək ki, ilk növbədə, əsərlər dinləməyə, oxumağa və onlara tamaşa etməyə başlasın (yaxud daha intensivləşdirsin).
 
Sonda öz gənc təcrübəmdən bir məqamı xüsusi qeyd etmək istəyirəm: Azərbaycan incəsənətinin istehlakçılara və beynəlxalq əlaqələrə, cəmiyyətinin isə incəsənətə çox böyük ehtiyacı var və onların hər ikisini də xilas etmək mümkündür.
 
Vazeh Mustafa
 
Kultura.Az
Yuxarı