post-title

Poeziyanı sevməyə necə məcbur qaldım

Ötən əsrin 40-cı və 50-ci illərinin qovuşuğunda uşaqlığım gözə çarpmadan yeniyetməliyə qədəm qoydu. Əslinə baxsan, söhbət, sadəcə, insan həyatının iki -- bir-birinə qarışmış dövründən gedir. Birinci dövrdən daha çox öləzi və sanki sıyrılıb-sızılan anımsamalar, sayca getdikcə çoxalan və anlaşılan olaylarla dop-dolu ikincisindənsə bütün qalan yaşamına möhürünü vuran bəzi tarixçələr yadigar qalır.

 

Yarı Yeni, yarı Köhnə

İlginc burasıdır ki, boya-başa çatdığım ev iki dünyanın kəsişmə nöqtəsində yerləşirdi. Ön tərəf dənizə sarı -- tipik Avropa şəhəri cizgiləri olan Zevin (indiki Əziz Əliyev) küçəsinə baxırdı. Küçənin hər iki tərəfində yarlı-yataqlı və çoxmərtəbəli binalar vardı. Ara-sıra avtomobillər və tramvaylar da gözə dəyirdi. Binanın arxa tərəfi isə İçərişəhərin sanki dondurulmuş ortaçağ cizgili alçaq tikililəri, dolanbaclı və dar döngə və dalanları içərisində ərimişdi. Uşaqlığımız da elə burada keçirdi. Elektronika şəhər yaşamına “burnunu soxanadək” günü elə burada yola verir, onillər boyunca nəsildən-nəsilə ötürülən oyun və yarışlarla baş qatırdıq.

İş elə gətirmişdi ki, yaşadığımız ev həm planlanmış, həm də önəmli dərəcədə sosial sərhəd idi. Sanki dar bir məkanda yanaşı yaşamağa məcbur qalmış iki sivilizasiyanın – iki uyqarlığın gözəgörünməz sərhədi də elə burdan keçirdi. Uşaqlıqdan duyuq düşmüşdük ki, İçərişəhərə daha sərt əxlaq və davranış qaydaları hakimdir. Orada boya-başa çatanlar da sataşqan və qəddardırlar və bizləri – rusdilliləri özgə-yad-yabançı sayırlar. Onların da dünyası bizə yad gəlirdi. Bizlər də İçərişəhərli uşaqlardan çəkinərdik. Bizi şəhərli və özgə saydıqlarından tez-tez əzişdirərdilər.

Küçədəki ensiz və uzun, üstəlik də işıqsız pilləkanla arxa həyətə keçərdik. Qaranlıqdan təkcə uşaqlar yox, böyüklər də qorxardı. Özəlliklə axşam çağları. Sanki məni gözəgörünməyən şər qüvvələr qovurmuş kimi, o pilləkanı qaça-qaça keçər,  bacardıqca tez həyətə çatmağa çalışardım. Beləcə, sanki mənzilimiz də iki ölçü sisteminin – Avropa ilə Asiyanın arasındaydı. Pəncərələr küçə tərəfdən şəhər tikilisinin 2-ci mərtəbəsi, üzü İçərişəhərə baxan həyətdənsə 1-ci mərtəbəsi səviyyəsindəydi.

Ümumi hamam, ortaq tualet

Bizim mənzildən çıxanda özümüzü təxminən 20 kvadratmetr sahəsi olan balaca və yığcam bir həyətdə görərdik. Bu həyətin perimetri boyunca ikimərtəbəli dəhliz vardı. On iki ailənin yaşadığı, əsasən, bir və çox az sayda ikiotaqlı dar-daracaq və daxma deyilə biləcək mənzillər də həmin dəhlizdə sıralanmışdı. Bəzi mənzillərə su çəkilsə də, sözün indiki anlamında tualet və kanalizasiya heç kimdə yox idi. Bu üzdən bazar günü səhər tezdən bütün ailəlikcə tilsimli adı olan “Fantaziya” hamamına yollanardıq. Elə buradaca deyim ki, o hamamda heç bir özəl-gözəl fantaziyaya rast gəlməzdin, amma up-uzun bir növbəni mütləq gözləməliydin...

Həyətdə bir ortaq su kranı, nəyə gərək olduğu bilinməyən tullantılarla dolu yapma anbar və 1-ci mərtəbədə yaşayan bütün ailələrin yararlandığı Asiya tipli və çox vaxt təmizlənməmiş 2 ayaqyolu kabinəsi vardı. Hər 2 ayaqyolu səngimək bilməyən söz savaşlarına, umu-küsü və suçlu axtarışlarına səbəb verirdi.

Hər ailənin həyatı bütün həyətin göz önündəydi. Ailə sirlərini yad gözlərdən qorumaq, əslində, mümkün deyildi. Bu mümkünsüzlük həyətiçi həyatı müxtəlif olaylarla bəzəyir və onu-bunu bir-birinə qatırdı. Ancaq bütövlükdə insanlar yetərincə dostca, hətta deyərdim ki, şad-xürrəm yaşayırdılar. Görünür, mısmırıqlı və ac-yalavac müharibə illərindən sonra həyat yavaş-yavaş öz yoluna düşürdü.

Ağ şəkər tozu

Çörək kartları dönəmi sona çatmışdı. Onları itirmək bir ailənin faciəsiydi. İndən belə uşaqları oyadıb, yarıyuxuluykən geyindirmək və gecənin qaranlığında onlarla bir yerdə çörək növbəsinə durmaq lazım gəlməyəcəkdi. Yeri gəlmişkən, zaman ötdükcə bu növbələrdə elə ayaq üstündəcə yatmağı öyrənmişdim. Amma ən dəhşətlisi şey çörək dükanının qapısı açılanda baş verirdi. Sanki ağlını itirmiş insan kütləsi indi də gözlərimdən çəkilmir: qorxunc basabas, çığır-bağır, haray-həşir, fəryad çəkən insanlar, göz yaşları, itirdiyi çanta və pulqabılarını axtaranlar. Heç də hamı bir tikə çörək hayında deyildi.

Bir müddət sonra dükanlara ağ şəkər tozu gətirməyə başladılar. Bu toz Lend-lizlə  -- ABŞ-ın 2-ci dünya Savaşı dönəmində öz müttəfiqlərinə dövlət proqramı ilə göndərdiyi kəmşirin şəkər tozundan kəskin fərqlənirdi. Artıq günəbaxan yağı və kərə yağı da satırdılar. Sən demə, həmişə xəyalını qurduğumuz kərə yağı marqarindən qat-qat dadlıymış. Ata-analar qara çörək diliminə yağ yaxıb, üstünə şəkər tozu səpməyə icazə verməyə başlamışdılar. Belə yaxmaclar əslində xeyli sonralar dadacağımız pirojnalara – bir növ kətə çeşidinə çevrilirdi.

Anam səhər yeməyinə tez-tez umaclı qayğanaq bişirməyə başlamışdı. Un, əlbət ki, yox idi, ancaq qadın fərasəti bunun bir yolunu tapmışdı: adətən, axşamdan islağa qoyulan makaronlar ertəsi gün səhər sanki bir möcüzə sayəsində xəmirə çevrilirdi. Xəmir vardısa, demək, növbənöv dadlı-ləzzətli və ac gözləri doyuran yeməklər də çoxalacaqdı.

“Zəhərli” məktəb

Ölçü-biçili və xoşbəxt həyət həyatına yalnız məktəb zəhər qatırdı. Məktəbə qaçılmaz zülm kimi baxırdım – nə diri qalmağı öyrədirdi, nə də gerçək dünyanın iç üzünü. Sanki başqa aləmdən danışırdılar. Xeyir və şərdən, həqiqət və ədalətdən məktəbdə nələr deyirdilərsə, oradan qırağa çıxınca, hər şey alt-üst olurdu. Yəqin, müəllimlərimiz ala buludda yaşayır, ya da özlərini elə göstərirdilər.

Məktəb yaman vaxt alırdı və bu azmış kimi, ev tapşırıqlarını da yerinə yetirməliydik.  Demək olar, hər fəndən ev tapşırığı verildiyindən gerçək həyat üçün çox az vaxt qalırdı. Bir-iki saatlığına həyətdə oynamağa çıxdığımı görərdüm ki, oyunun lap şirin yerində anamın səsi gələrdi – “Gəl evə, dərslərini çalış!”. Sözyox, daha yarım saata icazə alıb, onu da çək-uzantıya salmaq, qır-saqqız olub, tutalım, on beş dəqiqə artıq oynamaq da olardı, ancaq... Ancaq bir də görərdim ki, anam, əlində süpürgə, yaşıdlarımın hırıltısına baxmadan, məni qabağına salıb evə qovur.      

Yaşlıların dünyasından qurtulmaqdan ötrü yeni yollar tapmaq, get-gedə, çətinləşirdi. Hər uğurdan sonra yenilgi gəlir və tərəflərin hər biri öz dediyindən dönməmək üçün yeni yol, təzə sübut tapırdı. İndi o vaxtları göz önünə gətirib öz-özümə deyir və etiraf edirəm ki, rəqib qat-qat güclü və hiyləgər imiş.

Bütün bunlar öz yerində, amma məktəb həyatı, sanki əsnəyə-əsnəyə və  bom-boz -- eyni günün təkrarı kimi, davamını sürdürürdü. Olsa-olsa, fənlər dəyişir, mən yaşa dolduqca, onların da sayı durmadan artırdı. Nə üzüyola davranışım vardı, nə də çalışqanlığım. Bəyəndiyim tək dərs bədən tərbiyəsi idi. Yerdə qalanlar – dözülməsi mümkün olanlara, sevilməyənlərə və zəhləm gedənlərə bölünmüşdü. Rus dili və Ədəbiyyat da sonuncuya aid idi. Rus dilini öyrənərkən, ürəyimi bulandıran saysız-hesabsız qayda və istisnaları, orfoqrafiya və durğu işarələrini, hallanma və   felin şəkillərini əzbərləməliydim. Ədəbiyyata gəlincə, uşaqlıqdan eşitdiyimə heç bənzəməyən, əcaib-qəraib bir dildə yazılmış əsərləri yorulmadan öyrənməliydim. Mən dəliyə çevirən mənasını heç anlamadığım, sözlərini mexaniki şəkildə yadda saxladığım və tutuquşu kimi təkrarlamağa məcbur qaldığım şeirləri əzbərləmək idi.

K.M. və ya Qarğa

Günün birində, ədəbiyyat dərsində “Qarğa” və daha əcaib başqa taxma adlar verdiyimiz Karina Mkrtıçevna – rus söz sənətinin hami və qoruyucusu öz iyrənc səsiylə  -- “Bu gündən dahi Rus Şairi Mixayıl Yuryeviç Lermontovun həyat və yaradıcılığını öyrənməyə başlayırıq” – deyərək Böyük Ədəbiyyatın yeni aşamasına qədəm basdığımızı xəbərlədi və bizləri “xoşbəxt” etdi.

Düşüncəm-xəyalım sinifdən çox-çox uzaqlarda dolaşdığı və daha gərəkli problemlərlə uğraşdığı üçün dərsin gerisini dinləmədim – məktəbdən dönüncə “faşistlərlə” -- qonşu həyətin uşaqları ilə döyüşməliydik. Təbii ki, onların da gözündə biz “faşist” idik. Çox güman, bizim nəslə mənsub uşaqların şüurunda başqa düşmən heç cür ola bilməzdi. Döyüş, həmişəki kimi, İçərişəhər səmtində, qala divarlarına dirənən və iki tərəfdən qapalı dar və upuzun dalanda baş verəcəkdi. Bizim həyətə də dirənən və eni 6-7 metrə çatan o dalan valedeynlərimizin gözündən uzaq olduğu üçün orada nisbi hərəkət azadlığımız vardı. Adətən, futbol, voleybol oynar və ağaclara dırmaşardıq. Budaqlarda gəzişib, 3-4 metr hündürlükdən qonşu evlərin damına tullananlara qoçaq deməmək kimin həddidir? Düzdür, bugünkü döyüşdə köhnə və yarıuçuq qala divarlarının o üzündə olan qonşularla savaşmalıydıq. Döyüş vaxtı divarın hər iki tərəfinə öncədən toplanmış daşlar “tolazlanır”, kimsə yaralananda sanitar qızlar yaralıları “sağaldırdı”. Adi bir sıyrıq da özünü yaralı saymağa əsas verir və beləcə, erkən və sadəlövh məhəbbətimlə -- Tamara adlı qonşu qızıyla canımı üşürgələndirən görüşə yol açılırdı.

Dərsin sonunda üzücü reallığa dönüb aydınlaşdırdım ki, gələn məşğələ üçün “Msıri” poemasından bütöv bir abzası əzbərləməliyəm. Üç səssiz hərfdən oluşan və adamın boğazını cırmaqlayan bu iyrənc söz dərhal diqqətimi çəkdi. O an hər şeyin necə qurtaracağını bilsəydim, bəlkə də həmin suçsuz sözə daha dözümlü yanaşardım.

Döyüş uzun çəkdi. Elə bir itki olmadığından sanitar qızla üşürgələndirib-düşüncələndirən görüşüm baş tutmadı. O günləri göz önünə gətirəndə, baş-gözümüzün necə əzilməməsinə mat qalıram. Hər iki tərəfə “vızıldadılan” daşlar, gör, necə uşaq başının yarılmasına yetərdi...

Ürək titrədən döyüş və yaşantılardan sonra, düzünü deyim ki, məktəbə getmək, dərslərə qatılmaq adama necə iyrənc görünürdü. Ancaq qaçılmaz olduğundan, bununla barışmaqdan başqa çarə vardımı? Heç bilmirəm ki, təhsil almağımız ata-anamızın nəyinə gərək idi. İstər-istəməz,  bu dəfə hansı tapşırığı gözardı edəcəyimi düşünüb, məncə, doğru qərar verdim -- əlbəttə, “Msıri”ni.  Hər şey bir yana, o da yadıma düşdü ki, bir həftə öncə ədəbiyyat dərsində “fərqlənmişdim”: gündəliyimə yazılan və şax-şax düz gözlərimin içinə baxan “3” qiyməti sübut deyilmi?!. Bir bombanın eyni çuxura dalbadal düşmədiyini kim bilməz ki? Demək, məndən də sovuşacaq!..

Cinayət

Üçüncü dərs başlamadan tədbirli davranıb axırdan əvvəlki partada oturdum. “Axı niyə K.M.-in gözünə girməliyəm ki?” – deyə düşünərək, özümü tam sığortaladığıma inandım.

“Qarğa”, həmişəki qayda ilə, dərsə qatılanların adını bir-bir oxudu və sıra mənə çatanda, alışdığı yerdə məni görmədiyindən vecsiz səslə -- “Qayıt yerinə” – dedi. Bax bu, pis əlamət idi. Sanki hər hansı  sətirdəki gözəçarpmaz hərf yerinə, bir andaca, durğu işarəsinə və bəlkə də vurğuya çevrildim. “Təki axırı yaxşı bitsin” – deyib həmişəki yerimə qayıdası oldum.

Nə yazıq ki, “tıp-tıp”lı düşüncə və gözləntilərim çox sürmədi, yazı taxtasına birinci çağrıldım. Aşağılanmağa dözə bilməzdim, o üzdən dolanışığın çətinliyindən, heç cür səngiməyən başağrımdan danışdım və bir sözlə, boş-boş bəhanələr gətirdim.

Köməyi dəydi. Qısa söhbətdən sonra təkcə jurnala deyil, gündəliyimə də yağlı bir “2” yazıldı. Dərs qurtaranda, heç kim görməsin deyə bir az ara verib, bir qırağa çəkildim və ülgüclə “2”-nin quyruğunu gözəl-gözəl pozaraq, onu adama gəl-gəl deyən sulu-şirəli bir “3”-ə çevirdim. Ülgüclə “qaşıntı”nın izini itirmək mənim əlimdə heç nə idi – şəhadət barmağımın dırnağı belə işləri çox peşəkar görürdü.

Növbəti ədəbiyyat dərsinədək əzbərləməli olacağım poetik misraların sayı ikiyə qatlandı, amma tərslikdən, ertələnməz işlərim çox idi. “Dərin” məntiqimə görə, K.M. hər dəfə məndən dərs soruşası deyildi, çünki sinifdə onun diqqətinə layiq azı 40 şagird vardı. Amma, ancaq, lakin sən saydığını say deyirlər... Qarğa elə məni qaraladığından, yenə məni dərsi danışmağa çıxardı və... çətin duruma saldığı yeniyetmədən layiqli cavabını aldı: -- “Dilimi tərpədə bilmirəm, dişlərim çox ağrıyır”. Təbii ki, sinifdən qəhqəhə qopdu və gündəliyimdə daha bir “2” peyda oldu. Düzdür, elə bu “2” də əvvəlkinin taleyini yaşadı.

Növbəti dərsədək öyrənəcəyim şeir misralarının sayı yenə ikiyə qatlandı. Düşündüm ki, qoy “Msıri” özündən küssün. “Öldü var, döndü yox” durumundaydım. Axı, az qala bir səhifə qafiyəli sətirləri öyrənmək mənlik deyildi, o üzdən sonadək dirənməliydim.

Oğlan uşağının ərköyünlük çağı bir göz qırpımında bitir. Növbəti ədəbiyyat dərsi ərəfəsində sürəkli və şiddətli döyüş olmuşdu. Bir-birinə qarşı “vuruşan” hər iki tərəf özünü qalib sayırdı. Bu, elə də çətin deyildi, çünki əks tərəfin uşaqlarını görmürdük deyə, dəqiq bilirdik ki, onlar bizim qatı düşmənlərimizdir. O anlamsız əzbərçiliyə, təbii ki, macal tapmamışdım və həvəssiz-həvəssiz sinfə girib, taleyimi “bəlkə”lərə tapşırmışdım.

Dərs öncədən bilinən bəsit ssenariyə uyğun keçdi, yəni mənə üçüncü dəfə “2” yazıldı. Qiyməti gündəliyimə yazmağa yol verməsəm də, məsələ qəlizləşdi -- K.M., yəni Qarğa gələn dərsə valideynlərimlə gəlməyimi buyurdu. Heç ağlıma gəlməyən bir iş baş vermişdi. Çarəm qalmadığından anama məktəbə çağrıldığını söyləməli oldum və olub-bitənləri, təbii ki, ətraflı yox, özümə sərfəli şəkildə, ucundan-qulağından ona danışdım.

Cəza

Ertəsi gün anam məktəbə gedərək Qarğanın mənim haqqımda “şok açıqlamaları”nı dinlədi. Onun sözlərindən belə məlum olurdu ki, mənim günahlarım saya-hesaba gəlməz... Bir sözlə, hətta öz gözümdə “suçlar aslanı”na döndüm. Evə qayıdanda anam bir kəlmə də dinmədi. Onu heç belə görməmişdim. Bir bəhanə tapıb, hər şeyə görə deyinmək xasiyyətini bildiyimdən, anladım ki, indi tufan qopacaq!.. Taleyimlə barışıb anamdan bir az aralı qıvrıla-qıvrıla yeriyir, evdə məni gözləyən cəza və bu cəzadan qurtulmaq yollarını düşünür, amma ağlabatan bir yol tapa bilmirdim.

Axşam “ailə şurası”nda olub-bitənlər barədə anamın söylədiklərinə qulaq asan atam öz vəzifəsini yerinə yetirməyə başladı. O, başlıca ümidlərini fiziki tərbiyə üsullarına bağladığından, uzun-uzadı öyüd-nəsihətləri xoşlamazdı. Hiss-həyəcan dolu çıxışını, həmişəki kimi, kötəklə bitirdi. Bu mərhələdə, adətimcə, alışdığım arqumentlərə – ağlayıb-sızlamağa, hıçqırıb-hönkürməyə  başladım ki, anamı mümkün qədər tez müdafiəmə qaldırım. Köhnə kələk yenə baş tutdu və anam məni qorumaq üçün özünü qabağa verdi. Di gəl... atam daha da qəzəbləndi və göz görə-görə anamı bir qırağa itələyib, yapışdı mənim boynumdan və həyətəcən sürüdü.

Ailə melodramının haray-həşiri bütün həyətə yayıldı və sakinlərin əksər hissəsi ikinci mərtəbənin şüşəbəndindən üzüaşağı boylanaraq maraqla “Cinayət və cəza” səhnəsini izlədi. “Canini” həyətə çıxaran atam məni taxta anbarlardan birinə salıb, qapısını qıfılladı. 

İnandırıcı görünməkdən ötrü 5-10 dəqiqə də ağlayıb-sızladım və yarıqaranlıqda yeni məkanımı mənimsəməyə başladım. Ora-bura atılmış taxtaları bir qırağa itələdim, ağbəniz və qolsuz gəlinciyi bir küncə tulladım, bir qalaq tullantının arasından eşələyib, köhnə və eybəcər üçayaq kreslonu çıxardım və... onun oturacağından biz kimi dikələn yayı yerinə soxub və xəyalən özümü alman həbs hücrəsinə salınmış sayıb... rahatca əyləşdim. O vaxtlar sovet cəza maşınının və bu maşının incə işkəncə üsullarının varlığını ağlıma da gətirməzdim.

Tamara və başqaları

Gözümü yumub bu qaranlıq hücrədə hələ neçə gün qalacağımı, susuz və yeməksiz necə yaşayacağımı, sınaqdan çıxıb-çıxmayacağımı və ölümün üzünə dik baxıb-baxmayacağımı düşünməyə başladım. Yəqin belə acı fikirlər məni üzdüyü üçün mürgülədim. Hardansa yuxarıdan gələn ürkək, ancaq inadlı bir səs məni mürgüdən ayıltdı. Qaranlıq tavanı gözdən keçirib üstdəki sağ küncdə işıltı və deşik diqqətimi çəkdi. Öncə kiminsə göz bəbəyini, sonra gözünü və nəhayət, mənə tanış və sevimli üz cizgilərini sezə bildim.

Bu, heç şübhəsiz, O idi – bizim sadiq və cəsur sanitar qız!..

- Nə oldu? Çox incitdilər? – deyə o soruşdu.

- Yox, hər şey qaydasındadır, -- hansı rolu oynamaq lazım gəldiyini bilmədiyimdən belə dedim.

- Nə etmişdin ki?

- Nə deyim... Heç nə, -- bu sözləri bir vicdan məhbusu kimi inamla söylədim.

- Yemək istəyirsən?

- Yo-ox.

- Su necə?

- Deyəsən, yox.

Son sözləri Tamara qulaqardına vurdu. Bir-iki dəqiqə keçmədi ki, dediyim deşikdən iplə bükülü bir şey sallandı. Açanda gördüm ki, kiflənmiş çörək dilimidir. İp geri çəkilib yenə sallanandan sonra paslı konserv qutusuna doldurulmuş suyum da oldu.

Ac deyildim, amma yaşadığım anın faciəli özəlliyinə uyğun gəlsin deyə o kifli çörəyi aşırıb üstündən də su içdim. Dünyayla bağlantım yoluna qoyulduğundan, az bir ara ilə, həyətdəki uşaqların hamısıyla danışa bildim... Bütün bunlar yaşam savaşı verməyə ümid oyadırdı. Anbara qapadılmağım ürəkaçan və hətta bəzi özəllikləriylə igidlik və sirr dolu cizgilər qazanırdı...

Qəfil qurtuluş

...Amma yetərincə çox zaman keçdi. Yavaş-yavaş zil qaranlıq çökürdü. Yan-yörəmdəki əşyaların konturlarını güc-bəla ilə sezirdim. O deşikdən daha nə gözlər boylanır, nə də toxdaq verən səslər gəlirdi. Vahimələnməyə başlamışdım. Kino ekranlarından bizi xofa salan düşmən işkəncələri məni elə qorxutmurdu, amma gecələr həyətdə qaçışan yes-yekə, həm də ətli-mətli uzun quyruğu olan bom-boz ciçovullar hər cür işkəncədən qorxunc görünürdü.

Zaman ötür, qorxu arıq bədənimin hər parçasını bürüyürdü. Siçovul sürüsünün olası basqınından özümü qorumaq üçün ayaqlarımı qarnıma yığaraq, başımı dizlərimə dayamış və kreslonun dərinliyində yumağa dönmüşdüm. Beləcə, bədənimin üzdə qalan hissələrini mümkün qədər azaltmışdım. Bu, bir müddət məni toxdatdı, ancaq bir azdan yenə qorxu məni basdı... Tir-tir titrəyir, dişlərimin şaqqıltısını eşidirdim.

Bir anlıq mənə elə gəldi ki, tezliklə öləcəyəm, məni torpağa basdıracaqlar, anam ağı deyəcək, Qarğa da buna sevinəcək. Özümə yazığım gəldi. Bu qaçılmaz sonluqdan elə üzüldüm ki, nə vaxt yuxuya daldığımı da bilmədim. Məni anbar qıfılının çıqqıltısı oyatdı. Qapı cırıltıyla açıldı və qaranlıqda tanış səs tonunu və anama məxsus – “Marş evə!” əmrini eşitdim. Uşaq vaxtlarından anamın sözlərinə deyil, yalnız üz ifadəsinə və səs tonuna görə hərəkət etməyə alışmışdım.

Demək, indən belə yad-yabançı, müəmmalı və uzaq olan böyüklər dünyası ilə qarşılıqlı bağlantılarımın yeni səhifəsi açılırdı...

Sözardı: Söz və deyimlərin adi gözlə görünməyən bir çox gizli anlamlar daşıdığını çox-çox illərdən sonra anlamağa başladım. Sən demə, o anlamları sezməkdən ötrü tək istək yetməz, həm də gəlişmiş duyumun olmalıymış. Şeir yazan milyonlarla insanın da, olsa-olsa, kiçik bir qisminin poetik duyumu var. Və yalnız tək-tək adam şeir yaratmağın gizlinlərini bilir. Səma varlıqlarıdır onlar. Tanrının nəfəsi dəyib onlara.

Olur ki, öz yaşantılarımı ritmik formada açıqlamaq istəyirəm. Belə anlarda qəribə bir coşqu yaşayıram, amma bütün bunlar məndən ötrü, sadəcə, poetik uzaqlıqlara aparan bir oyundur.

Öz sözünü dəyişənlər

“Öz”ü dəyişə bilməzmiş.

Yazın erkən gəlişi də

Yazı dəyişə bilməzmiş.

****

Dağ çayının gur axarı

Haçalanıb- qollanarmış.

Qolların axar suları

Əski yurda yollanarmış.

****

Yolötəndən sayqı ummaq,

Damlanı qovlamaq demək.

Kainatla bir fırlanmaq

Ölümü ovlamaq demək.

Tamirlan Bədəlov

Yuxarı