Nədir kölgə ədəbiyyatı? Onu kimlər yaradır?
Özü kölgə deyil kölgə ədəbiyyatı dedikdə nəzərdə tutduğum. Sadəcə, kölgədə qalan ədəbiyyatdır. Kiminsə və ya nəyinsə kölgəsində qalanların, yaxud özü kölgədə qalmağı seçənlərin, ya da kölgəyə məhkum edilənlərin yaratdığı ədəbiyyat. Bir az onlardan danışaq. Halbuki onlardan ürək dolusu danışmaq bir az çətindir, çünki kölgədədirlər və onların çoxu haqqında hələ də məlumatımız yoxdur. Ancaq ehtimallarımız var.
Sənətin “kult” və “kultura” kimi davam edən qalxıb-enmələrinin hazırda yenidən “kult” mərhələsindəyik. “Kult” və “kultura”nı əsərin məzmunu ilə yanaşı, onun auditoriyası da müəyyənləşdirir. Tarixdəki kult dövrlərinin birində, orta əsrlərin sonu və intibah dövründə sənət əsasən kilsəyə məxsus idi. Kilsədən kənarda və ya kilsə motivi olmadan çox nadir hallarda bir musiqi bəstələnər, bir şeir yazılar, bir rəsm çəkilərdi. Yalnız bir mövzuya və bir təşkilata məxsus olan sənətin auditoriya hədəfi sənətin özündən kənarda idi. Hədəf ya kilsə və onun vasitəsilə xalq, ya saray əhli, ya da o sənətçini himayə edən yüksək rütbəli kimsə və onun ətrafı. Yeri gəlmişkən, yaxınlarda Avstriya yazıçısı Tomas Bernhardın “Köhnə ustalar” romanını oxudum. Məxsus olduğumuz şərqin ilk olmasına rəğmən hələ də elə ilkin primitivliyini saxlayan mədəniyyəti fonunda heyran qaldığımız bu “kilsə mədəniyyəti”ni yıxıb-sürüyən xeyli maraqlı fikirlər var bu romanda. Tomas Bernhard sənət tarixi üzrə məqalələr yazan Regerin dilindən intibah dövrünün kilsə motivli rəssamlarını, şairlərini, musiqiçilərini qorxaqlıqda, əsərlərini əslində istədikləri kimi, yaratmalı olduqları kimi deyil, kilsənin və digər kütlənin istəyinə, tələbinə uyğun yaratmaqda günahlandırır. Deyir, hamısı ikiüzlü idilər. Sadəcə himayə olunmaq, təcrid olunmamaq üçün bu yola əl atmışdılar.
Mövzu vahidləşib, auditoriya kütləyə çevriləndə o mövzudan kənara çıxanların diqqətdən kənarda qalma və ya çərçivədən çıxdığına görə çıxdaş edilib tarixdən silinmək təhlükəsi artır. “Kultura” dövründə isə artıq “sənət sənət üçündür” fikri öndə idi. Bu, xüsusilə 19-20-ci əsrlər alman ədəbiyyatı və musiqisi üçün daha xarakterikdir. Sənəti kütlədən ayırmaq, daha yuxarı qaldırmaq, daha seçkin hala gətirmək cəhdi. Bu cəhdin üstünlüyü sənətin intellektuallaşması, arınması olsa da, nəticədə sənət kütlədən uzaqlaşır, yazmaq və ya bəstələmək istəyənlərin gözünü daha çox qorxudur, perfeksionistlərin sayını isə artırırdı. Belə mühitdə sənət nümunələrinin keyfiyyət baxımından daha ədalətli seçimi üçün şərait yaransa da, bu seçimə əsər təqdim etməyə hər kəs cəsarət etmirdi.
Təxminən XX əsrin 30-cu illərindən etibarən isə sənət yenidən kultlaşmağa başladı. Ya hansısa ideologiyaya birbaşa xidmət edir, ya da özündən kult yaradırdı. Hətta ən avanqard üslublu yazıçı, rəssam belə özünə müəyyən bir kütlə toplayır, dərhal kulta çevrilir. Və həmin kütləyə yalnız bu kulta uyğun əsərlər lazımdır. Digərlərini bəzən heç oxumadan rədd edirlər. Sənətin bu kult dövrü hələ də davam etməkdədir. Sadəcə, kilsə kultundan fərqli olaraq indi mövzular və “təşkilatlar” çoxdur. Və deməli çoxluğun içində çığırmayanların, özünə kütlə toplamayanların səsi itmək təhlükəsi ilə baş-başadır.
Bir dəfə “Ədəbiyyat qanunlarını kəşf etməyə cəhd” adlı bir məqalə oxudum. Məqalədə, ədəbiyyat tənqidçisi olan bir professor təxminən belə deyir ki, ədəbiyyat nümunələrinin bu qədər çox olması bizim ədalətli seçim etməyimizə, ədəbiyyat tarixini obyektiv yazmağımıza imkan vermir. Məsələn ədəbiyyatın mənim (yəni həmin professorun) məşğul olduğum qolu üzrə təkcə 18-20-ci əsrlər Britaniya ədəbiyyatına aid otuz minə yaxın roman var. Hələ bundan dəfələrlə artıq fransız, alman, italyan, amerika romanları. Əksəriyyətindən də heç kəsin xəbəri yoxdur.
Doğrudanmı yüzminlərlə romanın içində yalnız bir neçə mini dünyaca məşhur olacaq dərəcədə keyfiyyətli oldu, digərləri isə yox? Bu qədər romanın əksəriyyətinin heç oxunmadığını, bu sahənin peşəkarlarının isə fiziki cəhətdən bunları oxumaq imkanları olmadığını nəzərə alsaq, demək ki, ümumi dəyərləndirmədə bir ədalətsizlik var. Və təəssüf ki, bu ədalətsizlikdən qurtuluş yoxdur.
“Yaxşı əsərin qiymətini tarix verir”, “sənət sənətmiş kimi görünəni məhv edir” kimi fikirlərin həqiqət payı çoxdur, amma bu qarışıqlığın içində məncə tarix bir az gücsüz qalır. Yaxşı ki, bəzi yazıçılara münasibətdə gecikmələr on illərlə ölçülür; amma bəlkə də yüzillərdir kitabxanaların tozlu rəflərində oturub tarix tərəfindən qiymətləndirilməsini gözləyən əsərlər var və bəlkə də onlar sonsuza qədər naməlumluğa məhkumdurlar, özləri də bundan xəbərsizdir.
Necə olur ki, bu çoxluq içərisində bəziləri parıldaya bilir, bəziləri isə səssizcə yoxa çıxır? Əlbəttə, əsərin keyfiyyəti önəmlidir. Sanballı əsərin bəyənilib üzə çıxarılma ehtimalı çoxdur. Amma tanınmış, lakin sanbalsız olan da nə qədər əsər var axı. Və ya bəzən gec kəşf olunmuş kitablar ondan əvvəl tanınmış neçə kitabdan daha dəyərli olduğunu sübut edir. Deməli, hələ də xeyli ciddi kitabın kölgədə yatdığını ehtimal edə bilərik.
Bunlar hələ nəşr olunanlardır. Hələ nə qədər hansısa səbəbdən nəşr olunmayan əsərlər var. Bəzən müəlliflər utancaq, çəkingən olurlar. Yazdıqlarını ortaya çıxarmağa çəkinirlər. Onların utancaqlığının kökündə tənqidə hazır olmamaq dayanır. Təriflənəcəklərindən dəqiq əmin olsalar, yəqin ki çəkinməzlər. Tənqid olunmaqdan dəhşətli dərəcədə qorxurlar. Odur ki, əgər təkan verən, dəstəkləyən olmursa, yazdıqları elə evin bir küncündəcə qalır.
Pefeksionistlər var. Nə yazsalar, özlərindən narazıdırlar. Həmişə hələ kitab çap etməyə hazır olmadıqlarını söyləyirlər. Beləcə, yazıb vərəqləri üst-üstə qalaqlayırlar. Ömür gedir, amma heç olmasa çap olunmuş halda tozlanmaq üçün bir kitab olmur ortada.
Diktatura rejimlərində, yaxud dini və ya hər hansı təhlükə altında yaşayan toplumlarda daxilən azad, vicdanlı insanlar yalan yaza bilmirlər, həqiqəti isə çap etdirməkdən qorxurlar. Qorxaqlıq getdikcə yazmamaq vərdişinin yaranması ilə nəticələnir və nəticədə yazılmışlar atılır, yenisi isə yazılmır. Yaxud belə toplumlarda əlində əlyazması ilə o qədər rədd edilir, o qədər təzyiqlə üzləşir ki, nəhayətdə yorulub, iddiasından əl çəkir. Bəzən onun özünü də yaza bilmədiyinə inandırırlar.
Bir də sadəcə, bəxti gətirməyənlər var. Nə qədər ciddi yazsa da, çap etdirsə də, xeyri yoxdur, ən yaxşı halda sadəcə sağlığında, ən pis halda isə ölümündən sonra da unudulmağa məhkum olanlar var. Türkiyədə Oğuz Atay nümunəsi məsələn, düzdür, bir az gec olsa da, Türkiyə miqyasında kəşf edildi. Amma Oğuz Atayı oxuyanlar bilir ki, ən az Orhan Pamuk qədər istedadlı və intellektual bir yazıçıdır. Türkiyədən kənardasa, demək olar ki, tanınmır. Onun öz həyatı ilə də bəxti gətirmədi, onsuz 40 yaşına yaxın nəşr olunmağa başlamışdı, elə 43 yaşında da vəfat etdi.
Yuxarıda söylədiyim xüsusiyyətlər təkcə əlyazmalarına deyil, nəşr olunmuş kitablara da aiddir. Yazıçı bir vəchlə çap etdirdiyi kitabı, daha sonra çəkingənliyindən üzə çıxarmaq üçün səs-küy salmaya bilər. Və ya həmin yazıçı bəxtindən (bəxtsizliyindən) hansısa nəhənglə bir dövrdə yaşaya bilər və o nəhəngin kölgəsində itib-bata bilər. Belə də olur. Yəni bəzən çox böyüklərə heyranlıq o biri böyükləri görünməz edir. Məşhur bir rəssamın hansısa əsəri bir səyyar sərgidə və ya kiçik muzeylərdə hamını ətrafına toplayır, amma iri muzeylərdəki lap məşhur rəsmlərin yanında bu tip rəsmlərə heç baxan olmur. Sadəcə yanından ötüb keçirlər. Hamı o ən məşhuru axtarır.
Bir az düşünəndə ehtimal etmək olar ki, bəlkə də tamam məlumatsız olduğumuz, kifayət qədər sanballı bir ədəbiyyat kölgədə mürgüləyir. Amma hər halda bu kölgə ədəbiyyatının içində Dostoyevski, Tolstoy, Prust, Stendal, Tomas Mann, Herman Hesse kimi nəhənglərin olması da inandırıcı gəlmir. Heç bir kölgə bu nəhənglərə tab gətirə bilməzdi...
Sonda özümüzə də bir nəzər salaq. Fikirləşəndə, kölgədə qalıb ciddi əsərlər yaradan, amma gec də olsa kəşf olunan yazıçımız, şairimiz elə də asanlıqla yada düşmür. Bir neçə nümunə var bəlkə də, amma onların da yaradıcılığı ilə tanış deyiləm deyə, bir fikir söyləyə bilmirəm. Elə biri bu yaxında Rasim Qaracanın da haqqında yazdığı Çingiz Ələkbərzadə (“Sevdanın qisası” adlı yazı). Tanış deyiləm əsərləri ilə. Oxuyanlar deyə bilər, kölgə ədəbiyyatına aid etmək olar, ya yox. Heç kəşf olunmayanlar haqqında isə yalnız ehtimallar irəli sürə bilərik. Sovet dövründə senzuraya görə gizlində yazıb heç vaxt nəşr olunmayanlar ola bilərdi. Amma sovetlər dağıldıqdan sonra heç bir sandıq ədəbiyyatının üzə çıxmaması o dövrdə elə kölgə ədəbiyyatının da olma ehtimalını azaldır.
Hazırkı dövrdə bu ehtimal bir az çoxdur. Həm son dövrlərdə xeyli yerli əsər nəşr olunub. Yəqin ki, onların əksəriyyəti oxunmayıb. Düzdür, çoxunun elə adı və ya ilk cümləsi içindən xəbər verir ki, vaxt itirməyə dəyməz. Amma ola bilər ki, kimsə çox maraqlı bir şey yazıb və çoxluğun içərisində onu da hamıya aid edib gözümüzdən qaçırmışıq. Və ya bir-iki il öncə bir neçə adam aləmi bir-birinə qatmışdı ki, qoymayın, ölkədə roman bumu var, romanların altında qalıb boğuluruq. Ola bilər ki, kimsə bu söhbətlərdən sonra bir az çəkingənlik göstərib üzə çıxmır, sakitcə yazır özü üçün.
Bəlkə də bu məsələdə bir az nikbin görünürəm. Amma hər halda, hərdən təzə çıxan romanları götürüb bir vərəqləmək lazımdır. İçində çox maraqlı birisinə rast gələ bilərik. Əli Novruzov bir ara yeni yazılan kitablar haqqında yazıb oxucuları məlumatlandırırdı. Tənqid və ya tərif, fərqi yoxdur, müəllif və əsəri ortaya çıxırdı. Son vaxtlar çox rast gəlmirik belə yazılara. Önəmli işdir. Yazanların sayı çoxaldıqca seçici davranıb onları cəmiyyətə təqdim edənlərin sayı artmasa, kölgədə qalanların sayı çoxalacaq. Əlbəttə, yerli yazıçılardan danışarkən hələ ki, dünya miqyasında əsərlərdən söhbət getmir, amma ən azından hazırda üzdə olanlar qədər yaxşı yazanlar ola bilər.
Mədəniyyəti irəlidə gedən ölkələrdə kölgə ədəbiyyatını işığa çıxarmaq üçün müxtəlif tədbirlər görülür. Tez-tez hekayə və roman müsabiqələri keçirilir, anonim yazılar qəbul edilir və dəyərləndirilir, məşhur qəzetlər və jurnallar ədəbiyyat əlavələri buraxırlar, o əlavələri hazırlayanlar isə tez-tez yerli ədəbiyyat dərgilərini araşdırıb oradakı tanınmamış yazıçıları üzə çıxarmağa çalışırlar. Naşirlər də belə yazıçıların izində olur həmişə. Son dövrlər ədəbiyyat üzrə Nobel mükafatı da verilərkən əsasən belə hallar nəzərə alınır. Üstünlük daha çox hansısa ölkədə və ya regionda oxunan, amma dünyada o qədər də tanınmayan yazıçılara verilir.
Və ən əsası, kimsə, ölkədə roman bumu var, bəsdir yazdınız, deyə göstəriş vermir. Kimsə nəyisə yazdığına, ya da nəyisə yazmadığına görə işsiz-gücsüz buraxılıb, bir daxmada acından ölməyə məhkum edilmir. Kimsə yazdıqlarına görə həbs olunmur. Kim nə istəsə yazır, nəşr edir, təqdim edir, reklam edir. Birisi xatirələrini, birisi sevgisini yazır; birisi ailəsi, birisi işi, birisi inancı haqqında yazır, birisi hamını tərifləyir, birisi hər kəsə etiraz edir...
Rəşad Səfər
Kultura.az