Yolboyu maraqlı bir şey baş verməsə də, Cəlilabadın Alar kəndinə çatanda analoqu olmayan inkişafımızın daha bir sübutunun şahidi oldum. Yolun kənarında hasar çəkirdilər. Daha doğrusu hasar üzərindən hasar çəkirdilər. Yol kənarında hər həyətin öz hasarı olsa da, bu hasarlar bizim zovqümüzü oxşamır. Ona görə də hökumətimiz bu hasarların üstündən dünya standartlarına uygun yeni hasar çəkir. Salyandan başlayaraq Astaraya kimi magistral yol pis gündə olsa da, bu yolu yenidən çəkmək hələ tezdir. Əvvəl qoy hasar çəkək, ağlay daşlarla bəzəyək. Sonra bu hasarları söküb, yolu genişləndirib təzədən çəkərik.
Kəndə çatan kimi ilk işimiz qəbristanlığa getmək oldu. Bayram günlərində hamı öz ölülərinin qəbrini ziyarət edir, təzə ölənlər üçün xonça aparır, yasin oxutdururlar. Qəbristanlıgın qapısı ağzında mollalar hazır vəziyyətdə dayanmışdılar. Müştəri gözləyirdilər.
Kəndimizdə nə olmasa da molla boldur. Bu mollaların içində cavanı da var, qocası da. Biri sovet vaxtı toylarda mahnı oxuyurdu, indi yasda yasin oxuyur. Biri elə eskilərdən də molla sayılırdi, müstəqil oldugumuz dövrdə isə həyətində çətənə kolları əkirdi (Sag olsunlar, milli polislərimiz bu cinayətin üstünü açdılar, bütün qazandıqlarını əlindən aldılar). Bir mollamızın da oglunu 2 il bundan əvvəl üstündə narkotika tapdıqlarına görə tutmuşdular (Narkotikanı ona satan adam onu polislərə satmışdı). Bir ildən sonra buraxdılar. Biri əvvəllər qəssab idi. Hələ uşaq vaxtlarından harada heyvan kəsərdilərsə, həmin heyvanın başını o götürərdi. Evləri bizə yaxın idi. Əsil adı Səid olsa da, hamı ona Həməgül deyir. Biz isə uşaq vaxtı onu “Kəllə” deyə çağırardıq. Həmişə heyvan kəlləsi yediyinə görə. Bir agır mollamız da var. Kəndin axundudur. Amma həmin gün qəbristanlıqda gözümə dəymədi. Kənddə gəzən şayiələrə görə bu axundun da gözü gəlininə düşübmüş. Görəndə ki, oğlunun əlindən bir iş gəlmir, özü hərəkətə keçib.
Biz içəri girəndə gəlib bizimlə görüşdülər. Bayramlaşdıq. Sonra atam birini babamın, birini nənəmin, birini cavan vaxtı ölən ögey əmimin, birini şəhid olmuş yeznəmizin, birini 7 il bundan qabaq Rusiyada öldürülmüş əmim oglunun qəbri üstünə, birini də anamın qəbri üstündə yasin oxutdurmaq üçün görəvləndirdi. Bəzilərinə 2 manat, bəzilərinə isə 5-10 manat yasin oxumaq üçün pul verdi. Burada da qohumluq, tanışlıq rol oynayır.
Kəndimizdə çox adam yasin oxuya bilir. Bəziləri hətta əzbərdən oxuyurlar. Elə özümüzdən göturək. Bizim evdə olan 7 nəfərdən 4-ü Quran oxuya bilirdi. Əmilərim, onların övladları da Quran oxumagı bacarırlar. Bir zamanlar bu dəb halına çevrilmişdi.
Adətən mollalar Quranı yavaş-yavaş avazla, ərəb hərflərini boğazlarında qaynadaraq, uzadaraq oxuyurlar. Quran oxumağı öyrənən adam onu avazla oxumaq üçün ayrıca bir kurs da keçərdi. Lakin qəbristanlıqda indiki kimi “sezon vaxtı” siz yasini bu cür oxuyan adama rast gələ bilməzsiniz. Məclislərdə yarım saata oxunan yasin surəsi burada 5 dəqiqəyə oxunur. Mollaların əllərində yasin dəftərçəsi, əzbərdən oxuyur, gözləri ilə ətrafı müşahidə edir, müştəri axtarırlar. Tez bu yasini bitirib, növbəti müştərilərini əldən buraxmasınlar deyə.
Qəbristanlıqda qəbirlərin sayı sürətlə artmaqdadır. 7 il bundan əvvəl rəhmətə gedən anamın qəbrini digər məzarların kənarında qazsaq da, indi az qala bu yer qəbristanlığın ortasına çevrilib.
Bir fərqli məzar da gördüm. Qara mərmərdən, üstü günbəz kimi örtülmüş, kənarları açıq, sinə daşının üzərində cavan bir qız çəkli. Kim oldugunu, nədən öldüyünü soruşdum. Dedilər ki, gecə vaxtı qəflətən həyətdə ayagına pişik dolaşıb, qorxub. Sonra xəstələnib. Valideynləri cavan qızdır, bu gün-sabah ərə gedəcək, adına söz gələcək deyə qızın xəstəliyini gizlədiblər. Həkimə aparmayıblar. Uzaq bir kənddə molla yanına gedib dua-filan yazdırıblar. Amma bunların heç bir xeyri olmayıb. Qızın xəstəliyi siddətlənir, qızdırması qalxır. Axırda məcbur olub həkimə gediblər. Həkim də deyib ki, gecdir. Yazıq qız çox keçmir ki, ölür. Heç kim də dəqiq olaraq onun xəstəliyinin nə oldugunu bilmir. Nişanlı imiş. Elə buna görə də qızları xəstədir deyə, heç kim onu almaq istəməz deyə valideynləri bu xəstəliyi gizlədiblər, vaxtında həkimə müraciət etmirlər. Indi də günahlarını yumaq üçün ona bu şəkildə dəbdəbəli məzar daşı düzəldiblər.
Ölülərə olan borcumuzu verib qəbristanlıqdan cıxdıq. Hələlik sag olan qohumlarla bayramlaşmaga getdik.
Kənddə ən çox müzakirə olunan məsələlər bunlardır: Rusiyanın Krımı alması və bunun ətrafında baş verənlər, metrolarda ticarət obyektlərinin sökülməsi, “Ümid var” verilışınin bağlanması, son zamanlar Rusiyada həmyerlilərimizin sıxışdırılması və onların əvvəlki kimi kəndə pul göndərə bilməməsi.
Krım məsələsində coxluq Putini dəstəkləyir. Kənddə olan yaşlı əhalinin əksəriyyəti Krımın Rusiya torpağı oldugunu, Xruşşovun bu torpaqları Ukraynaya verməsini əsas gətirərək Rusiyaya haqq qazandırırlar. Rusiya bu elədikləri ilə yenə də kəndçilərin gözündə nəhəng, hər şeyə qadir bir dövlət imicini formalaşdıra bildi.
Bizim kənddən iyirmiyə yaxın gənc var ki, metrolardakı ticarət köşklərində alver edirdi. Əksəriyyəti də ali təhsilli. Hərəsinin Bakida evi, (hətta bəzilərinin 2 evi var), maşınları var. Bir sözlə yaxşı qazanırdılar. İndi onların valideynlərı təzə metro rəisini söyür, deyinir, gileylənir, Tağını isə tərifləyirdilər. Qohum-qonşulardan bəziləri onların halına acıyır, bəziləri isə sevinirdilər. Açıq-aşkar sevinməsələr də, davranışlarından hiss olunurdu.
Yaşlı nəslin həvəslə baxdıgı, sonra dükan qabağında, çayxanalarda, yas məclislərində, xeyir işlərdə saatlarla müzakirəyə çıxardıqları verilişlərdən biri olan “Ümid var” verilişinin bağlanması da hər yerdə söhbətin əsas mövzusu idi. Guya hamısı bu verilişin baglanmasına tərərfdar imiş, verilişin gənclərin əxlaqını pozdugunu, milli-mənəvi dəyərlərimizə zidd oldugunu deyirdilər. Amma əslində hamısı bu verilişin baglanmasına heyslənirdilər. Gənc nəsil onsuz da bu kimi verilişlərə baxmır. Kənddə gənc nəsil demək olar ki, yoxdur. Olanlar da ya internetdə, ya da çayxanalarda.
Kənddə indi hamı evinə internet xətti çəkir. Qaynım Rabitə şöbəsində işləyir. Dediyinə görə demək olar ki, hər gün modem quraşdırır. Birini 5 manata. Kənd arvadları artıq qonşuları ilə Skype vasitəsilə danışırlar. Bir də görürsən ki, zəng edirlər Rabitə şöbəsinə, bəs qonsuya söz deməliyəm, amma internetim işləmir. Bəziləri zəng edib deyir ki, “Urisetdə olan oglumgillə danışıram, onlar məni görür, mən isə onları görmürəm. Bu interneti düzgün quraşdırmamısız.” İndi gəl bu qoca arvadı başa sal ki, onları görmək üçün Skype ilə danışanda videonu açmalısan.
Rusiyada vəziyyət pisləşəndən sonra orda işləyənlərin bəziləri geri qayıdıb. Getmək istəyənlər də fikirlərindən daşınır. Umumiyyətlə kənddə cavanların iki məqsədi var. Yaxşı oxuyub ali təhsil almaq və normal iş tapmaq və ya məktəbi birtəhər başa vuraraq Rusiyaya pul qazanmağa getmək. Onlar üçün ortada iki nümunə var. Ali təhsil alıb yaxşı yerdə işləyən, özlərinə kənddə və ya Bakıda nisbətən yaxşı şərait quranlar və Rusiyaya gedib orada min hoqqadan çıxaraq 2-3 ildə varlanıb kəndə dönənlər. Ağırlıq ikincilərin tərəfindədir. Onlar kəndə bahalı maşınlarda qayıdır, dəbdəbəli evlər tikir, toylarda yaxşı pul səpələyir və s. Bu da cavanlara nümunə. Özünə əziyyət verib niyə oxusun ki. Son zamanlar Rusiyada vəziyyət pisləşəndən sonra kənddə də bir az narahatçılıq var. Putin lap yaxşı edir. Qoy bütün yerlilərimizi qovsun. İmkan yaratmasın onlara. Yoxsa bizdə başı papaqlı qalmamışdı. Hamı Urisetdə idi. Qoy indi zəhmət çəkib burada pul qazansınlar görüm necə qazanırlar. Kəndlər, rayonlar qalmışdı qocaların və uşaqların ümidinə. Həm fiziki, həm də əqli cəhətdən mübarizə aparmaq potensialı olan orta nəsil ortalıqdan yox olub. Bəlkə ordan qovulandan sonra gəlib burda haqları uğrunda mübarizə aparalar.
Kənddə az da olsa oxuyanlar var. Özü vaxtında oxumayıb, əziyyət çəkərəq evinə çörək aparanlar indi övladlarını oxutdururlar. Onlara müəllim tutur, hazırlığa qoyur, hər cür şərait yaradırlar ki, övladları oxuyub ali təhsil alsınlar.
Kənddə eşitdiyim maraqlı söhbətlərdən birini də yazım. Demək qonşu kənddən bizim kəndə gələn yolun üstündə olan həyətlərin birində ev sahibi 7-8 ağacını kəsibmiş. Bunu da oradan keçən zaman rayon icra başçısı görüb. Zəng edib Ekoligiya Nazirliyinin yerli şöbəsinə ki, bəs burada ağacları qırırlar, ekologiyanı korlayırlar, siz hara baxırsınız. Onlar da tökülüşüb gəlirlər həmin həyətə. Kəsilmiş agacların şəklini çəkir, aktlaşdırırlar. Ev yiyəsi deyir ki, “a bala ağaclar mənimdir, özüm əkmişəm, öz həyətimdir, istəyərəm kəsərəm, istəyərəm sataram. Bunun sizə nə dəxli. Meşələri, parkları qırırlar, buna bir söz demirsiniz, gəlib mənim həyətimdə özüm əkdiyim ağaclara görə cinayət işi açırsınız?” Nə qədər danışırsa, xeyri olmur. İşin ciddiləşdiyini görən ev sahibi, götürüb zəng edir Bakıda mədəniyyət sahəsində tanınmış bir qohumuna. Əslində deyilənə görə həyət elə həmin Bakıdakı qohumun həyəti imiş. Nə isə Bakıdakı qohum da zəng edir Huseynqulu Bagırova ki, bəz sənin işçilərin mənim həyətimdə kəsilən agaclara görə cinayət işi açırlar. Hüseynqulu bəy yerdəki işçilərinə təpinir və onlar da gəlib ev yiyəsindən üzr istəyirlər.
Məni maraqlandıran məsələ başçının bizim kəndə gəlməsi oldu. Onun burada nə iti azıb? Nə vaxtdan icra başçıları kəndləri gəzir? Dedilər ki, kəndə gəlməyib. Kəndin içindən keçib dağda olan istirahət mərkəzinə gedirmiş. Hansıni ki, elə dağda kəsilmiş ağacların yerində tikiblər.
Vaxtilə Masallı şəhərinin əsas küçəsinin hər iki tərəfi ağaclarla dolu idi. Bütün küçə boyu bu yaşıllıq uzanırdı. Bu ağaclar elə sıx idi ki, həm gözəllik bəxş edirdi, həm havani təmiz saxlayırdı, həm də insanları günəşdən, küləkdən qoruyurdu. Köhnə icra başçısı gəlib bu ağacların hamısını qırdı, yerində isə Afrikadan gətirilmiş palma ağaclarını əkdi (Bilmirəm bu palma ağaclarını əkməklə kimə yarınmaq istəyirdi). Palmaların da yarısı yandı. İndi o küçə elə bir eybəcər şəklə düşüb ki, adamın ürəyi ağrıyır. Küşə boyu bir dənə yaşıllıq yox, daldalanacaq yer yox. Azərbaycanın əksər bölgələrini gəzmişəm. Bəlkə də ən iyrənc, natəmiz, bərbad, rəzil hala salınmışı Masallı şəhəridir. Nə düz-əməlli yolu var, nə səliqə-səhmanı.
Bizim həyətdə də çoxillik palıd ağacları var. Çoxdandır ki, onları kəsmək istəyirik. Bəziləri hətta evə təhlukə yaradır. Bizdən fərqli olaraq bütün il boyu kənddə olan yaşı əllini ötmüş qarımış bibimə kimsə deyib ki, güclü külək əssə bu ağaclar evin üstünə aşacaq. Indi bizi görən kimi yenə də bu ağacları kəsmək söhbətini ortaya saldı. Deyirəm ki, bu agacları kəssəm məni tutacaqlar. Onu istəyirsən? Elə bilir ki, onunla zarafat edirəm. Ona deyirəm ki, “Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi”(Aqşin Yenisey). Onları kəsmək olmaz. Başa düşmür. Deyir ki, vallah xəstəyəm, evə, həyət-bacaya baxa bilmirəm. Həyəti yarpaqlardan təmizləyə bilmirəm. Sizə nə var ki, oturmusunuz Bakıda. Ayda ildə bir iki dəfə kəndə gəlirsiniz. Arvadlarınız da əllərini ağdan-qaraya vurmur, əziyyətini mən çəkirəm. Vallah düz deyirsən bibi. Sən də düz deyirsən, mən də. Tanrı Səni bu dünyaya niyə gətirdi? Sənə boy-buxun vermədi, gözəllik vermədi. İllərlə xəstəxanaları gəzdin, qulaqlarına aparaq qoydun, erkək nəfəsinə, hənirtisinə həsrət qaldın. Özün-özünə nifrət etdin, hamıdan küsdün, dalaşdın, deyindin. Axırda da taleyinlə barışdın. Bütün bunlara görəmi bu dünyaya gəldin. Yoxsa bu qoca vaxtında bir vaxtlar səs-küyü kəsilməyən, indi isə qapıları baglı qalan, nəmişlikdən yavaş-yavaş suvaqları da qopan bu böyuk evə həyan olmaq üçünmü gəldin bu dünyaya. Cox güman ki, elədir. Tanrı səni həyətində olan palıd agaclarında bir vaxtlar özünə yuva quran bayquşun bu evə sahib çıxmaması üçün dünyaya göndərib. Sənin də bu dünyadakı missiyan budur yəqin. Uzaq bir kənddə tərk edilmiş, unudulmus bir evi, həyəti bayquşdan qorumaq. Ta ki, o evin yeni sahibləri gəlib çıxana kimi. O vaxta qədər bu missiyana davam edə biləcəksənmi, Bibi?
Məhəmməd Nuray
Kultura.az