post-title

Ülvi Mehdi: “Mənə kino çəkməyə imkan vermirlər”

Mən Fransız sinematikasına da, Moskvadakı Kino tarixi üzrə Elmi-tədqiqat İnstitutuna da müraciət etdim, cavab gəldi ki, Mişon adlı kino xadimi olmayıb. Haqqında bəhs etdiyim adamın iddialarına görə, Azərbaycan kinosu guya 10 il Rusiya kinosunu, 5 il İtaliya, 3 il də yapon kinosunu qabaqlayıb. Mən soruşuram: dünya kinosu qarşısındakı hansı xidmətlərinə görə?

 

- Sifətdən atanıza çox oxşayırsınız, amma boyunuzun belə uca olmağı ilə ona bənzəyirsiniz, ya yox, onu deyə bilmirəm...

- Boy sarıdan ana tərəfimə çəkmişəm. Anam əslən Dərbəndlidir. Lakin anamın bir tərəfi də Güney Azərbaycandandır. Atam xalis türk soyundandır, Şuşadan. 

- Özünüzdən danışaq... 

- Sergey Dobrotvorskinin iki illik kurslarını bitirmişəm. Onu bütün dünyada tanıyırlar. Daha bir ustadım isə Mixail Trofimenkov olub. O, son dövrlərdə “Kommersant” jurnalının mədəniyyət şöbəsində aparıcı müəlliflərdən biridir. 

- Bəs ona qədər təhsil aldığınız İncəsənət Universiteti... 

- O universitet mənim üçün etalon deyil. Orda kinematoqrafiya ənənəsi yox idi. Bir zamanlar, Mehdi Məmmədov, Tofiq Kazımov kimi şəxsiyyətlərin vaxtında orada hardasa teatr ənənəsi vardı. Amma indi o ənənə artıq tarix olub. Kino ənənəsinə gəlincə, bu sözügedən universitetdə heç vaxt olmayıb. Ona görə də qərara aldım ki, təhsilimi Rusiyada davam etdirim. Baxmayaraq ki, 2 illik kurslara getmişdim, amma orda 8 il qalmalı oldum. 

- Necə oldu geri qayıtdınız? 

- Bu şəxsi məsələlərlə bağlı idi. 

- İndi nə ilə məşğulsunuz? 

- Azərbaycan və Rusiya mətbuatında mədəniyyət və incəsənətlə bağlı məqalələrlə çıxış edirəm. Əsasən də kino ilə bağlı mövzularla. Kino çəkmək arzusundayam. Satira janrında tammetrajlı bir filmin ssenarisini hələ 2009-cu ildən Mədəniyyət Nazirliyinə vermişəm. Amma hələ də onlardan bir cavab ala bilməmişəm. Bu məsələ ilə məşğul olan bir məmur mənə dedi ki, bizə satira lazım deyil. Rəhmətlik Heydər Əliyevin satira barədə fikrini ona xatırlatdım. O demişdi ki, bizdə Mirzə Cəlildən başlayan satira ənənəsi var, onu inkişaf etdirmək lazımdır. Sonra mən onlara qısametrajlı ssenari təklif etdim. Onda da dedilər ki, sənin yaşın bu kateqoriyada film çəkməyə uyğun gəlmir. Baxmayaraq ki, indi mən yaşda olan rejissorlar üçün bu məhdudiyyət yoxdur. Ümumiyyətlə, o nazirlikdə kino sahəsinə baxanlar kinoya dəxli olmayan adamlardır. Ona görə də onların ssenariləri və rejissorları hansı meyarlar əsasında seçdikləri bəlli deyil. Onlar bilmirlər ki, 21-ci əsr kinosunda nələr baş verir. Mənim kimi kinoya birbaşa aidiyyəti olan adama kino çəkməyə imkan vermirlər. Amma 8-ci sinif təhsili olan adama kino çəkməyə şərait yaradırlar. Ona görə də, bilmirəm, son illərdə çəkilən Azərbaycan kinolarına kino demək olarmı?! Düzdür dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılır. Lakin bu vəsaitlər özünü nə dərəcədə doğruldur?! Birmənalı şəkildə deyə bilərəm ki, bizim kinoya ayrılan pullar ziyana işləyir. Çünki bizdə kinoprokat sistemi yoxdur. Bizim filmlər xaricdə də heç kəsə lazım deyil. Bu kinolar çəkiləndən sonra sadəcə rəflərə qaldırılır. Bəzən bizdə milli kinomuzla bağlı ağız dolusu danışaraq deyirlər ki, bu, analoqu olmayan kinodur. Mən bu fikirlə razıyam, əslində, bizim kinonun ona görə analoqu yoxdur ki, dünyanın heç yerində belə bahalı özfəaliyyətdən ibarət kinoya rast gəlmək mümkün deyil. Dünyada yaxşı pulları peşəkar kinoya xərcləyirlər. Daha bizdəki kimi, həvəskar səviyyədəki kinoya deyil. Misal üçün, Yuli Qusman “Qorxma mən səninləyəm-2”-ni çəkir. Onun üçün 12 milyon manat ayırıblar. Amma buna kino deməyə adamın dili gəlmir. Əminəm ki, bu ona ayrılan vəsaitin yarısını belə qazandırmayacaq. Bugünkü peşəkar kinoya “Yaramaz” filminin ssenarisi səviyyəsində ssenarini yaxına da buraxmazlar.

- İxtisasınız kinoşünaslıqdır, əslində, kino tənqidçisinə ehtiyac var, niyə öz işinizlə məşğul olmaq istəmirsiniz? 

- Ayaz Salayev kinoşünasdır. Amma iş orasındadır ki, hansısa arxiv nümunələri də çıxıb özlərinə kino tarixçisi, kinoşünas və s. deyirlər. Özlərindən kino tarixi icad ediblər. Dünya kinosunun əsasında Lümyerdən başlayan fransız kinosu dayanır. Buna görə də dünya kinosunun tarixi barədə söz deməyə daha çox fransızların haqqı var. Onlar daha yaxşı bilirlər ki, hansı ölkədə kinonun tarixi nə vaxtdan başlayır. Bizim kinoşünasın dediyinə görə, Azərbaycanda kino “Molla Nəsrəddin” jurnalından əvvəl olub. Mən Fransız sinematikasına da, Moskvadakı Kino tarixi üzrə Elmi-tədqiqat İnstitutuna da müraciət etdim, cavab gəldi ki, Mişon adlı kino xadimi olmayıb. Haqqında bəhs etdiyim adamın iddialarına görə, Azərbaycan kinosu guya 10 il Rusiya kinosunu, 5 il İtaliya, 3 il də yapon kinosunu qabaqlayıb. Mən soruşuram: dünya kinosu qarşısındakı hansı xidmətlərinə görə? 

- Niyə bunu araşdırıb sübut etmirsiniz? 

- Mən bu barədə Kultura.az portalında hələ 2008-ci ildə elmi məqalə ilə çıxış etmişəm. Sadəcə, Mədəniyyət Nazirliyində mənim arqumentlərimə cavab verəcək kinoşünas tapıb ortaya çıxara bilmirlər. 

- Son illərin Azərbaycan kinosu sizi qane edir? 

- Şamil Nəcəfzadənin “Qala” filmini bəyənmişəm. Görünür, ona görə ki ssenari Ramiz Rövşənindir. Bunu isə yalnız o vaxt rejissorun uğuru saya bilərəm ki, Şamil Nəcəfzadə daha bir tammetrajlı film çəksin və o film də, “Qala”dan daha uğurlu olsun. Məncə, Vaqif Mustafayevin filmləri yüksək səviyyədədir. O, 1988-ci ildə bu zirvəni fəth eləmişdi. Aradan 23 il keçib, lakin Azərbaycanda o səviyyəyə heç bir kino rejissoru çatmayıb. Buna görə Vaqif Mustafayev günahkar deyil. O da istəyərdi ki, gənclərdən kimsə gəlib ona çatsın. Onun “Yaramaz” filmi prokatda olub və yaxşı gəlir də gətirib. Mən şahidi olmuşam ki, “Hər şey yaxşılığa doğru” filmi Sank-Peterburqda festivalda nümayiş olunarkən, dahi Federiko Fellininin ssenaristi, dünyanın məşhur yazıçısı Tonino Querra əl çaldı və “grasia, bravo” qışqırdı. Və mən bir azərbaycanlı kimi bundan qürur hissi keçirdim. 

- Vaqif Mustafayevlə iki filmdə işləyibsiniz... 

- İkinci filmdən sonra qovdu məni, çünki məndə alman dəqiqliyi yoxdur. Nizam-intizamı pozmağım onu qane etmədi. Amma mən onu öz ustadlarımdan biri hesab edirəm. 

- Bəs, köhnə filmlərimiz haqda hansı fikirdəsiniz? Məsələn, “Bizim Cəbiş müəllim” milli film deyil? 

- Milli kino bizdə hələ formalaşmayıb, amma onu ifadə edən tək-tək insanlar olub. Həsən Seyidbəylinin filmləri yaxşıdır. “Cəbiş müəllim” artıq yerini tutan, sevilən filmdir. Bu filmdə Hindistan kinolarının pafosu var, son dövrlərdə populyar olan serialların estetikası var. Amma daha az baxılan filmlər də var, məsələn, “Sən niyə susursan?”. Bu peşəkarlıq baxımından daha yüksək filmdir, amma tamaşaçıya yol tapa bilməyib. “Bizim Cəbiş müəllim” Qarabağ müharibəsi dövründə yenidən doğuldu, ikinci gəncliyini yaşadı.

- Rasim Ocaqovun filmləri Azərbaycan kino məktəbi deyil? 

- O, Sovet adamı haqda Azərbaycan prizmasından film çəkirdi. O sadə ədəbiyyatdan qəhrəman çıxara bilirdi, çünki Moskva Kinematoqrafiya İnstitutunda təhsil almışdı. Onda alman dəqiqliyi vardı. İtalyan neorealizmi onun yaradıcılığında bir xətt kimi keçirdi. 

- Mehdi Məmmədovun çəkildiyi film necədir, məsələn, “Onu bağışlamaq olarmı?” 

- Sağ olsaydı, ona bu sualı verərdim ki, necə olub bu filmə çəkilib? Mənə elə gəlir ki, Mehdi Məmmədov milli mentalitetə yaxşı bələd idi. Bilirdi ki, adamlar poqonlu, rütbəli qanun keşikçisinə Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi insanlardan daha çox hörmət bəsləyir. Bəlkə də, Mehdi Məmmədov fikirləşirdi ki, adamlar onun kinodakı poqonlu obrazına olan simpatiyanın qarşılığında televiziyada sonralar apardığı maarifçi verilişləri diqqətlə izləyərlər. 

- Bəlkə, siz də “İnterpapa” kimi kommersiya filminə ona görə çəkildiniz? 

- Görünür, bunu atamdan mənimsəmişəm. Amma etiraf edim ki, mən “İnter papa”ya çəkiləndə Sankt-Peterburqdan yeni gəlmişdim. Bu xalqa milli inteqrasiya olunmağın yolunu onlara psixoloji cəhətdən daha yaxın olan toyxana stilində bir şeyə çəkilməkdə görürdüm. Sonra gördüm ki, məndən polis rəisi, JEK müdiri obrazını yaradan aktyor alınmaz. Yeri gəlmişkən, mən Britaniyanın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ermənistanda keçirilən türk kinosu festivalına qatılmışdım. Orda bir nəfər mənə yaxınlaşaraq hardan olduğumu soruşdu. Bakıdan olduğumu deyəndə, o, mənim “İnter papa”da oynayan aktyor olub-olmadığımı dəqiqləşdirdi. Dedi ki, o filmi çox sevir. Moskvada bir azərbaycanlı dostunun vasitəsilə bu filmə baxmışdı. Mənimlə şəkil çəkdirdi ki, aparıb azərbaycanlı dostuma göstərəcəm. 

- Dostu inanmaz ki, azərbaycanlı ilə erməni Ermənistanda şəkil çəkdirib... 

- Ola bilsin dostu bunu fotomontaj olduğunu düşünsün...

- Bizim kino indi yaxşı vəziyyətdədir, yoxsa Ermənistan kinosu? 

- Eyni vəziyyətdədirlər. Gürcü kinosu hər ikisindən irəlidədir.

- Kinoşünas nəzərləri ilə ananız Şəfiqə Məmmədovanın filmlərinə baxıbsınız? 

- “Dədə Qorqud” filmi ümumilikdə zəifdir. “Bizim Cəbiş müəllim” sevilən filmdir. Mən onun “İstintaq” filmindəki obrazını xoşlayıram. “Qaraca qız” dakı xanım rolu isə çox peşəkar işdir. Şamil Mahmudbəyov çox yaxşı rejissor olub. O, yeganə rejissordur ki, uşaqlarla və heyvanlarla işləmək kimi çətin bir işi boynuna götürüb. “Ad günü” filmi o dövrkü Bakının üslubunu ifadə edirdi. Bu artıq şəhərləşmiş əyalət adamının öz əyalət keçmişini necə hərarətlə qucaqladığını əks etdirirdi. “İstintaq” filmi yaxşı filmdir. Rasim Ocaqov orda müstəntiqi ziyalı, humanist kimi göstərib, İtalyan neorealizmində olduğu kimi. Bu filmi Brejnev, Andropov çox seviblər. 

- Azərbaycan kino məktəbi olmadığı halda onun gələcəyini necə görürsünüz? 

- İndi üç nəfər Moskva Kinematoqrafiya İnstitutunda təhsil alır. Ümid edirəm ki, onlar geri qayıtsalar yeni dalğa yarada biləcəklər. Bəlkə bundan sonra o milyonlar aidiyyəti üzrə xərclənəcək, indiki kimi havaya sovrulmayacaq. 

Ramilə Qurbanlı

Kulis.Az

Yuxarı