post-title

Pornoqrafik iqtidar

İqtidar yenə öz sevimli məşğuliyyətinə qayıdıb. Çoxdandır bizə porno göstərmirdilər. Səhv etmirəmsə axırıncı dəfə oteldə masturbasiyaya tamaşa etmişdik. İndi də Xədicə İsmayılovanın yataq otağını çəkib yayıblar. Xədicənin atılan dırnağı belə ola bilməyəcək adamlar, bu video ilə onu nüfuzdan sala biləcəklərini düşünürlər. Zırt!

  

Şübhə etmirik ki, gizli kameralarla çəkilmiş, kompromat xarakterli görüntüləri saytlarda, Lider TV-də hələ çox görəcəyik. Hətta şəhərdəki monitorlardan da translyasiya edəcəklər. Bundan şübhəniz olmasın. Özü də, sabah hər birimiz özümüzü ekranlarda görə bilərik. Heç kəs bundan sığortalanmayıb. Bizim vuayerist (başqasını yataqda, hamamda, qısacası çılpaq vəziyyətdə güdən və bundan həzz alan) iqtidarın ən sevimli məşğuliyyətinin qapı deşiyindən onu-bunun çarpayı “prosesini” izləmək olduğunu nəzərə alsaq, işimiz daha da çətinləşir. Özü də sanmayın ki, “kənara” getməsəniz, videonuz çəkilməyəcək. Elə şey yoxdur. Adamı öz halalca arvadı ilə, ya da tualetdə sidik, nəcis ifraz edən yerdə də çəkib yayacaq qədər əxlaqsız bir rejimlə üz-üzəyik. Müqəddəs heç nəyi olmayan; canımıza, malımıza, namusumuza təcavüz etməyə hazır tərbiyəsiz bir hakimiyyətlə qarşı-qarşıyayıq.

Mübaliğəsiz yazıram - mən bunların oğru, qatil, saxtakar, yalançı, ikiüzlü olduğunu bilirdim, amma seksual manyak olduğunu bilmirdim. Rejim hər dəfə bizi təəccübləndirməyi bacarır. Artıq bundan da pisi ola bilməz deyə düşündüyümüz anda, yeni bir hoqqa ilə çıxır qarşımıza və sarı, üfunətli dişləri ilə gülərək hayqırır: “Gördün!? Mən sənin düşündüyündən də pozğunam”.

İllərdir yazırıq, fürsətdən istifadə edib bir daha təkrarlayım: biz tabuları qırmadıqca, mentalitetin dalından yağlı bir təpik ilişdirmədikcə, əxlaqçılığa yox demədikcə, bu psevdodəyərlərlə möhtəkirlik edən rejimə məğlub olacağıq. XXI əsrdə “filan şey eyibdür”, “görən olar”, “şəxsey, qonum-qonşu nə deyər” tipli zırrama paradiqmalarla yaşayan millət, əsla və əsla azad ola bilməz. Nə qədər çox “eyibdür” desək, bir o qədər əziləcəyik, çünki vuayerist rejim hamımıza bir ağızdan “eyibdür” dedirdəcək situasiyaların ssenariləşdirilməsində pərgardır.

Bir baxın. Heç kəsin heç kəslə işinin olmadığı, sistemin mükəmməl işlədiyi, bütün təməl hüquq və azadlıqların təmin olunduğu Qərb dünyasında kiminsə “porno” kaseti ilə insanları təəccübləndirmək mümkündürmü? Əksinə, belə görüntünü çəkib yayan adamın anasını ağladarlar. Mən də deyirəm ki, gəlin biz də təəccüblənməyək. Gəlin biz də belə situasiyaya düşməkdən qorxmayaq. Gəlin biz də belə görüntülərə “eyibdür” deməyək. Axı dəyyusluq o yatqda baş verənlər deyil, dəyyusluq o səhnənin çəkilməsidir. Dəyyusluq onun çəkilib yayılmasıdır. Bu görüntülər heç pornoqrafiya da deyil. Cinsi əlaqəyə pornoqrafiya statusunu ÜÇÜNCÜ göz qazandırır. Yəni pornoqrafiya, insanları qapı deşiyindən güdən rejimin mahiyyətidir. Bizim hakimiyyət özü başdan ayağa pornoqrafiyadır.

Öz opponentlərinə mavi, narkoman deyib böhtan atan hakimiyyət bu gün bizə əxlaq dərsi keçirsə, biz də bu dərsin yaxşı şagirdləri olmağa razılaşırıqsa, vay bizim halımıza. Bunların qurduğu tələlərə düşməkdən qorxmaq lazım deyil. Narkoman da özləridir, mavilərlə min oyundan çıxan da özləridir. Guya biz bilmirik ki, üzdə olan, hər gün milli telekanalizasiyalardan evlərimizə girib camaata təcavüz edən mavi aparıcıları, müğənniləri, nə bilim prodüserləri “saxlayanlar” yüksək çinli məmurlardır? İndi biz bunların bizə diqtə etdikləri iləmi oturub duracağıq? Bunlarmı bizə əxlaq dərsi keçəcək?

Mən hər kəsi bu mənəvi terrora yox deməyə və bu terrorun qurbanlarına dəstək verməyə çağırıram. Onu da deyim ki, porno terrorunun qurbanlarına ən böyük dəstəyi onların ailə üzvləri, yaxınları verə bilər, verməlidirlər də. Bu rejim bizim zəif yerlərimizin nə olduğunu çox gözəl bilir. Biz isə zəif olmayaq, əksinə belə şeylərə gülməyi bacaraq. Bizim üzümüzdəki təbəssüm, işğalçı rejimin bağrını çatladacaq. Ən azından Viktor Şenderoviçin Rusiya xüsusi xidmət orqanları tərəfindən (birbaşa Putinin sifarişi ilə) çəkilən porno görüntülərə reaksiyasını oxuyun (http://shenderovich.livejournal.com/50922.html)

P.S. Dostlarla qərar verdik ki, “Bizi də çəkin!” kampanyasını başladaq. Bəli, biz bu rejimdən, onun iyrənc əməllərindən qorxmuruq. Qoy hamımızı çəksinlər. Qoy güdsünlər bizi. Videolarımız aləmə yayılsın. Tanıyanlar bilir ki, mən simic, xəsis adam deyiləm. Bunlar xəstədirsə, manyakdırsa, bizi yataqda görməkdən həzz alırlarsa buyursunlar baxsınlar.

Əli Əkbər

Kultura.Az

Yuxarı