post-title

Toya nənələr gəlir

Rusiyanın təmsilçisi olacaq “Buranovskie babuşki” qrupunu isə indidən yarışmanın gülü, çiçəyi, bəzəyi saya bilərik. Onlar 70 yaşlı udmurtiyalı nənələrdir. Təxminən bizim folklor qrupu “Nənələr”ə bənzəyən bir qrupdur. Gənc və perspektivli respublikamızın toyuna rusların nənələri göndərməsi aşkar məzələnməkdir.

 

Yapokratiyanın mayda Bakıda keçiriləcək “Evrovizion-2012" musiqi yarışmasına nə qədər önəm verdiyi sirr deyil. Çalışırlar Ell və Nikkinin qələbəsi sayəsində ələ düşmüş, sırf təsadüfi olan bu imkandan rejimin təbliğatı üçün yararlansınlar. Düzü, indiyə qədər təbliğat alınmır, əksinə, dünyanın diqqəti bu yarışın ucbatından rejimə yönəlib, hər həftə hansısa xarici media qurumu yapokratiyanı, necə deyərlər, ”sökür, sonra da yığmır". Hamısı yazı-pozusunu adətən “Eurovision”un Bakıda keçirilməsi xəbəri ilə başlayır, Azərbaycanda insan haqlarının pozulması ilə bitirir. Xüsusən alman mediası aktivdir.

Ancaq bu gün həmin yanaşmadan yazmaq fikrim yoxdur. Sadəcə, ortaya daha maraqlı mənzərə çıxıb: məlum olur ki, Avropa ölkələri yapokratiyanın belə yarış keçirtməsinə ironik yanaşırlar və bu, onların seçib göndərdiyi təmsilşilərdən də aydın görünür. Gəlin bir neçə fakta birlikdə baxaq.

Məsələn, dünyanın musiqi mədəniyyəti beşiklərindən sayılan Fransa Bakıya... əslən İndoneziyanın Cakarta şəhərində doğulmuş Anqun adlı bir xanımı göndərir. Ukrayna Konqoda doğulub Kiyevdə yaşayan Qaytana Essami adlı zənci balasını göndərir, hətta bu, Ukraynanın özündə də həm zarafat, həm də etirazla qarşılanıb. Niderland əslən türk Aytən Kalan (yəqin düşünüblər bunun soyadı pulsevər yapokratların xoşuna gələr - Z.H.) adlı qızı, Finlandiya isə... həndbol üzrə Finlandiya milli yığma komandasının oyunçusunu Bakıya yollayır! Hesab edirəm, finlərin seçimində də yapokratiyanın saxta idman sevgisinə ironiya var. Norveçin təmsilçisi Tooji isə İranda doğulmuşdur.

Ancaq bunlar Britaniya və Rusiyanın təmsilçilərinə baxanda bir növ toya getməlidir. Yəni “Eurovision”u yapokratiyanın toyu hesab eləsək, o birilərini toyda oxutmaq olar.

Britaniya Bakıya 75 yaşlı bir qoca kişini yollayır. Bu adam oxumağa başlayanda hələ “Eurovision” yarışması keçirilməyə başlamamışdı! Hacıbala Abutalıbov qundaqda, İosif Stalin taxtda idi. “Eurovision” tarixinin ən yaşlı təmsilçisi kimi rekorda imza atıb. Düzdür, soyadı Enqelbert olan bu baba deyilənə görə pis oxumur, ancaq belə qoca kişinin toya... üzr istəyirəm, konsertə çağırılması bir qədər təhlükəlidir. Uzaq olsun, birdən bunun səhnədə ürəyi getsə, qanqaraçılıq yaranıb “Baku Kristal Palac” şadlıq salonunda tədbir pozulmazmı? Onun tayları nəvəsi ilə oynayır. Hərçənd bəlkə britaniyalılar bununla Azərbaycandakı sülalə rejiminin uzunmüddətli olmasına işarə edirlər. Britaniya onsuz son vaxtlar rejimə tez-tez dirsək göstərir, onlardan nə təxribat desən gözləmək olar.

Rusiyanın təmsilçisi olacaq “Buranovskie babuşki” qrupunu isə indidən yarışmanın gülü, çiçəyi, bəzəyi saya bilərik. Onlar 70 yaşlı udmurtiyalı nənələrdir. Təxminən bizim folklor qrupu “Nənələr”ə bənzəyən bir qrupdur. Gənc və perspektivli respublikamızın toyuna rusların nənələri göndərməsi aşkar məzələnməkdir. Gərək biz də yarış Moskvada keçiriləndə “Xodda maşını Nabrana sür” oxuyan qaqaşları göndərəydik. Eybi yox, qisas qiyamətə qalmaz.

O biri ölkələrin kimləri göndərəcəyini hələ tam dəqiq bilmirəm, ancaq təxminlər mümkündür. Məsələn, ola bilsin Belarus Lukaşenkonun banditlərindən birini, İspaniya öküz döyüşündə iştirak edən matadoru, Almaniya Merkelin qayınanasını, İtaliya istefa vermiş Berluskonini göndərsin. (Berluskoni, yeri gəlmişkən, bir neçə disk buraxıb, oxuya bilir).

Uzun sözün qısası, yapokratiya bu qədər zappazurupla yarışa hazırlaşır, az qala Bakının yarısı evindən-eşiyindən edilib, nə qədər adam zorla ora-bura köçürülüb, ancaq effekt alınmır. Elə bil uşağa toy eləyirsən, yerin bir dənəsi 100 manatlıq şadlıq sarayı kirayələyirsən, ancaq camaat toya gəlmir, salonun yarısı boş qalır. Gələn müğənni fonoqramla oxuyur, camaat qədim paytaxt salatından kütləvi zəhərlənir, kimsə oynamaq üstündə başqasını bıçaqlayır, axırda da gitaranı gitaraçalanın başına keçirdirlər.

Təki hər şey yaxşı qurtarsın, biz də “çox mübarəkdir” deyək.

Zamin Hacı

Yeni Müsavat

Yuxarı