Hətta İran dövlət televiziya kanalı ilk dəfə İran istehsalı olan filmin Oskar mükafatı qazanması xəbərini “Sionist rejimi əzdik və qalib gəldik” başlığıyla elan etdi. Çünki bu nominasiyada İsrail istehsalı olan “Dipnot” filmi də mübarizə aparırdı.
Bir neçə gün öncə isə xəbər yayıldı ki, İran hökuməti Tehranda filmin rejissorunun şərəfinə təşkil edilən ziyafətə heç bir əsas gətirmədən qadağa qoyub və mərasim qeyri-müəyyən vaxtadək təxirə salınıb. Təəccüblü deyil, mollaların belə əsassız, isterik hərəkətlərini biz indən belə tez-tez görəcəyik.
İranda mollalar nə qədər qarşısını almağa çalışsa da, senzura tətbiq etsə də yenə yaxşı filmlər çəkilir və bu filmlər Kann, Venesiya, Berlin kimi kinofestivallarda qalib olurlar. Oskar mükafatı isə İran filminin fəth etmədiyi yeganə zirvə idi, artıq o, da fəth edildi.
İranda nüfuzlu Venesiya və Berlin kinofestivallarının qalibi olmuş digər məşhur rejissor Cəfər Pənahi isə hələ də ev həbsindədir. O, 20 il müddətinə azadlıqdan məhrum edilib, ən dəhşətlisi isə rejissora 6 il müddətinə ümumiyyətlə kino sənətiylə məşğul olmaq qadağan edilib.
Cəfər Pənahi bir neçə il öncə həbs edilib. Hələ də onun dəqiq hansı səbəbdən cəzalandırıldığı məlum deyil. Avropa mətbuatı yazır ki, İran rəsmiləri onu rejim əleyhinə film çəkməyə cəhd etdiyinə görə həbs edib. Amma Pənahi 2010-cu ildə Kann festivalına göndərdiyi məktubda (Fransanın Mədəniyyət naziri Frederik Mitteran rejissorun məktubunu festivalın açılışında şəxsən oxumuşdu) yazır ki, “İndiyə qədər heç vaxt rejim əleyhinə film çəkməmişəm”. Məktubda həmçinin bu cümlələr yazılıb: “Burada heç bir günahı olmadan həbs edilən bir çox insan var, onların səsi heç bir yerə çatmır”.
İndiyə qədər dünyanın sivil ölkələri, beynəlxalq təşkilatlar İran hökumətindən Pənahinin azad olunmasını tələb etsə də, başı atom bombası düzəltməyə qarışmış mollalardan hələ ki, reaksiya yoxdur. Amma mollalar Venesiya, Berlin kinofestivallarının qalib olmuş rejissoru dama basır, o birisi çıxıb Oskar alır, hamısını da ki, dama basmaq, şallaqlamaq mümkün deyil. Neyləyəsən, 21-ci əsrdə İranın saç-saqqalı mollalarının bəxti qarədir, daha əvvəlki kimi azad, mədəni adamların dərisini soya, ətini şaqqalaya, onları şirlərin qabağına atıb, mənzərədən “kayf tuta” bilmirlər.
***
Amma İran nə qədər qeyri-demokratik ölkə olsa da, azadlıqlar boğulsa da, orada iqtisadi azadlıq var. Yaradıcı adamlar hansısa əsər yaratmaq üçün pul tapa bilirlər. Şübhəsiz ki, ənənə də öz sözünü deyir, ancaq iqtisadi azadlıq da önəmli rol oynayır. Türkiyədə də eyni vəziyyətdi. Türkiyə İranın tayı olmasa da burada da azadlıqlar müəyyən qədər boğulur, söz, ifadə azadlığı pozulur. Türkiyə dünyada jurnalistlərin həbsinə görə, lider ölkələrdən biridir. Amma iqtisadi azadlıq var. Türkiyə son on ildə mədəniyyət sahəsində tarixində görmədiyi uğurları qazanıb. Orxan Pamuk Nobel mükafatı alıb, hər il mütləq hansısa türk filmi nüfuzlu kinofestivallarda qalib olur. O cümlədən mədəniyyətin digər sahələrində də inkişaf var.
Bizdə, Azərbaycanda isə vəziyyət daha pisdir. Demokratiya, söz-ifadə azadlığı ilə bağlı durum bəllidir, mədəni həyat iflic olub, bu da bəllidir, amma İrandan, Türkiyədən fərqli olaraq, burada heç iqtisadi azadlıq da yoxdur. Hər kəs sanki təhkimçi kəndli vəziyyətinə salınıb, əmək alətləri də onlarındır, torpaq sahəsi də onlarındır. İstədikləri vaxt əmək alətlərini, torpaq sahəsini əlimizdən alıb, bizi acından öldürə bilərlər.
***
Yaradıcı adam öz üzərində işləməlidir, səyahət etməlidir, çoxlu mütaliə etməlidir ki, nəsə ortaya qoya bilsin. Evdə bir batalyon ac adamın yolunu gözlədiyi adam yaxşı əsər yarada bilməz. Məişət məsələlərinə, mətbəx söhbətlərinə, arvad-uşaq qarğışına, qonşu qınağına məruz qalmış adam ortalığa nəsə çıxara bilməz. Yazdığı yazı, lentə aldığı film, çəkdiyi rəsm qiymətləndirilməyən, dəyərləndirilməyən adam isə iki qat bədbəxtdir.
Əvvəllər bəlkə də kasıb evin pəncərəsində görünən ağacların çiçəklərinin qoxusundan, ona paralel olaraq ağacın budaqlarına qonan bülbülün gözəl cəh-cəhindən yazmaqla kiminsə diqqətini cəlb etmək olardı, amma artıq 21-ci əsrdir, elm, texnologiya, informasiya əsridir. Artıq heç kim ağacın çiçəyini, bülbülü “fırlamır”. Yaradıcı adamdan dövrü ilə ayaqlaşmaq tələb olunur, intellekti, fantaziyası, yaradıcılığı ilə təəccübləndirmək tələb olunur. Bütün gününü arvad-uşaqla, qonşularla, məişət məsələləriylə boğuşmaqla keçirən adam isə, təbii ki, belə dünyada heç kimə lazım deyil, onun yaratdıqları da heç kimə lazım deyil. Və Azərbaycanın mədəni, yaradıcı adamlarının da başına gətirilən elə budur.
Nağara döyəcləməklə, tar dınqıldatmaqla folklor festivallarında qalib olmaq, milyonlarda pul töküb “Eurovision” kimi müsabiqələrdə birinci olmaq mədəniyyət hadisəsi deyil. Mədəniyyət hadisəsi daha ciddi məsələdir.
***
Azərbaycanı xarici telekanallarda tanıdan reklam çarxlarında tez-tez Bakını “Yeni Dubay” kimi təqdim edirlər. Dubay o şəhərdir ki, ərəblər təsadüfən altında çoxlu neft olan torpaqda yaşayırmış, bir gün kimsə burda neft tapıb, o neft xaricə satılıb, ərəblərin əlinə çoxlu pul düşüb və onlar xaricilərə deyiblər ki, burada göyün 7-ci qatına çatan binalar tikin və beləliklə də Dubay yaranıb. Dubay indi harınlamış adamların, görməmişlərin şəhəridir. Bütün dünyanın görməmişləri, intellekt cəhətdən korluq çəkən adamları Dubaya axışır, bu şəhərin parlaqlığına, saxta bəzək-düzəyinə baxıb, ağızlarının suyunu axıdırlar. Dubayda heç bir mədəniyyət hadisəsi baş vermir, sadəcə çoxlu pul var, onun bir qismini ərəb şeyxləri çılpaq rəqqasələrin başından aşağı tökür, digər qismi ilə futbol klubları alınır, milyonlarla pul xərclənib, ulduz futbolçular həmin klublara gətirilir. Pulun geri qalanına da buludları dələn binalar tikilir. Tik ki, tikəsən. Hə, nə olsun? Dubaydakı ərəblər pul içində boğulur, o biri ərəblər də ya acından qırılır, ya da bellərinə bomba bağlayıb din-təriqət uğrunda bir-birini partladırlar. Həm ağlamalı, həm də gülməli vəziyyətdir.
Və Bakı da “Yeni Dubay” olmağa namizəddir. Dünya mətbuatında artıq dünyanın ən hündür binasının Bakıda tikiləcəyi ilə bağlı xəbərlər yayılır…
Həm ağlamalı, həm də gülməli vəziyyətdir…
Cavid Ramazanov
ANN.Az