post-title

Çevrilişlərdə maariflənmə

Azərbaycan müxalifətinin kitabı, yəni ideyası, ideologiyası varmı? İndi Azərbaycan müxalifətində birləşən qüvvələrə baxdıqda bu suala bir cür cavab vermək olar, müxalifətin liderlərinə baxdıqda isə başqa cür. Belə ki, müxalifət liderləri 1980-ci illərin sonu-90-cı illərin əvvəllərində baş vermiş xalq hərəkatında formalaşıblar və o hərəkatın ideologiyasını daşıyırlar.

 

Həmin hərəkat isə Azərbaycan Demokratik Cümhuriyyətinin ideologiyasını daşıyırdı (ona görə də 80-lərin xalq hərəkatının yaratdığı dövlətin Müstəqillik Aktında Azərbaycan Respublikasının ADR-in varisi olduğu vurğulanır).

ADR-də isə ideologiya məsələsi daha konkret idi. Onlar liberal dövlət modelini seçmişdilər. Həm də bunu aşırı dərəcədə demokratik yolla tətbiq etməyə çalışırdılar. Ümumiyyətlə, Cümhuriyyətimizin qurucuları daha çox maariflənmişdilər, daha savadlı idilər və nəticədə öz məqsədləri üçün demokratiyanı Atatürk qədər tapdalaya bilmədilər. Həm də onlar liberal-millətçi dövlət, humanizm, hüquqi dövlət, dünyəvilik, plüralizm və s. ideyalarla silahlanmışdılar.

80-lərin meydan hərəkatı ilə ortaya çıxan qüvvələr isə ideloji silahlanma cəhətdən Cümhuriyyət sələflərindən geri qalırlar. Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı və bir-neçə digər lider daha yaxın idilər Cümhuriyyət ideologiyasına, digərləri isə ya liderlərinə sadiqlər, ya da küyə gedənlər idi. Bu da təbiidir. Çünki SSRİ-nin beyin yuma aparatı Cümhuriyyət ideologiyasını qismən silə bilmişdi beyinlərdən (nəticədə Nemət Pənahlı kimi provakatorun bir göstərişi ilə milyondan çox insan yerə çökürdü. O düzdür ki, o yerə oturanlar nə qədər ağıllı olsalar da, kütlənin içində idilər və belə də etməli idilər, amma kütləni təşkil edən fərdlərin səviyyəsi də önəmli məsələdir. Bu son iddiamı sübut etmək üçün sadə misala baxaq: Fələstində etirazlar və Cənubi Azərbaycanda etirazlar. Birincisi terrorla, ikincisi dinc beyinlərlə silahlanıb. Hər ikisində kütlə meydana çıxır, birində silahlar danışır, digərində isə şüarlar, nəzəriyyələr, bəyənatlar, itaətsizliklər və sair dinc mübarizə vasitələri. Çünki bir kütləni savadsızlar, digərini isə savad bazasına malik olanlar təşkil edir).

Milli-azadlıq hərəkatımızın əhəmiyyətini azaltmaq niyyətində deyiləm. Amma aydın məsələdir ki, qlobal siyasətin təsirindən yaranan Yenidənqurma nəticəsində qızışanlardan idik, yəni bu, tamamilə öz iradəmizlə baş vermədi. Meydandakı insanların 99%-dən çoxu müstəqilliyin, azadlığın nəzəri, ideoloji olaraq nə olduğunu əvvəldən bilmirdilər. O, Elçibəy idi ki, bu ideologiya ilə əvvəldən silahlanmış, vicdan məhbusu olmuş, dissidentlik yaşamışdı və əlverişli şərait gələn kimi mübarizəsinə başladı. Yəni az miqdarda olan liderlərin beyin aclığı yox idi və ya az idi (birinci yazıdakı “Rusiya İnqilabları nümunəsi” yada düşür).

Yenə əvvəlki məqaləmizdə qeyd etdiyimiz suala gəlirik – “peşəkarlar”ın hamısı maariflənmiş idi? Nə 80-ci illərdə, nə də indi bu suala müsbət cavab vermək olur. Elçibəy özü qeyd edirdi ki, bizim orta təbəqəmiz yoxdur, biz nazirləri dəyişə bilərik, amma bütün şöbələrin polis rəislərini dəyişə bilmərik. Bu, o deməkdir ki, bizim arxamızda duran kütlə ideologiya ilə silahlanmayıb. Topxanada 2 ağacın kəsilməsinə görə meydana axışmaq ideologiya deyil. Baza yox idi. Elçibəyin məşhur frazası yerinə düşür: “Olan xalq budur. Neynəyim, gedim Fransadan xalq gətirim?”

[Haşiyə – Bununla heç də elə anlaşılmasını istəmirəm ki, Azərbaycan xalqı demokratiyaya layiq olmayıb və ya indi layiq deyil. “Xalq” dediyimiz kütlədir və nəyəsə layiq olduğunu sübut etməyə borclu deyil. Ümumiyyətlə, kütlə heç nəyə görə məsul deyil, nə yeritsən, onu qəbul edəcək.]

Bəs indi necədir? Bizim indiki müxalifət – hələ ki “aktivistlər hərəkatı” (ifadəni ilk dəfə Əli Kərimlidən eşitmişəm) olan, xalq hərəkatına çevrilməsi gözlənilən bu prosesin iştirakçıları maarifləniblərmi, ideoloji cəhətdən silahlanıblarmı, kitabları varmı? Keçən yazıda o qənaətə gəldim ki, “peşəkarlar” nəzəri biliklərə sahib olmalı, ideologiyaya yiyələnməli, mübarizələrinin kitabına malik olmalıdırlar. Amma bizdə, təəssüf ki, bu, müşahidə olunmur. Bunu müşahidə etmək çətin deyil. 1993-cü ildən bəri (19 ilə yaxındır) eyni mübarizə üsulu, insanlara təsir etmənin eyni yolları, yeniliklərə sıfır maraq... Bu nəyi göstərir? Bu, o deməkdir ki, “peşəkarlar”ımız 80-lərin sonu-90-ların əvvəllərində sınanılmış vasitələrdən başqa vasitə bilmirlər. Çünki İsa Qəmbər, Əli Kərimli daxil olmaqla, çox dar dairədə müxalifət fəalları kitab oxuyublar, ideologiya barədə nəzəri biliklərə, gələcək haqqında aydın təsəvvürlərə malikdirlər. Qalanları isə sadəcə - “Əliyevlər olmasın”, “Korrupsiyadır”, “İşsizlikdir”, bir sözlə “İstefa-Azadlıq” (Bunlara şərti olaraq “İstefa-Azadlıq” qanadı deyək).

“Yenidənqurma” dövründə situasiyanın fərqi onda idi ki, SSRİ beyinləri yuya bilmişdi və insanların sadəcə xəbərləri yox idi ki, onların hüquqları var. Bu zaman onlara deyəndə ki, sizin sərbəst toplaşmaq, azad mətbuat, hakimiyyəti dinc yolla dəyişmə və s. kimi hüquqlarınız var, bu, bomba effekti verirdi. Yuyulan beyinlərdə qığılcım yaranırdı, çünki insan fitrən azadlığa meyllidir.

Bəs indi niyə bu vasitə effekt vermir? Çünki bizdə beyni yuyulan çox azdır. İndiki şüarları ölkənin ən yaltaq vətəndaşı da bilir. Rejimin saxlanmasında aktiv rol oynayanlar müxalifətdən daha yaxşı bilirlər vəziyyəti və göründüyü kimi opportunistcəsinə daha uğurlu qiymətləndirirlər, passiv rol oynayanlar isə ən azı müxalifətin “İstefa-Azadlıq” qanadı qədər bilirlər eyni şeyləri. Yəni susan müəllim, həkim, məmur çox yaxşı bilir ki, İlham Əliyev daxil olmaqla yüksək vəzifəli məmurlar milyarderdirlər, bizi soyurlar, əslində var-dövlət xalqın olmalıdır, iqtisadi, siyasi azadlıqlarımız olmalıdır və s..

Bəs o zaman bizim “peşəkarlar”ın rejimin bu passiv dəstəkçilərindən fərqi nədədir? – Yalnız cəsarətdə və vicdanda. Bu isə çox azdır. İdeologiya, kitab əsası harda qaldı bəs? Tutaq ki, bir gənc (universitet məzunu da ola bilər) yaxınlaşır partiya funksionerinə ki, “mən rejimdən narazıyam, aktiv etiraz etmək istəyirəm, vicdanım mənə rahatlıq vermir, artıq cəsarətə gəlmişəm. Neynəyim?” Ona nə deyiləcək? Məsləhət görüləcək ki, “bizim tədbirlərə gəl, mitinqlərə çıx, bir sözlə, “İstefa-Azadlıq” qanadına qoşul”. Amma ideoloji cəhətdən istiqamətləndirmək üçün ona hansısa müəllif məsləhət görülməli idi, hansısa məqalələrin, kitabların oxunması tapşırılmalı idi, liberalizmdən, dünyəvilikdən və s.-dən danışılmalı idi.

Təəssüf ki, belə kitablar yoxdur. Daha doğrusu, kitablar var, amma o kitablar tərcümə edilmir, ideologiyanın beyinlərə yeridilməsi üçün, insanların zehnən silahlandırılması üçün vasitələr hazırlanmır. Əgər belə vasitələr olsaydı, “İstefa-Azadlıq” qanadı mitinq keçirməkdən, şüar qışqırmaqdan, polislə toqquşmaqdan başqa vasitələrə də əl atardılar. Həm də məsələ burasındadır ki, “İstefa-Azadlıq” qanadına daxil olanların xeyli hissəsi gəncdir, heç 80-lərin meydan hərəkatında iştirak etməyib. Bu da o anlama gəlir ki, onlara yaşlıları, daha təcrübəliləri tərəfindən elə belə də təbliğ olunub. Əks təqdirdə onlar da “Otpor”, “Pora” və digər inqilabi təşkilatlar kimi yaradıcı, kreativ, yenilikçi üsul və vasitələrdən istifadə edə, insanları ətraflarına daha yaxşı çəkə bilərdilər.

Niyə indi müxalifət partiyalarından kənar yeni gənclər təşkilatı yaranan kimi ona maraq, hətta daha təcrübəli insanların bəslədikləri ümid çoxalır? Çünki onlar narazılıqlarını kreativ yolla ifadə edə bilirlər. Çünki indi bu yeni gənclər təşkilatlarının statik vəziyyətdən çıxarıb, bitki həyatından ictikmai sektora çəkdiyi gənclər müxalifət partiyalarının aktiv fəaliyyətə qoşduqları gənclərdən qat-qat çoxdur.

Mən müxalifəti yeni gənclər təşkilatları ilə üz-üzə qoymaq məqsədi güdmürəm. Sadəcə görmək və qəbul etmək lazımdır ki, insanlarımızın hamısı yalnız cəsarət tələb edən hərəkətlərdə iştirak edə bilməyəcək qədər qorxudulub. Vicdanı olanlar da qorxudan vicdanlarına uyğun hərəkət edə bilmirlər. Elə vasitə seçmək lazımdır ki, tükənməz enerji mənbəyi olan gənclər içlərindəki enerjini, vicdanlarını reallaşdıra bilsinlər. Məhz buna görə də mənasız “flash-mob”lar daha çox audutoriya toplayır, nəinki əhəmiyyətli mövzulara həsr olunan mitinqlər.

“Adamları tək-tək qazanmaq miqyas cəhətdən mümkün deyil” deyə bilərsiniz. Amma baxır hansı miqyasda. Əgər adamı “peşəkar” edəcəksənsə, onu fərdən qazanmalısan, yox, əgər KÜTlə edəcəksənsə, onu heç sıralarına cəlb etməyə ehtiyac yoxdur, “hamı qalxanda o da qalxacaq”.

İndiyə qədər bu “peşəkarlar”ımızın etdiklərinə, yerində sayma qaydasında aktivliklərinə baxsaq, sosial şəbəkələrdəki söhbətlərə fikir versək, şahidi olarıq ki,

- onlar dünyəviliyin nə olduğunu ya bilmirlər, ya da bir-çoxları bunun ölkədə bərqərar olmasını dəstəkləmir;
- hüquqi dövlət ideyasından xəbərsizdilər və mütləq əskəriyyəti hüququn aliliyini, o cümlədən mentalitet üzərində aliliyini qəbul etmirlər;
- plüralizmə laqeyddirlər və “məndən olmayan mənim düşmənimdir” ideyası ilə yaşayırlar;
- tolerant deyillər, ermənini, homoseksualı söyürlər, alternativ ideyalara (hətta eyni hədəfli, fərqli yollu ideyalara da) istehza ilə yanaşırlar;
- hakimiyyət dəyişəcəyi halda yaranacaq sistem, tutulacaq yol barədə aydın təsəvvürə malik deyillər...

Çox sadalamaq olar və bunları müəyyən eləmək üçün alim olmaq, sorğu aparmaq lazım deyil. İşin içində olanlar üçün hər şey göz qabağındadır. Sanki bu adamlar oxumağı, ideoloji biliklərə yiyələnməyi, prinsiplərə sadiq olmağı bir neçə nəfərə tapşırıblar. Bəli, İsa Qəmbərlə mübahisəyə girişəndə uduzmaq təbiidir, adam hərtərəfli dərindir, amma onun partiyasının əksər üzvlərini qısa müzakirə ilə məğlub etmək orta səviyyəli biliyi olan insan üçün asan bir şeydir. Eyni şeyi Əli Kərimli və AXCP haqqında da demək olar. Çünki bu partiyadaşlar çox savadsız bir hakimiyyətin hər kəsdə gülüş doğuran təbliğatına alternativ qoya bilmirlər. Yalnız qarnını düşünən, qorxudan başqa gözü nəsə görməyən kütlə üzvü ilə söhbətdə belə “peşəkarlar”ımız ona nəyisə sübut etməkdə çətinlik çəkirlər. Çünki azadlığın, mübarizənin qarından qabaq olmasını, iqtisadiyyatın (kütlənin gözündə yaxşı maaşın) özünün də siyasi azadlıqlardan asılı olduğunu sübut etmək üçün mütaliəli olmaq, ideologiyana praktika ilə yanaşı, həm də nəzəri cəhətdən yiyələnmək zəruridir.

Səbəblərdən biri yeni gələnlərə öyrənməyə bir vəsaitin verilməməsidirsə, digər səbəb məsuliyyətin də izah olunmamasıdır. Vəsait dedikdə, ilk ağla gələn kitabdır. “Hansı kitab var?” deyə düşündükdə, əksəriyyətimizin ağlına yalnız Hikmət Hacızadənin hazırladığı “Demokratiya: Gediləsi uzun yol” kitabı düşdü. Bu kitab da sadaladığım tələblərə çox aşağı səviyyədə cavab verir. Başqa mənbə isə, nə qədər axtarsam da, tapmadım. Başqa dillərdə mənbələr isə nəinki tərcümə edilmir, heç axtarılmır da. Məsuliyyət məsələsində isə qeyd etmək lazımdır ki, “peşəkarlar”a doğrudan da işlərinə peşəkar kimi yanaşmaq fikri aşılanmalıdır. Onlar yatmış, bədbəxt xalqın öndə gedənləri, prosesi aparanlar, bizi ölməyə qoymayanlardır. Bu boyda məsuliyyətlə ac beyinə malik olmaq bir araya sığmır.

Biz axı elmi-maarifləndirici əsası olan çevriliş və ya dəyişiklik istəyirik. Bizim xeyli maarifçimiz olub, indi o boyda fonun qabağında Rusiya İnqilabı kimi anarxiya, acların üsyanını törətməliyik, yoxsa Fransa İnqilabı kimi ən azından bənzər xalqlara işıq saça bilən sıçrayış?

P.S. Bənzər xalqlara nümunə olmağı boşdan demədim. Bakı və Təbriz həmişə “elektrik açarı” olub – 1905 inqilabında da, 2000-ci illər “narıncı inqilabları”nda da, 20-ci əsr boyu İran üsyanlarında da. Biz Şərqin çox şeydə ilkiyik və bunu davam etdirmə potensialına sahibik.

Zaur Qurbanlı

Kultura.Az

Yuxarı