Seymurun romanı növbəti dəfə çap olundu
Yazıçı-publisist Seymur Baycanın “18,6 cm” adlı kitabı ü…
Ölkədəki qəzet çap edən müəsisələr hökumətin birbaşa və dolayı nəzarətindədir. Media Hüququ İnstitutu çap evlərinin sərbəst fəaliyyətinə imkan verilməməsinin müstəqil medianın sıradan çıxarılması üçün vasitəyə çevrildiyini vurğulayır və bundan dərin narahatlığını ifadə edir.
Son dövrdə çap evləri tənqidçi mövqeyi ilə seçilən qəzetlərin çapından imtina ediblər. İlk belə qadağa ilə hökumətin ali rəsmi şəxslərini sərt tənqidi ilə tanınan ”Xural" və “Nota Bene” qəzetləri üzləşiblər. 2011-ci ilin ikinci yarısında periodik olaraq bu qadağalarla üzləşən Nota Bene fəliyyətini dayandırmalı olub. Onun qurucusu Sərdar Əlibəylinin öz fəaliyyətini başqa adda qəzet nəşr etdirməklə davam etdirmək cəhdi nəticə verməyib. Qadağanın Nota Bene-yə yox, məhz onun tənqidi yazılarına qoyulduğu bir daha bəlli oldu. Hökumətin açıq görünməyən basqıları altında olan nəşriyyatların heç biri adıçəkilən qəzetləri çap etməyə cürət etmədi.
Eyni qadağayla qurucusu və baş redaktoru Əvəz Zeynallının həbsindən bir qədər əvvəl “Xural” qəzeti üzləşdi. Qəzeti indiyədək çap etmiş çap evləri “üzrxahlıq edərək” “Xural”ı bundan sonra çap etməyə gücləri çatmadığını bildirdilər. Əvəz Zeynallının həbsindən sonra qəzetin jurnalistlərinin başqa qəzet nəşr etdirmək cəhdləri də uğurlu olmadı. “ASİ” qəzetinin 2-ci sayını Azərbaycanda nəşr edən nəşriyyat tapılmadı, qəzetin baş redaktoru Anar Niftəliyev ciddi hədə qorxularla üzləşdi.
Bütün belə qadağalar qeyri-rəsmi formada, hər hansı bir hüquqi qərar olmadan qoyulub. Çap evləri kommersiya baxımından faydalı olması şübhə doğurmayan bu işlərdən hökumətdən gələn zərərlərin daha böyük ola biləcəyi qorxusu altında imtina etməyə məcbur olublar.
Son günlərdə eyni problemlə kürddilli “Diplomat” qəzeti də üzləşib. Adıçəkilən qəzetin rəhbərliyinin bildirdiyinə görə, müraciət etdikləri bütün mətbəələr həftəlik qəzetin çapından imtina ediblər. Qəzet rəhbərliyi qadağanın Azərbaycan Prezidenti Administrasiyasından verildiyini bəyan edib.
Media Hüququ İnstitutu hökumətin çap sənayesini ciddi siyası nəzarət altında saxlamasının ölkədə ifadə azadlığı üçün ciddi qorxular yaratdığını vurğulayır və hökuməti zəruri addımlar atmağa çağırır.
Kultura.Az