Ordubadi yaradıcılığına baxış və ya çay qutusu kağızlarına yazılan roman haqqında
Dəyərli Dilqəm! Sizin nəsr əsərlə…
Son vaxtlar onun metafizik güclər tərəfindən idarə olunmasından şübhələnirəm. Bəşər övladı bu gərginlikdə proqrama tab gətirə bilməz. Millət vəkilimizin gah Tiflisdən, gah Strasburqdan, gah İsraildən, gah da Taksimdən xəbərini alanda sinəm qürurla qabarır!
Biz şeir yazırıq!
Öz istedadsızlığını ört-basdır etmək üçün, uğursuz şairliyinə haqq qazandırmaq istəyən hansısa vətən övladı maraqlı bir aforizm peydahlayıb: “Bizim xalq, şair xalqdır”. Bəh-bəh! Əcəb romantik assosasiyası var bu aforizmin. Bunu kim icad edibsə şeir yazmağın əslində birbaşa qan yaddaşımızla, etnik kimliyimizlə əlaqəli olmasını izah eləməyə çalışıb. Ay-hay! Millətə qarşı bundan artıq ironiya eləmək olmaz. Bu fikrin tarixini bilmirəm, amma gözlə görünən nəticəsi odur ki, illərdir xalqımız qələmə sarılıb şeir yazır. Hollivud film çəkir, biz şeir yazırıq! İran nüvə istehsal edir, biz şeir yazırıq! Mark Zuckerberg facebook-u icad edir, biz şeir yazırıq! Dünya texnalogiya əsrini arxada qoyub ulduza yollanır, biz şeir yazırıq! Amerika İraqa girir, biz şeir yazırıq! Ərəb dünyasında inqilablar baş verir, biz şeir yazırıq! Xolcalı qətliamından 20 il ötür, biz şeir yazırıq! Yaxın qonşumuz, qardaşımız Türkiyə kinematoqrafiyada inqilabi sıçrayış edir, biz şeir yazırıq! İranlı rejissor “Oskar” alır, biz şeir yazırıq! Xülasə, dünyada baş verən əcaib-qəraib mədəni, siyasi, kultroloji məsələlərə adekvat olaraq biz ancaq şeir yazırıq! Deyilənə görə bizim poeziyanın 1500 yaşı var. Əgər bu məlumat dəqiqdirsə, biz bir xalq olaraq 1500 ildir ki şeir yazırıq! Dəhşətdi, vallah!
Dünyanın sürətlə inkişaf etdiyi bir çağda biz xalq olaraq qələmə sarılmışıq. Yaz ki, yazasan! Demək olar ki, əlifbanı öyrənib, müəyyən təhsilə yiyələnən hər kəs şeir yazır. Bəs oxuyan? Bundan narahat olmağa dəyməz, hər yazanın ən azı ailəsi, yaxın dostları oxuyur, məclisdən-məclisə qürurla badə qaldırırlar: “Bizim xalq. Şair xalqdır”.
Nazirimiz, polisimiz, akademikimiz, müəllimimiz, məmurumuz, deputatımız elliklə şeirə qurşanıb. Əlinə qələm alanlarımız üzünə yalançı kədər ifadəsi verib, alnını ovuşdura-ovuşdura başlayır qafiyə axtarmağa. Həftəlik qəzetlərin çoxusu səhifələrini doldurmaq xatirinə kədərli şair fotoları ilə bəzənmiş “Poeziya” səhifələri hazırlayır. Öz sahəsində uğursuz olan tiplər, yarımçıq həkimlər, işsiz mühəndislər, “reket” jurnalistlər, içki düşgünü kişilər, boşanmış qadınılar qələmə sarılır. İnternet isə öz sonsuz imkanları ilə, bu “şairləri” oxucuları ilə görüşdürür. Xəbər portallarında, blog-larda, e-mail qruplarda, sosial şəbəkələrdə şeir əlindən tərpənmək olmur. İşin ən pis tərəfi də məhz budur! Şəxsi facebook səhifəmizdə də canımızı bu şeir bolluğundan qurtara bilmirik. Hər imzanın yanında da müxtəlif cür təqdimatlar: nəğməkar-şair, həkim-şair, mühəndis-şair, bəstəkar-şair, deputat-şair və s.
Nəğməkar-şair, yoxsa millət vəkili?
Şair və şeir mövzusu məni o qədər həyəcanlandırdı ki, az qala yazının qəhrəmanını yaddan çıxarmışdım. Yaxşı ki, deputat-şair təqdimatı yazının qəhrəmanını mənə xatırlatdı. Bizim parlamentdə yazıçı da, şair də var. Hansı ki, deputat olmamışdan əvvəl bu cür tanınıblar. Oxucularımız bu insanları çox yaxşı tanıyır. Bir-bir sadalamaq vaxt alacaq.
Mən sizə parlamentimizin gənc deputatı, həkim-pediatr, hüquqşunas, jurnalist, PR menecer, messenant, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Hindistan, İraq, Misir, Pakistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü(bura qədər birnəfəsə oxusanız nəfəsiniz kəsiləcək), Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Siyasi elmlər üzrə fəlsəfə doktoru, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərlə məqalənin müəllifi, 20-ə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi və nəhayət ŞAİR(burda gülümsəyən işarələr qoymaq lazım deyil!) Qənirə Paşayeva haqqında danışmaq istəyirəm. Qənirə xanımın xidmətlərini zərrə qədər də aşağılamaq fikrim yoxdur. Onun milət vəkili seçildiyi rayonda dəfələrlə olmuşam və bilirəm ki, seçicilər öz millət vəkillərindən xeyli razıdırlar. Rayonun abadlaşması, insanların problemlərinin çözülməsi ilə səmimi qəlbdən maraqlandığını, tovuzluların sevimlisi olmasını bilirəm. Onu da bilirəm ki, hətta başqa dairələrdən də seçicilər onun üstünə xahişə gəlir. Xülasə, Qənirə xanım xalq tərəfində seçilən və xalq tərəfindən sevilən millət vəkilidir. Azərbaycanda az qala bütün xeyriyyə tədbirlərində, konsertlərdə, aksiyalarda bu xanımın fotoları var. Sonuncu dəfə tele-aparıcı Ramal Hüseynovun təşəbbüsü ilə gerçəkləşən “Hərəyə bir paket pampers” aksiyasında da bu xanım millət vəkilinin pampersə ehtiyacı olan körpələrlə fotoları var idi. Təşəbbüs Ramal Hüseynovdan gəlsə də, aksiyanı onlarla insan gerçəkləşdirsədə xalqımız şair qızı yenə də ön sıralarda idi! Həmin gün “Pamper” qalaqlarının fonunda, qucağında körpə və kimsəsiz uşaq tutmuş xanım millət vəkili və kövrək şair obrazı məni çox kədərləndirmişdi. Əlqərəz, Qənirə xanım bir insan kimi o qədər fəaldır ki, mən onun bu qədər işi necə çatdırmasına heyrət eliyirəm. Günün 15-16 saatını gərgin şəkildə ora-bura qaçsamda, işləsəmdə ayın axırında yenə də zamanın azlığı məni düşündürür. Hərdən mənə elə gəlir ki, bu xüsusi enerji, istedad, vətənpərvərlik, millətçilik, ilham təbiətin xüsusi hədiyyəsidir hörmətli Qənirə xanıma! Son vaxtlar onun metafizik güclər tərəfindən idarə olunmasından şübhələnirəm. Bəşər övladı bu gərginlikdə proqrama tab gətirə bilməz. Millət vəkilimizin gah Tiflisdən, gah Strasburqdan, gah İsraildən, gah da Taksimdən xəbərini alanda sinəm qürurla qabarır! Mən bu enerjiyə, bu istedada heyran olmaya bilmirəm! Hərdən düşünürəm ki, Qənirə xanım Azərbaycan qadınına bu cür fəaliyyəti ilə pis nümunə olur. Bir də görürsən ki, arvad ərinə Qənirə Paşayevanı nümunə göstərib fəaliyyət meydanına atıldı. İndi gəl buna döz görüm, necə dözürsən Azərbaycan kişisi!
Bu günlərdə həkim-pediatr, hüquqşunas, jurnalist, PR menecer, messenant, millət vəkili, gənc şair Qənirə Paşayevanın demək olar ki, bütün internet saytlarında, xəbər portallarında Qarabağa həsr olunmuş böyük şeiri yayımlanıb. Xəbərin başlığı isə çox təsirlidir: “Qənirə Paşayeva Qarabağ haqda şeir yazdı” Qənirə xanımın şeir yazdığını çoxdan bilirəm. Onun şeirlərinə xeyli mahnılar bəstələnib. Hətta dəyərli dostum, Türkiyənin böyük sənətçisi, bizim ziyalılarımızın və sənətçilərimizin böyük bir qisminə örnək ola biləcək Ahmet Şafakda Qənirə xanımın sözlərinə bəstələnmiş mahnı oxuyub. Deməli, Qənirə Paşayeva elə-belə şair deyil, həm də nəğməkar-şairdir!
“Ruhum Qarabağlıdır silsiləsindən” şeirinə ədəbi-tənqidimizin biganəliyi
Söhbəti çox uzatmadan Qənirə xanımın adı çəkilən şeiri haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu qədər ictimai-siyasi fəaliyyətin içərisində başını itirməyən, ədəbiyyatımıza da töhfələr verməyə iddialı olan xanım millət vəkili roman yazmaqla kifayətlənməyib, poeziyanı da çiçəkləndirmək, Qarabağ mövzusunu şair həmkarlarının yadına salmaq üçün yorulmadan çalışır. Qarabağ haqqında şeir(lər) yazır. Ancaq yazdığı şeirdən, şeirdən Türkiyənin millətçi şairi Ozan Arifin “Ya Qarabağ, ya ölüm!” şeirinin “tünd qoxusu” gəlir. Bu barədə izahata ehtiyac görmürəm. Hər iki şeiri oxuyanlar bu “tünd qoxunu” duymaya bilməz. Mən dəyərli tənqidçilərimizin AYB üzvü Qənirə Paşayevanın yaradıcılığı haqqında hələdə susmasını başa düşmürəm. Qənirə xanım romanına onlarla təqdimat mərasimi düzənləyib, kitabı bir neçə ayın ən çox satılan kitabları arasında yer alıb. Əcəba, nə üçün ədəbi tənqid susur. Yaxşı, roman haqqında susmağınızı başa düşürəm cənab tənqidçilər, bəs şeirlər? Başa düşürəm ki, bizdə romançılıq ənənəsi elə də qədim deyil, axı poeziyamızın 1500 yaşı var! Nədən Qənirə xanımın şeirləri ədəbi ictimaiyyəti ilgiləndirmir?
Düzdür, Qənirə xanımla eyni regiondan olan dəyərli qələm adamları nəğməkar-şairimizin yaradıcılığına öz saytlarında, qəzet və jurnallarında kifayət qədər müraciət edirlər. Bu şəxsən oxucu kimi məni qane eləmir. Hansısa ağzıgöyçək durub deyəcək ki, bu regionçuluqdur. Ona görə Qənirə xanımın heç olmasa poeziyasına tənqidçilərimiz biganə qalmamalıdır! Yenə də Qarabağ haqqında yazılan, dünyaya atəş püskürən misralara qayıdaq:
“Yuxum ərşə çəkilib
Görmədiyim gündən səni
Gözümün yaşı kəsmir
Sənə gəlməyəndən bəri
Canım parçam-parça, ruhum pərişan
Diriykən ölüyəm
Sənsiz, Qarabağ!
Mənim yaralı atam,
Mənim bəlalı anam,
Qarabağ!”
Bəh-bəh! Heç insafdırmı ki, bu cür misralar ədəbi-tənqidin gözündən iraq düşsün?
“Sənsiz qala bilmərəm!
Sənsiz ola bilmərəm!
Sənsiz ölə də bilmərəm,
Ölsəm, qibləm Qarabağ!”
İndi isə ciddi deyirəm, bu cür yavan misralara, şeirə aidiyyatı olmayan söz yığınına nə vaxta qədər biganə və susqun qalacaqsınız? Bəlkə işarə və ya təklif gözləyirsiniz ki, bu şeirə aid olmayan, qarabağlılara Qarabağın işğalından daha çox dağ çəkən bu misralara tərif yazasınız? Bunu zatən edənlər, hətta bu şeiri oxuyub yalandan doluxsunanlar var. Biri bu gənc nəğməkar-şairə “dur” deməli deyilmi? Təkrar edirəm, mənim Qənirə xanımın ictimai-siyasi və digər fəaliyyətlərinə irad bildirmək fikrim yoxdur. Ancaq kimsə mütləq deməlidir ki, onun hər şeylə məşğul olmaq kimi mükəlləfiyyəti yoxdur. Bu ölkədə yazıçı da, şair də, araşdırmaçı-jurnalist də kifayət qədərdir və böyük qismi ehtiyac içindədir. Hər yedə görünüb reklam ulduzuna çevrilməkdənsə, bir işin qulpundan haqqı ilə yapışmaq daha məqbuldur, düşüncəsindəyəm. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvünün dünyaya səslənib:
“Yetər, Dünya!
Bir gör artıq
Günahlını,
Günahsızı;
Qantökən,
Axar qanı;
Əsir olan cocuqları.
Girov qalan anaları;
Viran olan yuvaları, xanaları...” şeir guppuldatması nə qədər vacibdir?
Məncə Qənirə xanım mənim bu yazımı yanlış anlamayacaq. Onun şəxsi ilə heç bir problemim, karyerasıyla heç bir işim yoxdur. Sadəcə xahiş edirəm ki, Qənirə xanım bu söz yığınına ayırdığı zamanı Avropa Şurasının Parlament Assambleyasında edəcəyi çıxışın hazırlanmasına ayırsın. Türkiyə televiziyasında ermənini susdurduğu kimi, Avropa Şurasının Parlament Assambleyasında da ermənipərəstləri susdursun. Qarabağ haqqında şeiri isə yazanlar tapılacaq. Qənirə xanım isə, şeir yazmasa da, ədəbiyyat yaratmasa da olar. İmkan daxilində yaranan ədəbiyyatın təbliğinə, ədəbiyyatımızın dünyada tanınmasına dəstək versin! Şeir sarıdan isə narahat olmasın, “Axı biz şair xalqıq!”
Cəlil Cavanşir
Kultura.Az