post-title

Bu müharibə mənim müharibəm deyil

Mənə qorxaq, cəsarətsiz, vətən xaini deyə bilərsiniz amma sizin fikirləriniz vecimə deyil, çünki özümü sizdən yaxşı tanıyıram. Sizin üçün vətən olan bu yerlər mənim üçün 86,6 min kvadrat km`lik çərçivədən başqa bir şey deyil. Mənim üçün azadlıq, xoşbəxtlik, uşaqların üzündəki gülüş sizin vətəninizdən dəyərlidir.

 

 
İllərdir sərhədlərinizlə, konstitusiyanızla,  vətəninizlə, Qarabağ probleminizlə insanların başına kəndir keçirib idarə edirsiniz. 
 
Bu gün Xətaidə gördüklərim dəhşətə gətirdi məni. Bilirəm, sizə ədalət, insan hüquqları, uşaqların sağlam gələcəyi və gözəl gülüşü dəyərlidir. Bilirəm, bilirəm bu yalanları. Və oradan asdığınız posterlər, fotolar, abidə, 5-10 polis və sizin qulluqçularınız hisslərinizi çox gözəl ifadə edir.
 
Sizin apardığınız bütün imzalar, çələngli, kostyumlu cangüdənlər müşayiəti ilə keçirilən tədbirlər saxtadır, sizin kimi. Mən o torpaqları tikanlı məftillərlə hasarlamaqçün, bayraq asmaq, abidə tikmək üçün, sənədlərdə, xəritədə qartala qatmaq üçün istəmirəm. Bu müharibə mənim müharibəm deyil. Mən tikanlı məftillərlə əhatələnəcək torpaqlar üçün insan öldürmək, uşaq boğazı kəsmək, sırf hansısa qadın mənimlə eyni millətdən deyil deyə zorlamaq, özüm kimi günahsız gəncləri güllə atəşinə tutmaq istəmirəm. Qətliam, qırğın, insan cəsədləri, gözüyaşlı analar görmək istəmirəm.  İnsanlar hansısa siyasətbazların masa ətrafında qəbul etdiyi qərarla qatil olmamalıdır.
 
İnanmaq istəyirəm ki, insanlar orada biryerdə xoşbəxt yaşaya biləcək, qandan, silahdan, düşmənçilikdən uzaq və uşaqların üzü güləcək, rahatca oynaya, deyə-gülə biləcəklər. 
 
Orxan Abdulla
Yuxarı