Daxili qəzəblə zahiri sakitlik arasındakı ziddiyyət haqqında
...Keçmişdə yararlı, hətta zəruri olan bir ideya indi yararsız və artıq bir yük…
İnsanlıq yaranandan bəri həmişə öz hüquqları üğrunda mübarizə aparmağa məcbur olub. Hər dövrün özünə uyğun aktual problemləri daima insanları bu problemləri həll etməyə səsləyib. Bir vaxtlar qul kimi işlədilən insanlar öz ilkin və təməl haqları – köləlikdən qurtulmaqları üçün mübarizə aparırdılarsa, sonrakı dövrlərdə vicdan, söz, gender azadlığı uğrunda mübarizə aparmalı oldular. XIX-XX əsrlərdə bu mübarizə sinfi, səs vermə və seksual hüquqlar formatında da davam etdirildi.
Diqqət etsək görərik ki bütün bu mübarizələr adətən müəyyən qrupun varlığına, ya da inkişafına təhlükə hiss edildiyi zaman başlayır. Bu gün hiss olunan isə budur ki, bəşəriyyətin ən son nailiyyətlərindən birinin – internetin və onun istifadəçilərinin varlığına olmasa da sürətlə çoxalmasına maneələr yaratmağa çalışan qüvvələr var.
Artıq neçə ildir ki, planetin bir çox guşələrində internetə müxtəlif formalı qadağalar qoyulması barədə xəbərlər çoxalır. Şimali Koreyada ümumiyyətlə hakim partiyanın yüksək çinliləri istisna olmaqla qalanlarının internetə çıxışı yoxdur. Heç partiyanın yüksək eşalonunda təmsil olunanlara da həsəd aparmaq lazım deyil: xəbərlərə görə onlar da demək olar ki, daxili şəbəkədən istifadə edə bilirlər. :)
Türkmənistan, Tacikistan, İran və bir çox başqa ölkələrdə də vəziyyət o qədər yaxşı deyil. Elə bizim məmləkətdə də dəfələrlə internet saytlara bloklar qoyulub, internetdə yazdıqları fikirlərə görə insanlar zərər çəkib.
Mühüm bir məsələni unutmaq lazım deyil ki, internet yeni dövrün əsas şərtlərindən biri, bəşəriyyətin inkişafının növbəti mərhələsinə yön verən vasitədir. Bu gün “internetdə olmaq” insan şəxsiyyətinin əsas identifikasiyalarından birinə çevrilmək üzrədir. Elektron-poçta malik olmamaq insanın başqaları ilə rabitə qurmağını nə qədər əngəlləyir, bunu təsəvvür etmək o qədər də çətin deyil. Bəstəkar və kulturoloq Elmir Mirzəyev bir dəfə söhbət zamanı dedi ki, “Facebook`da qeydiyyatı olmayanın bir insan kimi mövcudluğu şübhəlidir. Demək o, bitki kimi yaşayır.” Nə qədər obrazlı ifadə edilsə də, razıyam.
İnsan inkişafının mühüm mərhələlərindən biri olan yazı artıq vurtuallaşıb. Yazmaq bütün hallarda elm, ya da elmə cəhdlə bağlı təcrübədir, elmin əsas tələblərindən biri isə müşahidə və onu qeydə almaqdırsa, cəmiyyətin nə qədər yazılı olması da onun elmə doğru nə qədər cəhd etdiyinin göstəricisidir. Bəşəriyyət bu təcrübəsini əvvəllər qaya, daş, dəri, papirus, kağız üzərində edirdisə, indi bunu virtual formada edir. Daş tutan əllər sonralar qələm tuturdusa, artıq barmaqlar klaviaturayla təmasa girib.
Hətta internetdəki xaotik görüntü bizdə belə bir təəssürat yarada bilər ki, bəlkə indi virtual eranın ibtidai dövrüdür. Amma bu özü də inkişaf üçün yeni şəraitlər yaradır; kim nə qədər tez və bacarıqla istifadə edə bilsə daha çox uğur qazana biləcək.
Artıq media da virtuallaşıb. Televiziya sürətlə dəbdən düşür. Çünki insan öz mahiyyətinə görə azadlığa meyllidir, bu azadlığı isə ona internet verir. İnternetdə istədiyi zaman istədiyi filmə baxa, xəbərləri gecikmədən izləyə bilir. Burada ona seçim haqqı verilib. Bir zamanlar radiodan, sonralar televiziyadan istifadə edib necə uğur qazanırdılarsa, indi bu uğuru internet vasitəsilə əldə edirlər. Bu gün Youtube`un və sosial şəbəkələrin köməyi olmadan uğur qazanmaq mümkünsüzdür. Hətta ironik bir hal da baş verib: televiziya ideyasının məhsulu olan texnika – televizor da, hər gün daha çox internetdən keyfiyyətli şəkildə endirilmiş filmlərin baxılması üçün istifadə edilir.
Ədəbiyyatda və teatrda o qədər sıradan əsərlər olub ki, film kimi çəkiləndən sonra ikinci, bu dəfə daha uzun ömürlü həyat qazanıblar, hətta şedevrə çevriliblər. Amma yeni, gənc nəslin bu filmlərin, ya da televiziya verilişlərinin böyük qismindən xəbərləri yox idi. Məhz internet sayəsində yeni nəsillər əvvəlki nəsillərin təcrübəsini asanlıqla öyrənməyə başladı.
İnternet əsrimizin reallığıdır; bununla barışmayanı isə artıq məğlub saya bilərik.
O, dünyaya yeni düzən gətirib – informasiya əldə etməyi asanlaşdırıb. Okeanların, qurunun altından keçən, internet daşıyan naqillər artıq dünya adlı orqanizmin qan-damar sisteminə çevrilib, orqanizmin hansı üzvündə bu sistem yaxşı dövran edirsə, o qədər sağlamdır. Beləliklə, internet azadlığı bir cəmiyyətin nə qədər sağlam olduğunun həyati əhəmiyyətli göstəricisidir. İnternet azadlığına vurulan istənilən zərbə cəmiyyətin sağlamlığına müvafiq miqdarda vurulan zərbədir. Ayrıca götürülmüş cəmiyyətləri də canlı orqanizmə bənzətsək burada da internetin inkişafında orqanizmin bütün üzvləri maraqlı olmalıdır; idarə edənlər də, idarə olunanlar da, mərkəzlərdə yaşayanlar da, ucqarlarda yaşayanlar da. Bu hamıya informasiyaya tez çatmağa, gəlinmiş doğru nəticələrlə daha tez tanış olmağa şərait yaradır. Get-gedə sürətlənən inkişaf prosesində də bu çox mühümdür.
Təhsil və maariflənmə sarıdan da internet demək olar ki, tələb olunan səviyyədə boşluqları doldurur. Öz yaxın coğrafiyamdan deyə bilərəm ki, keçmiş Sovet ölkələrinin təhsil sistemləri və proqramları həddən artıq geridə qalmışdı, amma internetin köməyi ilə kütləvi olmasa da (çünki internet özü bu regionun əksər ölkələrində kütləvi deyil) müəyyən irəliləyiş əldə oluna bildi. Əlbəttə, təməlli və sistematik təhsil cəhətdən bu region hələ də problemlər girdabının içindədir. Bunun məsuliyyətini isə yəqin ki, Sovet İttifaqının 70-ci illərdən başlayaraq dünyadan təcrid edilməsində, həmçinin post-sovet ölkələrinin əksəriyyətindəki avtoritar rejimlərdə axtarmaq lazımdır.
Cəmiyyətdəki internet istifadəçilərinin çoxalması ancaq sevindirici hal ola bilər. İnternet insanı oxumaqla, baxmaqla yanaşı yazmağa, yaratmağa da təşviq edir. Burada nəyləsə bağlı fikir bildirmək, nəyisə şərh etmək daha asan baş verdiyi üçün forumlar, sosial şəbəkələrdəki müzakirələr zamanı nə qədər maraqlı ideyalar toqquşur və doğru nəticələr alınaraq həyata keçirilir. Planetar mənada qabaqcıl cəmiyyətlərin, ayrıca götürülmüş coğrafiyada isə qabaqcıl kəsimin nəbzi orada döyünür. Yumruqların mübarizəsi küçələrdə və rinqlərdə, ayaqların mübarizəsi stadion və podiumlarda gedirsə, beyinlərin mübarizə məkanı internetdir. Beyinlərə isə inkişaf üçün azadlıq lazımdır. Bu baxımdan virtual azadlıq əldə etmək hər bir insanın fərdi, cəmiyyətin isə bütövlükdə inkişafının bünövrəsində dayanıb.
Bəşər tarixi göstərir ki, hər bir dövrün qabaqcılları o dövrün ən son ideya və nailiyyətlərindən istifadə edən, insanları aktual hüquqlar əldə etmiş cəmiyyətlər olub. Doğrudur, keçilmiş təcrübədən ibrət götürmək bir az çətin ola bilər, amma mümkünsüz deyil. Artıq klassik anlamda maarifçilik ideyalarını planetin əksər hissəsində qələbə çalmış hesab etmək olar. 1960-larda dünya əhalisinin 40%-ə qədəri savadsız idisə, indi bu rəqəm 15%-ə düşüb. Amma savadlanmış kəsimin də qarşısında duran yeni vəzifə internetin yayılması və daha çox insanın virtual azadlığının əldə olunmasıdır. Bu əslində sonu bəlli olan mübarizədir; şübhəsiz ki, internet gün-gündən daha çox yayılacaq və daha çox insan virtual azadlıq əldə edəcəkdir.
P.S. Dünyayla ayaqlaşmayanın axırı dünya tərəfindən əlləşdirilmək olur.
Firudin Allahverdi