Razyana qoxulu hekayələr - Mirmehdi Ağaoğlu
Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özü…
Yazıçı Seymur Baycanın yeni variantda işlənərək nəşr edilən “18.6” kitabından olduqca maraqlı bir hissəni oxuculara təqdim edirik.
“YAS YERİNDƏN REPORTAJ”
Bu həftə qarşınıza çıxan tabutlar, yolların kənarında quraşdırılmış yas mağarları sizi dünyanın faniliyi haqqında xeyli düşündürəcək. Qəzetlərin kriminal səhifəsində bıçaqlananların, intihar edənlərin, avtomobil qəzalarında ölənlərin təvəllüdünə baxıb, onların yaşda sizdən kiçik olmalarından təsəlli tapmayın. Həftə boyu hər axşam çimin. Özünüzə güllü alt paltarı alın. Hər gün səhər tünd ətir vurun. Uşaqlara bağışlamaq üçün cibinizdə "Baunti" şokoladı gəzdirin. Ey xanımlar, balaca oğlanlara göz vurun. Onları elə öpün ki, dodaqlarınızın izi üzlərində qalsın. Ölümdən qorxmayın. Sizin ürəyiniz təmiz, alnınız Tanrı və Şeytan qarşısında açıqdı. İki kilo alma, üç kilo heyva alıb çarpayınızın altına düzün.
Sevda Sultanova
Astroloq
"Ədalət" qəzeti, 2 Aprel, 2007
Bu gün səhər evdən çıxanda, neçə illərdir bizim həyətdə göyərti satan qarayanız qadını, növbəti dəfə qarnını uşaqla dolmuş gördüm. Yenə həmişəki kimi nazik ayaqları bir-birinə dolaşa-dolaşa, yəqin özünə bənzər arıq, səfeh kişidən döl tutduğu qarnındakı uşağı, göyərti dolu ağır səbətləri "kənd yumurtası, soğan, vəzəri" qışqıra-qışqıra həyət boyu sürüyür, əlini gözünün üstünə qoyub, evlərin balkonuna baxır, hərdən darıxdığından, bekarçılıqdan yaylığını açıb təzədən bağlayırdı. Bu səfeh, quşbeyin qadın düşünür ki, fasiləsiz şəkildə doğub Azərbaycan çöllərinə ötürdüyü övladlarından biri, qocalıb əldən düşəndə onu atmaz, öləndə yasa gələnlərə ehsan verər, qəbrinin üstünə başdaşı qoydurar, mollanın ovcuna 5 dollar basıb ruhuna Quran oxutdurar. Belə tipli adamlar uşaqlarını ona görə böyüdürlər ki, öləndə uşaqları da onların şəkillərini böyüdüb, evdə əhəngli divardan assınlar.
90-cı illərin əvvəlində bu evə köçəndə binada çoxlu rus ailələri yaşayırdı. Həyətdə səliqə-sahman vardı. Ruslar binanın ətrafına gözəl güllər əkmişdilər. Yayda dəstəylə balıq tutmağa, dənizdə çimməyə gedərdik. Axşamlar həyətdə oturub pendirlə qarpız yeyirdik. Rusiyaya, qohumlarının yanına gedib-gələnlər bizə maraqlı hədiyyələr gətirərdilər. Böyüklər geymədikləri paltarları balacalara bağışlayırdı. Ruslar zaman-zaman evlərini satıb Voronejə, Tulaya, Volqoqrada köçdülər. Ruslar azaldıqca binanın ətrafındakı güllər, çiçəklər də qurudu. Səliqə-sahman itdi. Binanın ətrafını zibillik mühasirəyə aldı. Ruslardan binada təkcə Mariya xala qalmışdı. O da heç şikayət etməzdi təzə qonşulardan. Gözünü Mariya xalanın evinə dikmiş təzə qonşular, hər gün ona araq alırdılar ki, içsin, əldən düşsün, ölümü tezləşsin. Amma o əksinə, gözəlləşirdi. Cavanlıqda çəkdirdiyi şəkilləri dönə-dönə mənə göstərirdi. Onun cavanlıq şəkilləri mənə Dostoyevskinin məşhur qadın qəhrəmanı Nastasiya Flippovnanı xatırladırdı. Bir az köklüyə meyilli, bir az da intriqaya həvəsli... Adam elədiyini deməz, pis çıxmasın, imkan daxilində hərdən Mariya xalaya zorla pul verirdim. Pulu alanda çox utanıb bərkdən qışqırardı: "Klyanus, Allax yest", "Klyanus Allax yest". Elə qətiyyətlə deyirdi ki, adamın içi sirkələnirdi. Öldü, polislər gəlib meyidini apardılar. Qonşular tez Mariya xalanın evini zəbt etdilər. Az qala unutmuşdum. Mariya xalanın iki iti vardı. Əyyaş Zahid içib Mariya xalanı qorxudurdu: "Bir gün bu itləri öldürüb, dərilərini soyub qurudacam. Balacanın dərisindən özümə əlcək, böyüyün dərisindən özümə kurtka tikəcəm". Mariya xala qorxusundan ağlayır, itlərin başın sığallayıb deyirdi: "Heç bilmirəm mən öləndən sonra bu itlərin axırı necə olacaq?". Mariya xala öldü, azərbaycanlılar itləri təpikləyib həyətdən qovdular.
***
Dünən möhkəm içmişdim. Başım ağrıyırdı. Dayanacaqdan 10 metr aralıda yerləşən "Arpaçay" kafesinə girib əlüstü bir bokal "NZS" pivəsi içdim. Elə bil qaynar hamam daşının üstünə soyuq su tökdülər. Böyrəklərimdən qalxan cızıltı səsini hətta qəşəng ofisiant qız da eşitdi. Bu qədər içmək olmaz deyib, dünəndən suya qoyduğu şişmiş iri Cəlilabad noxudunu yekə qazana tökdü. Şıltaqlıq edib kənara sıçrayan, diyirlənən noxud dənələrini uzun dırnaqlı barmaqlarıyla dənləyib qazana atdı. Aşağı əyiləndə ağ məmələrinə diqqətlə baxdım və daha bir bokal pivə istədim.
Yuxudan "Qaranlıq Azərbaycan" qəzetinin şef- redaktoru Şahvələd Çobanoğlunun zənginə oyanmışdım. Bu adamı çoxdan tanıyıram. 2003-cü il prezident seçkilərindən sonra müxalifətcilərə qarşı aparılan repressiyalara, işgəncələrə, həbslərə etiraz əlaməti olaraq bəyanat verib müxalifət sıralarına keçən jurnalistlərdəndir. Ortaboyludur. Gözləri qıyıq, sifəti kökdür. Daima qara rəngli köynək geyinir ki, bu da onu rus filmlərində orta asiyalı kriminal ünsürlərə bənzədir. Şef-redaktor məndən Fioletovka rayonuna getməyi, Həcc ziyarəti zamanı ölmüş Böyük Quruluş Partiyasının sədri, zəvvar Fazil Qəzənfəroğlunun yasından reportaj yazmağı xahiş etdi. Məsuliyyətsiz adam olduğumu, bir aydan sonra geri qayıdacağımı, malakanların yaşadığı rayonda doyunca veyillənəcəyimi bildiyi halda, yas yerindən reportajı yazmağı mənə həvalə etməsində, bir hikmət vardı.
Qara çantaya iki dəst dama-dama pambıq tuman, iki narıncı köynək, "Open" odekalonu, qara bloknot, bir qutu boranı tumu, çoxlu qələm atdım. Neçə gündür harasa getmək haqqında planlar qururdum. Şef-redaktorun zəngi lap hədəfə dəydi. Redaksiyaya getməyə, havayı vaxt itirməyə ehtiyac yoxdur. Cibimdə rayon sərgüzəştlərinə bəs edəcək qədər pulum var. 147 saylı marşruta oturub üz tutdum şəhər tərəfə. Dəhşətli tıxaclar səbr kisəmi daşırtdı. İki avtobus Qaqarin körpüsünün yaxınlığında toqquşmuşdu. Sürücülər söyüşür, siqnal səsləri adamın qulağın deşir, maşınların tüstüsü göz yaşardırdı. Hadisə yerinə yüzlərlə adam yığışmışdı. Avtobusdan düşüb taksiyə oturdum. Və bir az geriyə "Xətai" metrosuna qayıtdım. Bircə bu zəhərli şəhəri tərk etsəydim, bir az ciyərlərim "Qazel"lərin tüstüsündən təmizlənər, çoxmərtəbəli binalar tikən vəhşi fəhlələrin səsindən, palçıqqarışdıran "Kamaz"ların uğultusundan uzaqda başım dincələrdi. İki gün bundan əvvəl "Xətai" metrosunun yaxınlığında tikintisi bitməmiş yarımçıq binalardan biri yanıb külə dönmüşdü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısını ala bilmədilər. Binanın içində diri-diri yanan fəhlənin fəhlə qardaşı özünü alovun içinə atsa da, onu tutub arxaya çəkdilər. Binanı tikən şirkətin sahibi başını, gözünü döyüb ağlayırdı. Mən o adamı tanıyırdım. "Xətai" metrosunun yaxınlığında yaşayan adamları aldadıb həyətlərini almış, pullarını verməmişdi. Adamlar evsiz-eşiksiz qalmışdılar. Aldanmış sakinlər redaksiyaya üç vərəq həcmində şikayət məktubu göndərmişdilər. Aralarında şəhid ailəsi də vardı.
Qəflətən ürəyim İsgəndər dönəri istədi.
Metronun "Sahil" stansiyasında çıxıb "Anadolu" restoranına getdim. Neçə dəfə sınamışam, əgər qəfildən ürəyim istəyən yeməyi yeməsəm, işlərim düz gətirmir. Ötən il Lənkərana gedirdim. Qatarın yola düşməsinə iki saat qalmış ürəyim balıq qızartması istədi. "Lənkəranda yeyərəm, vaxt azdır" düşünüb nəfsimi boğdum. Təzə aldığım altıdüz ayaqqıbımı gecə qatarda oğurladılar. Bələdçinin cırıq ayaqqabısını 5 dollara alıb ayağıma keçirdim.
Üç ay əvvəl Bərdəyə toya getməli idim. Yola düşməli olduğum gün səhər yuxudan ayılanda, ürəyimdən yayma Şuşa xəngəli yemək keçdi. Tez geyinib kafeyə yollandım. Xəzər univermağına çatanda Tiflisdən Zaur Xəlilov zəng vurub elektron ünvanıma anket göndərdiyini dedi, anketi təcili doldurmağı xahiş elədi. Anketi doldurmağım çox vaxt apardı. Xəngəl yeyə bilmədim. Avtobusa gecikə bilərdim. Gecikmədim,amma yolda avtobus xarab oldu. Heç Tiflisdə keçirilən beynəlxalq konfransa da məni dəvət etmədilər.
"Anadolu"da İsgəndər dönəri, paytaxt salatı, meyvə şirəsi sifariş verdim. Hesabı bir qadınla nahar edən tanış aptek müdiri ödədi. Təbii əgər yanında qadın olmasaydı, sadəcə mənimlə görüşər, dilucu "nə qulluq edim" söyləyib, restorandan tələsik küçəyə qaçardı. Yüz faiz qadınla təzə tanış olub, özünün necə səxavətli, dostcanlı olduğunu göstərmək üçün əlinə şans düşmüşdü. Allah ürəyinə görə versin. Sakit-sakit İsgəndər dönərini, paytaxt salatını yeyib, meyvə şirəsini içdim. Qapının ağzında ofisiant qadının ovcuma tökdüyü limon suyunu sifətimə, boynuma çəkdim. Taksiyə əyləşib avtovağzala getdim. Vağzalda məni gözlədiyimdən də gur qələbəlik qarşıladı. Ölü heyvanların ətindən çəkilən kababın tüstüsü, ana seygahı, paçalarını aralayıb qucağında uşaq, pul dilənən qaraçı arvadların kəskin tər iyi, benzin iyi, təkər iyi, hisə verilmiş balıq iyi bir-birinə qarışmış, nəticədə Bakı Avtovağzalının klassik, özünəməxsus iysi yaranmışdı. Bir-birindən 15 metr aralıda yerləşən səsyazma studiyalarının hamısında əyalət cavanları ana seygahı oxudurdular. Yolda baş qatmağa "Tale yolları", "Oxu məni", "Ekran-Efir" qəzetləri və "Aysel" jurnalı, qazsız su, peçenye, şüşəli konfet aldım. Kafelərdən ətrafa yayılan kabab tüstüsü vağzalı bürümüşdü, elə bil burda İkinci Dünya müharibəsindən bəhs edən döyüş filmi çəkəcəkdilər. Bakıda fəhlə, konduktor işləyən əyalət kişiləri ana seygahının sədaları altında ölü heyvan ətindən çəkilmiş kababı iştahla yeyirdilər. Seygah mənə də təsir edirdi, yavaş-yavaş kədərlənirdim, həm də acırdım. Əgər avtobus bir az da gec yola düşsəydi, bilə-bilə məndə ölü heyvan ətindən çəkilmiş kababı yeyəcəkdim.
Özümdən ixtiyarsız səsyazma studiyasına girib "Mayak" maqnitafonunda fırlanan kaseti aldım. Şüşə vitrinə müğənni Baloğlan Əşrəfovun kasetləri düzülmüş, studiyanın divarlarına qəmli qadın müğənillərin şəkilləri vurulmuşdu. İdman kostyumu geyinmiş satıcı oğlan kaseti mənə uzatdı və "sağlıqla işlət" dedi. Kaseti çantamda, dama-dama pambıq tumanların arasında gizlətdim. Elə bu dəm sürücü sərnişinləri qoyun sürüsü kimi teyləyib avtobusa doldurdu. Bir sərnişin şıltaqlıq edir, peçenye, bulka, vafli satılan köşkə girir, səsyazma studiyasıyla kabab manqallarının arasında ora-bura qaçırdı. Çox güman təzə tikilən binaların birində fəhlə işləyən bu kişi, evə, uşaqlarının yanına əliboş getməyə utanırdı. Konduktor utancaq fəhləni tutub avtobusa soxdu. Yanımda qoca bir kişi oturmuşdu. Dodağının altında nəsə pıçıldayır, təsbeh oynadır, avtobusun yuxarı hissəsində quraşdırılmış televizorda, göbək rəqsi oynayan qızlara baxıb, hərdən "Stalin sağ olsaydı, bu qəhbələrin hamısın mauzerlə özü gülləliyərdi" deyirdi. Rayona halal-hümbət arvadlarının yanına bazlığa gedən fəhlələr, hansı tikinti şirkətinin nə qədər maaş verdiyi, iş rejimi, şirkət prezidentlərinin xasiyyətlərindən, mühəndislərin tikinti materiallarını necə oğurlamasından danışırdılar. Hər gün Bakıda tikilən yeni binalardan iki-üç fəhlə yıxılıb ölür. Avtobusda eşitdim ki, iki gün əvvəl "Xətai" metrosunun yaxınlığında yanan binanın içində külə dönmüş fəhlə, cəmi iki ay əvvəl evlənibmiş. Avtobusdan sarımsaq iyi gəlirdi. Çantadan "Open" odekolonunu çıxarıb üstümə çilədim. Yanımda əyləşən qoca kişi də ətir istədi. Ürəyimdə söyə-söyə, qoca osturaqçının yaxasına azca ətir vurdum.
-Harda qaldı "Krasnı Moskva" ətrinin iyi? Adamın üstündən bir ay getmirdi. Arvadlar kişilərin paltarını yuyanda bihuş olurdular. Mənim əmim həmişə "Krasnı Moskva" vururdu.
Harda gicdıllaq var, gərək mənim qarşıma çıxa. Axmaq söhbətləri eşitməməyin bircə əlacı var - "Araz" radiosuna qulaq asmaq. Nauşniki qulağıma taxıb, fəhlələrin söhbətinə vızqırt komandası verib, tamam başqa aləmə girdim. "Araz" radiosunun yorğun diktorlarının səsi adama öldürücü kədər aşılayır. Bir növ tətil günlərində boş qalmış məktəb sinifi kimi bir şey. Avtobusun yuxarı başında quraşdırılmış televizorda indi də şit "İnterpapa" komediyasını göstərirdilər. Fəhlələr ekrana sarı boylanır, şit zarafatlara ürəkdən gülürdülər. Pəncərədən əyilmiş evlərə, evlərin damındakı çanaq antenlərə, bu antenlərdən evlərə axan türk serial qəhrəmanlarının dərdini çəkən bədbəxt adamların həyət-bacada vurnuxmasına, uzaqdan pələngə oxşayan sarı inəklərə baxırdım. Arvadlar ləyəndə nəsə daşıyır, qoca bir kişi nəvəsini daşın üstündə otuzdurub, atası Bakıda tikinti şirkətində fəhlə işləyən uşağın başında dəlləklik öyrənirdi.
"Araz" radiosunda idman xəbərlərini dinləyirdim. Azərbaycan idmançıları Bolqarıstanın Sofıya şəhərində keçirilən karate üzrə Avropa çempionatında çox uğurla çıxış etmiş, vətənə altı qızıl, üç gümüş, iki bürünc medal gətirmişdilər. İdmançıların qohumları, dostları və sadə vətəndaşlar onları Binə hava limanında gül çiçəklə qarşılamışdılar. İdman xəbərləri qurtardı: "Əziz vətən oğulları! "Araz" radiosu vətənin əsgər oğulları üçün hazırladığı konsert proqramını təqdim edir. Konsertdə Samir Bağırovun, Nadir Qafarzadənin, Tolikin və Faiq Ağayevin ifaları səslənəcək. Azərbaycan müğənnilərinin oxuduğu mahnılar 2005- ci ildə lentə alınıb".
Avtobus dayandı. Sürücü qara parça torbanı maşına sarı yürüyən uşağa verdi. Azərbaycan ərazisində avtobusla yol gedəndə ömrümün ən kədərli anlarını, ən əclaf hərəkətlərimi xatırlayıram.
İsa Hüseynovun təbirincə desəm, zaman o zaman idi ki, erməni-müsəlman davası təzə-təzə qaynamağa başlayırdı. Kağızının üstündə pırpız saçlı canavar şəkli olan dördkünc dondurmaya ermənilərin donuz tükü qatdığı haqda söhbətlər gəzirdi. Özgə vaxtı bu dondurmanın üstündə dava düşərdi. Bu söhbətlər ortaya çıxmaqla dadlı dondurma yeməyə camaat qorxdu. Dondurmanı istehsal edən süd kombinati ermənilərin yaşadığı Stepanakert şəhərində yerləşirdi...Guya donuz tükü adamın bədənində sağalmaz xəstəlik yaradır. Bacım anamın çantasından bir manat pul oğurlamışdı. Bu pula hərəsi 25 qəpiyə 4 dondurma alıb yedik. Dondurmanı yedim və bacımın pul oğurlamasını anama xəbər verdim. Onu möhkəm, sifəti göyərənə qədər döydülər. Avtobus çökəyə düşdü. Başım pəncərəyə dəyməsəydi, qəbirstanlığa tabut aparan bir dəstə qarapaltarlı adamı görməyəcəydim. Cəmi on saniyə sonra qəbirlər, qara paltarlı adamlar, tabutun içindəki qəbirstanlığın təzə sakinini, sürətlə gedən avtobus arxada qoydu. Allah rəhmət eləsin.
Avtobus Kürdəmir rayonu ərazisində, yol kənarında yerləşən restoranın qarşısında dayandı. Belə restoranlara müştəri verən sürücülər, əvəzində pulsuz yemək yeyirlər. Gördüyüm mənzərələr məni acdırmışdı, amma yerimdən tərpənmədim. Qoca kişi məni çay içməyə dəvət etdi. Başımla yox cavabı verdim. Avtobusdan düşənlər tualetə tərəf gedirdilər. Qadın tualetinin qarşısında qoca bir arvad əlində qara çanta öz növbəsini, bəlkə də qızını, gəlinini gözləyirdi. Kişi tualetinin qarşısında kişilər siqaret çəkirdilər. Nə siqaret çəkməyə, nə işəməyə, nə də çay içməyə həvəsim yox idi. Zatıma lənət, əgər bir də Azərbaycanda avtobusa minsəm. Cinə oxşayan bir məxluq avtobusa girib mənə lotoreya uzatdı.
-Al, sonuncudur, sabah oynayır. Bəxtini sına. Keçən həftə bir kişi məndən aldığı lotoreyayla paltaryuyan maşın uddu.
-Hardan bildin.
-Bakıya qayıdanda mənə şirinlik verdi.
-Nə qədər?
-On dollar.
-Nə xəsis adam imiş.
-Allah bərəkət versin.
-Neçə yaşın var?
-Otuz üç.
Bekarçılıqdan bu cinə oxşayan adama ən axmaq suallar verdim. Dişləri qara, keçəl, şalvarının hər iki balağı süzülmüş, sağ əlinin üstünə tuşla "ANA" sözü yazan bu məxluqdan başqa nə soruşa bilərdim:
-Evlisən?
-Yox.
-Niyə evlənmirsən?
-Qardaşımı gözləyirəm. Axırıncı lotoreyadır, al, bəxtini sına. Sən mənim Rusetə gedən qardaşıma oxşayırsan.
Tərsliyimə salıb lotoreyanı almadım. Sürücü ağzını marçıldada-marçıldada motoru işə saldı. Konduktor evə, halal hümbət arvadlarının yanına bazlığa gedən fəhlələri avtobusa minməyə tələsdirdi. Yarımçıq siqaretləri yerə tullayan fəhlələr avtobusa doluşdular. Avtobusa girən hər fəhlə, tüstünü salona buraxırdı. Hərə öz yerində oturdu. Çantamdan peçenye çıxarıb bir-ikisini yedim. Qoca kişi də peçenye istədi. Avtobus tərpəndi. Heç on dəqiqə keçməmiş "sonuncu" lotoreyanı əcaib məxluqdan almadığıma it kimi peşman oldum. Ürəyimdə xal qaldı. Gör lotoreya satan o məxluq, gündə neçə avtobusa girib, nə qədər adamın ürəyinə xal salır. Əcəb imtahandır. Alsan da, almasan da, peşiman olursan.
Vağzalda avtobusdan düşdüm. Bir neçə taksi sürücüsü var-qüvvətlə üstümə şığısalar da, mən sakitcə siqaret yandırdım. Əsgərlik yoldaşım Mehman, ana heykəlinin başına dövrə vurub, köhnə qırmızı "Jiquli"ni yanımda saxlayıb, qapını açdı. Ana seygahına qulaq asırdı. Mən dama-dama tumanlarımın arasında gizlətdiyim kaseti, üstünə balaca, rəngli əl-üz məhrabası sərilmiş maşın şitinin üstünə atdım. Birbaşa yas yerinə getdik. Mağarın yanında siqaret çəkən "Azadlıq" radiosunun bölgə müxbiri Rövşən Qəmbərovu görəndə sevindim. Nə yaxşı, Rövşənin burda olması işimi asanlaşdıracaq. Fazil Qəzənfəroğlu milli hakimiyyət dövründə prezident aparatının hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. Hətta rəqibləri onu ağıllı, savadlı siyasətçi kimi dəyərləndirirdilər. Milli hakimiyyət devrildiyi zaman Türkiyəyə getmiş, beş il İstanbulda yaşamış, bol vaxtdan bəhrələnib türk və islam tarixi haqqında yeddi kitab yazmışdı. Vətənə qayıtdıqdan sonra mətbuatda adət-ənənələrə, mentalitetə qarşı sərt yazılarla çıxış edərək, başına xeyli sayda savadlı gənc toplayan mərhum, Böyük Quruluş Partiyasını yaratdı. Güclü intellektual bazaya, mükəmməl mütaliyəyə malik bu gənc siyasətçinin milli mentalitetə, azərbaycanlıların yas-toy adətlərinə, azərbaycanlıların ailə modelinə, milli mətbəxə qarşı elan etdiyi müharibə, yazdığı məqalələr, verdiyi radikal müsahibələr gənclərin çox xoşuna gəlir, onu tam fərqli, modern düşüncəli siyasət adamı obrazında göstərirdi. Bu proses cox davam etmədi. Bir neçə aydan sonra Fazil Qəzənfəroğlu iqtidara qarşı radikal siyasətdən uzaqlaşmanın vacibliyi haqda yazılar yazmağa başladı. Daha sonra o yazılarında ölkədə baş verən qanunsuzluğun, korrupsiyanın , adam oğurluqlarının, təhsilin və səhiyyənin bərbad vəziyyətdə olmasının günahını hakimiyyətdə yox, xalqın özündə axtarmağa başladı. O, yazılarında ölkədəki vəziyyətə görə mövcud hakimiyyətin deyil, xalqın günahkar olduğunu vurğulayırdı. Bir az da uzağa gedərək, xalqın demokratiyaya hazır olmadığı haqda danışmağa başladı. Onun fikirincə polisin və digər güc strukturlarının vətəndaşlara qarşı sərt munasibət göstərməsi, sadəcə zəruriyyətdən doğur. Qısası, hər xalq öz iqtidarına layiqdir. Keçmiş silahdaşları Fazil Qəzənfəroğlunu Viktor Hüqonun“Səfillər” əsərindəki Tenardye obrazına bənzədirdilər. Onların fikirincə, Tenardye, Vaterloo məğlubiyyətindən yararlanaraq, Vaterloo düzündə ölmüş əsgərləri soymaqla özünə bir aşxana açmaqa nail olmuşdu. Aşxananın da adın qoymuşdu “Vaterloo serjantı”. Fazil Qəzənfəroğlu da Milli Hökumətin devrilməsindən yararlanaraq, özünə bir deputat mandatı düzəltməyi bacarmışdı. Rəqiblərinin dediyinə görə Fazil bəy seçiçilərdən səs ala bilməyib,deputat mandatı ona, bir vaxtlar özünün də təmsil olunduğu Milli Hökumət zamanı buraxılan səhvlərdən danışması, Milli Hökumətin ölkəni idarə edə bilməməsı haqda yazdığı məqalələrin müqabilində hədiyyə olunub. Fazil bəy 2005 ci ildə Sabunçu rayonundan Milli Məclisə deputat seçilmişdi. Rəqiblərinin təbirincə desək, deputat mandatı ona hədiyyə olunmuşdu. Həcc ziyarətinə gedən gənc siyasətçinin ziyarət zamanı basabasa dözməyən ürəyi, müqəddəs torpaqda qəfil dayandı. Meyidini qaydaya uyğun olaraq vətənə gətirməyib, orda basdırıblar. Dünən Məkkədə şeytanı daşlamaq mərasimində 345 zəvvar basabas nəticəsində dünyasını dəyişib. 1990-cı ildə Məkkədəki tuneldə iki zəvvar izdihamının üz-üzə gəlməsi nəticəsində 462 zəvvar həlak olmuşdu. 1994-cü ildə şeytanın daşlanması zamanı yaranmış basabasda ölənlərin sayı bir az azalıb- 270 nəfər. 1997-ci ildə Mina dağı ətəyində zəvvarların qaldığı düşərgədə çıxan yanğında 343 zəvvar canını o bir olan, uca Allaha tapşırıb. 1998-ci ildə yenə də şeytanın daşlanması zamanı 119 nəfər, 2004-cü ildə isə 244 zəvvar basabas nəticəsində dünyasını dəyişib.
Bizi yas mağarına dəvət etdilər. Balaca boşqabdakı üstünaxışlı halvanı çayla içdim. Yas əhli yavaşca söhbət edir, molla hədislər danışır, həyətin yuxarı başından ağlaşma səsi gəlirdi. "Azadlıq" radiosunun bölgə müxbiri Rövşən Qəmbərov Bakıdakı vəziyyəti soruşdu və əyalətdə müxbir olmağın necə çətin olmasından danışdı.
-Niyə, bəyəm, maaşın azdır?
-Yox, əksinə, burda xərc az çıxır. Maaşım dolanmağıma bəs deyincə çatır. Ət, yumurta, kartof ucuzdur. Amma radioya xəbər göndərə bilmirəm. Rayonda hamı bir-birini tanıyır. Ötənlərdə Molla Kərim kəndində 17 yaşlı qız uşağı özünü tövlədə asmışdı. Camaat deyir ki, qız evli bir kişidən uşağa qalıbmış. Xəbəri büroya ötürdüm. Qızın qohumları məni az qala öldürürdü. Xəbər verməyəndə də Bakıdan zəng vurub danlayırlar. Çətindir. Dünən beş uşaq anası ərinin yatdığı yerdə baltayla boynunu vurub. Bakıya qayıdanda yazarsan. Mən yaza bilmirəm. Kişi tikinti şirkətində fəhlə işləyirmiş. Üç aylıq maaşını Bakıda, "Arzuların qanadı" kafesində qəhbələrə xərcləyən kişi, evə əliboş gəlib. Arvad bu üç ay ərzində mağazadan nisyə aldığı çörəyin, qəndin, sabunun, unun pulunu ödəmək lazım olduğunu deyəndə, kişi arvadını çarpayının üstünə atıb, iki-üç sillə vurduqdan sonra, arvadı o söz...
-Öldürüb?
-Yox. Zorlayıb.
-Zorlamaq niyə deyirsən. Halal arvadıdı. Nə istəsə edə bilər.
-Arvad kişiylə yatmaq istəmirmiş. Qəzəbli imiş. Kişi evə pulsuz qayıdıb. Mağazaya xeyli borcları varmış. Kişi arvadı zorlayıb. Sonra bərk yatıb. Arvad da ət baltasın götürüb, ərinin yatdığı yerdə boynun vurub. Prokuror hadisə haqqında mənə bunları danışdı. Bu ilkin versiyadı. Qətlin əsl səbəbi araşdırılır.
-Rayonda vəziyyət necədir?
-Vəziyyət ruscadır. Ötən ay rayona Rusiyadan 10 kişi meyidi gətirdilər. Beşin dazbaşlar öldürüb. Birinin ürəyi dayanıb. Üçü yol qəzasında ölüb. İkisinin ölüm səbəbi naməlumdur. Qohumları gizlədirlər. Üç qadın intihar eləyib. Bakıda fəhlə işləyən iki kişi də binadan yıxılıb ölüb.
-Əməlli-başlı informasiya bolluğudur.
-Rayondur, yaza bilmirəm. Bekarçılıqdan bütün günü roman oxuyuram. Qorkinin "Üç dost" romanın iki günə oxudum.
-Rayona gəzetlər gəlir?
-Gəlir,amma icra başçısı müxalifət qəzetlərini alıb yandırır. İnternet klubda müxalifət qəzetlərinin saytına girməyə qadağa qoyublar. Kitabın nə vaxt çıxır?
-Bilmirəm.Yazmağa nə həvəs var, nə də pul.
-Birincini oxudum. Məncə bir az tələsik yazmısan. Sujet yoxdu. Elə bil yazmağa qorxursan. Təbiət təsvirləri zəifdir. Bir də çalış söyüşdən istifadə etmə. Söyüş yazmaqla sən imicinə zərbə vurursan.Sən uşaqsan söyüş yazırsan? Qoy söyüşü uşaqlar yazsınlar.
-Bəyəm Limonov uşaqdır?
-Limonov uşaq deyil, Limonov rusdur. Rusa olar. Onlar doğulanda ağlamaq əvəzinə söyüş söyürlər. Sən söyüş yazdığına görə adamlar səni qəbul etmirlər...Kitabını bir zabit dostuma vermişdim oxumağa. Çox xoşuna gəlib. İkincini çalış, qalın yaz.
-Zabitlər söyüş söyməyi sevirlər.
Bu vaxt masalara ehsan plovu düzüldü. Plovu deyəsən, ocaqda dəmləmişdilər. Xan düyüsünün ətri bir anda mağarı bürüdü. İntuisiyam məni aldatmamışdı. Nə yaxşı Kürdəmirdə çörək yemədim. Həm adama qiymət oxuyurlar, həm də yolkənarı restoranlarda ölü heyvan ətindən yemək bişirirlər. Bakıdan gəldiyim üçün mənim qarşıma yekə boşqabda aş qarası qoydular. Deyəsən, mağarın başında dayanıb əli podnoslu uşaqlara sakitcə tapşırıqlar verən kişi məni tanımışdı. Molla hərdən başını çevirib, mərhumun kənarına qara lent bağlanmış portretinə baxırdı. Bu şəkili Fazil bəy parlament seçkilərindən əvvəl çəkdirmişdi. Şəkildə gülümsəyir, gözləri çox ağıllı görünür, çənəsinə qədər qaldırdığı barmağı ilə seçicilərə həyatı başa salmağa hazırlaşırdı. Belə əminliklə, ürəkdən gülən adamın beş-altı ay sonra öləcəyinə nə şəkli çəkən fotoqraf, nə seçicilər, nə də biz jurnalistlər inanmazdıq.
Elə bu an Rövşən ağzını qulağıma yaxınlaşdırıb dedi:
-Seymur bəy, şəkilə bax, gör Fazil bəy necə gülümsəyir. Bəlkə o ölməyib?
-Ola bilməz. Ölməsəydi, camaata ehsan verməzdilər. Plov soyuyur, məni danışdırma.
Boşqabıma gözəl dəmlənmiş plov çəkdim. Şabalıdları, ət tikələrini seçib, səliqəylə plovun üstünə düzdüm. Acmışdım, amma mədəmi yumşaltmaq üçün plovu yeməmişdən əvvəl bir stəkan noxudlu dovğa içdim. Hər şeyin təbiisi necə gözəldi. Gör qazda dəmlənən plovla, ocaqda dəmlənən plov arasında nə qədər fərq var. Düyü adamın ağzında əriyir. Plovun qarası da çox dadlı alınmışdı. Ürəyimdən daha bir stəkan dovğa içmək keçdi. Mağarın qarşısında dayanıb əli podnoslu uşaqlara sakitcə işarələrlə tapşırıq verən kişi, sanki ürəyimi oxudu. Saqqallı, arıq oğlanın qulağına nəsə pıçıldadı və iki dəqiqə keçməmiş həmin ofisiant qarşıma iki stəkan dovğa, boşqabda qara tikələr, şabalıdlar, kişmiş, ərik qoydu. Plovu çörəksiz yeyirdim. Ocaqda dəmlənən plovun ayrı ləzzəti var. Kəmərimi azca boşaldıb mədəmə sərbəstlik verdim. İndi daha bir boşqab plovu asanlıqla, yavaş-yavaş yeyə bilərəm. Hamının başı plova qarışmışdı. Mağarın başına vurulmuş Fazil bəyin qara haşiyəli portreti onun ehsanını yeyənlərə baxırdı.
-Seymur, mənə elə gəlir o ölməyib. Bax, necə gülümsəyir.
-Ölməyən adama ehsan verməzlər. On ildir "Azadlıq" radiosunda işləyirsən, hələ də bu böyük həqiqəti dərk edə bilməmisən. Boşqabını ver, sənə bir az plov çəkim.
Üçüncü dovğa stəkanını içəndə gözüm yenə Fazil bəyin gülümsəyən portretinə sataşdı. Məclisdə buğlanan plov, mərhumun portretdə alnını azca tərlətmişdi. Ölməyibsə, lap yaxşı, vətənə qayıdanda ondan dirilməsi münasibəti ilə qonaqlıq qopardaram. Molla boğazını arıtlayıb, yenə başını çevirib mərhumun gülümsər portretinə baxdı. Bir neçə dəfə öskürdü. Bununla da indi Fatihə oxuyacağını ehsan yeyenlərə catdırdı. Qaşıq səsi mağarda səngidi. Adamlar ağızlarında qalmış son tikəni tələsik çeynəyib uddular. Qorxusu yoxdur, molla lap dörd müqəddəs kitabı oxusun, doyunca yemişəm. Belə yağlı, gözəl plovdan sonra siqaret tüstülətməyin əla ləzzəti var. Fatihə bitən kimi bir "Kent" siqareti yandırdım. Yaxşı ki, gəldim. Şəhərdə darıxırdım. Məclis əhlinə çay paylandı. Doymuş adamlar rahat söhbətlər edir, Fazil bəy haqqında hərə öz xatirəsini danışırdı. İki paxlavayla çay içib, Rövşənə işarə edib bayıra çıxdım. Mehman maşında oturub məni gözləyirdi. Mərhumun əmisini kənara çəkib reportajın skeletini qurmaq üçün ümumi qeydlər apardıq:
"Hər il olduğu kimi bu il də minlərlə həmvətənimiz həcc ziyarətinə yola düşüb. Ancaq bu dəfə qayıdanların sayı gedənlərin sayından bir nəfər az olacaq. Ziyarətin sonuncu günü yenicə Hacı adı qazanmış zəvvarlarımızdan biri - Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu dünyasını dəyişib və qaydaya uyğun Məkkə torpağında basdırılıb. Dünən doğulduğu torpaqda qurulan yas məclisi ilə bərabər, Məkkə şəhərində də zəvvar yoldaşları onun üçün yas mərasimi təşkil ediblər. Fazil bəy doğulub boya başa çatdığı torpaqda xeyirxah əməlləri, səxavəti, kasıb-kusuba əl tutması ilə tanınıb. Müəllimləri onu çalışqan, tərbiyəli, ağıllı, ev tapşırıqlarını elə sinifdəcə öyrənən, şeri bir dəfə oxumaqla əzbərləyən şagird kimi xatırlayırlar. Əmisinin dediyinə görə, mərhum elə bil öləcəyini bilirdi. Məhz buna görə də ziyarətə yola düşməmişdən bir gün əvvəl, özü üçün ehsan məclisi qurub, bütün işlərini, bank hesablarını qaydaya salıb, təzə aldığı maşında rayonu qarış-qarış gəzərək, uşaqlıq illərini keçirdiyi yerlərə diqqətlə baxaraq, dərin düşüncələrə dalıb. Mərhumun əmisinin dediyinə görə, heç vaxt ibadətlə məşğul olmayan Fazil bəy, bir ay müddətində namaz qılmağı öyrənib və Məkkə ziyarətinə getmək barədə qəti qərar verib.
Hacı Fazil Fioletovka rayonundan Məkkədə rəhmətə getmiş ilk şəxs deyil. Onun ulu babası da çar hakimiyyəti dövründə Məkkədə vəfat edib və orda dəfn olunub. Fazil bəy tez-tez telefonla əmisinə zəng vurub vəziyyətin yaxşı olduğunu deyirmiş. Sonuncu dəfə zəng vuranda bir həftədən sonra evə dönəcəyini bildirib, qonaqları qarşılamaq üçün hazırlıq işlərinə başlamağı tapşırıb. Amma elə bil ürəyinə nə isə damıbmış. Fazil bəyin əmisi mərhum haqqında bunları dedi:
“ Ziyarətə gedəndə bizimlə çox mehriban görüşdü və dedi ki, bəlkə mən geri qayıtmadım. Cavan adam idi, heç bir xəstəlikdən şikayətlənmirdi. Getməmişdən əvvəl özü üçün ehsan verdi, Molla çağırdı, şəkillərini camaata payladı. Təyyarəyə minməmişdən əvvəl adamlardan ayrıldı, gəlib yenidən mənimlə görüşdü. Sonra ağlaya-ağlaya təyyarəyə mindi. Hamı burda onu xeyirxah adam kimi tanıyırdı. Məhlənin yollarını təmir elətdirdi, evlərə su çəkdi, uşaqlar üçün pulsuz internet-klub, ingilis dili kursu açdırmışdı. Ziyarətə getməmişdən əvvəl kasıblara pul payladı. Cibinin düşməni idi. Bu rayonda hələ heç kəs ziyarətə getməmişdən əvvəl özü üçün ehsan verməyib. Elə adam yoxdur rayonda”.
Sözsüz ki, dünyaya gələn hər kəs bir gün dünyadan getməlidir. Bir il tez, iki il gec. Nə fərqi var? Müqəddəs torpaqda ölüb orda basdırılmaq böyük xoşbəxtçilikdir. Bu xoşbəxtlik hər kəsə qismət olmur. Yas məclisində iştirak edən rayon ağsaqqalları da Hacı Fazilin hələ gənc yaşlarından xeyriyəçiliklə məşğul olduğunu, hər zaman kasıblara əl tutduğunu vurğuladılar. Ziyarətdən qayıdıb qəbirstanlığın yoluna asfalt döşətdirəcəyinə, yolun kənarına işıq çəkəcəyinə, güllər əkəcəyinə söz veribmiş. Qismət olmadı. Fələk aman vermədi. Allah rəhmət eləsin!"
Mərhumun əmisinə başsağlığı verib, Allahdan səbr dilədim. Mehman təmkinlə maşında oturub məni gözləyirdi. Ana segahının sədaları altında siqaret çəkirdi. "Sür Malakan məhəlləsinə" - dedim. Qəribədir, maşının sürəti artdıqca, maqnitofon daha sürətlə kaseti fırladırdı. Maşın balaca malakan evlərinin arasından keçəndə şüşəni endirdim ki, təmiz rayon havası məni acdırsın. Malakan uşaqları küçədə futbol oynayır, qoca arvadlar kötüklərin üstündə oturub corab toxuyurdular. Sırayla düzülmüş evlərin kirəmitli damlarında, iplərdən asılmış ağ mələfələrdə dəhşətli romantika vardı. Kərpicdən tikilmiş kirəmit damlı evləri çox sevirəm. Əlində balıq, əynində dama - dama köynək yol keçən malakan qızını görəndə, lap ürəyim getdi. Maşını parkda, restoranın həyətində saxladıq. Restorana girməzdən əvvəl ağacların arasında gəzişib, dərindən nəfəs alaraq, təmiz havanı ciyərlərimə çəkdim. Gəzintidən sonra tualetə girib qarnımı yaxşı-yaxşı boşaltdım. Əl-üzümü şiddətlə yuyub, boynuma, başıma su vurdum. Əla. İndi nə qədər desən, yeməyə hazıram. Restoranın balaca, sadə otaqlarından birinə girib yerimizi rahatladıq. Divara çəmənlikdə kabab çəkən kişilərin şəkli vurulmuşdu. Bəxtsiz əyalət rəssamının sırf restoran estetikasında çəkdiyi bu rəsm əsərində, iki it, kabab tüstülədən kişilərə baxır, onlara sümükdən-zaddan atılacağını gözləyirdilər. Ofisiantı çağırıb quzu kababı, soyutma toyuq, göyərti, xiyar turşusu, pendir, balıq qızartması, kükü, acika, süzmə, həzmi yüngülləşdirmək üçün qatıq, dana basdırması, sarımsaq, göbələk salatı, kartofla qızardılmış toyuq içalatı, evdə çəkilmiş qırmızı çaxır sifariş verdim. Əyalət rəssamının çəkdiyi rəsmi tərsinə çevirdim. Kabab çəkən kişilərdən sümük gözləyən itlərin məzlum baxışı iştahımı küsdürə bilərdi. Əsərin arxasına "Yeganə, mən sənin skeletinlə də evlənməyə hazıram" sözləri yazılmışdı. Hə, bu başqa məsələ. Əsl sənət əsərini xalqdan gizlədirlər. Həmin cümləni bloknotuma qeyd etdim. Sevgi səhnəsi yazanda işlədərəm. Xalqdan gələn belə cümlələr oxuculara möhkəm toxunur. "Моя семья" təbii şirə qutusunun içində qaz balası satan qoca qarı haqqında yazdığım hekayə, ötən il proza müsabiqəsində üçüncü yer tutmuşdu. Təşkilatçılardan diplom və 250 dollar pul mükafatı aldım. "Моя семья" təbii şirə qutusunun içində qaz balası satan qoca qarını Qax rayonunun balaca bazarında görmüşdüm. Bu mənzərə mənə güclü təsir etmişdi. Arvad soyutma yumurtanı əlində ovxalayıb karton qutunun içində bazara satmağa çıxartdığı qaz balalarını yemləyirdi.
Ofisiant əlində yekə podnos içəri girib yeməkləri bir-bir masaya düzdü. Rayona gələsən, göy qutabı yeməyəsən. Böyük günahdır. O dünyada İnkir- Minkirə nə cavabı verəcəm? Ofisianta 10 göy qutabı gətirməyi tapşırdım. Kabab tikəsindən birini götürüb dərhal dişimə çəkdim. Yumşaqdır, sümüyü nazikdir, ət dadlıdır, çox qurutmayıblar. Stəkanlara çaxır süzüb, birinci badəni dostluğun şərəfinə vurduq. Yeməklər soyuyurdu, yoxsa dostluq haqqında kədərli əhvalatlar danışıb Mehmanı ağladardım. Cox sentimental adamdı. Nə danışırsan ağlayır.
Bizim folklorumuz dostluq haqqında axmaq əhvalatlarla zəngindir. Belə əhvalatları dostu olmayan adamlar quraşdırırlar. Necə ki, son zəng çalınanda illərlə məktəbə gəlməyən, müəllimləri döyən, pinti, sinif şüşələrini sındıran şagirdlər hönkür-hönkür ağlayırlar. Sümüyü bərk, sağlam kənd toyuğunu parçalayıb döş hissəsini boşqabıma qoydum. İki balıq tikəsini yedim. Malakanların qoyduğu kələm, xiyar turşusuna söz ola bilməz. Dişləyəndə xırçıldayır. Duzu nə çoxdur, nə də az. Turşu qoymağın ustalarıdırlar. Malakanları Azərbaycana sürgün edən Yekaterinaya Allah rəhmət eləsin. Süzməni qaşıqlayıb yedim. İştahım daha da açıldı. Mehman stəkanlara evdə çəkilmiş qırmızı çaxırdan süzdü. O, əsgərlik xatirələrini danışmaq istəyir, mən imkan vermirdim. Zəhləm gedir əsgərlik xatirələrindən. Qoy rahat çörəyimizi yeyək. Ofisiant isti, göy qutabların boşqabda masanın üstünə qoydu. Dərhal qutabdan üçünü isti-isti qatıqlayıb qarnıma ötürdüm. Təmiz çaxır, təmiz rayon havası, dünyanın faniliyi, yolda gördüyüm qəbiristanlıqlar, Fazil Qəzənfəroğlunun qara haşiyəli portreti mənə dəhşətli iştah gətirmişdi. Qəfildən gözüm üstünə nanə və kəkotu qurusu səpilmiş dana basdırmasına sataşdı. Axır vaxtlar görmə qabiliyyətim lap zəifləyib. Bayaqdan bu boyda tikələri görmürəm. Mehmanın yaxşı, sədaqətli dost olması haqqında sağlıq deyib, ona həyatda xoşbəxtlik arzulayıb, evdə çəkilmiş qırmızı çaxırı vurduq. Çaxır qanımı qızdırdı. Göbələk salatını, kartofla qızardılmış toyuq içalatının üstünə töküb çörəksiz qaşıqlayıb yavaş-yavaş yedim. Stəkanları doldurub sağlıqsız-zadsız vurduq. Ofisiantı çağırıb bizə nar suyu, acı bibər, kartof külləməsi gətirməsini sifariş verdim.
-Mehman yadındadır?
-Nə?
-Biz hər gün səhər hərbi hissənin kənarında qaçanda, Tiflis-Bakı qatarının pəncərəsindən əsgərlərə baxan sərnişinlərə söyüb, o bəxtəvər insanlara qibtə edirdik. Bizə siqaret-zad atsalar da, hirsimizdən cırılırdıq. Qatarın pəncərəsində qız görəndə sürətimizi artırıb qatarla paralel 300-400 metr qaçırdıq. Bir ay əvvəl Tiflis-Bakı qatarıyla hərbi hissənin yanından keçəndə, əlimdə limonlu çay, pəncərədən səhər idmanına çıxmış, qatarla paralel qaçan və yəqin ki, mənə bəxtəvərlik yağdıran əsgərlərə baxdım. Ədabaz serjantın qışqırığı qatara çatırdı. Gəl bu badələri "Yeganə, mən sənin skeletinlə də evlənməyə hazıram" sözlərini yazan rəssamın sağlığına içək.
Vurduq. Yenə vurduq. Yediyimi yemişdim. İstədiyim qədər fəlsəfi, bədii, savadlı sağlıqlar deməyə vaxt vardı. Həm də Mehmana, seçilmiş, kitab yazan bir adamla bir yerdə xidmət etdiyini göstərməli idim. Əgər siz günorta saatlarında Qazax rayon mərkəzi parkında oturub çay içsəniz, nəsə axtaran bir orijinal tip görəcəksiniz. Bu adam əyalət şairidir, heyvanlar haqqında uşaq şeirləri yazır və bütün günü rayon mərkəzində gəzib, öləndən sonra qoyulacaq heykəlinə sağkən yer axtarır. Vurduq. Keflənmişdim. Özümü çox rahat hiss edirdim. Yeməyin üstündən heyva mürəbbəsi ilə kəkotulu çay içdik. Ofisiantı çağırıb hesabı ödədim. Mehman bir az götünə-başına yaxsa da, əlini cibinə salmağa imkan vermədim. Kasıb oğlandır. Əyalət rəssamının çəkdiyi rəsm əsərini çevirib otaqdan çıxdım. "Yeganə, mən sənin skeletinlə də evlənməyə hazıram" sözləri qaldı divar tərəfdə. İtlər, çəmənlikdə manqal tüstülədən kişilərdən, arxa ayaqları üstə oturub, hələ də sümük gözləyirdilər. Bayırda mülayim hava var idi. Başımı sağa-sola fırladıb boynumu şaqqıldatdım. Restoranın həyətində iki malakan uşağının dalaşdığını gördüm. Uşaqlardan biri kənarda, daşın üstündə oturub krossvord dolduran atasına şikayət etdi:
-Ata, Saşa qarışqaları öldürür.
Ata heç başını qaldırmadı. Krossvordunu doldururdu. Tövrünü pozmayıb cavab verdi:
-Eybi yox, ona toxunma, qarışqalar çoxdur!