post-title

Sevimli fransızım

Ədəbiyyatsevərlər bilirlər - sayələrində ədəbiyyatı, ya da müəyyən bir janrı kəşf etdiyin şəxslərə, yazarlara ehtiram əbədi olur. Belə adamlar heç vaxt unudulmur. Tarixi romanla Moris Drüon və M.S.Ordubadi sayəsində tanış olsam da, bu janrı mənə dərindən sevdirən yazıçı Amin Maaluf olub.

 

Amin Maalufun (Amin Maalouf) yaradıcılığı ilə 1998-ci ildə, İstanbulda tanış olmuşam. Beşiktaşdakı kitab mağazalarının birindən, onun türkcəyə yenicə çevrilmiş “Səmərqənd” romanını almışdım. Səmərqənd şəhəri ilə maraqlandığıma görə yox, roman qalın olduğuna görə diqqətimi cəlb etmişdi. O illərdə qalın romanlara meyl salmışdım. Onların üstünlüyü ondaydı ki, oxuduqca oxuyurdum. Tələbəlik illərində vaxt bolluğundan “əziyyət” çəkirdim deyə, romanlar 400 səhifədən az olanda məyus olurdum.

“Səmərqənd” romanında Ömər Xəyyam, Nizamül Mülk, Həsən Sabbah, rubailər, Titanik gəmisi – hamısı bir-birinə elə qarışmış, yazar elə möhtəşəm bir kompozisiya qurmuşdu ki, romanı səsli oxumaq, yanımdakılara da eşitdirmək ehtiyacı duyurdum.

“Səmərqənd”dən sonra “Afrikalı Leo” və “Şərqin limanları” romanları gəldi. Xüsusən bizim gənc solçuların mütləq oxuması gərəkən “Şərqin limanları” əsərində Baku adlı solçu gəncin azadlıq mübarizəsindən bəhs edilir. O dövrdə Bakının inqilabi şəhər olması, solçu gəncin özünə bu təxəllüsü seçməsinə səbəb olur.

Amini oxuduqca, fransız ədəbiyyatını yenidən kəşf edirdim. Nə o vaxt, nə də indi Amin Maalufun dilini, üslubunu, təkrarlounmaz şirinliyini, müdrikliyini, daxili dünyasının zənginliyini və xeyirxahlığını tərif edə, onun necə bir yazar olduğunu anlada bilmirəm. Bu saat yazarkən də çətinlik çəkirəm.

1993-də nüfuzlu Qonkur, 2010-cu ildə isə Asturia Şahzadəsi Fondunun mükafatlarını alan Amin Maaluf 1949-cu ildə Beyrutda, xristian ərəb ailəsində dünyaya gəlib. 1976-cı ildən Fransada yaşayır. Müasir fransız ədəbiyyatının parlaq nümayəndələrindən hesab olunur. Asturia Şahzadəsi Fondunun mükafatını alanlar sırasında Günter Qrass, Mario Lyosa, Migel Delibes və Artur Miller kimi adların olması, Amin Maalufun yaradıcılığı haqqında çox şeylərdən xəbər verir.

Aminin gənclik illəri çox ağır keçib. Livanda daim qorxu, səksəkə içində yaşayan gələcəyin yazıçısı, vətəndaş müharibəsini görməmək; nə müsəlmanların, nə də xristianların tərəfini tutmamaq üçün Fransaya köçməyə məcbur olub. Hazırda da Fransada yaşayır.

O illəri yada salarkən, Amin yazır, “Biz də, qonşularımız da qorxu içində yaşayırdıq. Gözləyirdik ki, bu saat gəlib bizi öldürəcəklər. Hamilə arvadım və oğlumla zirzəmidə gizlənəndə bir anlıq düşündüm ki, indi silahım olsa adam öldürməyə hazıram. Etnik və dini zəmində nifrət, istənilən adamı qatilə çevirə bilər. Bu səbəbdən də liderlər, insanların qatilə çevrilə biləcəkləri situasiyaların yaranmasına imkan verməməlidirlər.”

Əvvəllər ərəbcə yazsa da, sonradan birdəfəlik fransız dilinə keçən jurnalist, yazıçı, tarixçi Amin Maaluf, hətta operalar üçün librettolar da yazır. Xristian mentaliteti ilə tərbiyələnsə də, İslamın dili olan ərəbcəni mükəmməl bilən yazıçı, özünü paradoksal adam hesab edir. Aminin ailəsi də Livanda tanınmış, hörmətli ailələrdən olmuşdur. Əmisi Molyeri ərəb dilinə tərcümə etmiş, jurnalist olan atası isə parlament demokratiyası və Livanın demokratikləşməsi haqqında yazdığı məqalələrlə bütün ölkədə tanınmışdı. Amin özü də jurnalist işlədiyi illərdə İndira Qandidən müsahibə almış, ABŞ ordularının Sayqonu tərk etməsini gözləri ilə görmüşdü.

Onun “Ərəblərin gözü ilə səlib yürüşləri” kitabı haqqında da bir neçə söz demək istərdim. Qərb dünyası ilə ərəb Şərqi arasındakı problemlərin kökündə Səlib yürüşləri dayandığına görə, bu tarixi hadisəyə ərəblərin münasibəti, onların baxış bucağı ilk dəfə Amin Maalufun sözügedən əsərində açılır. Heç şübhəsiz bu kitab, Şərq-Qərb problematikası ilə maraqlanan hər kəsin masaüstü kitabı olmalıdır.

“Tarix bizə nəsə öyrədirmi? Tarix daha çox sual yaradır, nəinki suallara cavab verir. Cavab verəndə də, bir suala çox sayda, müxtəlif variantlarda cavablar verir... Mən dindən sui-istifadənin hansı nəticələrə gətirib çıxardığını Livanda gözlərimlə görmüşəm. Dini təbliğ edənləri qınamaq, nədəsə ittiham etmək olmaz. Onların din uğrunda NƏLƏRƏ qadir olduqlarına baxaraq qiymət vermək lazımdır. Əsas meyar bu olmalıdır.”

Amin Maaluf Azərbaycan oxucusuna tanış olmayan yazıçıdır. Təəssüf edirəm ki, əsərləri dilimizə tərcümə olunmadığı kimi, rusca tərcümələri də Bakıya gəlib çıxmayıb. Görməmişəm.

“Şərqin Limanları” romanı isə, mütləq Azərbaycan dilinə tərcümə edilməlidir.

Mütləq.

Əli Əkbər

Gündəlik Teleqraf

Yuxarı