post-title

Bakirə şairələr

Ötənlərdə bir şeirlər kitabı rastıma çıxdı. Rastıma çıxdı deyəndə bir az mistik mənzərə alınır. “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərudun otağında idim.

 

Elbrus müəllim kompüter arxasında əyləşib, sayta göndərilmiş yazını oxuyurdu. Mən də darıxmayım deyə, masanın üstündəki kitabı götürüb vərəqləməyə başladım. Kitabda sevgiyə, ölümə, həyata, xəyanətə aid xeyli şeirlər vardı. Müəllifin fotosuna baxdım. Qalın qaşları vardı. Şairənin qaşları o qədər qalın idi ki, onun qaşlarından müxtəlif formalı üç kişi bığı düzəltmək olardı. Məsələn, AzTv-də müxalifəti söyən “paytaxt sakini” bığı, müğənni bığı, məddah bağı...

Kitabda xəyanət mövzusunda yazılmış şeirlər xüsusən çoxluq təşkil edirdi. Bir daha müəllifin fotosuna baxdım. Və düşündüm: görəsən, bu qalınqaşlı qız xəyanəti, həyatı, ölümü harda, necə görübdür? Uzaqbaşı, özü kimi qalınqaş oğlan “səni alacam” deyib, onu bulvara aparıb. Min zülmlə bircə dəfə öpübdür. Bu öpüş heç də asan alınmayıb. Onlar bir vaqon dönər yeyiblər. Bütün həyatlarını ən xırda detallarına qədər bir-birlərinə danışıblar. Bulvarı qırx min dəfə dolaşıblar. 

Bu müddət ərzində dünyada xeyli hadisələr baş veribdir. Qəddafini, Hüsnü Mübarəki taxtından götürüb tullayıblar. Neçə çay daşıb. Neçə vulkan püskürüb. Neçə təyyarə göydən yerə düşüb. Neçə gəmi suya qərq olub. Neçə dağ sürüşüb. Nəhayət, onlar öpüşüblər. Sonra oğlan aradan çıxıb gedib körpü tikməyə. Nə olub, dünyanın axırıdır? Xəyanət mövzusunda şeirləri oxudum, elə bil bu qalınqaşlı qızcığazı yeddi yetimlə bir dərədə qoyub gediblər. 

Bəli, bizim ölkədə belə şairələr çoxdur. Həyatdan, xəyanətdən, sevgidən partapart şeirlər yazırlar, amma həyatın, sevginin, xəyanətin heç ucunu görməyiblər. Onlar xəyallarla yaşayırlar. Düşünürlər ki, Xəzər dənizinin ortasından neft əvəzinə ağ atlı oğlan çıxacaq. Ağ atlı oğlan şəhərə girəcək, bu qızı dərsdən, ya da işdən, ya bulvardan birbaşa tərkinə alıb, göylərə qaldıracaq. Ağ atlı oğlan buludlardan bakirə şairəyə gəlinlik paltarı tikdirəcək... Belə axmaq-axmaq xəyallarla yaşayıb, bir də görürlər ki, üz qırışıb, baş xarab olub. Nə ağ atlı oğlan, heç 242 nömrəli marşrutun konduktoru da yoxdur. 

Xəyanətdən, həyatdan, ölümdən şeirlər yazan bakirə şairələr haqqında çoxdan yazmaq istəyirdim. Bezdiriblər. Sadəcə, kitabın rastıma çıxması məni yazıya daha da “həvəslə” girişməyə vadar etdi. 

Nə etməli, təbiətin öz qanunları var. Bu qanunları pozanda adamın başı bir az xarab olur. Reallıq hissini itirir. Xəyanət görmədiyi halda xəyanətdən şeirlər yazır. Təbiətin qanunlarını pozub, amma adət-ənənəyə, mentalitetə sadiq qalanlar həm özlərinin, həm də ətrafdakı insanların həyatını zəhərləriylər. Halbuki problemin çox asan həlli yolu var. M.Hanekenin “Pianistka” filmi bu mövzuda çəkilib. Təbiətin qanununu pozub, özünün və ətrafdakı insanların həyatını zəhərləyənlər “Pianistka” filminə baxsalar, yaxşı olar. Bəlkə necə acınacaqlı, ağlamalı vəziyyətdə olduqlarını anlayarlar. 

Təmin olunmamış məxluq çox təhlükəlidir. Üstəlik təmin olunmamış bu məxluq özünü Janna Dark kimi aparırsa, vəziyyət lap ağır həddə çatır. Biri Şərq mədəniyyətinin qeyrətini, digəri saralan yarpaqların dərdini, başqa biri isə avar çəkir...

Qərəz, ağır söhbətdir. Əlbəttə, heç kim demir ki, xəyallarla yaşayan, ağ atlı oğlan gözləyən bakirə şairələrə “sehrli çubuq” dəyən kimi dönüb Anna Axmatova olacaqlar. Lakin təbiətin öz qanunları var. “Sehrli çubuq” olmadan kiminsə ortabab şeirlər yazmasına inanmaq çətindir...

Seymur Baycan

Kultura.Az

Yuxarı