post-title

Həcc iqtisadiyyatı: Pul və ziyarət

Həcc ziyarəti 2011-ci ildə Səudiyyə Ərəbistanına 10 milyard dollar gəlir gətirib.

 
 
Müxtəlif təbəqələrdən olan milyonlarla müsəlman Həcc adlanan ziyarəti yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına toplaşıblar. 
 
Neft hesabına varlanmış səltənətin iqtisadiyyatına böyük aktivlər gətirməklə, hər il təkrarlanan bu ziyarət son illərdə gəlirli biznesə çevrilmişdir.
Bir çox zəvvar isə mənəvi ehtiyacları ilə ciblərini  hansı yolla olur-olsun uyğunlaşdırmağa çalışırlar.  Məhəmməd Zayan Tunisdən gəlmiş 53 yaşlı zəvvardır. O pulsuz başa gəlməyən dini borcunu ödəmək üçün bir ömür gözləyib.
 
“Mən Həcc ziyarətinə gəlmək üçün 6000 dollara (3700 funt sterlinq) yaxın pul xərcləmişəm”, – ənənəvi ağ zəvvar geyimində olan cənab Zayan deyir.
“Mən Allaha minnətdaram ki, o, bu pulu yığmağı mənə nəsib etdi, amma mən həyat yoldaşım və oğlumu özümlə birlikdə bura gətirə bilmədiyimə görə məyusam”.
Hər il Məkkəyə gələn milyonlarla insan Səudiyyə Ərəbistanının iqtisadiyyatına milyardlarla dollar gəlir gətirirlər.
 
Həcc zamanı restoranlar, turizm agentlikləri, hava yolu şirkətləri və mobil telefon operatorları çoxlu pul qamarlayırlar və dövlət bu vəsaitdən gəlir vergisi tutur.
Məkkə Ticarət Palatasının hesablamalarına görə keçən il (2011 – tərc.) bu 10 günlük hadisə ölkəyə təqribən 10 milyard dollar pul gətirib.
 
Dəyərli sərmayə
 
Həcc ziyarəti boyunca daşınmaz əmlak sahəsində fəaliyyət göstərən özəl sektor da gəlirlərini kəskin olaraq artırırlar. Səudiyyə Ərəbistanda ən yüksək icarə haqqına islamın beşiyi olan müqəddəs Məkkə şəhərində rast gəlinir. Əsas məscidə yaxın otel sahibləri bir gecə üçün 700 dollar istəyir və bunda kosmik sürətlə artan torpaq qiymətlərinin kəskin yüksəlməsini təqsirləndirirlər. Məkkənin hazırkı əmlak maqnatlarından biri Məhəmməd Səid əl-Cani deyir:
 
“Mən bu sahədə 35 ildir ki, çalışıram. Xatırlayıram, ilk dəfə Məkkə ərazisində bir kvadrat metrlik torpağı sadəcə 15 riala (3 dollar) satmışdım, indi bu rəqəm 80 000 riala (22000 dollar) qalxıb”. 
 
“Tələb təklifdən yüksəkdir və buna görə bir çox bina və otellər getdikcə sayıları artan zəvvarları yerləşdirmək üçün son illərdə tikilib”.
Göydələnlər Məkkə səmasını qarşısıalınmaz templə doldurur.
Qədim şəhərin çoxəsrlik yerləri zəvvarlar üçün əlverişli olmayan lüks otellərin qarşısında dura bilməyib baş əyir. Hökumət deyir ki, bu vacib mərhələdir, hətta inşaat- tarixi hadisələrə şahid olmuş dağları dağıtmaq bahasına başa gəlsə belə.
 
Hündürmərtəbəli lüks otellər Məkkədə sürətlə çoxalır.
 
Mənəvi rahatlıq
 
Məkkə suvenirlərini satmaq da həcc zamanı yüksək gəlirli işlərə başqa bir nümunədir. Bu qazanclı peşə barədə heç bir rəsmi hesablama yoxdur, amma inanmaq olar ki, bu, hər il milyonlarla dollar pul gətirir. 43 yaşlı Əhməd Əbdül Rəhman Məkkəni yaxınları üçün aldığı hədiyyə və suvenirlərlə  tərk edib Mavritaniyaya  qayıdacaq. O, şəhər kənarındakı  qiymətindən üçqat baha aldığı təsbehi əlində tutaraq deyir: “Bunlar müqəddəs suvenirlərdir.” 
Məkkə suvenirlərinin qiyməti olduqca yüksəkdir və təsbeh, namaz xalçası  kimi məhsulların əksəriyyəti burada yox, Çində hazırlanır. Ancaq cənab Əbdül Rəhman deyir ki, o, Məkkədə pulunu xərclədikcə özündə mənəvi rahatlıq tapır. “Mən mağaza sahiblərini işbaz hesab etmirəm, biz müsəlman qardaşlarımızın qazanc əldə etməsinə və dolanışıqlarına kömək edirik. Bu böyük savabdır”, - mavritaniyalı zəvvar deyir. 
 
Həcc İslamın 5 əsas şərtindən biridir və əgər müsəlmanın maliyyə vəziyyəti və sağlamlığı imkan verirsə, Həccə getmək onun borcudur. Müsəlmanların birliyinin və Allaha itaət etmələrinin göstəricisi olan bu ritual, təqribən 1400 ildir ki, davam edir. Nəyin bahasına olur olsun, müsəlmanlar bu mənəvi və həmçinin ticari mərkəzə gəlməyi dayandırmayacaqlar. Çünki onlar Həcc ziyarətini başqa heç yerdə edə bilmirlər.
 
Əhməd Əkbər,
BBC, Məkkə.
 
Tərcümə: Orxan Əmrullayev
 
Kultura.az
Yuxarı