"ABŞ-ın üstündə bədnamlıq ləkəsi qalacaq"
"Lenta.ru": Təxəyyülünüzdə əvvəlcə nə var idi: qumar d…
Söyüş məfhumunu izah etməyi xahiş etdiyimiz növbəti qonaq psixiatr Orxan Zamanlıdır.
Söyüş nədir?
Söyüş insan psixikasının bünövrə komponentlerindən olan aqressiyanın ifadə formalarındandı. Dolayısıyla, səbəbi özü də daxil olmaqla, aqressiya doğura bilən istənilən akt ola bilər. Söyənin əsas məqsədi özünün psixi gərginlikdən azad olmasıdı (çünki psixika daim '0' gərginliyə meyllidi). Çevrədə doğurduğu ilk təəssürat isə adətən əksinə olur. Beləliklə, söyüşün söyüləndə (obyekt, səbəbkar) yaratdığı təsir, müzakirə mövzusu kimi ikinci dərəcəlidir.
Söyüşün ünvanlandığı obyekt onun məqsədi yox, onu doğuran səbəbdi. Xalq arasında məşhur "söyüş qazanmaq" ifadəsi, bu məsələni daha anlaşılan edir. Bir sözlə, söyüş hadisəsinin günahkar/səbəbkarı adətən söyüləndir.
Amma hər kəs individual psixikaya sahib olduğundan bir aksiya, eyni reaksiyani doğurmaya bilər. Söyüş bu reaksiyalardan sadəcə biri və ən infantilidir. O, daha çox fantaziyadır, təxəyyüllə bağlıdır, reallıq sferasından uzaqdır. Fikir vermisinizsə əksər hərəkət bildirən söyüşlər, felin arzu şəklindədir. Təkcə buraxılmış "kaş" hissəciyini söyüşün əvvəlinə artırmaq lazımdı. Buna görə söyüş müdrik, sayğın, yetkin fərdlərə yaraşdırılmır. Çünki müdrik insanın reaksiyası fantaziya aləmində, arzularda deyil, realdadır.
Söyüşün doğurduğu reaksiya
Tək söyüş özü yox, ona reaksiyanın özü də həmin toplumun dəyərlər sisteminin məhsuludur. Eyni bir söyüş müxtəlif kütlələr üçün eyni intensivlikdə reaksiya doğurmur. Bu həmin kütlənin ən çox dəyər verdiyi anlamla bağlıdır. Bizdə bu klassifikasiyada ilk yerlərdə var-yox, yəni nəsil, tayfa dəyəri durur. İndivid hələ formalaşmadığı üçün birbaşa onun özünün təhqir olunması onda böyük gərginlik yaratmır, çünki o özünü "tayfa, ailə"dən ayrı təsəvvür eləmir. Ən böyük tənə də ona ailədən gələ bilər.
Hər bir fərdin "mən"inin formalaşması Edip kompleksini necə həll etməsi ilə bağlıdı. Bizim kimi dini və məişət adətlərində kişimərkəzçilik olan cəmiyyətlərdə individ atasının hakimiyyətinə tam tabe olmaq məcburiyyətində qaldığından onun müqavimət, mübarizə gücü zəifdir. Üstəlik xəyali kastrasiyanın praktiki icra forması olduğu söylənilən sünnət ritualının mövcudluğu, bu tabeliyi daha da sərtləşdirir və oğlan fərdlərin psixikasına müqavimət qorxusu yükləyir. Çünki psixi sferada sünnət, oğlan fərdlərin anasına qarşı keçirdiyi seksual meylə qarşı cəza tədbiri kimi qəbul olunur.
Cəmiyyətdə geniş yayılmış ataya kişi deyə müraciət edilməsi oğlan uşaqlarının atalarına Edip'dəki məğlubiyyətinin işarəsi, atanın kişiliyinin - dominantlığının qəbuludur. Müdafiə reaksiyası kimi oğlan uşaqları ananı müqəddəsləşdirir, yəni anaya və daha sonra ailədəki bütün qadın fərdlərə qarşı seksual meyli tamamilə basdırır, inkar edir. Bu tendensiya daha sonrakı yaşlarda da üzə çıxır, məktəbdə sinif, universitetdə qrup yoldaşlarına qarşı tətbiq olunur. Ailədəki (sinifdəki, qrupdakı) qadınlara olan seksual meylin tamamilə şüurdan sıxışdırılıb çıxarılması, şüuraltıda əslində bu qadınların həddən artıq erotik yüklənməsinə gətirib çıxarır.
Daha aydın ifadə etsək, fərd yaxın qadınlara qarşı seksual meyllərini inkar etdiyindən, başqasının da bu meyllərini inkar edir və onları cəzalandırır. Çünki kənardan o fərdin "qrupuna" daxil olan qadınlara qarşı hər hansı seksual kontekstli davranış həmin fərdin vaxtilə basdırdığı erotik meylləri "yada salır". Fərd isə bir dəfə bu meyllərə görə "cəzalanıb - kastrasiya olunub" və hər növbəti belə xatırlatma yenidən kastrasiya təhlükəsi kimi qəbul olunduğundan, fərd tərəfindən cəzalandırılır. Adətən klassik fallik simvolika ilə (bıçaq, silah). Ayrıca götürülmüş cəmiyyətlərdə bu davranışın ardından gələn həbs isə, fərddə təmizlənmə hissi kimi qəbul olunur - qanun (ata) qarşısında özünün anaya qarşı seksual meylinin inkarının sübutu.
Bu təsvir ailənin qadın üzvlərinin niyə bu qədər tabulaşdırıldığını göstərir. Sonradan Super Ego/ata, cəmiyyət, mentalitet, ictimai fikir tərəfindən şüuraltına sıxışdırılmış bu seksual meyllər yalnız başqasının ailəsinin qadın nümayəndələrinə yönəlmiş söyüşlərdə məhz arzu formasında üzə çıxır. Yalnız bu yolla fərd sözügedən meylləri bir növ "boynuna alır", ancaq söyüş pərdəsi altında və üstəlik başqa ailəyə yönəldilmiş şəkildə.
Maraqlıdır ki, adətən bir-birinə 'yaxın' kişi fərdlər arasında ailənin kişi fərdlərinin bəzilərinə (adətən ataya, babaya) və qadın fərdlərdən nənəyə (bu çox vaxt atanın anası olur – ana xətti bir neçə nəsil „mühafizə“ olunur) qarşı 'söyüş-zarafatlar' işlədilir. Bu söyüşlər qarşı tərəfdə müvafiq zarafat-söyüşdən başqa heç bir aqressiyaya səbəb olmur və hətta əksinə bu bir növ boşalma, rahatlaşma, illərdir bu fərdi yoran psixi gərginlikdən azad olma (bəlkə də atadan tək mümkün simvolik qisas) ritualı kimi həyata keçirilir.
Mövzu ilə bağlı Erkin Qədirlinin mövqeyi
Redaksiyadan: Oxucularımızı da müzakirəyə dəvət edirik. Bu barədə fikirlərinizi bizə göndərsəniz, ya da aşağıdakı şərhlər bölümündə öz dəyərli fikirlərinizi yazaraq ictimaiyyətlə bölüşsəniz cəmiyyətə xeyir vermiş olarsınız.