2 noyabr 1721-ci ildə Pyotr senatorların xahişi ilə Vətən Atası və İmperator titulunu qəbul etdi. “İmperializm” adlı xəstəliyin bizim cəmiyyətə nə kimi bəlalar gətirdiyi barədə daimi yazarımızın mühakiməsi
Bir qonağım oldu, xoşsifət, saqqallı rus cavanı, yelbeyinə oxşamır, əksinə, bədii naturası var, blogerdi, dünyanı gəzib-dolaşır, mavi gözlərindən ziyalı olması duyulur, özünü səlis aparır və birdən, həyatın günah və həzzindən gözləri inamla qıyılır kimi, qayıdıb deyir:
- Fransa – Rusiyanın əyalətidir.
Onunla mübahisə etmirəm. Neynək, olsun əyaləti. Mənim qarşımda adi rus imperialisti dayanıb. Nə birincidir, nə də sonuncu. Onun canında imperializm basili (çöpşəkilli mikrob – tərc.) kök salıb. Özü də, çox böyük! O əmindir ki, biz hamıdan üstünük, Fransadan da, Amerikadan da, bir sözlə, bütün dövlətlərdən. O əmindir ki, bütün başqa ölkələr bizə xidmət etməli və ya boyun əyməli, qarşımızda it kimi arxa pəncələri üzərində qalxmalı, biz də onları məsxərəyə qoymalıyıq. Nə vaxtsa biz onların hamısını diz çökdürəcəyik. Biz buna genetik olaraq hazırıq.
Biz tarixən, ətrafındakı hər şeyi qapmalı olduğunu haqq zənn edən natural, təbii işğalçılar, insan yırtıcıları sırasındayıq. Kazanı fəth etdik. Həştərxanı fəth etdik. Sibiri və Uzaq Şərqi fəth etdik. Krımı fəth etdik. Polşanı özümüzə birləşdirdik. Bəs Finlandiya? O da bizmdir! Biz dünyanın hər tərəfinə genişləndik. Daha uzaqlara gedə bilərdik. Təkcə Alyaskanı deyil, Havay adalarını da rus bayrağı altına ala bilərdik. Təkcə Krım yox, Konstantinapol da bizim ola bilərdi, əgər 1917-ci il inqilabını etməkdənsə Fransa və İngiltərə ilə müttəfiq qala bilsəydik. Konstantinapol alınmadı, olsun, amma biz İkinci Dünya müharibəsindən sonra Avropanın yarısını sakitcə caynağımıza keçirdik, imkan olsaydı, Parisi, Afinanı, Romanı da fəth edə bilərdik.
Hardandır bizdə bu cür imperiya ehtirası? İngiltərə timsalında ənənəvi imperialist ölkələr Asiya və Afrikanın inkişaf etməmiş ərazilərini ələ keçirdikdə ora maarifçilik daşıyırdılar. Biz isə hamıya özümüzü soxuşdurmağa çalışdıq, öz ideologiyamızı, gah pravoslav mütləqiyyətçilyini, gah kommunizmi. Məğlub edilmiş rəqibi öldürmək lazım gələndə gözümüzü belə qırpmadıq. Xatında Polşa zabitlərini də beləcə güllələdik. Hələ indi də onlara görə gərəkən təəssüfü duymuruq. Özü də bir tək onlara görə deyil. Və nəinki təəssüf edirik, hətta, hər dəfə bizdən onları niyə güllələdiyimizi izah etmək tələb olunanda qıcıqlanırıq. Necə yəni, niyə güllələdiz? Güllələdik ona görə ki, bizim hamıya, içi özümüz qarışıq, güllə atmaq haqqımız var. Əgər özümüz özümüzə güllə atmışıqsa və çox güman hələ çox atacağıq, elə isə, tamam yad adamları güllələdiyimizə görə nədən cavab verməliyik ki?
Bizim insanların bu cür anadangəlmə, qana işləmiş, tamamilə şüursuz imperializm duyğusu Ukraynanı geri qaytarmaq məsələsində böyük ehtirasla işə düşdü. Hamımız əminik ki, Ukrayna bizim bir parçamızdır, onun bizdən ayrılması taleyüklü səhv olardı, bu səhə yol verməməliyik. Hətta belə bir məqamda da, kiçik qardaş sandığımız ukraynalıların üzünə böyüklük hissimizi biruzə verməkdən çəkinmirik. Sanki azmış qoyunu tapıb qaytarmaq istəyirik və məlumdur, geri döndükdə ona lazım bildiyimiz tənbehi verəcəyik. Sadəlövh bir əminlik var, müstəqil Ukrayna sanki müvəqqəti anlaşılmazlıqdır və heç kim ağlına gətirmir ki, bu münasibət ukraynalıların ruhuna yatmaya bilər. Biz başqalarının ruhu barədə düşünmürük. Bəli, biz Qafqazın, Orta Asiyanın və Ukraynanın ruhu barədə düşünmürük. Biz Baltika xalqlarının ruhları barədə düşünmürük, çünki bizə görə, onlar da qəribə təsadüf üzündən yiyəsiz qalmışlar. Biz hamını cəngimizə almaq arzusundayıq. İmperiya mikrobu qanımızda hələ çox yaşayacaq, əbədi olmasa da.
Rus ruhuna hakim olan bu imperiya mikrobu hardandır? Sadəlövhlük olar əgər düşünsək ki, Birinci Pyotr imperiya ideyası ilə yanaşı bura imperiya ambissiyaları da gətirmişdir. Onlar İvan Qroznının zamanında da olmuşdur. Onların kökünü bəlkə də tatar-monqol əsarəti dövrünün ideologiyalarında axtarmaq lazımdır. O zaman bizim yabançıları dəf etmək kimi çevik arzularımız vardı; indi də imperiya arzularında çevik olaraq qalırıq.
Bəlkə, indi o qədər də qorxulu deyilik, amma görünən odur ki, bu gün qanımızdakı imperializm öz əleyhimizə işləyir, keçmiş Sovet İttifaqına sakin olmuş hər kəs mümkün olduğu qədər bizdən canını qurtarıb Avropaya üz tutur. Əslində, biz qorxulu olmaqdan daha çox, gülünc görünürük. İmperiya ambissiyaları bütün gücü ilə Rusiyanın əleyhinə işləyir. İmperiya mikrobu Rusiyanın gələcəyini məhv edir. Amma yenə də:
Fransa – Rusiyanın sadəcə bir əyalətidir.
Niyəsini soruşmağa cürət belə etməyin.
Mənbə: http://kommersant.ru/doc/2314749
Tərcümə etdi: Ruslan Köçərli
Kultura.az