post-title

Qəzəblənmiş ocaq

“Ol pərivəş kim, məlamət mülkünün sultanıdır,

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır".

(Füzuli)

AzTV-nin İran və Rusiyanı tənqid etməsi haqda qısa süjetlərə baxdım. Məncə, artıq bu iki heyvərə məmləkətin başçıları başlarına çarə qılmalıdır. Rəhmətlik Vəfa Quluzadə həmişə deyərdi ki, Rusiya dağılacaq. Bu sıraya İranı da əlavə etməliyik. İkisi də dağılacaq. Bəlkə qabaqlar nəsə şübhə edərdim, necə deyərlər, əl yeri qoyardım, ancaq AzTV-nin süjetindən sonra heç bir tərəddüdə ehtiyac yoxdur.

Nəyə görə? Çünki AzTV təkcə hansısa kütləvi informasiya vasitəsi, adi telekanal-filan (yazını düzəlişlər üçün təkrar oxuyanda filan sözünü final kimi yazdığımı gördüm - deyəsən, mənim də axırım çatıb) deyil. Bu, olduqca mistik-dini-fövqəltəbii bir idarədir. Məbəddir. Axşamlar siz teleqüllədən Bakı və Abşeron yarımadası üzərində fırlanan projektor işıqlarını seyr etmisinizmi? Biz daim o işıqların zərrələri altında, ilahi mühafizə, dövlətçilik haləsi, hökumət jaləsi, eşq piyaləsi, xarici düşmənlərin naləsi içindəyik.

Kim o işıqları bir kərə gördüsə, bir daha ərazinin sehrindən çıxa bilməz. Bu haqda ağsaqqal dədələrdən, müdriklərdən biri, AzTV-nin rəhmətlik şeyxi Nizami Xudiyev qızıl kəlmə istehsal etmişdir: “Bir dəfə AzTV-yə baxan, bir daha gözünü yummaz”.

AzTV vuran iflic olur, ömürlük ayağa qalxmır. İcra başçısı görmüşük, haqqında orada cıqqılı süjet gedib: “Rayonda zibili daşımırlar, ağacların yarpağı gec çıxır, buludlar vaxtında ağardılmır” və sairə. Vəssalam. Bircə bu bəs edib ki, icra başçısı dəli olub küçələrə düşsün. Nə qədər igidlər idarənin əsrarəngiz darvazasından içəri keçib qeybə çəkiliblər. Mən eşitdiyimə görə, AzTV-nin həyətində başqa kainata keçid üçün portal var. Görənlər danışıb, hələ özümə qismət olmayıb. İnşallah. Hərçənd sən istəməklə olmur belə şeylər. Əsas odur ziyarətgah özü səni istəsin. 

Bir az da gəlin idarənin tarixinə ekskursiya edək, yoxsa boşboğazlıq alınır. İlk növbədə, milli telekanalımızın birinci veriliş gününü xatırlayaq. 14 fevral, 1956-cı il. Sevgililər günü. Bu, AzTV-nin xalqa məhəbbətini göstərmirmi?

İkincisi, rus-sovet ordusu 1990-cı ilin 20 yanvarında ölkəmizdə xalqı qırğına verməzdən qabaq AzTV-nin enerji blokuna bomba qoyub partlatmışdı. Nəticədə bir gecə biz o mavi işıqlarsız qaldıq, qanımıza qəltan olduq.

Üçüncüsü, sizə təklif edirəm, kimin əlinin altında Google varsa, orada “AzTV tənqid etdi” yazıb alınan axtarış nəticələrini oxusun. Bu siyahıda adı ən çox rast gəlinən idarə Azərbaycan Milli Elmlər Akademiyası, şəxs isə Ramiz Mehdiyevdir. Onun hər ikisi nə günə düşdü, özünüz məndən yaxşı bilirsiniz, yenə yazıram: Ramiz müəllimi tısbağa kimi arxası üstə çeviriblər, gələn də vurur, gedən də. Armatur zavodunda pullarını çırpışdırıblar, AMEA müdirliyindən atıblar, ailəlikcə pandemiya vaxtı toyqırıma məruz qoydular, Yadullanın müsibəti o şeylərin yanında toy-bayram idi.

AMEA isə AzTV-nin müqəddəs qılıncı ilə ortadan şaqqalandı, iki yerə bölündü. Yarısını Elm-Təhsil Nazirliyinə verdilər, bir qırığını dünən İsa müəllimə verdilər, qalan hissələri də parçalanmaq vaxtı it-bata düşdü, deyilənə görə indiyəcən Xəzərdə balıqçılar tordan qoca akademiklər tapır. 

Biz dəqiq bilirik ki, bütün bu tarixi hadisələrin kökündə AMEA və Ramiz Mehdiyevin AzTV-də tənqid edilməsi dayanır. Bax, İranla Rusiya da bizim AMEA kimi parçalanacaq, əmin olun. Çünki artıq onlar da Google-da “AzTV tənqid etdi” qrafasına düşüblər.

Oxucular soruşa bilər: bəs bunun tərsi yoxdurmu? Yəni kimsə AzTV-ni tənqid eləsin. Var, əlbəttə. Bu çirkin niyyətə düşənlər olmuşdur. Ancaq hamısına bədbəxtlik üz verib. Başda köhnə Milli Məclis olmaqla. Yenə internet dadımıza çatır. Orada baxsanız 2018-2019-cu illərdə deputatlar müqəddəs kanalımızı yersiz şəkildə tənqid edirdilər. Axırı nə oldu? Lənətə gəldilər! Məcbur oldular özlərini buraxsınlar.

Mən uşaq vaxtı belə əhvalatlar eşitmişəm. Ağsaqqallar danışırdılar ki, bir nəfər gedib pirin daşını söküb, öz evinin divarına vurub. Sonra xəstəlikdən bütün ailəsi qırılıb, özü də dəli olub, düşüb çöllərə, ev isə xaraba qalıb.

Zamin Hacı

Musavat.com

Yuxarı