post-title

“Herman Hesse haqqında inşa” - Vüqar Babazadə

...Bir dəfə aydın günəşli bir gündə dar piyada cığırının həmişə nəm olan hissəsi ilə axan arxın üzərinə su içməyə qonmuş bir dəstə kiçik, mavi kəpənək gördüm. Yaxınlaşmağım onları hürkütmədi. Mən lap yaxınlaşanda isə xırda, ipək kimi qanadlarını çırparaq ətrafımda uçuşmağa başladılar. Onları orada gördüyüm gündən sonra hər günəşli gündə oraya gedirdim və hər dəfə də mavi dəstə yerində olurdu. Mənim üçünsə o günlər həmişə bayram idi.

Herman Hesse – Gertruda

Herman Hessenin Gertruda romanını oxudum. Kitabı iki həftə əvvəl kitab yarmarkasından almışdım. Qanun nəşriyyatında təzəliklə çap olunub. Fürsət düşmüşkən kitabın tərcüməçisi Zülfiyyə Abdulla xanıma dərin minnətdarlığımı çatdırmaq istəyirəm.

Kitabın annotasiyasında yazılıb:

Başına qəfil gələn bədbəxt hadisə nəticəsində ömürlük şikəst qalan gənc musiqiçi Kunun qayğısız həyatı еlə bu hadisə ilə başa çatır. O, həyatının tək təsəllisini yaradıcılıqda görməyə başlayır, bütün gənclik еnеrjisini işə sərf еtməyə qərar verir. Oxucu onun qarşılıqsız sеvgi, səmimi dostluq, şöhrət dolu həyatına laqеyd qala bilməyəcək...

Romanın baş qəhrəmanı olan Kunun həyatına daxil olan qadınlar həm onu bədbəxt edir, həm də şöhrətin zirvəsinə doğru qaldırır. Kunun həyatına üç qadın – anası, tələblik vaxtlarında aşiq olduğu yüngülxasiyyət Liddi və Gertruda – dolayı yolla, üç qadın isə – Marion, Lotta və Bricitta – bilavasitə təsir edirlər. Romanı oxuya-oxuya bir daha anladım ki, qadın böyük qüvvədir və cənnət anaların ayaqları altındadır.

Kun günlərin bir günü tələbəlik vaxtlarında yüngülxasiyyət Liddinin təkidi ilə uca dağ başından xizəklə sürüşmək təklifi alır. Təbii ki, gəncliyin gətirdiyi enerji və həyəcanla qızın təhlükəli təklifini qəbul edir. Beləliklə, uca dağ başından Liddi ilə birgə xizəklə sürüşüb ayağını sındırır və ömürlük əlil olaraq qalır. Bu ərəfələrdə də o musiqi təhsilini, daha doğrusu, skripka ifa etməyə ara verir.

Əslində, onun xizəkdən yıxılıb, həmişəlik əlil qalması həyatının birinci dönüş nöqtəsi olur. Uzun müddət yataqda oturub dərin fikirlərə qərq olur. Bizim köhnəlmiş sovet yazıçı, şairlərimiz kimi əlini alnına qoyub pəncərədən yağan yağışa baxır, adamların hərəkətini seyr edir, fəlsəfi düşüncələr düşünür. Nəticədə belə qərara gəlir ki, onun içində, həqiqətən də, yaradıcı adam var və mütləq bu yaradıcı adam musiqi ilə məşğul olub ortaya yaxşı bir əsər qoymalıdır. Beləliklə, həyatdan bezib, insanlardan iyrəndiyi vaxtda Kunun həyatında ikinci hissə başlayır və musiqiçi olmaq yolunda axsaq ayağı ilə əmin addımlar atır, əlaqələr qurur, özünü yavaş-yavaş həm ailəsinə, həm də musiqi cameəsinə təsdiq etməyə başlayır.

Ümumiyyətlə, roman bir musiqiçinin şedevr əsər ortaya çıxararkən hansı əzablar çəkdiyini, nələrə qatlandığını da oxucuya göstərir. Əsl musiqini duyan insanların hisslərinin itiliyini nümayiş etdirir.

Uşaq vaxtı nə üçünsə evdə qərara gəlmişdilər ki, məni də musiqiyə qoysunlar. Hansı musiqi aləti olmasının fərqi yox idi, məndən də heç kim musiqiyə həvəsimin olub-olmadığını soruşmamışdı. Əvvəlcə, qarmona yazıldım, sonradan məlum oldu ki, qarmon sinfi dolub, məni tar sinfinə keçirdilər. Beləliklə, 5-6 il tar çalmağı öyrəndim. Həmin dövr çox dəqiqliklə xatirimdədir. Musiqi məktəbində böyük xaos hökm sürürdü. Uzun illər musiqi məktəbinin direktoru olmuş Ə. müəllimi işdən çıxarmışdılar. Həmin müəllim də bu qərarla razılaşmamış, müxaliflik etməyə başlamışdı.

Romanın dili su kimi axır. Təhkiyə bal kimi süzülür. Dialoqlar təp-təzədir. Dialoqların təp-təzə olmağına bir nümunə ilə siz də şahidlik edin.

(Kunu bir dostu orkestrdə işə düzəltməyə gətirir və müdirlə aralarında dialoq başlayır)
– Bu, cənab Kundur, o dedi.
Ryosler qısaca başını yellədi.
– Çox şadam. Nə lazımdır sizə?
– Bu ki, sizə dediyim skripkaçıdır! – Muot ucadan dedi.
Ryosler təəccüblə mənə baxdı, yenə Muota tərəf döndü və kobudluqla dedi:
– Siz mənə bu cənabın şikəst olduğunu deməmişdiniz. Mənə ətrafları sağlam olan insanlar lazımdır.
Qan sifətimə vurdu, lakin Muot qəzəblənmədi. Sadəcə güldü.
– Məgər o, bura rəqs etməyə gəlir, Ryosler? Mən elə bilirdim o, skripka çalacaq. Əgər bunu bacarmasa, onu geri qaytara bilərik. Amma əvvəl gəlin, heç olmasa yoxlayaq.
– Yaxşı uşaqlar, siz deyən olsun. Cənab Kun, sabah səhər doqquzdan sonra yanıma gəlin. Bura, evimə. Şikəst sözünə görə incimədiniz? Bilirsiniz, hər halda, Muot mənə xəbərdarlıq edə bilərdi. Yaxşı, baxarıq. Salamat qalın.

Kitabdakı təsvirlər məni heyrətləndirirdi. Oxuya-oxuya bir az da kədər qarışıq paxıllıq hiss edirdim. Niyəsə mənə elə gəlirdi ki, heç vaxt belə bir kitab yaza bilməyəcəyəm. Bu cür klassik kitablar adamı ruhdan salır. “Əgər Hesse kimi yazıçı ola bilməyəcəyəmsə, yazmağın nə mənası var?” deyə xeyli götür-qoy etdim. Axırda yenə də yazmağa davam etmək qərarı aldım. Özümü itirmədim, fikirlərim qarışmadı. Tez qaçıb Vidadi Babanlının “Zəmanə adamı” kitabını vərəqlədim. Bir az rahatlaşdım, motivasiyam yerinə gəldi, özümü ələ ala bildim. Vidadi Babanlı kimi müəlliflər adama enerji verir, rahat və sadə yazdıqları üçün özündə güc tapıb, yenidən yazmağa davam edə bilirsən.

Kunun operası axırda məşhur olur. Ən yaxın dostu ilə sevdiyi qadın isə evlənib, özlərini bədbəxt edirlər. Ümumiyyətlə, süjet xeyli maraqlıdır. Əgər dilə, təsvirlərə, fona, dialoqlara görə saatda 100 km/s gedirdimsə, süjetə görə də əlavə olaraq 100 km/s gedirdim. Yəni kitabı saatda 200 km/s-lə oxuyub bitirdim. Oxuya-oxuya tez-tez həyatla paralellər aparırdım. Kitabın 244-cü səhifəsində yazılıb:

“Bəli, ehtiras həmişə əsrarəngiz və anlaşılmazdır, təəssüf ki, həyatın öz gözəl övladlarına rəhm etmədiyi şübhəsizdir və ən mükəmməl insanlar qeyri-iradi olaraq onları məhvə sürükləyən insanları sevirlər”.

Gertruda romanının qəhrəmanı cəmiyyətlə daima mənəvi bir mübarizə içindədir. Lakin buna baxmayaraq bu mübarizədə qalib və məğlub tərəflər bəlli olmur. Hessenin hər bir əsəri, özünün dediyi kimi, xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir.

Herman Hesse 20-ci əsrin ən böyük yazıçılarından biridir. O, peyğəmbərdir. Əsərləri son dərəcə tutumlu, mürəkkəb və çoxçalarlıdır. Allah Herman Hesseyə rəhmət eləsin. Kitabı hər bir oxucuya tövsiyə edirəm. Əgər mənim zövqümə güvənirsinizə, mütləq alıb oxuyun.

Mənim də müəllimim uzun illər dikretor olmuş, indi isə işdən çıxarılmış Ə. müəllimin qardaşı R. müəllim idi. O da təbii olaraq, qardaşının direktorluq vəzifəsindən azad edildiyi ilə razılaşmırdı və dərsləri öz aləmində boykot edərək mənə heç nə öyrətmirdi. Bir dəfə ona demişdim ki, “müəllim, qabaqdan “Analar günü” gəlir, xahiş edirəm, mənə ana mahnısı çalmağı öyrədin. “Analar günü”ndə ana mahnısı çalıb, anamı sevindirim”. O isə mənə demişdi ki, “nə vaxt ki, mənim qardaşımı musiqi məktəbinə yenidən direktor kimi qaytaracaqlar, onda sənə ana mahnısı öyrədəcəyəm”.

Mən düz 3 il ana mahnısı öyrənə bilməmişdim. Sonradan nəinki onun qardaşını məktəbə direktor qoydular, hətta onun özünü də işdən çıxardılar və məni başqa bir müəllimin yanına keçirdilər. Bu müddətdə də ana mahnısını öyrənə bilmədim. Qərəz, ana mahnısını axırıncı, yəni 6-cı il öyrənə bildim. Onu da özüm internetdə axtarıb, tapdım, nəhayət ana mahnısını öyrənib, “Analar günü”ndə anam üçün çaldım. Açığı, artıq həmin vaxt 11-ci sinifdə oxuyurdum deyə, bu kiçik və şirin jestim anama o qədər də təsir etmədi.

Kulis.az

 

Yuxarı