post-title

Boynu yoluq toyuqlar haqqında

Saqi məndən uzaq ol, vermə şərab, qoyma içim
İçərəm, keflənərəm, əyri gedər, Moskviçim

Sovet folklorundan.

Əbülhəsənin “Utancaq” povesti Şahin adlı bir yeniyetmənin nəşəyə qurşanmasından, tərbiyəsinin pozulmasından, zərərli təsirlərin altına düşməsindən bəhs edir. Əlbəttə, sahə müvəkkili, dostları, sevgilisi, anası (ata sanatoriyaya iki aylıq müalicəyə gedib) yeniyetməni pis yoldan qaytarmaq istəyirlər.

Müəllif Şahinin nəşə çəkəndən sonra düşdüyü halları, nəşənin fəsadlarını həddindən ziyadə tünd boyalarla təsvir edib.

Məsələn, müəllif yazır ki, bir nəfər nəşə çəkəndən sonra ağlın itirib öz doğma anasını baltalayıb. Bu kimi təsvirlərdən müəllifin “mövzuya bələd olmaması”, mövzuya çox səthi yanaşması açıq-aşkar hiss edilir. Məhz yazmaq üçün “hər şeyin dadına müəllif mütləq özü baxmalıdır” adlı bir yazı qanunu yoxdu. Lakin əgər müəllif hər hansı mövzuya girişibsə mövzunu bacardıqca daha ətraflı araşdırmalıdır. Başqalarından, “mövzuya bələd olanlardan” nələrisə, ən elementar şeyləri öyrənmək olar.

Bəlkə də, müəllif nəşə çəkiləndən sonra baş verən halları həddindən ziyadə tünd boyalarla təsvir etməklə oxucuları qorxutmaq istəyib, qələminin gücü ilə oxucuları bu zərərli vərdişdən uzaqda dayanmağa səsləyib.

Burda ədalət naminə toxunmağa məcbur olduğumuz vacib bir nüans da var. Həqiqətən də, düz 90-cı illərin sonlarına kimi nəşənin adı çox bədnam idi. Belə deyək, adi adamlar, həqiqətən, nəşədən cin sancaqdan qorxan kimi qorxurdular. Onların nəşə, nəşənin təsirləri haqqında absurd, əcaib təsəvvürləri vardı.

Nəşə beyni qurudur, kişiliyi (yəni cinsi potensiyalı) öldürür, əlləri, ayaqları çürüdür, gözləri kor edir... Daha nələr və nələr. Nəşə çəkən adam bitmiş, həyatı sona çatmış, hər an ən qorxulu, ən dəhşətli cinayət törətmək potensialına malik bir adam sayılırdı...

Bəli, həyat çox qəribədir. Zaman dəyişir və zamanın dəyişməsi ilə bərabər insanların hadisələrə, proseslərə, otlara, heyvanlara münasibəti də avtomatik olaraq dəyişməyə məhkum olur. İndi patının və bu qəbildən olan digər zir-zibillərin çıxartdığı həngamələrin, törətdiyi faciələrin fonunda nəşə çəkmək uşaq bağçasına getmək kimi görünür. Düz deyiblər, dinsizin öhdəsindən imansız gələr. Ümid edirəm söz xiridarları, arif kəslər nələrə işarə vurduğumu anladılar.

***
“Utancaq ” povestində iki təsvir məni möhkəm tutdu. Bir təsvir məni güldürdü. Başqa təsvir isə düşünməyə, uşaqlıq illərimi xatırlamağa məcbur etdi. Əvvəlcə, güldürən təsvirdən başlayaq.

Deməli, kitabın 66-cı səhifəsində sahə müvəkkili qapını döyür və qapıya trusikli-maykalı (müəllif belə də yazıb) bir kişi çıxır. Mənzərəni təsəvvür etdim, gülmək məni tutdu. Ardınca Aqşinin bir sözü yadıma düşdü:

“Hər nəsildə evdə maykada gəzib uşaqların tərbiyəsini pozan bir dayı var”.

Aqşin müəllim bir balaca səhvə, həm də maykalı dayılara qarşı ədalətsizliyə yol verib. Uşaqlara elə azdan-çoxdan, pis-yaxşı nələrsə öyrədən, azdan-çoxdan həyat dərsi verən evdə maykada gəzən dayılardı. Uşaqların yaddaşında azdan-çoxdan müsbət obraz kimi elə evdə maykada gəzən dayılar qalırlar. Uşaqların tərbiyəsini maykada gəzən dayılar pozmurlar. Uşaqların tərbiyəsini məktəblərdəki acgöz, məsuliyyətsiz, kölə təbiətli müəllimlər pozurlar. Onu da qeyd edim ki, şəxsən mən evdə tək olanda trusik-maykada gəzirəm. Amma qapıya qətiyyən trusik-maykada çıxmıram. Qapı döyüləndə mütləq əynimə şalvar, köynək geyinirəm.

Keçək ikinci, məni düşündürən, uşaqlıq illərimi xatırlamağa məcbur edən təsvirə.

“Utancaq ” povestində arxasız, varlı atası olmayan, kasıb qız, obrazlardan birinin dili ilə “yoluq cücə” adlandırılır. Yoluq cücə... Bu söz məni çox uzaqlara apardı. Həyətimiz, nənəmgilin həyəti, toyuqlar, xoruzlar, cücələr, neçə-neçə sifətlər, hadisələr yadıma düşdü. Uzaq keşmişdə biz, yəni uşaqlar özümüzə toyuqlar seçirdik. Bunun həyatın ümumi, sərt, banal qanunlarına yaxından-uzaqdan heç bir təsiri yox idi. O mənada ki, bu mənim toyuğumdu, bunu kəsmək olmaz, bu toyuğa əl vurmayın, qoymaram, özümü qoz ağacının başından aşağı ataram sözlərini deyə bilməzdin. Sənə belə bir səlahiyyət, belə bir ixtiyar verilməmişdi.

Onsuz da, gec və ya tez, vaxtı çatanda, lazım gələndə hər bir toyuq kəsilirdi. Hansı toyuğu nə vaxt kəsmək lazım olduğunu böyüklər çox yaxşı bilirdilər. Özünə toyuq seçmək sadəcə uzaq keçmişdə biz uşaqlar üçün adi uşaq əyləncələrindən biri sayılırdı. Vəssalam.

Yadımdadır uşaqların arasında kəkilli toyuqların üstündə dava düşürdü. O uşaq deyirdi kəkilli toyuq mənimdi, bu uşaq deyirdi kəkilli toyuğu birinci mən seçmişəm. Amma əfsuslar olsun ki, boynu yoluq toyuqlara uşaqlardan heç kim yaxın durmurdu. Boynu yoluq toyuqları heç kim seçmirdi. Boynu yoluq toyuqlar yiyəsiz, sahibsiz qalırdı.

Uşaqları da qınamaq olmazdı. Doğurdan da, boynu yoluq toyuqlar çox gülməli görünürdü. Bir uşaq durub boynu yoluq toyuğu seçə bilməzdi. İndi yazsam ki, bəs o vaxt mən çox mərhəmətli uşaq idim, bütün boynu yoluq toyuqlara yazığım gəlirdi, bütün boynu yoluq toyuqlara hamilik edirdim – bu ağ yalan olar. Olmayıb belə şey. Olmayıb...

Amma dəqiq yadımdadır ki, toyuqları yemləyəndə çalışırdım dən bütün toyuqlara çatsın. Hansısa toyuq gücündən, sırtıqlığından, həyasızlığından istifadə edib daha çox dən yeməsin. Dəqiq yadımdadır, məhz yazıq, utancaq toyuqların qabağına qəsdən daha çox dən atırdım. Bu prinsipə elə indi də riayət etməkdəyəm. Səhərlər parkda quşları yemləyəndə arıq, halsız, zəif görünən quşların qabağına qəsdən daha çox günəbaxan tumları atıram.

Neçə gündür bir sual ətrafında düşənməkdəyəm. Niyə bir toyuq dünyaya kəkilli, başqa bir toyuq boynu yoluq gəlir?

Niyə kəkilli toyuğun üstündə dava düşür, boynu yoluq toyuğa heç kim sahib çıxmır?

Nədir bunun adı? Bəxt, tale, alın yazısı?

Seymur Baycan

Kulis.az

Yuxarı