Zeydi Smit - Optimizm və ümidsizlik
Müəllif 2016-cı il, noyabrın 10-da “Die Welt” ədəbiyyat mükafatına layiq görülü…
Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özünə çəkib, hələ Nərmin Kamal son müsahibəsində onun haqqında danışmamışdan, Seymur Baycan bu yaxında yazı yazmamışdan əvvəl.
Onun hekayələrini birinci dəfə oxuyanda Abşeronun, Bakı bağlarının havasını duymuşdum, qeyri-ixtiyari uşaqlığım yadıma düşmüşdü. Deyəsən, “Şaftalı çiçəkləri fəsli” adlanan həmin hekayəsini oxuyandan sonra Həmiddən müsahibə də götürmüşdüm.
Bildiyim qədəri ilə Həmidin xeyli hekayəsi var. Bununla belə daha çox tərcüməçi kimi tanınır. Bu yaxınlarda Milli Kitab Sərgisində görüşən zaman özü də bununla bağlı şikayətlənmişdi. Demişdi tərcüməçilikdən bir qədər uzaq qalmaq istəyir. Səbəb yazıçı kimi az görünməsi, daha çox tərcüməçi kimi tanınmasıdır. Allah üçün, tərcüməçi kimi Həmid xeyli məhsuldardır. Mən hələ onun çevirdiyi iri həcmli əsərləri kənara qoyuram, demək olar, hər həftə “Ədəbiyyat qəzeti”ndə hansısa xarici yazıçıdan tərcümə etdiyi şeir, hekayə, yaxud esse oxumaq olar.
Yeri gəlmişkən, bu yaxınlarda Həmidin tərcüməsində Tomas Bernhardın “Vitgenştyenin qardaşı oğlu” romanı oxumuşam. Yəqin ki, yaxınlarda əsər haqqında ayrıca yazaram, lakin indi tamam başqa mövzudan – Həmidin nəsr yaradıcılığından bəhs etmək istəyirəm.
Etiraf edim ki, Həmidin hekayələrini rastgələ yox, sistemli şəkildə oxumağıma Seymurun yazısı da vəsilə oldu. Buna görə də dünən biroturuma Həmidin “Şanapipik haqqında mahnı” (73 səh.) kitabını bitirdim.
Başladım Həmidin eyni adlı mini romanından.
Roman Bakı kəndlərindən olan adi bir oğlanın (Həci) bir neçə günündən bəhs edir. Bu neçə gün ərzində xüsusi hadisə baş vermir, baş qəhrəman yalnız kənddəki yeknəsək günlərindən birini yaşayır və bu zaman təmasda olduğu adamlarla oxucunu tanış edir.
Əsər Həcinin yaşadığı həyətin təsvirindən başlayır. Tipik bağ peyzajı: Qum, üzüm, əncir, toyuqlar. Yeşiyin içində yumurtlamaq üstündə savaşan toyuqları tənbeh edəndə qəhrəman deyir: quşbeyinlər! Başqa vaxt ironiya kimi səslənən bu söz çox yerində istifadə edilir. Bir qədər sonra isə əncir ağacı təsvir olunur: “Əncir yetişməyə başlayan kimi yaxın ətraf bütün şirə olacaq – yarpaqlar, ağacın gövdəsi, yer. Əncir dəyəndə ağac balaca zooparka dönür. Qarışqa, arı, sərçə, sığırçın meyvələrə daraşır...” “Balaca zoopark” bənzətməsi qəşəngdir.
Başqa bir sitat: “Evimizin damındakı şiferlərin altı boydan-boya sərçə yuvalarıdır. Evimizin damı dövrələmə sərçə evləriylə doludur. İl boyu damımızdan sərçə, evimizdən sərçə səsi əskik olmaz. Gözümü açıb sərçələri həyətimizdə görmüşəm. Onlar mənimçün ailə üzvü kimi bir şeydir. Haçansa sərçələr həyətimizdən uçub getsələr, darıxaram”.
Əsərin girişini təşkil edən bu təsvirlər baş qəhrəmanın yaşadığı yerə nə qədər bağlı olduğunu, onun ayrılmaz parçasına çevrildiyini göstərir. Həci keçmiş Bakı bağlarının həsrəti ilə yaşayanlardandır. Vaxtilə həyət-bacadan yığılmış çör-çöplə çəpərlənmiş, əncirli, meynəli bağlar indi daş hasarlarla bölünüb, əncirləri, üzümləri isə palmalar əvəz edib:
“Abşeronunku əncirlə üzümdür. Başqa meyvə ağacları burda çox davam gətirmir, beş-altı ilə quruyur. Ata-baba bir şey bilib ki, hər yerə əncir - üzüm əkib də. Amma elə bu əncir- üzüm nəyə desən dəyər. Yedikcə adamın gözünə işıq gəlir. Haçansa bu meyvələr bağlarımızın bəzəyi idi. Hanı o vaxtlar?! Haçansa bu bağlar adnan idi. Heyf ki, mən bağların hasar-çəpər tanımadığı vaxtları görmədim. Atam deyir, əvvəl kənddəki bağların arası açıq olardı. Payızda meynə kəsilən vaxt kəsilən çubuqları dərz bağlayıb bağ mərzinin ətrafına düzərdilər. Hamı öz mərzinin harda başlayıb harda qurtardığını bilərdi, heç kim heç kimin yerinə göz dikməzdi. Bağ mövsümündə həmin dərzləri ocağa, samovara işlədərdilər. Payızda yenə təzə dərzlər bağın sərhədlərində düzülərdi... İndi maşallah, bağ hasarlarına baxanda adamın gözü qaralır. O tərəfə keçəndə marağa saymışam. Gördüklərim arasında ən hündür hasar iyirmi bir daşdır – dördü metr iyirmi santi (bir mişar daşı iyirmi santiment hesablanır). Öyüvəcən sənin hasar yiyəsi! Bu boyda hasar olar? Elə bil əfsanəvi yunan hökmdarlarının hərəmxanasının hasarıdır. Hələ üstünə şüşə-müşə də düzüblər. Oğru qabağı saxlayırlar öz aləmlərində. Guya oğru dörd metr iyirmi santilik malalı hasara çıxacaq, qabağını bu şüşələr kəsəcək! Oğru kopayoğlu nərdivanla gəzir bəyəm? Birinci dəfə Bakı bağlarına daş töküb hasar çəkən adam Bakı bağlarının da başına daş saldı! Hündür hasarlar, neçəmərtəbəli sarayaoxşayan villalar Bakı bağlarını, Abşeronu öldürdü! Həmin hasarların ucbatından bağlarda külək işləmədi, bağ-bağat qurudu, məhv oldu getdi. Ölən əncir-üzümün yerini tutan palmalar, şamlar ölən bağların başdaşısı oldu. Abşeron küsdü bizdən. Bağlardan əlimiz üzülüb. Kənd nəyi qoruyub saxlaya bilibsə, əlimizdə-ovcumuzda qalan odur”.
Bu təəssüf abzası yəqin ki, Bakı bağlarının o dönəmlərini görmüş istənilən adamı kövrəltməklə yanaşı həmən illərə də qaytarır. Maraqlıdır ki, Bakıda doğulmasam da uşaqlığımdan Bakı bağlarının heyranı olmuşam. Həmidin lirik qəhrəmanı Bakı bağlarının o günlərini görməsə də mənim az-çox yadıma gəlir. Bağlar bir-birindən məftil torla, mərz boyu basdırılmış ağac budaqları ilə, yaxud paslı tənəkə parçaları ilə ayrılırdı, daş hasarlar isə tək-tük idi. Külək sanki mühəndis səriştəsi ilə qumu sovurub çəpərlərin dibində toplamaqla bu amana-bənd çəpərləri möhkəmləndirirdi. Beləcə çəpər boyu hündür barxanlar yaranırdı. Bu barxanların arası ilə sarı-bozumtul qumluq yollar uzanardı dənizə sarı. Biz o yollarla tez-tez dənizə gedərdik. Çəpərlərin qırağı isə hündür razyana kolları ilə bəzənərdi. Razyananın qoxusu adamı aralıdan vurardı. Elə bilərdin nəhəng tutma balonunun içindəsən. Bağların içində meynə kolları isə əlbəttə ilan kimi isti qumun üzərində qıvrılıb yatardılar, yarpaqlarının arasında isə kəhrəba, yaxud kömür rəngi üzüm salxımları gizlənərdi. Bağların çoxunda iri evlər, villalar, kotejlər olmazdı, sakinlər elə taxta baraklarla, ya da kiçik daxmalarla kifayətlənərdilər. Dənizə yaxınlaşdıqca bağlar da seyrəkləşərdi, qalardı bircə ucsuz-bucaqsız qumluq və bir də arabir gözə dəyən, tərk edilmiş qədim tikililəri xatırladan əyrüş-üyrüş əncir ağacları. İndi bu sətirləri yazıram, elə bilirəm yenidən Bakı bağlarının arası ilə gəzirəm, gün başıma vursa da, isti qum ayağımı yandırsa da bu mənə ləzzət edir. Uşaqlığımda gördüyüm bu mənzərələr üçün həmişə darıxmışam. Ona görə də yay gələndə mən dənizlə yanaşı uşaqlığımda gördüyüm həmin bağların axtarışı ilə Bakı kəndlərinə üz tutaram. Bu mənə dağı da, meşəni də əvəz edər. Elə bilərəm dünyanın ən turistik yerindəyəm...
Həmidin də istər “Şanapipik...” romanı, istərsə də hekayələri (“Şaftalı çiçəkləri fəsli”) məhz Abşeron bağlarının ötüb gedən nostalgiyası üzərində hörülüb, ən azı “itirilmiş cənnət”in məyusluğu, bir də ki, açıq-aşkar deyilməsə də Bakı kəndlərinin koloritinin urbanizasiyalaşma nəticəsində gəlmələr tərəfindən pozulmasının qəzəbi sezilir ki, bu da başadüşüləndir.
Kənddə həyat sönükdür. Bunu qəhrəmanın lirik-sentimental düşüncələri ilə yanaşı Zekinin, Max-maxın, Zərənin, qonşu gəlinin, Tolikin, Mehrabın, Eminin, sərxoşun, Məlikin və başqalarının həyatından da görmək olar. İşsizlik, sosial problemlərdən dərindən bəhs olunmasa da ümumilikdə insanların həyatı, Bakı bağlarının (kəndlərinin) ötüb keçmiş firavan dövrünün nisgili əsərin ovqatına sirayət edir. Bakının son illərdə böyüməsi mərkəzlə yanaşı kənarlarda da özünü göstərib və bu məskunlaşma kənd camaatının ənənəvi həyatını dəyişib, sakit güzəranlarını yox edib. Bu ən adi detalda da özünü göstərir. Vaxtikən kəndin kənarındakı qamışlıq qurudularaq yeni evlər tikilib, bu da özü ilə yeni problemlər gətirib.
Həmidin əksər qəhrəmanları depressivdir. Bu depressiya isə səbəbsiz deyil, hər birinin özünəməxsus faciəsi var. Müəllif bəzən onlardan birini yaxından, digərini uzaqdan-uzağa təqdim etsə də hamısının bədbəxt olduğu aydın görünür və bu kədər oxucunun ovqatına da çökür, sanki Bakı kəndlərinin xoşbəxtliyi, o köhnə bağ abu-havası sovrulub, indi nə günəş var, nə sərin meh, yerində hər yeri dağıdıb məhv edən və daha çox insanların qəlbində əsib fırtınalar qopardan Xəzri qalıb. Lakin Həmid bunları qabartmır, eyni təmkinlə faciənin kiçiyini də, böyüyünü də nəql edir, sanki artıq buna öyrəşibmiş kimi, sanki belə də olmalıymış kimi.
Lakin növrağın dönməsinin günahı təkcə bağların hasarlanmasında, kənar təsirlərdədirmi? Həci özü də kəndin cavanlarının üzdə dinə yuvarlanmaqla əslində mənəviyyatdan uzaqlaşmalarını ağrı ilə danışır: “Kəndimizdəki cavanların əksəriyyəti dindardır, onların da əksəriyyəti məşədidir. Aralarında bir-iki ildən sonra dini buraxan məşədilər də var. Namaz ürəklərini vurub”. Təkcə bağların çəpəri daş hasarlarla, üzümü, ənciri, şamla, palmayla əvəzlənməyib, insanları da dəyişib, korlanıb. Hacıya onunla Sabunçu bazarına quş satmağa getməyi təklif edən Mehrab, axşama qonaqlıq sözü versə də dediyinin üstündə durmur. Hamı, hamı bu kənddə günaha batıb. Hacının özü də az aşın duzu deyil. Əsərin sonunda küçədən tapdığı pulun sahibinin kim olduğunu bilə-bilə qaytarmaqdan imtina edir: “Bayaq Əbdülün balaca qızı pul axtarırdı, yəqin o itirdiyidir. Əvvəl bir istədim aparıb verəm qıza, amma getmədim. Onsuz da Əbdül döyüb qızı”.
Həci o pula pivə alıb içir və sonra da özünə belə bir sual verir: “Nolacaq bizim axırımız?”
Deyəsən, özü də cavabı bilmir və ümidi yalnız Xəzriyə bağlayır ki, bəlkə, o əsib-coşub günahları qova... Bu isə quruca təsəllidən başqa bir şey deyil.
Həmidin təkcə romanının deyil, hekayələrinin də qəhrəmanları darıxan, sıxıntı çəkən personajlardır. Özü də burda sıxıntının səbəbi təkcə sosial çətinliklər, az maaşa yaşamaq deyil. “Bağışlayın, Rənanı tanımırsınız?” hekayəsinin qəhrəmanı dəniz kənarındakı barda bir fahişəyə aşiq olur. Burda da qəhrəmanlar romanın qəhrəmanlarından kardinal şəkildə fərqlənmirlər. Toppuşla Memidoff tikintidə işləyirlər, Cek Hüseynbala isə qəssabdır. Çox vaxt qazandıqlarını aparıb dəniz kənarındakı kafedə fahişələrə xərcləyib gəlirlər. Toppuş təzə evlənib, odur ki, kafeyə getməkdə o qədər də istəkli deyil, Cekə isə qəssab olduğu üçün bibisi qızı gəlməyib, başqasına gedib, o gündən Cek hər gün içir. Əsərin qəhrəmanına gəldikdə isə o kafedəki fahişədən xoşu gəldiyi üçün hər gün ora gedir. Bir gün isə Rənanın başqa yerdə iş tapdığını öyrənir və bir daha onu görmür, yalnız üstündən bir ildən çox keçəndən sonra qəhrəman evlənəcəyi qızla ilk görüşdə ondan Rənanın ətrini duyur və beləcə dünya-aləm başına qopur.
Kitabın sonuncu “Qarışqa tapdalamayan” hekayəsi də oxşar mövzuda yazılıb. Bu sadə hekayədə də cavanların fərəhsiz həyatından bəhs edilir. Kitabda yer alan başqa hekayə – “Qurbağalı gölün sahilləri” barədə bir fikir söyləməyəcəm. Məncə bu, kitabın ümumi ovqatına uyğun gəlməyən və bir qədər natamam əsərdir.
Lakin Həmidin əsərləri arasında mənə ən çox təsir edən “Şanapipik haqqında mahnı” kitabına daxil olmayan “Şaftalı çiçəkləri fəsli” hekayəsidir. Romanda olduğu kimi bu hekayədə də zahirən heç nə baş vermir: “Bağlarda yabanı razyanalar bitir. Baxımsız bağlarda böyüyür, kollanır, hasar boyu qalxır. Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin iyinə qarışır, təsiri itir. İndi qışdı, hər tərəfdən razyana iyi gəlir. Gecəni yatmamışam. Sərxoş dünən səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi. Axşam zəng eləyib naxoşladığını dedi. Mənsə tək qalanda qorxuram, yata bilmirəm...”
“Şaftalı çiçəkləri fəsli” dəniz kənarındakı bağların birində qarovulçu qalan qəhrəmanla xəstələnib işə çıxmayan yoldaşının adi günündən bəhs edir. Lakin hekayə sadə süjetinə baxmayaraq, oxucuda dərin iz buraxır. Sərxoş yeknəsəq həyat yaşayır. Bağda qarovulçuluq edir, axşamlar isə qəhrəmanla vurur: “Sərxoşun otuz səkkiz yaşı var, evlənməyib. Anasıynan bir yerdə yaşayır, atası Qarabağda şəhid olub. Bir bacısı var, ərdədi. Bildir anasını əməliyyat elətdirib, onda kalan borca girmişdi. Keçən ay qurtara bildi borcunu.”
Bu sitat Sərxoş haqda məlumat almağa bəs edir. Daha dərinə gedib kədərli notlar üzərində gəzişməyə gərək yoxdur. Sərxoşgilin həyətlərinin torpağı şoran olduğu üçün gətirib qəhrəmanımızın işlədiyi həyətdə şaftalı əkib, deyir orda quruyur. İndi isə xəstələnib, düşünür ki, sağ çıxmayacaq. Çünki atası da 38 yaşında ölüb. Ona elə gəlir ki, 38 yaş ömrünün şoranlıq yeridi, o yaşa çatan kimi quruyacaq. Lakin onu bu şoranlıqdan xilas etməyə kimsə yoxdur ki, şaftalı tingi kimi aparıb başqa yerdə yaşatsın.
Müəllif Sərxoşun həyatının ağırlığından, çətin güzəranından uzun-uzadı bəhs etmir, rəssamlar misalı cəld fırça yaxmaları ilə bu nöqtələrə toxunub keçir. Təkcə bir detalı göstərməklə hər şey izah olunur: “Anası sinidə çay gətirir mənimçün, qənddana mən aldığım şokoladlardan töküb. Çayı qoyub həyətə çıxır”.
Lakin maraqlısı burasıdır ki, hekayə nə qədər bədbin, qaramtıl olsa da müəllif sonda Sərxoşun özünün ölümü ilə bağlı öncəgörməsini dolayı yolla da olsa yalan çıxarır: “Çayı içib ayağa dururam. Cibimdən bir az pul çıxarıb Sərxoşun balışının altına qoyuram. Etiraz etmək istəyir, imkan vermirəm.
Gödəkcəmin yaxasını bağlayanda Sərxoş soruşur:
"Papağın hanı?"
"Bağda qalıb".
"Mənimkini götür". Asılqandakı papağa işarə edir. "Bayaq xəbərlərdə dedilər, yağış yağmalıdı. İslanarsan".
"Yox," – deyirəm, "hara gedirəm ki? Beş dəqiqəyə çataciyam da bağa".
Amma Sərxoşgildən bağacan hardasa yarım saatlıq yoldu. Əslində yolun uzunluğunu fikirləşmirəm, gecə yenə tək qalmalıyam, onu fikirləşirəm, bir də arağı tək içməyin dərdi götürüb məni...
Sağollaşıb çıxıram. Evin damına, sobanın bacasına baxıram. Bacanın ağzına yanakı kərpic qoyublar, tüstü kərpicin yanındakı boşluqlardan çıxıb göy üzünə millənir.
Göy üzü tərtəmizdi, bir tikə də bulud yoxdu.
Yağış yağmır.”
Yuxarıda da vurğulandığı kimi Həmid Piriyevin bəzək-düzəksiz, xüsusi quramaçılığa gərək duymayan əsərlərini oxuyub qurtarandan sonra uzun müddət bədbinlik, sıxıntı oxucunu tərk etmir, onu da içinə hopdurub digər darıxan qəhrəmanları ilə bir sıraya qoyur. Obrazların, hadisələrin çoxu nə qədər tanış olsalar da hekayələrin ovqatı qurum kimi oxucunun qəlbinə hopub qopmaq bilmir.
Əvvəllər razyana qoxusu mənə köhnə Bakı bağlarını xatırladırdısa, bundan sonra Həmidin hekayələri xatırladacaq.
Mirmehdi Ağaoğlu
Kulis.az