Eynşteynlə Rabindronath Thakurun* Danışıqları
Bu danışıqlar Eynşteynin bağ evində baş tutmuşdur. …
Əyalətdə doğulub-böyümüş şair və yazıçıların Bakıya qarşı tənqidi münasibətlərini (təbii, hamıya şamil etmək düzgün olmaz) başa düşməkdə çətinlik çəkmişəm. Bəli, insan doğulduğu, böyüdüyü yeri, oranın adamlarını daha yaxşı tanıyır. Amma bir yeri daha yaxşı tanTımağın, bir yerin sənin üçün daha doğma, daha əziz olması, başqa bir yerə qarşı daima tənqidi mövqedə dayanmağına əsas verməməlidir.
Eyni zamanda Bakıda doğulub-böyümüş şair və yazıçıların Bakını ucdantutma güllük-gülüstanlıq kimi təsvir, təqdim etmək cəhdləri, özlərini heç bir ciddi səbəb olmadığı halda ali irqin nümayəndələri kimi aparmaları (şübhəsiz, burda da istisnalar var) mənə çatmayıb.
Söz adamı, sənətlə məşğul olan kəs şəhər-kənd qarşıdurmasının fövqündə dayanmalı, insanı xırdalayan bu kimi mövzuları özünə yaxın buraxmamalıdır. Həm şəhər, həm də kənd mühitini yaxşı öyrənməli, hər iki mühitin müsbət tərəflərini əxz edib, özündə birləşdirməyə çalışmalıdır.
Bəlkə də yuxarıda qeyd olunan iki naqis səbəbə görə Bakının real, həqiqi təsvirinə Azərbaycan ədəbiyyatında rast gəlmək demək olar ki, mümkün deyil. Əyalətdə doğulub-böyümüş yazıçılar Bakını yeri gəldi-gəlmədi tənqid ediblər. Ən azı Bakıya qarşı soyuq münasibət göstəriblər. Uzun illər Bakıda yaşayıb yaradıcılığında Bakı mövzusuna toxunmayan yazıçıların sayı çoxdur. Yerlilər isə Bakını ancaq tərifləyiblər. Nəticədə Bakının real, həqiqi təsviri, fikrimizi ədəbi dildə ifadə etsək, Bakının şeiriyyəti, koloriti ədəbiyyatda görünmür. Bakının real, həqiqi, düzü düz, əyrini əyri təsviri ədəbiyyatda yox dərəcəsindədir.
Bəzi oxucularımızda belə bir sual yarana bilər: bəs, Elçin Əfəndiyevin Bakı kəndlərindən bəhs edən hekayələri? Söhbəti çox uzadıb vaxtınızı və enerjinizi almaq istəmirəm. Elçin Əfəndiyevin hekayələri, hekayə deyil, karikaturadır, hekayə janrına parodiyadır…
Yayda Tofiq Qəhrəmanovun əsərlərini oxudum. Düşündüm ki, Tofiq Qəhrəmanov Bakıda doğulub, Bakıda böyüyüb. Bakını, aralarında böyüdüyü, dərindən bələd olduğu bakılıların məişətini, həyat fəlsəfələrini, koloritini olduğu kimi təsvir edə bilər. Təəssüf ki, Tofiq Qəhrəmanovun da əsərlərində Bakının real təsvirlərinə, Bakının şeiriyyətinə, koloritinə rast gəlmədim. Yalnız dialoqlar ləhcəylə yazılmışdı. Dialoqların ləhcəylə yazılması da işin asanına qaçmaqdır. Dialoqları ləhcəylə yazmaqla hansısa bir məkanın şeiriyyətini, koloritini əsərdə vermək olmaz.
***
Həmid Piriyevi çoxdan tanıyıram. Açığı onun nə yazması, nə pozması ilə ciddi maraqlanmamışdım. Bir ay əvvəl Həmid Piriyevin hekayələrini oxudum. Həmidin hekayələri yaxşı mənada məni xeyli təəccübləndirdi və Həmidin yaradıcılığına qarşı bu vaxta qədər göstərdiyim laqeyd münasibətimə görə bir az da utandım. Eybi yox, gec olsun, güc olsun.
Həmidin hekayələri mənim üçün sözün həqiqi mənasında əsl tapıntı idi. Nəhayət ki, Bakı kəndlərinin həqiqi, düzü düz, əyrini əyri təsvirlərinə, Bakı kəndlərinin koloritinə, şeiriyyətinə nəsrdə rast gəlmişdim. Həmidin hekayələrində səs-küy, ən əsası zərrə qədər də pafos, psevdolirika yoxdur. Nəsr haqqında təsəvvürləri səthi olan, nəsri bilməyən adamlar Həmidin hekayələrini oxusalar, yəqin ki, çox, lap çox məyus olacaqlar. Çünki Həmidin hekayələrində hər şey çox sakitcə baş verir və Həmid adamların daha çox adi günlərindən, adi saatlarından, həyatın adi ahəngindən yazır. Bilənlər bilir ki, adamların adi gününü, həyatın adi ahəngini, adi hadisələri yazmaq çox çətindir. Mən bilmirəm, başım çıxmır Həmid bu səviyyəyə, bu həddə, bu həqiqətə necə gəlib çatıb. Çox güman bu səviyyəyə, bu həddə gəlib çatmasında çəkdiyi zəhmətdən əlavə bir insan kimi onun təbiəti də müstəsna rol oynayıb. Pafosdan, psevdolirikadan əziyyət çəkən adam elə sakit, səs-küysüz, yaxşı mənada adi hekayələr yaza bilməz. Mümkün deyil, variant yoxdur. Oxuduqlarım, gördüklərim sayəsində qəti olaraq bu nəticəyə gəlmişəm ki, insan pafosdan əziyyət çəkirsə, onu heç nə xilas edə bilmir. Heç nə… Nə istedad, nə zəhmət, nə də ki, təcrübə. Pafos, kobud desəm, “küləkləmək”, sağalmaz xəstəlikdir.
Həmidi yaşıdlarından fərqləndirən, təqdir olunası müsbət bir cəhəti var. Bu cəhəti mütləq qeyd etməliyəm. Həmid Azərbaycan ədəbiyyatını çox yaxşı oxuyub. Şəxsi söhbətlərimizdə bunu çox aydın görmüşəm. Hekayələrində də Azərbaycan ədəbiyyatını yaxşı oxuduğu açıq-aydın hiss olunur. Ayrı-ayrı yazılarda dəfələrlə və dəfələrlə vurğulamışıq ki, yerli ədəbiyyatı mütləq və mütləq yaxşı oxumaq lazımdır. Bəyənsən də, bəyənməsən də yerli ədəbiyyatı yaxşı öyrənməlisən. Bir əsər xarici ədəbiyyatdan oxuyanda, bir əsər də yerli ədəbiyyatdan oxumalısan. Əlbəttə, Həmid Azərbaycan ədəbiyyatını yaxşı oxumasaydı, yaxşı öyrənməsəydi elə sakit, səs-küysüz, adi, koloritli, təvazökar hekayələr yaza bilməyəcəkdi. Bu mənada Həmid yaşıdları üçün gözəl bir nümunədir.
***
Həmidi kifayət qədər təriflədik. İndi isə onun hekayələrindəki qüsurlar haqqında danışmaq vaxıdır. Daha çox ciddi hesab etdiyim üç qüsurun üzərində dayanmaq istərdim.
Birincisi, Həmidin hekayələrində obrazların, ətraf mühitin dəqiq təsvirləri, xülasə, geniş fon çatışmır, təsvirlər azlıq təşkil edir. Dəqiq təsvirlər, fon az olduğuna görə obrazların ovqatının oxucuya tam ötürülməsində maneələr yaranır.
İkincisi, sovetlər dağılandan sonra baş verən ictimai-siyasi-mədəni məzmunlu hadisələrin nəticəsində Bakı kəndlərində baş verən dəyişikliklər, bu dəyişikliklərin adamlara göstərdiyi təsirlər hekayələrdə görünmür. Demirəm ki, Həmid hər hekayədə, hər abzasda bu dəyişiklikləri göstərməlidir. Yeri gəldikcə, münasib məqamlarda ictimai-siyasi-mədəni hadisələrin insanlara göstərdikləri təsirləri təsvir etmək çox yaxşı olardı. Məsələn, Həmid qatar stansiyasının “öldüyünü” təsvir edir. Amma bu stansiyanın niyə, nələrin, hansı hadisələrin nəticəsində “öldüyünü”, bu stansyanın əvvəlini, yaxşı, gur günlərini, əvvəllər burada baş verən hadisələri, həyatı göstərmir. Halbuki, elə həmin “ölü” stansiyanı əldə əsas tutub, həmin “ölü” stansiyanın vasitəsi ilə ötən illərdə baş verən dəyişiklikləri, ötən illərdə baş verən hadisələri, söz-söhbətləri, stansiyanın əvvəlini və indiki zamanını “müqayisə etməklə” nə qədər desən sağa-sola yazmaq olardı. Zamanın keçdiyini, zamanın apardıqlarını, gətirdiklərini, zamanın təsirlərini bu və ya digər formalarda yeri, məqamı düşdükcə təsvir etmək vacibdir.
Daha bir adidən adi misal. Məsələn, sovet vaxtlarında Bakı kəndlərində yaşayan adamların Rusiya ilə ciddi, geniş, gur əlaqələri vardı. Sonralar müxtəlif ictimai-siyasi hadisələrin nəticəsində bu əlaqələr yavaş-yavaş azalmağa, sönməyə başladı. Bir vaxtlar Rusiyanın şəhərlərini su yoluna döndərmiş adamları “danışdırmaq” lazımdır. Qoy ürəkləri nə qədər istəyir danışsınlar. Nə danışsalar ədəbiyyatdır. Elə həmin adamların vastitəsi ilə də zamanın gətirdiyi dəyişiklikləri, ictimai-siyasi-mədəni hadisələrin davranışlara, həyata, ətrafa təsirlərini geniş göstərmək mümkündür. Qərəz, variantlar çoxdur. Bu variantları tapmaq, daha münasiblərini seçmək, üzərində işləmək, ədəbiyyatın dili ilə dəyişiklikləri göstərmək müəllifin işidir.
Ücüncüsü, Həmidin hekayələrində final, sonluq problemi var. Həmid hekayələrini mənalı bitirməyə cəhdlər edir. Bu da hekayənin ümumi ab-havasına heç uyğun gəlmir. Hekayələri mənalı, təmtaraqla bitirmək cəhdləri hekayədəki sakit, səssiz-küysüz, pafossüz, psevdolirikasız ab-havanı qəddarcasına pozur. Belə deyək, Həmid səs-küysüz, sakit, pafossuz, psevdolirikasız, təvazökar hekayələrini mənalı, təmtəraqla bitirməyə cəhdlər etməklə, elə bil gözəl quzu kababının üstündən toyuq dönəri yeyir. Özü də çox pis hazırlanmış toyuq dönəri. Yəni, gözəl quzu kababının üstündən yaxşı hazırlanmış toyuq dönəri yesəydi, bəlkə də onun günahından birtəhər keçmək olardı.
Ümumiyyətlə, hekayəni təmtaraqla, mənalı bitirmək cəhdləri Azərbaycan ədəbiyyatının ən ciddi bəlalarından biridir. Yoldaşlar, dostlar, əgər həyat yeknəsəkdirsə, mənasızdırsa, darıxdırıcıdırsa, ona zorla, süni şəkildə nəsə mənalar əlavə etmək kökündən səhvdir. Hekayə çox adi qaydada da bitə bilər. Hekayənin sonunda kiminsə kiminləsə tapışması, hansısa əndrabadi, hansısa maraqlı hadisənin baş verməsi, qəhrəmanın, obrazın hansısa qəti qərar verməsi, hansısa qəti qərara gəlməsi vacib deyil.
Ümid edirəm qeyd etdiyim və etmədiyim qüsurlar zaman keçdikcə aradan qalxacaq. Həmidə həyat və yaradıcılığında uğurlar arzulayıram. Hər şeydən əvvəl bir oxucu kimi ondan daha geniş həcmli əsərlər yazmasını gözləyirəm. Bunun üçün onun hər cür potensialı var. Qəti şəkildə öz tərəfimdən bəyan edirəm ki, Həmid hal-hazırda Azərbaycan ədəbiyyatında ən potensiallı, ən ciddi nasirlərdən biridir. Yerdə qalır ciddi işləmək, qələmi daha da cilalamaq və daha da peşəkarlaşmaq.
Azlogos