Cəfər Cabbarlı: GÜLZAR - hekayə
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, u…
Bu cızmaqara 10 dekabr Beynəlxalq İnsan Hüquqları gününə ithaf edilir.
Noyabrın 15-dən guya respublikamız qış rejiminə keçibdir, məktəblərə istilik verilməliydi. Lakin uşaq hər dəfə evə gəlib şikayətlənirdi. Deyir bəzi siniflərdə istilik var, bizim sinifdə yoxdur. Açığı, inanmağım gəlmədi. (Buna görə qəzet vasitəsi ilə bütün uşaqlardan üzr istəyirəm. Onlar bizdən - böyüklərdən min dəfə doğruçu insanlardır). Durub getdim məktəbə.
Mənim məktəbə varid olmağım tərslikdən növbə dəyişimi vaxtına düşdü. O çağlarda isə bizim məktəblərin darvazası, giriş-çıxışları, qapıları, pis çıxmasın, “Ohanyan səddi” kimi bir şey olur. Uşaq uşağın, valideyn müəllimin belində, oradan qışqıran, buradan hürkən, qırılıb qaçan, ipini qıran... Xülasə, mən səddi keçib sinfə girdim, həqiqətən “qarmoşkalar” bumbuz. Gedirəm direktorun odasına, oda od kimi. Əsəbləşdim. Deyirəm sən niyə özün isti otaqda buğlanırsan, şagirdlər isə donur.
Yazıq direktor başladı ağlamağa. Fiziki yox, mənəvi mənada - maşallah, hər seçkidə bizim məktəb direktorları qoyun-qoltuqlarında bülleten, protokol daşıyaraq mətinləşiblər, indi onları yüz ağıçı arvad yığasan, ağlada bilməzsən. Deyir məktəbdə bəzi siniflərin isitiliyə həsrət qalması mənlik deyil. Orda beş-on metr boru dəyişməlidir, usta gəlməlidir, klapan zad olmalıdır, dirsək nə bilim şey olmalıdır... Bu işlər Təhsil Nazirliyinin Bakı Şəhər Təhsil İdarəsi tərəfindən hansısa vələdüzna müəssisəyə, bir müstəqil idarəyə tapşırılıbdır. Onlar isə gəlib borunu qayırmırlar.
Doğrudan da, bizim təhsil sistemindəki özfəaliyyətə özfəaliyyət ansamblları həsəd aparar. Hansısa fırıldaqçı, dələduz kiçik müəssisə düzəldir, nazirlik də təhsil üçün lazım olan işləri saxta tenderlərdə onlara “tapşırır”. Nəticədə yeyinti var, iş yoxdur. Dünən qaynarinfo.az saytında maraqlı tenderdən yazmışdılar, sən demə, Təhsil Nazirliyi samovar, ətçəkən maşın, yataq dəsti, otbiçən maşın almaq istəyir.
Əslində hələ bilik günündə hörmətli təhsil nazirimiz Cəlilabadda məktəblilərlə mürəbbə müsabiqəsi düzəldəndə mən bunun samovar tenderi ilə bitəcəyini proqnoz eləmişdim. Mürəbbəni boşuna yemək olmaz, yanında samovar çayı zor gedir. O cümlədən ətçəkəndə yaxşı kotlet çəkirsən, otbiçənlə çəmənlikdə cığır açıb yatağa uzanırsan, səmanın ənginliklərinə tamaşa edirsən. Gör nə qədər poetik təhsil sistemimiz vardır.
Nə isə, direktor ağlaşmasına davam elədi, hətta telefonunu açıb mənə sarsaq uşaqların siniflərdə hansı oyunlardan çıxdığını, partaları qırdığını, dərsdən qaçdığını, qadağan olunmuş əşyalar gətirdiyini və sairəni nümayiş etdirdi. Əlac kəsildi, mən də qoşuldum ona, başladım zır-zır ağlamağa. Nə edə bilərik? Çıxılmaz vəziyyətdir. Sən də deyirsən Finlandiya belə getdi, Bolonya elə gəldi... Uşaq Abşeron yarımadasının ortasında sinifdə paltar-palazda oturursa, Lerikdə, Kürdəmirdə, Samuxda vəziyyət necədir?
Bizim təhsilin işi sözün hər mənasında Allaha qalıbdır. Sevindirici haldır ki, artıq müəllimlər, valideynlər, şagirdlər bunu qanmağa başlamışdır. Elə hansısa sinifdə müəllim və şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klipin çəkilişi bunun əyani sübutudur. Əgər Mehdi Sahib əz-Zaman zühur eləməsə, məktəblərimizin istilik problemi həllini tapmayacaqdır. İlahi, şagirdləri bu qış günü üşüdən əlaqədar təşkilatları özün cəhənnəm odunda yandır, amin!
Maşallah, zühurun tezliklə baş verəcəyinə başqa əlamətlər də dəlalət edir. Əlhəmdüllah. Uşaq bir gün dərsdən evə gələndə mənə deyir: “Ata, bizdə məktəbdə dini tədris eləməyə icazə varmı?” Deyirəm yoxdur. Deyir bəs niyə Azərbaycan dili müəllimimiz bizə ərəb dilini öyrədir? Sən demə, müəllim bir dərsini başdan-ayağa ərəbcə “əstəgfürullah”, “bismillah”, “əuzu billahi minəş-şeytanir-rəcim” kimi söhbətlərin tərcüməsinə sərf etmişdir. Taxtaya yazırmış, uşaqlar da köçürürmüş. Ay bərəkallah, nə deyə bilərik. Onsuz təhsil ölüb, fatihəsini verən lazımdır.
Musavat.com