post-title

Təmiz bazar ertəsi - İvan Bunin

Moskvanın üzərinə tutqun bir qış axşamı enirdi. Fənərlərdə soyuq qaz işığı, mağazaların vitrinlərində isti, parlaq işıqlar yanırdı. Gündüzün iş-gücündən azad olmuş Moskvanın axşam həyatı yavaş-yavaş canlanırdı: sayı artan kirşələri sürücülər daha həvəslə sürüb aparır, sərnişinlə dolu çevik tramvaylar gurultu sala-sala küçələrdən ötüb keçirdi, –  alatoran olsa da məftillərdə fışıltı ilə sayrışan yaşıl ulduzlar görünürdü, – qaramtıl görünüşlü yolçular qar yağmış səkilərdə tələsə-tələsə gedirdilər... Axşamlar bu vaxt mənim sürücüm löhrəm atı ilə məni Qırmızı alaqapıdan götürər, yel kimi aparıb Xilaskar Məsih kilsəsinin yanına çatdırardı: o qız məbədlə üzbəüz binada yaşayırdı; hər axşam onu ​“Praqa”ya, “Ermitaj”a, “Metropol”a yeməyə götürür, yeməkdən sonra teatr, konsertlərə gedir, oradandan da onu “Yar”a, “Strelna”ya aparırdım... Mən bütün bunların nə ilə bitəcəyini bilmir və bu barədə düşünməməyə çalışardım. Eləcə də bu mövzuda onunla danışmaq bihudə iş idi: o, bizim gələcəyimiz barədə danışmaqdan biryolluq imtina eləmişdi. O, mənim üçün müəmmalı, əsrarəngiz biri idi, aramızdakı münasibətdə bir qəribəlik vardı – hələ də yaxınlıq eləməmişdik. Bütün bunlar məni çıxılmaz gərginlikdə, ağrılı bir intizarda saxlayardı. Fəqət onunla keçirdiyim hər saata görə son dərəcə xoşbəxt idim.

O, nə məqsədləsə ali qızlar məktəbində təhsil alırdı, düzdür dərslərdə az-az görünürdüsə də, yenə iştirakından qalmırdı. Bir dəfə ondan soruşmuşdum: "Nə üçün oxuyursan?". Çiyinlərini çəkmişdi: “Bu dünyada hər şey nəyə görə edilir? Məgər biz əməllərimizin az da olsa mənasını başa düşürükmü? Bir də ki, məni tarix maraqlandırır... ”. O, təkbaşına yaşayırdı. Adlı-sanlı tacir nəslindən olan, dul qalmış ziyalı atası, bütün tacirlər kimi özüyçün nəsə yığa-yığa Tverdə bikar ömür sürürdü. O, Moskvanın mənzərəsinə baxmaq üçün Xilaskar Məsih məbədi ilə üzbəüz binada, beşinci mərtəbədə küncdəki mənzili kirayələmişdi. Mənzil vur-tut iki otaqdan ibarət olsa da, geniş və mebelli idi. Birinci otaqda enli türk divanı çox yer tuturdu. Otaqda bahalı pianino vardı. O, həmişə bu pianinoda “Ay işığı sonatası”nın asta, somnambul, füsunkar başlanğıcını çalmağı öyrənərdi. Sadəcə başlanğıcını. Pianionun və ayna mizinin üstündə kənarları tin-tin güldanlarda həmişə zərif çiçəklər qoyulmuş olardı. Mənim göstərişimlə onun üçün hər şənbə təzə-tər çiçəklər gətirilirdi və mən hər dəfə şənbə axşamı onun yanına gəlib çıxdıqda, o, üstündə nədənsə ayaqyalın Tolstoyun portreti asılmış divana uzanaraq, tələsmədən, öpüş üçün bir əlini mənə uzadıb dalğın-dalğın deyərdi: “Çiçəklər üçün minnətdaram...". Mən ona qutu-qutu şokoladlar, Hofmanştalın, Şnitslerin, Tetmayerin, Pşibışevskinin yeni kitablarını gətirər və həmişəki “minnətdaram" sözünü və bir də mənə tərəf uzanan isti əli qazanardım. Bəzən isə paltomu çıxarmadan divanın yanında oturmaq buyuruğunu eşidərdim. “Bilmirəm nədəndi” – deyə o fikirli halda qunduz xəzindən yaxalığımı sığallaya-sığallaya söyləyərdi – “amma mənə elə gəlir ki, adamın küçədən otağa özü ilə gətirdiyi qış havasının iyi qədər təravətli heç nə ola bilməz...”. Adama elə gəlirdi ki, ona heç nə lazım deyil: nə gül, nə kitab, nə nahar, nə teatr, nə də şəhərdən kənarda axşam yeməyi. Buna baxmayaraq sevdiyi və sevmədiyi çiçəklər vardı, gətirdiyim bütün kitabları həmişə axıradək oxuyurdu, gündə bir qutu şokolad aşırırdı, nahar və şam vaxtı məndən az yemirdi, nalim balığının şorbası ilə açıq içli qutabları, pörtülmüş xama içində çəhrayı qarabağır quşu ətini yeməyi xoşlayırdı. Bəzən belə deyirdi: "Bir şeyi heç başa düşmürəm, necə olur ki, adamlar bütün ömrü boyu hər gün nahar və şam yeməkdən bezmirlər?". Amma özü moskvalı ədası ilə nahar və şam yeməyini yeyirdi. Onun ən yaralı yeri yalnız yaxşı paltar, məxmər, ipək, bahalı xəz idi...

Biz ikimiz də var-dövlətli, sağlam, gənc və o qədər yaraşıqlı idik ki, restoran və konsertlərdə hamı arxamızca baxardı. Mənşə etibarilə Penza əyalətindən olduğumdan, o zamanlar məndə elə bil ki, bir növ cənublu yaraşığı, istiqanlılıq vardı. Mən məşhur bir aktyorun bir dəfə dediyi kimi "ədəbsizcəsinə yaraşıqlı" idim. Aktyor çox şişman, böyük qarınqulu və ağıllı adamdı. "Allah bilir siz kimsiniz, elə bil Siciliyadan gəlmisiniz" deyə o, yuxulu-yuxulu deyirdi. Məndə cənublulara xas qıvraq, həmişə şən bir təbəssümə, yaxşı zarafata hazır adamın xasiyyəti vardı. O qızda da bir növ hind gözəlliyi, bir növ fars göyçəkliyi vardı: qaraşın-kəhrəba rəngli çöhrəsi, göz oxşayan, elə bil nəhslik yağan sıx, şahmar saçları, qara samur xəzi tək yumşaq, parlaq qaşları, məxmərə bənzər kömür kimi məlahətli qara gözləri vardı; moruq rəngli, incə, məftunedici dodaqlı ağzı qara, narın tüklərlə kölgələnmişdi; evdən çıxarkən o, çox vaxt nar kimi qıpqqırmızı, məxmər paltarını və eyni rəngli, qızılı ilgəkli ayaqqabılarını geyinərdi (məktəbə isə sadə bir talibə kimi gedir, Arbatda yerləşən vegetarian yeməkxanasında otuz qəpiyə səhər yeməyi yeyirdi); hər nə qədər mən söhbətcilliyə, sadədil şənliyə meyilli adam idimsə, bir o qədər o, adətən, susqun adam idi: həmişə nəyisə düşünür, zehnində nələrisə götür-qoy edirdi; əlində kitab divanda uzananda tez-tez kitabı əlindən salır və gözünü qarşısındakı bir nöqtəyə zilləyirdi: mən bunu hərdən onun yanında gündüzlər gedəndə görərdim, çünki hər ayın üç-dörd günü o evdən kənara çıxmır, uzanıb kitab oxuyurdu, məni də məcbur edirdi ki, divanın yanındakı qoltuqlu kürsüdə oturub səssiz-səmirsiz kitab oxuyum.

-  Çox gəvəzə və narahat adamsız, - deyərdi, - imkan verin bu fəsli bitirim...

- Gəvəzə və narahat adam olmasaydım, bəlkə də sizi heç vaxt tanımayacaqdım, - cavab verərək ona tanışlığımızı xatırladardım: günlərin bir günü dekabr ayında sənət dərnəyində Andrey Belının mühazirəsində idim. Belı səhnədə o baş, bu baş qaçır, rəqs edə-edə oxuyurdu, mən isə yerimdə dinc durmur, qurdalanır, qəhqəhə ilə gülürdüm. Bu dəm təsadüfən yanımdakı kresloda oturan və əvvəl-əvvəl mənə bir az çaşqınlıqla baxan bu qızın nəhayətdə üzü gülmüş və mən sevincək dərhal ona yanaşmışdım.

- "Hər şey elə olub", -  deyirdi, "ancaq siz bir qədər sakit olun, nəsə bir şey oxuyun, siqaret çəkin..."

- Mən susa bilmirəm! Sizə olan məhəbbətimin gücünü təsəvvür edə bilməzsiz! Siz məni sevmirsiz!

- Təsəvvür edirəm. Mənim sevgimə gəldikdə, yaxşı bilirsiz ki, mənim bu dünyada atamdan və sizdən başqa bir kimsəm yoxdur. Hər halda, siz mənim həyatımda birinci və axırıncı adamsınız. Azdı bu sizinçün? Ancaq bu qədər bəsdi. Sizin yanınızda kitab oxumaq olmur, gəl çay içək...

Mən ayağa durub, divanın arxasındakı mizin üzərində elektrik çaydanında su qaynamağa qoydum. Küncdə, masanın dalında duran, qoz ağacından qayrılmış şüşə şkafdan fincan-nəlbəki götürə-götürə ağlıma gələn ilk sözləri söylədim:

- “Odlu mələyi” axıradək oxuya bildinizmi?

- Gözdən keçirdim. O qədər təmtəraqlı kitabdır ki, adam oxumağa utanır.

- Bəs dünən Şalyapinin konsertini niyə qəfil tərk elədiniz?

- Onda lazımi qədər igidlik yox idi. Bir də sarışın rus adamı, ümumiyyətlə, xoşuma gəlmir.

- Heç nə sizin xoşunuza gəlmir!

- Bəli, çox şey...

"Qəribə sevgidir!" – deyə özlüyümdə düşünür, suyun qaynamağını gözləyə-gözləyə dayanıb pəncərələrə baxırdım. Otaqdan çiçək ətri gəlirdi və otaq mənim nəzərimdə yavaş-yavaş bu qoxu ilə birləşirdi; pəncərənin birində çayın o tayında Moskvanın geniş, qarlı, mavimtraq mənzərəsi açılırdı; o biri, soldakı pəncərədən, Kremlin bir hissəsi görünürdü. Kremllə üzbəüz namünasib şəkildə yaxın dayanan Xilaskar Məsih kilsəsinin yeni, nəhəng binası parıldayırdı, onun qızıl günbəzində daim ətrafında uçuşan dolaşaların göyümtül kölgələri əks olunurdu... “Qəribə şəhərdir! – deyə Oxotnı Ryad, İverskaya kilsəsi, Vasili Blajennı haqqında öz-özümə düşündüm. – Vasili Blajennı – və Spas-na-Boru, italyan məbədləridir – və bir də Kreml divarlarındakı qüllələrin uclarında qırğız sayağı nəsə bir şey var... ".

Şər qarışan vaxtı, toranlıqda onun yanına gələndə onu bəzən divanda, əynində təkcə samur xəzli parça ilə haşiyələnmiş ipək arxalıqda görərdim. – Bu geyim həştərxanlı nənəmdən mənə miras qalıb, - deyərdi. Mən işığı yandırmadan yarımqaranlıqda onun yanında oturar və dərisinin hamarlığı ilə məni valeh edən əllərini, ayaqlarını öpüşlərə qərq edərdim... O isə heç etiraz eləmir, sadəcə susardı. Mən müdam onun isti dodaqlarını arayırdım – öpməyə icazə verəndə nəfəsi tezləşərdi, amma heç vaxt səsini çıxarmaz, danışmazdı. Artıq özümə hakim kəsilə bilməyəcəyimi hiss edəndə o, məni kənara itələyər, yerində oturar, səsini qaldırmadan işığı yandırmağı xahiş edər sonra yataq otağına gedərdi. Mən işığı yandırır, pianinonun yanındakı fırlanan kətilə oturur və yavaş-yavaş özümə gəlirdim, sərməstliyim tədricən keçirdi. On beş dəqiqə sonra, o yataq otağından geyinib-kecinmiş, getməyə hazır vəziyyətdə, sakit və sadədil halda, elə bil bundan əvvəl heç nə olmamış kimi çıxardı:

- Bu dəfə hara gedirik? “Metropol”a bəlkə?

Yenə də bütün axşamı tamam başqa şeylərdən danışardıq. Tanış olduğumuzdan qısa müddət sonra evlənməkdən söhbət düşəndə deyərdi:

- Yox, mən arvad olmağa yaramıram. Yaramıram, yaramıram...

Bu məni ruhdan salmırdı. "Sonra bilinər!" – deyə öz-özümə təsəlli verə-verə, vaxt ötdükcə onun qərarında dəyişiklik olacağına ümid bağlayaraq, evlənmə məsələsindən daha söz açmırdım. Aramızda olan yarımçıq yaxınlıq bəzən mənə dözülməz əzab verirdi, fəqət burada da mənim üçün zamana ümid etməkdən başqa nə qalırdı? Bir dəfə axşamın qaranlığı və səssizliyində onun yanında oturarkən daha dözə bilmədim:

- Yox, daha bacarmıram! Niyə, nə səbəbə görə həm mənə, həm də özünüzə bu qədər amansız işgəncə verirsiniz!

Susurdu.

- Axı bu sevgi deyil, sevgi belə olmur...

Qaranlıqdan sakit şəkildə cavab verdi:

- Ola bilər. Kim bilir ki, sevgi nədir?

- Mən, mən bilirəm! - deyə bərkdən dedim. – Siz məhəbbətin, xoşbəxtliyin nə olduğunu öyrənənə qədər gözləyəcəyəm!

- Xoşbəxtlik, xoşbəxtlik... "İnsanın xoşbəxtliyi, əziz dostum, balıq torundakı su kimidir: toru suya atırsan dolur, çəkirsən bom-boş”.

- Bu nədi?

- Platon Karatayevin Pyerə dediyi sözlərdi.

Əlimi yellədim:

- Ah, şərq müdrikliyi! Allah kəssin belə müdrikliyi!

Yenə də bütün axşam tamam başqa şeylərdən – Bədaye teatrında qoyulmuş yeni tamaşadan, Andreyevin yeni çıxan hekayəsindən danışdım... Amma yenə mənim üçün yetərdi ki, əvvəlcə onunla bir yerdə yel kimi gedən kirşədə oturum, onun geyindiyi kürkün hamar xəzindən tutum, sonra onunla “Aida”nın marşı sədaları altında restoranın izdihamlı salonuna girim, onunla birlikdə yeyib içim, onun ahəstə səsini eşidim, bir saat əvvəl öpdüyüm dodaqlarına tamaşa edim və öz-özümə deyim ki, hə, bu dodaqları mən öpmüşəm. Hədsiz bir vəcd və məmnuniyyətlə o dodaqlara, dodağının üstündə narın tüklərə, nar kimi qıpqırmızı məxmər geyiminə, çiyinlərinin mailliyinə, döşlərinin yumruluğuna göz gəzdirir, saçlarından gələn azacıq tünd, bir növ ədviyyə ətri içimə çəkirdim. Xəyalım məni məndən alıb aparırdı: "Moskva, Həştərxan, Persiya, Hindistan!". Şəhərdən kənarda getdiyimiz restoranlarda, axşam yeməyinin sonuna yaxın, ətrafda səs-səsə qarışanda, ortalığı tütün tüstüsü götürəndə, o da siqaret çəkə-çəkə xumarlanar, məni ayrıca bir otağa aparar, qaraçıları çağırtdırardı. Qaraçılar heç şeydən çəkinib utanmadan səs-küylə içəri doluşurdu: xorun qarşısında, çiynindən mavi lentlə aşırılmış gitarası, əynində baftalı kazakin, suda boğulan adamın üzü kimi göyümsov sifətli, çuğun top kimi dazbaş qoca qaraçı, onun arxasında ensiz alının üstünə qətran kimi qara telləri tökülmüş qaraçı qız oxumağa başlayırdı... O, mahnıları üzüntülü, qəribə bir təbəssümlə dinləyirdi... Gecə yarısından üç, dörd saat keçəndən sonra mən onu evinə aparır, binanın düz girişində, xoşbəxtlik içində gözlərimi yumub, onun nəm çəkmiş xəz yaxalığından öpür və bir növ fərəh qarışıq ümidsizlik içində Qırmızı alaqapıya tərəf yola düzəlirdim. Sabah da, o biri sabah da yenə eyni olacaq – deyə düşünərdim, - eyni zillət, möhnət və eyni xoşbəxtlik, səadət... Nə etməli – bu, axı səadətdir, böyük səadətdir!

Beləliklə, yanvar, fevral ayları gəlib-keçdi, Maslenitsa oldu və bitdi. O, Bağışlanma günü [1], axşam saat beşdə yanına gəlməyimi buyurdu. Gəldim. O, məni əynində yüngül qaragül kürkü, başında qaragül şlyapası, ayaqlarında fetr botla qarşıladı.

- Qara geyinmisən! – deyə hər zamankı kimi sevinc hissi ilə içəri daxil oldum.

Gözləri mehriban və mülayim idi.

  • Axı, sabah təmiz bazar ertəsidir [2] - deyə cavab verdi və qaragül dərili muftadan qara layka əlcəkli əlini çıxarıb mənə uzatdı. - "Həyatımın rəbbi və ağası..."[3] Novodeviçi monastırına gedəkmi?

Mən buna təəccübləndimsə də, tez-tələsik razılaşdım:

- Gedək!

- Elə hər dəfə meyxana, meyxana – deyə əlavə etdi. - Dünən səhər Roqojskoye qəbiristanlığına getmişdim...

Təəccübüm bir az da artdı:

- Qəbiristanlığa? Niyə? O məşhur raskolçu qəbirisitanlığına?

- Bəli, raskolçu. Sanki Pyotr zəmanəsindən əvvəlki Rusiyaya düşmüşdüm! Orada baş yepiskopu dəfn edirdilər. Bir təsəvvür edin: tabut eynən qədim zamanlarda olduğu kimi palıd ağacından düzəldilmiş, qızılı zərxara ilə sanki qurşaq çəkilmişdi. Mərhumun üzü iri, qara naxışlı ağ parça ilə örtülmüşdü – gözəllik və faciə. Məzarın başında duran dyakonlar əllərində ripidalar və trikirilər [4] tutmuşdular...

- Bunları haradan bilirsiz? Ripidalar, trikirilər!

- Siz məni yaxşı tanımırsınız.

- Bu qədər dindar olduğunuzu bilmirdim.

- Bunun adı dindarlıq deyil. Heç özüm də bilmirəm nədi... Ancaq mən, məsələn, tez-tez ya səhərlər ya da axşamlar, siz məni restoranlara götürmədiyiniz zaman, Kremldəki məbədlərə baş çəkirəm, sizin bundan heç xəbər-ətəriniz olmur... Deməli: dyakonlar, özü də necə! Peresvetə və Oslyabyaya[5] çox oxşayırdılar! İki kliros və iki xor vardı, hamısı keşiş Peresvet kimi hündür, əzəmətli idilər, əyinlərində uzun qara kaftanlar, səs-səsə verərək, oxuyurdular, - gah xorun biri, gah o birisi, -  sonra hamısı bir ağızdan, bir ahənglə oxudular. Özü də notlarla deyil, qədim kilsə intonasiyası ilə oxudular. Qəbirin içinə parlaq küknar budaqları döşənmişdi, həyətdə isə şaxtalı hava, günəş, gözqamaşdıran qar var idi... Yox, siz bunu başa düşmərsiz! Gedək...

Axşam düşürdü, küçədə günəşli, sakit hava vardı, ağacların yarpaqlarına qırov çökmüşdü; monastrın al qırmızı-kərpici rəngli divarlarında rahibələrə bənzər dolaşalar sükut içində civildəşirdilər, qüllə saatları aramsız olaraq incə və qəmli səslənirdi. Qarı xırçıldada-xırçıldada səssizcə qapıdan keçib qəbiristanlığın qarlı cığırı ilə addımladıq - günəş yenicə batmışdı, hava hələ də işıqlı idi, üstünü qırov basmış boz budaqlar qürubun qızılı mina səmasında mərcan kimi çox gözəl görünürdü. Qəbirlərin üzərlərinə qoyulmuş əbədi qəndillər öz sakit, kədər saçan işıqları ilə ətrafımızda əsrarəngiz bir şəkildə xəfif-xəfif yanırdı. Mən onun qara çəkmələrinin qar üzərində saldığı ulduz kimi kiçik izlərə riqqət hissi ilə baxa-baxa ardınca hərəkət edirdim. Birdən o elə bil bunu hiss edərək çevrilib mənə baxdı, heyrətlə, başını astaca yelləyərək:

- Doğrudan, siz mənə necə bənd olmusunuz! – dedi.

Biz Ertelin, Çexovun məzarlarının yanında dayandıq. O, əllərini aşağı sallanan muftasında saxlayaraq uzun müddət Çexovun baş daşına baxdı, sonra çiynini çəkdi:

- Bayağı rus üslubu ilə Bədaye teatrının qarışığı necə də eybəcər görünür!

Hava yavaş-yavaş qaralır, şaxta düşürdü, biz astaca qapıdan çıxdıq. Qapının önündə sürücüm Fyodor qozlada itaətlə oturmuşdu.

- Gəl bir az da miniklə gəzək, - dedi, - sonra da gedərik Yeqorovda sonuncu kökələri yeməyə... Ancaq yavaş sür, Fyodor, – yaxşımı?

- Baş üstə.

- Ordınkada hardasa bir ev var, Qriboyedov o evdə yaşayıb. Gəlin o evi tapaq...

Beləcə biz səbəbsiz-flansız Ordınkaya yollandıq.

Tanımadığımız bağların tanımadığımız xiyabanlarında kirşə ilə uzun müddət gəzdik, Qriboyedovun küçəsində olduq; amma kim bizə Qriboyedovun hansı evdə yaşadığını deyə bilərdi - ətrafda bir nəfər də olsun bəni-insan yox idi, həm də onlardan kim idi Qriboyedovun evini tanıyan? Qaranlıq çoxdan çökmüşdü, işıqlı pəncərələr, ağacların üstünə qırov düşmüş budaqları arasından çəhrayıya çalırdı...

- Yaxınlıqda Marfo-Mariyinskaya monastırı da var – dedi.

Güldüm:

- Yenə də monastıra?

- Yox, mən elə-belə deyirdim...

Yeqorovun Oxotnı Ryaddakı meyxanasının alt mərtəbəsi pırtlaşıq saçlı, qalın geyinmiş sürücülərlə dolu idi. Onlar artıq dərəcədə yağ və xama qatılmış kökə qalaqlarını qoparıb yeyirdilər. İçəri hamam kimi bürkü idi. Alt mərtəbə kimi çox isti olan üst mərtəbənin aşağı tavanlı otaqlarında, köhnəfikirli tacirlər dənəvər kürü ilə qızardılmış kökə yeyir, bərk soyudulmuş şampan şərabı içirdilər. İkinci otağa girdik. Otağın bir küncündə Troyeruçitsa Məryəmin ikonasının qara lövhəsi qarşısında qəndil yanırdı. Uzun masanın arxasındakı qara dəri divanda əyləşdik... Onun üst dodağında narın tüklərə qırov qonmuşdu, kəhrəba yanaqları azca qızarmışdı, gözlərinin qarası bəbəyinin rənginə qarışmışdı. Fərəhli nəzərlərimi onun hüsnü-camalından çəkə bilmirdim. O isə ətirli muftasından kiçik dəsmal çıxararaq danışırdı:

- Qəşəngdi! Aşağıda vəhşi mujiklər oturub, burada isə şampan şərabı ilə kökələr və Troyeruçitsa Məryəm var. Üç əlli Məryəm! Bu ki Hindistandı! Siz zadəgan olsanız da, Moskvanı mənim kimi başa düşə bilməzsiniz.

- Bilərəm, bilərəm! – deyə cavab verdim. - Gəlin “silen” nahar yeməyi sifariş edək!

- “Silen” nədir?

- Güclü sözündəndi, lazımınca deməkdir. Siz necə bunu bilmirsiz? "Qyurqinin sözləridir..."

- Nə yaxşı! Qyurqi!

- Bəli, knyaz Yuri Dolqorukinin sözləri. "Qyurqi Seversk knyazı Svyatoslava müraciət etdi: “Qardaşım, gəl, Moskvaya, yanıma" və lazımınca süfrə açmağı əmr etdi"[6].

- Nə yaxşı. Bax o zamanların Rusiyası indi yalnız bəzi şimal monastırlarında qalıb. Bir də kilsə dini nəğmələrində. Bu yaxınlarda Zaçatayevski monastırında idim – siz heç təsəvvür edə bilməzsiniz orada necə gözəl stixiralar[7] oxunur! Çudovoyedə ondan da yaxşı. Keçən il Ehtiras həftəsində[8] oraya getmişdim. Ah, necə gözəl, möhtəşəm idi! Hər yanda hələ tam qurumamış yağış gölləri, ilıq hava, adamın içinə dinc bir kədər dolur və müdam vətən duyğusu, dastlanların ab-havası hiss olunur... Məbədin bütün qapıları açıq olur, gün ərzində adi insanlar gəlib-gedir, bütün günü dini mərasim davam edir... Ah, könül istərdi, kaş uzaqlara, Voloqdaya, Vyatkaya, ucqar bir monastıra gedəm!

Bu an istədim deyəm ki, o halda mən də çıxıb gedəcəyəm. Ya da, kimisə öldürəcəyəm ki,  məni Saxalinə göndərsinlər. Həyəcandan bir papiros yandırdım. Ağ şalvar-köynəkli, tünd qırmızı kəmərli xidmətçi yaxınlaşıb nəzakətlə xatırlatdı:

- Bağışlayın, cənab, burada papiros çəkmək olmaz...

Xidmətçi dərhal, ayrı bir qılıqla, tez-tez danışmağa başladı:

- Kökənin yanında nə istəyirsiz? Bitki arağı? Kürü, ya somqa balığı? Balıq şorbası ilə yaxşı gedən müstəsna xeres çaxırımız var, navaqa balığı üçün isə...

- Navaqanın yanında da xeres olsun - deyə o, əlavə edərək bütün axşam bizi ​​tərk etməyən mehriban söhbətlərlə məni sevindirdi. Fikrim dağılmışdı, daha onun danışığına diqqət etmirdim. O, gözlərində məlahətli bir baxışla danışırdı:

- Rus salnamələrini, rus dastanlarını o qədər sevirəm ki, elə indi də xoşuma gələnləri, əzbərləyənə qədər təkrar-təkrar oxuyuram. “Rus torpağında Murom adlı bir şəhər var idi, orada Pavel adlı bir knyaz hökmranlıq edirdi. Bir gün şeytan uçan ilan qiyafəsinə girərək onun arvadını yolundan azdırmaq istədi. İlan son dərəcə gözəl insan cildində onun qarşısına çıxdı... "[9]

Zarafatla gözlərimi bərələdərək:

- Vay-vay, nə dəhşət! – dedim.

O mənə fikir verməyərək sözünə davam etdi:

  • Allah o arvadı belə sınağa çəkdi. “Mübarək ölümünün vaxtı gəldikdə, knyaz və knyaginya Allaha yalvardılar ki, onların canını eyni gündə alsın. Onlar razılaşdılar ki, eyni qəbirdə dəfn olunsunlar. Bir başdaşı olan iki qəbir yeri hazırlamağı buyurdular. Eyni zamanda monastır libasına büründülər... "

Yenə mənim dalğınlığım heyrət hissi ilə və hətta bir qədər təşvişlə, narahatlıqla əvəz olundu: görəsən bu gün ona nə olub?

Beləliklə, o axşam, onu evinə həmişəki vaxtda deyil, saat on birdə ötürdüm. Binanın girişində mənimlə sağollaşandan sonra artıq kirşəyə oturmuşdum ki, gözlənilmədən məni saxladı:

- Gözləyin. Sabah axşam mənə dəyin, saat ondan tez olmasın. Sabah Bədaye teatrında əyləncə gecəsi olacaq.

- Nədi ki? - soruşdum. - O gecəyə getmək istəyirsiz?

- Bəli.

- Bəs axı deyirdiz ki, o gecələr çox bayağı və şitdir!

- İndi də elədi. Ancaq yenə də getmək istəyirəm.

Mən fikrən başımı yellədim, - hamısı şıltaqlıqdır, moskvalıların şıltaqlıqları! - və sevincək cavab verdim:

- Ol rayt!

Ertəsi gün axşam saat onda, liftlə yuxarı qalxıb onun qapısına yanaşdım. Öz açarımla qapını açdım, keçib qaranlıq dəhlizdə bir az gözlədim. İçəri girməyə tələsmədim: içəri gur işıqlı idi, hər şey - çilçıraqlar, aynanın böyründəki qəndillərdə şamlar, divanın baş tərəfində yüngül abajur altda hündür lampa yanırdı. Pianinoda “Ay işığı sonatası”nın başlanğıcı çalınırdı – səs uzandıqca yüksəlir, yüksəldikcə daha üzücü, daha təsirli olur, somnambul sayağı, həzin musiqiyə çevirilirdi. Dəhlizin qapısını örtdüm - səs kəsildi, paltar xışıltısı eşidildi. Otağa girdim. O, pianinonun qabağında düz və bir qədər də teatral, süni durmuşdu. Əynindəki qara məxmər paltar onun qədd-qamətini daha nazik, incə göstərirdi. Paltarın qəşəngliyi, qətran rəngli zülflərinin bayramsayağı bəzəyi, çılpaq qollarının, çiyinlərinin qarabuğdayı kəhrəba rəngi, döşlərinin üst hissəsinin zərif dolğunluğu, azacıq pudralanmış yanaqlarına toxunan almaz sırğalarının parıltısı, məxmərə oxşar kömür kimi gözləri, purpur, məxmər kimi dodaqları, gicgahlarında gözlərinə tərəf yarımhalqalar şəklində burulan qara, parlaq hörükləri onu bayağı rəsmlərdə təsvir olunan əsl şərq gözəlinə oxşatmışdı.

- Bax, əgər müğənni olsaydım və səhnədə mahnı oxusaydım, - deyə mənim çaşqın üzümə baxaraq dedi, - alqışlara mehriban bir təbəssümlə cavab verər, sağa, sola, yuxarıya və parterə yüngül təzim edərdim. Sonra da üstünə basmamaq üçün paltarımın uzun ətəyini üsulluca, amma diqqətlə, yığışdırardım.

O, əyləncə gecəsi çoxlu siqaret çəkir, qurtum-qurtum şampan içir, öz qışqırıq və nəqarətləri ilə bir növ guya Parisi canlandıran aktyorlara, saçları çallaşmış, qara qaşlı böyük Stanislavskiyə, təknəsifətli, çeşməkli dolğun Moskvinə diqqətlə baxırdı. Onların hər ikisi ciddi-ciddi yerlərində oturaraq tamaşaçıların gülüş səsləri altında böyük səylə ayaqları ilə elə bil kankan edirdilər. Əlində qədəh tutumuş, içkidən rəngi qaçmış, tər damlaları puçurlanan alnına bir çəngə belarus saçı tökülmüş Kaçalov bizə yaxınlaşdı. Kaçalov qədəhini qaldırdı və süni, qaşqabaqlı hərisliklə ona baxaraq aktyorlara xas bəm səslə dedi:

- Gözəllər gözəli, Şamaxı çariçası[10], sənin sağlığına!

O azacıq gülümsəyib qədəhini Kaçalovun qədəhi ilə toqquşdurdu. Kaçalov onun əlindən tutub sərxoş halda ona tərəf əyildi, az qala yıxılacaqdı. Qəddini düzəltdi, dişlərini sıxaraq mənə baxdı:

- Bəs bu yaraşıqlı oğlan kimdir? Zəhləmgetmiş.

Sonra şarmanka xırıldadı, fit verdi, gurultu ilə səslənməyə başaldı, çalınan polka qalan səsləri batırdı və həmişə harasa tələsən, həmişə gülümsəyən Sulerjitski cəld bizə yaxınlaşdı,  mehmanxana nəzakətini təqlid edərək qarşımızda əyilib tələsik mızıldandı:

- Müsaidənizlə sizi tranblan rəqsinə dəvət edirəm...

O, üzün qonmuş bir təbəssümlə ayağa qalxdı, ayaqlarını məharətlə yerə vuraraq, parıltılı sırğaları, qarabənizliyi, çılpaq çiyinləri və qolları ilə Sulerjitskiyə qoşulub, masaların arasından keçib getdi.  Heyranlı baxışlar və alqış səsləri onu müşayiət edirdi, Sulerjitski isə başını dik tutur, keçi kimi səslər çıxarır, oxuyurdu:

Tələsin, gedək, gedək,

Səninlə rəqs eləyək!

Gecə saat üçdə o, ayağa qalxdı. Gözləri artıq yumulurdu. Pal-paltarımızı geyindikdə mənim qunduz xəzindən qayrılmış papağıma baxdı, qunduz xəzindən yaxalığımı sığalladı və çıxışa tərəf gedə-gedə yarı zarafat, yarı ciddi şəkildə:

- Yaraşıqlıdı, əlbəttə.  Kaçalov düz deyirdi... "İlan çox gözəl adam qiyafəsinə girərək..."

Yolboyu boylanıb aylı gecəyə, qar çovğununa tamaşa edərək susdu. Bədirlənmiş ay Kremlin başı üzərindəki buludlarda süzürdü. "Elə bil parıldayan kəllədir" – dedi. Spas qülləsində saat üçü vurdu, - o əlavə etdi:

- Bu səs necə qədim, köhnə əyyamların səsidir! Elə bil dəmirin, çuqunun səsidir! Eynən bu cür, eyni saat, on beşinci əsrdə gecə saat üçü vurub. Florensiyada da həmin səsi eşitmişəm, orada o, mənə Moskvanı xatırlatmışdı...

Fyodor atı evin girişində saxladı. O, kefsiz-kefsiz buyurdu:

- Onu göndərin...

Təəccüb içində idim. O heç vaxt gecələr mənzilinə qalxmağıma icazə verməmişdi. Çaşqın bir hal ilə sürücümə dedim:

- Fydor, mən piyada qayıdaram...

Biz səssizcə liftlə qalxıb kaloriferlə isidilən mənzilə girdik. Mənzili gecəyə xas ilıq hava və səssizlik bürümüşdü. Yalnız kaloriferlərin içindəki kiçik toxmaqların taqqıltısı eşidildirdi. Ərimiş qardan sürüşkənləşmiş şubasını çıxarmağa kömək elədim, yaş pərğu şalını saçlarından açıb üstümə atdı, ipək yubkasını xışıldada-xışıldada tələsik yataq otağına yönəldi. Paltarımı soyunub birinci otağa girdim və uçurum başında ürəyi əsən adamın keçirdiyi bir hisslə türk divanına əyləşdim. İşıq yanan yataq otağının açıq qapısı arxasından ayaq tappıltısı gəlirdi. O, saçındakı sancaqlardan tuta-tuta paltarını başından çıxarırdı... Mən ayağa qalxıb qapıya tərəf getdim: o, bədənnüma aynanın qabağında, təkcə ayaqlarında qu tüklü tufli, arxası mənə tərəf dayanmış, bağa qınından qayrılmış daraqla üzünə sallanan uzun, qara saçların darayırdı.

  • O həmişə deyirdi ki, onun haqqında az düşünürəm – deyə darağı ayna mizinin üstünə tulladı, saçlarını geri ataraq mənə tərəf döndü:  - Yox, düşünürdüm...

Dan yeri söküləndə onun yavaşca tərpəndiyini hiss etdim. Gözlərimi açdım. Mənə zənlə baxırdı. Mən, isti yataqdan və onun bədənindən aralanıb başımı yastıqdan azca qaldırdım. O, üsulluca mənə tərəf əyilib:

- Bu axşam Tverə yola düşürəm. Allah bilir, bir də nə vaxt döndüm... – dedi.

Yanağını yanağıma sıxdı – bu vaxt onun yaş kirpiklərinin titrədiyini hiss etdim.

- Qayıdıb gələn kimi hər şeyi məktubda yazacam. Gələcək haqqında hər şeyi yazacam. Bağışla, məni indi burax, çox yorğunam...

Başını yastığa qoydu.

Pal-paltarımı ehtiyatla geyindim, onun saçlarından üsulluca öpüb barmaqlarımın ucumda qapıya tərəf getdim. Pilləkənə artıq solğun işıq düşmüşdü. Təzəcə yağmış, yumşaq qarda piyada yola düzəldim, çovğun kəsmişdi, hər tərəf sakitlik idi, küçələrin o biri başını artıq görmək olurdu, havadan həm qar, həm də çörək qoxusu gəlirdi. İçərisi şam işıqları ilə alışıb yanan və par-parıldayan İverskaya kilsəsinə çatdım. Bir dəstə qarı və dilənçinin arasına girib tapdanmış qarda diz üstə çökdüm və papağımı başımdan çıxardım... Kimsə çiynimə toxundu – biçarə bir qarı mənə baxırdı, gözləri kədərlə yaşardığından üz-gözünü turşutmuşdu.

- Ah, dərd eləmə, dərd eləmə! Günahdı, günah!

Bu hadisədən iki həftə sonra qısa bir məktub aldım – o, iltifatla, fəqət qəti bir şəkildə onu daha gözləməməyi, daha axtarmamağı, daha görməməyi xahiş edirdi: “Moskvaya dönməyəcəyəm, hələlik rahibəliyə hazırlıq mərhələsindəyəm, sonra, bəlkə də saçımı kəsdirməyə – rahibə olmağa qərar verdim... Allah sənə mənə cavab yazmamaqçün güc versin – bu əzabı uzatmaq və artırmaq əbəsdir... "

Onun xahişini yerinə yetirdim. Uzun müddət ən natəmiz meyxanalarda vaxtımı keçirir, sərxoş olanacan içir, getdikcə daha çox tənəzzül edirdim. Sonra bir qədər özümə gəlməyə başladım – hər şeyə qarşı laqeydlik və ümidsizlik... Təmiz bazar ertəsindən təxminən iki il ötdü...

1914-cü il idi. Yeni il bayramı ərəfəsində, o unudulmaz axşam kimi eyni sakit, günəşli bir axşam idi. Evdən çıxdım, minik tutub Kremlə tərəf yola düşdüm. Heç kəsin olmadığı Arxangel məbədinə girib, bir müddət dua etmədən, alaqaranlıqda, ikonaların asıldığı qızılı divarda və Moskva çarlarının qəbirüstü yastı daşlarında sayrışan titrək işıqları seyr etdim. Bu vəziyyətdə sanki nəyisə gözləyirmiş kimi, boş məbədin sükutunda bir qədər dayandım. Belə səssizlikdə adam nəfəs almağa belə çəkinir. Məbəddən çıxıb sürücüyə Ordınkaya sürməyi buyurdum. O zamankı kimi, ağacların arasından, evlərin pəncərələrindən işıq süzülən, bağların qaranlıq xiyabanlarını piyada gəzdim. Qriboyedov küçəsinə getdim. Gəzdikcə gözümdən yaş axır, ağlayırdım...

Ordınkada sürücüyə dedim ki, Marfo-Mariyinskaya monastırının darvazası ağzında saxlasın. Məbədin həyətində karetlər qaralırdı, kiçik, işıqlı kilsənin açıq qapıları görünürdü. Qapıların arasından qız xorunun adamı mütəəssir edən kədərli səsi gəlirdi. Nədənsə içimə hökmən oraya getmək kimi bir istək doldu. Darvazanın ağzındakı dalandar yolumu kəsərək, yavaşca, yalvarışla dedi:

- Olmaz, cənab, olmaz!

- Necə olmaz? Kilsəyə girmək olmaz?

- Kilsəyə olar, cənab, əlbəttə ki, amma sizdən Allah xatirinə xahiş eləyirəm, getməyin, orada indi böyük knyaginya Yelizaveta Fyodrovna və böyük knyaz Mitri Palıç...

Dalandarın ovcuna bir rubl basdım – o kədərli bir ah çəkib məni buraxdı. Ancaq həyətə girdiyim an əldə gəzdirilən ikonalar, kilsə bayraqları ilə qarşılaşdım. Onların arxasında təpədən dırnağa uzun, ağ geyimdə, alnına qızılı xaç tikilmiş baş yaylığında, ucaqamətli, ensiz üzlü böyük knyaginya göründü. O, əlində iri şam tutmuş, gözlərini yerə dikərək asta-asta gəzirdi. Knyaginyanın arxasınca eynən ağ rəngli libasda, oxuya-oxuya, üzləri şam işığı ilə işıqlanmış rahibələr cərgəsi gəlirdi. Onlar kim idi, hara gedirdilər – bunu bilmədim. Mən nədənsə diqqətlə onlara baxırdım. Bu vaxt ortada gedənlərdən biri ağ örpəklə örtülmüş başını qəfildən qaldırdı, əli ilə şam işığının qabağını kəsib qara gözlərini qaranlığa dikdi. O sanki düz mənə baxırdı... O, qaranlıqda nə görə bilərdi? O mənim varlığımı necə hiss etmişdi? Mən döndüm və səssizcə alaqapıdan çıxdım.

12 may 1944

Rus dilindən tərcümə: Elçin İmanov

Şərhlər

1 - Bağışlanma günü – Böyük pəhrizdən əvvəlki sonuncu bazar günü, möminlərin bir-birlərindən günahlarını bağışlanmağı istədikləri gün.

2 - Təmiz bazar ertəsi – Böyük pəhrizin ilk günü hesab olunur.

3 - Həyatımın rəbbi və ağası... – Böyük pəhriz vaxtı oxunan dua.

4 - Ripida - xristian dini ibadətində istifadə olunan, ucunda altıqanaqlı mələk, uzun saplı taxta və ya metal ləvazimat. Trikiri - xristian dini ibadətində istifadə olunan üçbaşlı şamdan.

5 - Peresvet və Oslyabya – Kulikova döyüşündə (14-cü əsr) iştirak etmiş rus monaxları.

6 - Moskvanın ilk dəfə adı çəkildiyi İpati salnaməsindəndir.

7 - Stixira – dini nəğmələr, dualar.

8 - Ehtiras həftəsi – Pasxadan əvvəlki axırıncı həftə.

9 - “Muromlu Pyotr və Fevroniya haqqında povest”dəndir. 16-cı əsr, qədim rus aqioqrafik ədəbiyyatı.

10 - Puşkinin “Qızıl xoruz nağılı”nın personajı.

Yuxarı