post-title

Valentin Rasputinin “Yanğın” əsəri - Dmitri Bıkov

XX əsr rus ədəbiyyatı haqqında 100 mühazirə. Bir il – bir kitab – bir mühazirə.  91-ci mühazirənin mətni.

Əziz dostlar, "Yüz il – yüz kitab" layihəsində 1985-ci il Valentin Rasputinin "Yanğın" əsəridir. Bu əsər uzun fasilədən sonra yazılmışdır. Rasputin buna qədər demək olar ki, on il roman yazmamışdı, bu arada onun yalnız hekayə və məqalələri çapdan çıxmışdı. Bu əsər, yəqin ki, yenidənqumanın deyil, (yenidənqurma hələ başlamamışdı) genişmiqyaslı uğursuzluğun, müvəffəqiyyətsizliyin əlaməti və bunu dərk etmənin əsas nişanələrindən biri oldu. Madam ki Rasputin dilə gəlmişdi, o artıq qırıq-qırıq səslə danışırdı, deməli, məsələ həqiqətən də müəyyən taleyüklü bir mərhələyə yaxınlaşmışdı.

Valentin Qriqoryeviç Rasputinin rus ədəbiyyatındakı yeri unikaldır, bənzərsizdir. Onun dahiyanə istedadını həm zəminçi-vətənpərvərlər, həm də qərbçi-şəhərlilər təqdir etmişlər. Yevtuşenko ilə dost idi. Aksyonov onun barəsində yüksək fikirlər söyləyirdi. Ədəbi tənqidin patriarxı Viktor Şklovski səksəninci illərin əvvəllərində, haradasa, doxsan yaşında olarkən, "Rasputin yolayrıcında" ("Rasputin na rasputye") yazısını yazmışdı. O, Rasputindən sarı narahat idi.

Rasputin, çox erkən, otuz yaşına qədər, artıq özünü parlaq surətdə ifadə etmişdi. O, tamamilə şəhər hekayəsi olan "Rudolfio" hekayəsi ilə, sonra, məncə, bu günəcən hər rus hekayəsi antologiyasına daxil edilə bilən "Fransız dili dərsləri" hekayəsi ilə, bir də "Sonuncu möhlət" povesti ilə bunu bacarmışdı. Budur, zəminçilik təmayülündə yazan başqa bir yazıçı Vladimir Krupin belə xatırlayır: "Rasputinin "Sonuncu möhləti"ni oxuyandan sonra ədəbiyyatdan uzaqlaşmaq istəyirdim, çünki o, mənim deyə biləcəyimdən artığını demiş və bunu hər kəsdən yaxşı etmişdi". O, həmin əsər haqda deyirdi: "Tayı-bərabəri olmayan şeyi nə ilə müqayisə edəsən?". Həqiqətən də bu, güclü əsərdir.

Sonra, bəlkə də, bir qədər uğurlu olmayan, nəsihətçi, amma yenə də çox güclü povesti "Mariyaya pul lazım idi" çapdan çıxdı. Daha sonra ardıcıl olaraq çap olunan iki aşkar şedevr gəldi. Bunlar iki ildir, 1975 və 1976-cı illərdir, "Yaşa və unutma" və "Matyora ilə vidalaşma". Bu iki mətn Rasputini rus ədəbiyyatının deyil, dünya nəsrinin ön sırasına çıxardı.

"Yaşa və unutma"ya fərqli cür yanaşmaq olar. Mən bəzi adamlardan eşitmişəm ki, əsərdə yazılanların əslində heç bir əsası olmayıb, yəni gerçək deyil. Lakin bunun bir əhəmiyyəti yoxdur, heç lazım da deyil. Əhəmiyyətli olan budur ki, yazılanlar psixoloji cəhətdən gerçəkdir. "Yaşa və unutma"nın qəhrəmanı, 1945-ci ilin əvvəlində fərari Quskova qapısını açan və ondan hamilə qalan Nastyona, yəqin ki, rus nəsrinin ən diqqət çəkən, fövqəladə qadın qəhrəmanlarından biridir. Bu qadın dözməyin, əziyyətə qatlaşmağın qəhrəmanıdır, bu qadın daşıdığı xaçın qəhrəmanıdır.

Haqqını vermək lazımdır. Öz sahəsində görkəmli filoloq, şeirşünas, Gümüş əsr ədəbiyyatı üzrə mütəxəssis Nikolay Boqomolovdan daha güclü alim çətin tapılar. O, bizim jurnalistika fakultəsində, ədəbi tənqid kafedrasında çağdaş nəsrdən mühazirə oxuyurdu. Bax, o zaman, o demişdi ki, təsviretmə gücü baxımından, psixoloji təsir gücü baxımından Rasputinin tayı-bərabəri yoxdur. Ozamankı nəsrin ən yaxşı epizodu adamların müharibənin başa çatmağını öyrəndiyi səhnədir. Əsərdə qarılar birdən xatırlayırlar ki, arıxanada qoca bir arıçı yaşayır. Bu qocanın hələ də müharibə haqqında düz-əməlli xəbəri yoxdur, savaşın bitdiyini də qəti bilmir. Və yalnız bu qocaya deyən məqamda, mənz bu an onlar üçün müharibə həqiqətən başa çatır. “Baba, baba, müharibə qurtardı” deyə qocaya qışqırırlar, amma qoca onları eşitmir və sadəcə yaşı ötmüş adamlara xas təbəssümlə gülümsəyərək başını tərpədir. Bu səhnə fövqəladə bir güclə yazılmışdır, bu hissə həqiqətən də “ayı”dır.

Eyni qüvvətlə "Matyora ilə vidalaşma" əsəri yazılmışdır. Ancaq bu əsər artıq açıq-aşkar avtoepitafiyadır, çünki bu əsərdə də sovet nəsrinin son dövrünə aid çox vacib bir cəhət görünür. Bu, mifoloji cəhətdir. Burada, əslində, Dumbadzedə, Çiladzedə olduğu kimi, bir çox eston yazıçısında, ümumiyyətlə, Baltikyanı yazıçılarda və ən yaxşı rus nasirlərində, yeri gəlmişkən, gözəl qırğız yazıçısı, əslində beynəlxalq miqyasda məşhur Çingiz Aytmatovda olduğu kimi mif mədəniyyəti mətnə ​​nüfuz etməyə başlayır.

Mətn daha da mürəkkəbləşdikcə, istər-istəməz mifləşir, realizmin sərhədləri genişlənir və apokalipsisin müəyyən, həqiqətən qaçılmaz, fantastik hissi ortaya çıxır. "Matyora ilə vidalaşma"dakı bütün fantastika həmin sahibdən, adada yaşayan, nə itə, nə də pişiyə oxşayan, qəribə bir varlıqdan ibarətdir. Budur, adanı su altında batırmağa hazırlaşanda o hər gecə ulayır.

Biz həmin qarıların sağ qaldığını, tələf olmadığını yaxud duman altında qaldığını bilmirik. Biz finalı görmürük, o, hər zaman Rasputinin əsərlərində olduğu kimi açıqdır. Finalda yalnız dumanın içindən təkcə adanın sahibin səsini, fəryadı gəlib bizə çatır.

Orada, su altına salınan torpaqda heyrətamiz bir səhnə var. Əsərin sonunda, adadan ayrılmazdan qabaq, bütün yerli sakinlərin ağbirçəyi olan Darya qarı sabah su altında qalacaq daxmasını yuyub təmizləyir. O, daxmasını ideal şəkildə yuyaraq tər-təmiz vəziyyətə gətirir, bu, Allaha ibadətin mütləq forması kimi, büsbütün müqəddəslik deməkdir. Yeri gəlmişkən, sovet kinosunun son dövrünün ən güclü epizodu, yəqin ki, Larisa Şepitkonun çəkməyə başladığı və Klimovun sonlandırdığı, povestin dahiyanə ekran həlli olan “Vidalaşma” filmindəki Stefaniya Stanyutanın daxmasını yuyub, par-par parıldatdığı səhnədir. On dəqiqəlik möhtəşəm bir epizod.

Deməliyəm ki, “Matyora ilə vidalaşma”dan sonra, adama elə gəlirdi ki, artıq yazmaq mümkün olmayacaq. Çünki həqiqətən də rus çölləri üzərində, rus həyatı üzərində nə isə bir xaç ucalırdı. Lakin "Yanğın" daha esxatoloji əsər yox, postesxatoloji əsərdir.

İrəli gedib demək istəyirəm ki, Rasputin yaradıcılığının son dövründə də böyük yazıçı olaraq qaldı. Əlbəttə ki, dəyişildi və onda qəribə, qarma-qarışıq cəhətlər görünməyə başladı. O bəzən stalinçi, bəzən pravoslav dininin apologeti olurdu. Onda qırmızı və ağ rənglər tamamən bir-birinə qarışmışdı. Dərin nifrət etdiyi liberallara qarşı apardığı qızğın polemikalarında lap ədəbsiz kökə düşmüşdü. Ancaq bütün bunlarla bərabər, onun 90-cı illər nəsri yenə də böyük nəsr olaraq qalır.

Mühəndisin toyda tamadaya çevrilməsi barədə sardonik, istehzalı "Yeni peşə" hekayəsini, heyrətamiz, gözyaşardıcı "Senya yola düzəlir" hekayəsini və mujikin qaraçılardan götürüb böyütdüyü uşaq barədə "Gözlənilməzlik" adlı hekayəni qeyd etmək istərdim. Sonra qaraçılar gəlib uşağı aparırlar, o isə heç bir peşmançılıq hissi olmadan uşağı atır. Lakin, nəticədə, Senyanın bütün həyatı məhv olur, çünki mehrini uşağa salmışdı.

Bir də onun sonuncu, "İvanın anası, İvanın qızı" povestindən danışaq. Bu əsər haradasa "Voroşilovsk atıcısı"na yaxın bir hekayətdir. Hekayə təcavüzkarı öldürən, qızının alçaldılmasının və törədilmiş zorakılığın qisasını alan qadından bəhs edir. Hətta bu cür olduqca standart süjetli əsərdə belə, vəhşi istedadla yazılmış hissələr var idi. Təssüf ki, bu istedad yalnız bu kimi güclü tikələrdə idi. Onun təsviretmə bacarığı əvvəlki tək ayı sayağı gücdə idi, düzdür bu, qoca, olsun ki, yaralı ayı idi, lakin yenə də Rasputində bu qüvvət qorunub qalmışdı. Mən bu sözləri deməkdən çəkinmirəm, o böyük yazıçı idi.

Bu istedad "Yanğın"da daha aşkar göründü. Bir çoxları bu əsəri publisistik əsərdir deyib tənqid eləmişdilər. Rasputin isə hələ də səbəbləri xaricdə deyil, içdə axtarırdı. Əsər iki kənddən bəhs edir, Yeqoryevka və Sosnovka. Yeqoryevka tədricən boşalır, bu yerləri su altına salır və batırırlar, meşəni də qırıb tökürlər. Budur, baş qəhrəman İvan Yeqorov, keçmişdə tankçı olmuş, indi isə pensiyaçı olan İvan Petroviç Sosnovkaya köçmək məcburiyyətindədir, amma o, Yeqoryevkadan ayrılmaq istəmir.

Anbarlar yanır, bütün kənd yanır və İvan Petroviç qarovulçu ilə birlikdə ərzaq anbarından bir qədər qida çıxara, xilas edə bilir. Hamı isə araq götürür. Araq şüşələrini bir-bir ötürərək, beləcə yanmaqdan xilas edərək özləri də içib hamısı bərk keflənirlər. Bunlar mövsümi işə görə, meşəni qırmağa gələn, necə deyərlər, arxarovetslərdir, nadinc, şuluq adamlardır. Bu torpaqlar onlara yaddır, buralar onların xoşlarına gəlmir. Bax, arağı bu adamlar xilas edirlər, lakin qənd və unu bir adam xilas edir. Nəticədə, o bir nəfər heç olmasa nəyisə xilas eləməyi bacarır, amma prinsipcə meşələrin, anbarların və kəndlərin çoxu yanır. Yanğın hər şeyi qovurub kül edir.

Əsərdə bu yanğına qarşı olan, ən yaxşı, klassik ənənədən gələn bir qəhrəman var, soyadı Vodnikovdur, naçalnikdir. Bu, alovu su kimi söndürən bir obrazdır. Di gəl ki, o, uğur qazana bilmir, bacarmır, adamları soyğunçuluqdan saxlaya bilmir. Yeri gəlmişkən, yanğını söndürməyə başlamaq üçün avadanlıq lazımdır, bunun üçün anbarçı qadın inventar anbarını açmalıdır. Lakin o bunu etmir. Niyə? Rəhbərlikdən qorxur, çünki "siz buranı çapıb talaycaqsınız, soruşanda məndən tələb edəcklər". Adam avadanlıqların yanmağından qorxmur, amma ondan çatışmayan hansısa kağızları soruşulacağından deyə qorxaqlıq edir. Bu psixoloji cəhətdən olduqca dəqiqdir, ümumiyyətlə bütün bu insanların portretləri son dərəcədə dəqiq təsvir edilmişdir.

Mənim yadıma gəlir, artıq 1986-cı il idi, çağdaş nəsr mövzusunda simpozium keçirilirdi və mən, jurnalistika fakültəsinin o zaman ikinci kurs tələbəsi kimi, elmi tələbə cəmiyyətimiz adından Novosibirskə getmişdim. Orada, xatırlayıram, o vaxtlar belə şeylər hamını bərk narahat edirdi, tələbələr arasında belə bir şiddətli müzakirə gedirdi: Rasputinin ədəbi qəhrəmanını zəmanəmizin qəhrəmanı adlandırmaq olar, ya yox. Həmin müzakirənin yerli müəllimə tərəfindən necə həll edildiyini xatırlayıram, indi təəssüf ki, onun soyadı yadıma gəlmir, elmlər doktoru, tanınmış adam idi. O belə demişdi: "Siz əbəs yerə Rasputindən mübariz qəhrəman gözləyirsiniz, Rasputinin qəhrəmanı – əzabkeşdir "

Beləliklə, mən bu fikrin nə qədər düz olduğunu anladım. Çünki Rasputin həqiqətən mübarizləri təsvir etmir, o, xaçını qəhrəmancasına daşıyan insanları təsvir edir. Bax, həmin İvan Petroviç yanğını dayandıra bilməz. O, əzabkeşdir, cəfakeşdir və Rasputinə görə əsl Rusiya belə insanlardan ibarətdir. Hərgah insan nəyisə başarırsa-başarsın, nəyəsə nail olursa-olsun, bu onda həmişə şübhə yeri, inamsızlıq qoyacaq, lakin o dözməyi və əzab-əziyyət çəkməyi bacarsa, bax bu, Rasputinə görə, rus qəlbi, rus ruhu deməkdir.

Yeri gəlmişkən, "Yanğın" povestinin sonu da olduqca ambivalent, qeyri-müəyyəndir. Hər şey yanıb məhv olandan sonra qəhrəman yaz meşəsinə gedir. Meşədə isə torpaq susur, dinmirdi. Torpaq onu ya qəbul etmiş, ya da rədd etmişdi. Ştirlitsin yaz meşəsində dinməz oturduğunu xatırlayırsınızmı, ümumiyyətlə, rus yazıçıları əsərlərini yaz meşəsində bitirməyi sevirlər, çünki bu, ciddi emosional nöqtədir. "Ağ Bim"in də sonu belədir. Lakin "Yanğın" povestində yaz meşəsi çox mühüm bir metaforaya çevrilir. Görəsən, bu torpaq təkrar canlanar, ya yox? Ola bilər ki, o daha dirilməsin. Bəlkə də ona görə ki, Rusiyanı dolaşan yanğın, bir də onu batıran su anbarı artıq hər şeyi yıxıb, məhv edib, burada yenidən qurulacaq, bərpa ediləcək heç nə qalmayıb. Rasputinin əsərində belə bir fikir hasil olur.

Buna görə də "Yanğın", bəlkə də yenidənqurma dövrünün ən acı, qəmgin kitablarından biridir. Bilmək vacibdir ki, bu povestdən sonra Rasputin gözümüzün önündə dəyişməyə, özü də çox tez dəyişilməyə başladı. Siyasi həyatda yarımçıq iştirak etməsi, onun qəribə xalq deputatı olmağı, sonra Baykal gölünün ekologiyası uğrunda fəal mübarizəsi, daha sonra "Zavtra" qəzetinin cəbhəsinə keçməyi, özü də qatı antisemit, qatı radikal mövqeyə keçidi baş verdi.

Rasputinin həyat yolu, ümumiyyətlə, çox mühüm bir şeyi sübut edir. Bu o deməkdir ki, hətta böyük sənətkarın da sonradan ayağa durmasına imkan verməyən dağıdıcı, zərərli fikirləri ola bilər. Düşünürəm ki, Rasputini gözümüzün qabağında zəminçilik ideyası yeyib bitirdi. Zəminçilik təbiətinə, mahiyyətinə görə mədəniyyət, insanlıq, azadlıq əleyhinə olan ideyadır. Böyük sənətkar, gözümüzün önündə sadə, aşkar görünən bir xəstəliyə yoluxaraq öz xidmətini dayandırmış oldu və başqa bir şeyə çevrildi. Nə qədər kədərli olsa da, təəssüflə etiraf etməliyik ki, Valentin Rasputin – rus ədəbiyyatının baş tutmayan daha bir böyük ümidi, nicat yeri idi. Buna baxmayaraq, düşünürəm ki, onun əsərləri ölməzlik üçün kifayətdir.

19.08.2017

Mənbə: ru-bykov.livejournal.com

Rus dilindən tərcümə: Elçin İmanov

Yuxarı