Müharibənin yaxşısı, sülhün pisi yoxdur
“Müharibənin yaxşısı, sülhün pisi yoxdur&rdq…
At görəndə axsayır, su görəndə susayır
Atalar məsəli
Hal-hazırda iki adamın həyatdan nə istədiyini başa düşməkdə olduqca çətinlik çəkməkdəyəm. Bu iki adamdan birincisi Aqşin Fatehdir. İkincisi isə Rəşad Məcid.
kulis.az saytında məzəli bir xəbər oxudum:
“Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabı rus dilində nəşr olunub.
İki hissədən ibarət kitabın “Status-esselər” adlanan birinci hissəsində müəllifin təxminən on ildən çox zaman kəsiyini əhatə edən və sosial şəbəkələrdə yazdığı statusları toplanıb. Bu statuslarda əsasən ictimai həyatla sıx təmasda olan şair-publisistin hadisələrə operativ münasibəti yer alıb. Kitabın ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranılır (?) . “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının parçaları da. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ön sözü ilə açılan kitab “Mücrü” nəşriyyatında çap olunub”.
Qədim şərq müdriklərindən biri belə demişdir: “Yazda çiçək, yayda kəpənək, payızda xəzəl, qışda qar”. Yəni, yay yeməyini qışda, qış yeməyini yayda yesən yaxşı getməz, yemək canına yatmaz, yeməkdən həzz ala bilməzsən. Hətta mədə-bağırsağın pozula da bilər. İyirmi yaşda etdiyin hərəkət qırx yaşda, qırx yaşda etdiyin hərəkət altmış yaşda yaxşı görünməz. Hər yaş dövrünün öz tələbləri, öz ahəngi, öz geyim tərzi, qərəz, hər şeyin öz vaxtı var.
Yazıçılar Birliyindəki vəzifəsi Rəşad müəllimi kitab müəllifi olmağa vadar edir. Rəşad müəllim cəmiyyətə göstərməlidir ki, Yazıçılar Birliyində elə-belə, havayı yerə oturmayıb, nəsə yazır, nələrsə qaralayır, o da yaradıcılıqla məşğuldur, onun da kitabı nəşr olunur, onun da kitabı var. Bunu başa düşürük. İnsanıq, bir-birimizi bu fani dünyada birtəhər yola verməyi bacarmalıyıq. Amma ta durub “Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək… Bax bunu başa düşmək, buna dözüm nümayiş etdirmək bir qədər çətindir.
“Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək Rəşad müəllimin çəkisinə, yaşına, ağarmış saçlarına, baba statusuna qətiyyən yaraşmır. İnsan yaşlandıqca özünü ağır aparmalıdır. Danışığına, hərəkətlərinə, oturuşuna-duruşuna nəzarət etməlidir. İndi ortaya bir neçə maraqlı sual çıxır. Bu mənasız kitab rus dilində kimə lazımdır? Rəşad müəllim bu mənasız kitabı kimin üçün tərcümə və nəşr etdirib? Bu kitabı rus dilində kimlər oxuyacaq? Bəlkə insan yaşlandıqca doğrudan da olan-qalan məntiqini itirir? Rəşad müəllim kimilərinə baxanda adam qocalmaqdan qorxur. Tam ciddi deyirəm, “Qələmsiz yazılanlar” adlı mənasız kitabın rus dilində nəşr olunması ilə bağlı xəbəri oxuyanda Rəşad müəllimin əvəzinə utandım. Adlı-sanlı bir qəzetə baş redaktorluq etməsini qoyuram kənara, adam babadır, nəvəsi var. Bəs bu sevgi sms-ləri, bu sevgi etirafları nədir belə? Bəlkə bütün bunlar gənclik illərində yaşanmamış romantikanın acı təzahürüdür. Deyilənlərə inansaq, insan gəncliyində, yəni zamanında romantik anlar yaşamayanda bu romantika aclığı özünü qoca vaxtı kəskin şəkildə büruzə verir. Ən pisi də odur ki, qocalıqda özünü kəskin şəkildə büruzə verən romantika aclığı insanı, xüsusən də kişiləri gülməli vəziyyətə salır. İlahi, sən özün bizi Rəşad müəllim kimi qocalmaqdan hifz et! Şəxsən mən bu cür qocalmaqdansa elə günü sabah ayağımı uzadıb ölməyi daha məqbul hesab edirəm.
Yaşda məndən böyük olsa da sonsuz, intəhasız mərhəmətinə sığınıb Rəşad müəllimə iki məsləhət vermək istərdim.
Yazıçılar Birliyindəki vəzifəsi Rəşad müəllimi kitab müəllifi olmaq məcburiyyəti qarşısında qoyubsa, o doğrudan da özünə əziyyət verərək, oturub ciddi kitab yazmalıdır. Rəşad müəllim divarlarına həm repressiya olunanların, həm də repressiya olunanlardan donos yazanların portretləri yanaşı vurulmuş Yazıçılar Birliyinin binasının içində bir gündə baş verən hadisələrdən kitab yazsa, bir qələm adamı kimi çox yaxşı iş görmüş olar. Rəşad müəllim Yazıçılar Birliyinin içində baş verənlərdən maraqlı, aktual heç nə yaza bilməz. Nə uydursa, hansı süjeti qursa da, təxəyyülünü nə qədər gücə salsa da, düzüb-qoşduğu hadisələr aktuallıq, ədəbi xammal, ədəbi material cəhətdən Yazıçılar Birliyinin içində baş verənlərin yanında çox solğun, çox dəxilsiz, çox lazımsız görünəcək. Yazıçılar Birliyində baş verən hadisələr haqqında yazılacaq kitabın adın da belə qoymaq mümkündür: “Yazıçılar Birliyində bir gün”. Yaxud da bu cür: “Rəşad Məcidin Yazıçılar Birliyində bir günü”. Rəşad müəllim zəhmət çəkib yazsın görək o binada, o intriqa yuvasında bir gündə nələr, hansı hadisələr baş verir. Anar müəllim binaya necə gəlir, pilləkənləri necə qalxır, pilləkənləri necə düşür. Anar müəllimin qəlyanını kim təmizləyir. Kimlər təqaüd, kimlər ev davası edir və sairə və ilaxır. O məşum binanın içində mövzu paqqapaq qaynayır. Rəşad müəllim isə bu qədər yağlı mövzuları iqnora qoyub sevgi sms-lərindən, sevgi etiraflarından zorla özünə kitab düzəldir. Rəşad müəllim Yazıçılar Birliyinin içində baş verən hadisələrdən yazacağı kitabında paralel olaraq qurdla quyruq yeyib, çobanla ağlamaq sənətinin inciləkləri haqqında da zəngin təcrübələrini qələmə ala bilər. Qoy gənclər oxuyub qurdla quyruq yeyib, çobanla ağlamaq sənətinin incəliklərini öyrənsinlər. Belə olmaz, zəngin təcrübə paylaşılmalı və gənclərə hansısa bir formada ötürülməlidir. Üzr istəyirəm, bu cür vacib, zəngin təcrübələrin paylaşılmaması və gənclərə hər hansı bir formada ötürülməməsi kənardan paxıllıq kimi görünür.
Əgər ciddi kitab yazmağa Rəşad Müəllimin gücü, istedadı çatmırsa o zaman ikinci, daha asan varianta əl atmaq olar. Əgər ciddi kitab yazmağa gücü, istedadı çatmırsa Rəşad müəllim Yazıçılar Birliyinin gənc və ümüdverici üzvlərindən birinin kitabını götürüb öz adından nəşr etsin. Əvəzində həmin gənc üçün Rəşad müəllim təqaüd, ya da Rəsul Rza mükafatı zad təşkil edər. Bütün hallarda kamil oğurluq, natamam xalturadan daha yaxşıdır.
Rəşad müəllimə həyat və yaradıcılığında uğurlar arzulayıram.
Azlogos