Mozalan bəyin səyahətnaməsi - Ordubad (1909)
Dünən getmişdim yavuqluqda olan Əylis deyilən erməni kəndinə…
XX əsr rus ədəbiyyatı haqqında 100 mühazirə. Bir il – bir kitab – bir mühazirə. 75-ci mühazirənin mətni.
Məqalənin müəllifi: Dmitri Bıkov
Biz “Yüz il – yüz mühazirə” silsiləsindən nəhayət 1970-ci ilə və məncə, Sovet ədəbiyyatı tarixinin ən maraqlı onilliyinə gəlib çatdıq. 1970-ci illər, bir tərəfdən, durğunluq, son dərəcə tutqun, qaranlıq, heç nə vəd etməyən onillikdir. Adama elə gəlirdi ki, Sovet İttifaqının ölmə prosesi bir növ sosialist Venesiyası kimi əbədi davam edəcək və bitməyəcək. Digər tərəfdən, burada mən sözlərimin arxasında dururam, nə iyirminci ilərdə, nə də altmışıncı illərdə sovet mədəniyyətində eyni zamanda 70-ci illərdəki qədər parlaq, istedadlı insan olmayıb. İlk dəfə olaraq 70-ci illərdə həm sovet oxucusunun, dinləyicisinin, tamaşaçısının inkişafında, həm də sovet mədəniyyətinin intişarında keyfiyyət dəyişikliyi baş verdi. Ziyalılar şəhər sakinlərinin böyük əksəriyyətini və kənd əhalisinin xeyli hissəsini təşkil etməyə başladılar.
Soljenitsının “obrazovanşina” adlandırdığı bu fenomen əslində tamamilə yeni bir sovet təbəqəsinin formalaşması demək idi və bu təbəqə Sovet tarixində ən ağıllı, ən maraqlı, ən perspektivli təbəqə idi. Səksəninci illərdə bu təbəqəni aşındırdılar və müəyyən dərəcədə də, əlbəttə, məhv etdilər. Sovet təcrübəsinə aid nəyinsə həqiqətən peşmançılığı çəkiləcəksə, ən çox bu insanlara görə təəssüflənmək lazımdır.
Biz yetmişinci illərə Trifonovla başlayırıq. “Dəyişdirmə” əsəri 1969-cu ildə çapdan çıxdı, 1970-ci ildə “İlk yekunlar” povesti və “Toranda oyunlar” hekayələr toplusu ilk dəfə nəşr olundu. Yenə də sözlərimin arxasında dayanaraq deməliyəm ki, bu hekayələr, yetmişinci illərin ən yaxşı hekayələrdir. 1971-ci ildə “Vidalaşma uzun çəkdi” povesti, sonra demək olar ki, eyni vaxtda, “Çay kənarında ev”, “Başqa həyat”, tam olaraq yazılmamış yaxud yarımçıq qalmış “Zaman və məkan” romanı çapdan çıxdı. 1979-cu ildə nəşr olunmuş “Qoca” romanı Sovet tarixi və nəsrində ən əlamətdar inqilabi hadisə oldu. Ümumiyyətlə, Trifonov yetmişinci illərin əsas ədəbi simasıdır.
“O zaman, on səkkiz il bundan əvvəl, burada xeyli yasəmən vardı. İndi “Ət” mağazası olan yerdə sarı rəngli balaca taxta yaylaq barısı gözə çarpırdı – hər şey yaylaq sayağı idi, bu yerdə yaşayan adamlar da belə hesab edirdilər ki, yaylaqda yaşayırlar, – barının üzərinə də yasəmənlər sallanırdı, barıda qərar tuta bilməyən qollu-budaqlı yasəmənin çiçəkləri küçəyə əyilirdi. Buranın hər yerini bolluca yasəmən bürümüşdü. Yoldan keçənlər onu nə qədər dərsələr də, nə qədər yolub qopartsalar da, sındırsalar da, dartışdırsalar da yasəmən özünün qadın kimi zərif dolğunluğunu mühafizə edib saxlayır və hər bahar fəslində bu miskin, tozlu küçəni öz çiçəkləri və ətri ilə heyrətə salırdı. Yasəmən çiçəkləyib açılanda yaylaq şəhərə bənzəyirdi. Cənubda, dəniz sahilindəki köhnə şəhərə, küçələrin qayalıqlara dirəndiyi, evlərin bir-biri üzərində ucaldığı şəhərə, monastırları, əyri-üyrü daş pilləkənləri olan, kölgəlikdəki daşlarının üstündə balıqqulaqlarından hazırlanmış mücrülər satan qarıların əyləşdikləri şəhərə bənzəyirdi. Toran düşən anlardakı köhnə şəhəri xatırladırdı.
Bununla belə, bütün bunlar çoxdankı əhvalat idi. Hazırda yasəmən çiçəklənən yerdə səkkizmərtəbəli ev ucalır, bu binanın birinci mərtəbəsində “Ət” mağazası yerləşir: o vaxt, yasəmən dövründə sarı rəngli balaca yaylaq barısının arxasındakı kiçik evin sakinləri ət almaq üçün uzaqlara – tramvayla Vaqanka bazarına yollanardılar. İndi isə onlar üçün ət almaq çox rahat və əlverişli olardı. Lakin təəssüf ki, o adamlar daha burada yaşamırlar”. (tərcümə H. Şərif)
Bax, bu iki sehrli, musiqili paraqraf ilə “Vidalaşma uzun çəkdi” povesti başlayır və bəlkə də “Vidalaşma uzun çəkdi” o zamanın sovet cəmiyyətinə qoyulan ən sərrast diaqnozlardan biridir. Unutmayaq ki, eyni zamanda Kira Muratova uzun müddət rəfdə qalmış “Uzun çəkən vida” filmini çəkib. Ümumiyyətlə, Trifonovun Moskva povestlərinin adları, qoyulmuş diaqnoz zəncirini təşkil edir: “Dəyişdirmə”, “İlk yekunlar”, “Vidalaşma uzun çəkdi”, “Başqa həyat”. “Başqa həyat” o zamanın ən dəqiq tərifi və povestlərin içində ən yaxşısdır, çünki bu, Sovet utopiyası, Sovet həyatı ilə uzun-uzadı vidalaşama dövrüdür, hələ bilinməyən, hər şeyin naməlum olduğu və necə qurulacağı və təsvir ediləcəyi çox da aydın olmayan başqa bir həyatın başlanğıcıdır.
Əlbəttə ki, Trifonov “bıtovik” (məişət yazıçısı) deyildi, hərçənd, elə əvvəldən ona bu yarlıkı yapışdırmışdılar və bu sözdən həmişə acığı gəlirdi. O, məişətin canlı həyatı əvəz etdiyi zəmanənin salnaməçisi idi, bu səbəbdən o, məişətdən danışmaq məcburiyyətində idi, lakin həyat xatirələrini hər zaman yaddaşında mühafizə etmişdi. Trifonovun yaradıcılıq yolu, bioqrafiyası keşməkeşli olub. O, 1926-cı ildə əvvəlcə böyük nüfuzulu inqilabçı, sonra qırmızı komandir, vətəndaş müharibəsinin fəal iştirakçısı olmuş Valentin Trifonovun ailəsində anadan olmuşdur. O, uğurlu və istedadlı bir komandir idi, elə bu səbəbdən hələ o vaxtı Stalin onu bağışlaya bilməzdi. Onu repressiya edirlər. Trifonovlar ailəsi çay sahili küçəsindəki evdə yaşayırdılar, bu ev adını Trifonovun povestinin adınından götürmüşdür. Hamı repressiyaya məruz qalmışdı: ananı sürgünə yollamışdılar, nənə möcüzəvi şəkildə xilas olmuş, Moskvanı tərk etmək məcburiyyətində qalmışdı. 1941-ci ildə Trifonov təxliyyə edilir, Moskvaya yalnız 1943-cü ildə qayıdır. On yeddi yaşında Ədəbiyyat İnstitutuna daxil olur, burada müəyyən nüfuz qazanır. 1951-ci ildə nəşr olunan “Tələbələr” povestini diplom işi olaraq təqdim edib universitetdən məzun olur. Əsər tez məşhurlaşdı.
Trifonovun atasının repressiya edilməsinə baxmayaraq, Stalin bu məsələni qabartmamışdı. Fadeyev bu məsələni onun qarşısında qaldıranda, Stalin öz sevimli ifadəsini bir daha demişdi: “oğul ataya görə cavab vermir”. Stalin, “Novıy Mir”də nəşr olunan “Tələbələr” romanının ikinci dərəcəli Stalin mükafatına layiq görülməsində təkid emişdi. Trifonov etiraf edirdi ki, bu povest barədə düşünəndə belə utanır. Deyirdi ki, ömür boyu bu əsəri başdan sona qədər təkrar yazmağı arzu edir. Müəyyən mənada, bu arzu gerçəkləşdi demək mümkündür, çünki o, vurğunu dəyişərək “Çay kənarında ev”də onu təkrar yazdı. Müsbət bir qəhrəmandan, belə bir ideoloji, danosçu, ifşa edən, düznəqulu, iyrənc bir insandan, onu sonda iyrənc bir konformistə çevirdi, beləcə müsbət sayılan qəhrəmanlar büsbütün dəyişildi. Əsərin ən müsbət qəhrəmanı Leva Karas idi. Bu obrazın, yeri gəlmişkən, real prototipi var idi. Bu, müharibədən əvvəlki nəslin nümayəndəsi və Trifonovun sinif yoldaşı idi. Onların içində ən yaxşıları… necə deyim, yəqin ki, belə demək olar, ən yaxşıları tələf oldular və buna görə də “Çay kənarında ev” həm də epitafiyadır. Onların içində ən pisləri sağ qaldı və müəllif özünü bu pislərdən artıq ayırmır.
Sosrealizm qanunlarına tam uyğun şəkildə qələmə alınmış “Tələbələr”, hər şeyə baxmayaraq, çox yaxşı və peşəkarlıqla yazılmış diri, canlı əsər idi. Bu kitab müəllifə mükafatdan başqa, mülayimləşmədən qabaq qısa müddətlik şöhrət qazandırdı. Bu kitab müzakirəyə çıxarıldı, kitabxanalarda yaradıcı görüşlər və disputlar təşkil edildi. Hansısa mənada bu kitab Nikolayevanın “Yolda döyüş”, Dudintsevin “Təkcə çörəklə yaşanılmır” romanları haqqında qızğın ictimai müzakirələrə yol açmışdı. Bu kitab əxlaqi suallar qaldıran ilk əsər idi. Düzdür, eybəcər cəmiyyətdə, eybəcər bir mühitdə bu sualların özü də bir növ eybəcər idi, amma buna baxmayaraq kitab bizi nə isə bir şəkildə polemika açmağa məcbur edirdi.
Bundan sonra müəllifin uzun özünü axtarma dövrü, axtarışlar mərhələsi başladı. Trifonov, Orta Asiyanın mənimsənilməsi, səhra haqqında hekayələr silsiləsi, özünün uğursuz hesab etdiyi “Susuzluğu yatırmaq” romanını yazdı. Bu roman, ümumiyyətlə, Sovet standartlarına uyğun olaraq heç də pis yazılmayıb, təxminən Katayevin “Vaxtdır, irəli!” səviyyəsində və hər ikisinin qarşıya qoyduğu vəzifə də ümumiyyətlə eynidir. Yalnız altmışıncı illərin ikinci yarısında, o, yavaş-yavaş, əbəs yerə, Tvardovski Trifonovu "çətin adam" adlandırmırdı, asta-asta, ilk növbədə hekayələr vasitəsilə ədəbi manerasını axtarıb tapdı.
Trifonovu yetmişinci illərin bir nömrəli yazıçısı edən nə bəzi sosial məsələlərin ifşası, nə də hətta həyatın hansısa ekzistensial dərki deyil, məhz bu yazı tərzi idi, çünki hər halda sovet ədəbiyyatında forma məzmundan daha vacib idi. Forma daha çox şeydən danışırdı, məzmun isə unifikasiya edilmiş, vahid şəklə salınmış olmağa məcbur idi, fərqi yoxdur mövzu nədir. Ancaq buna baxmayaraq, Trifonov, zərif, yığcam, çoxlu sətiraltı məna, göndərmə və istinadları sayəsində öz ədəbiyyatını oxucu ilə son dərəcədə canlı və zəngin bir dialoqa çevirə bilmişdi. Oxucu həmişə ona atılan topu tutur.
“Toranda oyunlar” hekayəsində bir sıra eyham, sətiraltı məna və bilərəkdən susulan yerlərin köməyi ilə, repressiyalarla tədricən məhv edilən yaylaq qəsəbəsində tennis oyunu təsvir edilmişdir. Bu hekayədə arası kəsilməyən müşahidə aparmaq metaforası var. Sərt top gah o tərəfə, gah bu tərəfə atılır və bu topu həmişə vurmaq lazım gəlir. Budur, Trifonovun oxucusu. O həmişə tennisçi vəziyyətindədir, o ona atılan sərt, çəpinə vurulan topları qaytarmalıdır, bu zaman müəllifin fikrini izləməkdən ötrü daim tennis meydançasında qaçmaq gərəkdir.
Çoxları Heminqueyin təsirindən danışır. Əlbəttə, əgər sətiraltı məna varsa, həmişə Heminquey yada düşür. Lakin ümumi götürsək, Trifonov Heminquey praktikasından çox uzaqdır. Hemiqueyin mətnində sətiraltı daim qışqırır – hamınız mənə baxın, mən sətiraltıyam. Trifonovda, əksinə, məqsəd eyhamları mümkün qədər dərində gizlətməkdən ibarətdir ki, onları yalnız axtaran adamlar oxusun. Buna görə də, işarə vurmalar hesabına, incə eyhamlar, assosiasiyalar, bəzən hətta səsli əlaqələr sayəsində, böyük bir məkanı əhatə edən tor toxunur. Heminqueyin nəsrini aysberqə oxşadırlar, beşdə bir hissə səthdə qalır, qalanı suyun altındadır. Trifonov nəsri isə şəbəkədir, tordur – bu tor o qədər sıx və kip toxunmuşdur ki, ona hər şey düşür.
O özü dəfələrlə demişdi ki, onun üçün əsas nəsr məktəbi Qərb ədəbiyyatı modernistlərini oxumaq yox, idman reportajları hazırlamaq olmuşdur. Niyə idman reportajları? Çünki Trifonov, özünün dediyi kimi, məsələni birbaşa deyil, "dolayı" həll etməyə öyrəşmişdi. Bu dolayı məsələ necə həll olunurdu? O deyirdi ki, futbol matçını təsvir edərkən oyunun hesabından danışmağa ehtiyac yoxdur, çünki hesabı hamı bilir, hamı radio dinləyir, kimsə televizora baxır. Bizə orada olmaq hissini, küləyin bayraqları dalğalandırmasını, çılpaq ayaqları üşütməsini təsvir etmək lazımdır. Bax, bunu ötürmək lazımdır.
Həqiqətən də, Trifonov həmişə sanki dolayı yollar davranır, hadisəni deyil, hadisənin aurasını, havasını, onun ətrafında baş verənləri təsvir edir: söhbətlər, qeybətlər, eyhamlar, xatirələr, assosiasiyalar. Ətrafa qurulmuş bu nəhəng şəbəkə, tor işləməyə başlayır, süjetlərin özləri, bir qayda olaraq, əhəmiyyət daşımır, əhəmiyyətli olan onların özləri ilə tutub gətirdikləridir. Bu zaman çox dəqiq situasiyalar seçilməyə başlayır. Trifonov əgər kiminsə həyatda təcəssümü, inkarnasiyası olsaydı, sözsüz o şəxs Çexov olardı. Çünki Trifonovun süjetyaratma tərzi Çexov sayağıdır, yəni bu, əhvalat danışmaq deyil, bu, ən axırda oxucunun təfəkküründə çox mürəkkəb, birmənalı olmayan və dolğun hisslər oyadan bir-biri ilə əlaqəli motivlərin növbə ilə bir-birini əvəz etməsidir.
Bir qayda olaraq, Trifonov nəsrində iki-üç qat olur və bu iki-üç məkan, bugündən danışaraq, bir-birinə qarışaraq yaxud paralel mövcud olaraq, son dərəcədə sıx və zəngin orkestrləşdirilmiş dünya əmələ gətirir. Çünki onda işıq mənbələri çox oduqca, mənzərənin həcmi də geniş olur. Trifonov nəsrində həmişə mövcud olan iki-üç fərqli qat dünyanın genişliyi və anlaşılmazlığı hissini yaradır.
Digər tərəfdən, Trifonovun sırf estet yazıçı olduğunu, bir estet kimi vəzifəsinin gerçəklikdən danışmaq olduğunu və oxucuya nəsə əxlaqi mesaj verməmək olduğunu söyləmək riyakarlıq olardı. Mənəvi mesaj onda sözsüz var və bu olduqca mürəkkəbdir, lakin bir çoxları onu bəyənmir, çünki Trifonov təkcə ona dünya şöhrəti gətirən, müasir dövrdən bəhs edən povestlərin müəllifi deyil. Böll onu dünya şöhrəti qazanmış ilk sovet yazıçısı adlandırmışdı. Həqiqətən də, bu belə idi, çünki Avropada, əlbəttə ki, Şoloxov yaxud Pasternak tanınırdı, amma onlar avropalıların stolüstü kitabları, həmişə oxunan yazıçılar deyildi. Trifonov Qərbdə heç kəsin bilmədiyi Sovet İttifaqını açıb göstərdi. Qərbdə populyarlıq baxımından Soljenitsınla müqayisə edə biləcək yeganə müəllif Trifonovdur, bəziləri onu daha yüksək tutur.
Trifonovun ötürdüyü əxlaqi mesajı bu idi ki, qırxıncı və otuzuncu illərdəki Sovet İttifaqı qorxulu, dəhşətli ola bilərdi, lakin bu ölkənin müəyyən qaydaları və müəyyən bir əxlaqi, mənəvi kodeksi vardı. Yetmişinci illər bu kodeksin aşındığı dövrdür.
Köhnə bolşevikləri sevə bilərsiniz, onlara nifrət də edə bilərsiniz, Okudjava kimi onları terrora görə mənəvi cəhətdən məsul da hesab edə bilərsiniz, çünki Okudjavanın öz valideynləri haqqında dediyi kimi, bəli, onlar gözəl, səmimi, yüksək əxlaqlı insanlar idi, amma onlar özlərinin üstündən keçən maşını düzəltmişdilər. Okudjava, demək olar ki, Kormiltsevin sözlərini hərfiyyən qabaqlamışdı: Biz hamımızı özümüzü əzəcək maşını düzəldirik.
Trifonov isə fərqli düşünürdü. Belə düşünməyə haqqı var idi, çünki valideynlərini sevirdi və valideynləri onun üçün yeni insanın təcəssümü idi. Uşaqlar, sinif yoldaşları, dostlar, Ədəbiyyat İnstitutundakı yoldaşlar, savaşdan sağ çıxmış və cəbhədən qayıdan müharibə veteranları parlaq yeni nəsl, fövqəlinsan nəsli idilər. Məsələn, Kamil İkramov kimi yaxın dost adamlar, nəşr etməyi üstün tutduğu Tvardovski kimi köhnə dostlar, bunlar hamısı fərqli nəsildir. O düşünmürdü ki, terrora görə bu nəsil məsuliyyət daşıyır. Əksinə, Stalinin terroru ona monarxiyaya qayıdış kimi görünürdü və bu insanlar monarxiya əleyhinə mübarizə aparırdılar. Ata haqda yazılmış “Tonqalın işıltısı” povestinin qəhrəmanları, “Qoca”nın qəhrəmanları, Mironov kimi adamlar, məhz bu möhkəm əqidəli, möhtəşəm döyüşçülər Trifonov üçün əziz idi. O, rus inqilabına rəğbət bəsləyirdi. Lakin bunu birbaşa etiraf edə bilmirdi, amma o, istənilən halda, qalib gəlmiş meşşanlıqdan çox bu insanlara hörmət edirdi. Meşşanlığı fərqləndirən cəhət Trifonova görə, bu barədə “Dəyişdirmə”də yazır, mənəvi karlıq deyil, başqa cür deyək, nadürüstlük (nadürüstlük – Trifonov üçün çox vacib sözdür), üstəgəl istədiyini əldə etmək bacarığı idi. Bu anlayış “Dəyişdirmə”də məhz Lenanın simasında təcəssüm olunmuşdur.
Bəzən, redaktor kimi, xüsusən poeziyada, fenomenal həssaslığı olan Tvardovskinin qeyri-dəqiqlik deməyim, diqqətsizliyi məni təəccübləndirir. Tvardovski, “Dəyişdirmə”ni oxuduqdan sonra Trifonova demişdi: “Mənə baxın, köhnə bolşeviklərin yaşadığı qəsəbə haqda yerə əsərdə nə lüzum var? Bu hissəni çıxarsanız yaxşı məişət hekayəsi olacaq”. Trifonov cavab vermişdi ki, əgər çap etmək istəmirsinizsə, bütün mətni silin, amma bu parçanı çıxarmayacam. Tvardovski bu dəfə də ona “çətin adamsınız” deyərək əsəri tam çap edir.
Bu povest ilə rus ədəbiyyatında klassik yazıçı Trifonov ortaya çıxır, çünki “Dəyişdirmə”dən əvvəl yazdıqları çox aşağı idi. Amma bəzi hekayələr burada istisnadır, Trifonovun 1968-ci ildə çıxmış “Qalib” hekayəsi, “Göyərçinin ölümü”, “Göbələkli payız”, “Ən kiçik şəhər” kimi gözəl hekayələrini göstərmək olar. “Qalib” əlbəttə, düşünürəm ki, içlərində ən yaxşısıdır. Bu nəsrin ortaya çıxması yeni tip qəhrəmanın ortaya çıxmasına dəlalət edirdi, məsələ bu idi.
Yaxşı, “Dəyişdirmə” nədən bəhs edir? Fabulası çox sadədir – Dmitriyev, anası Kseniya Fyodorovna və həyat yoldaşı Lena. Bu sonuncu iki nəfər həmişə olduğu kimi bir-birlərinə nifrət edirlər. Budur, Dmitriyev anasının ölümcül xəstə olduğunu öyrənir. Həkimlərin yanına yollanır, dərman axtarır. Yadınızdadırsa, dərman tapmaq tək ədəbiyyatın mövzusu deyildi, həm də yetmişinci illərdə həyatın əsas problemlərindən biri idi. Bu müddət ərzində Lena, ananın mənzilinin dövlətə keçməməsi üçün nəsə tədbir görmək barədə inadkarcasına və məqsədli şəkildə götür-qoy edir. Ana ilə arvadın bir-birindən zəndeyi zəhləsi getsə də, təcili olaraq ananı öz evlərinə köçürmək, onun mənzilini dəyişdirmək və əlavə ödəniş ilə öz mənzilini də dəyişdirmək lazımdır. Yəni belə çıxır ki, onlar öz davranışları ilə ölümə məhkum olduğunu anaya göstərmiş olurlar. Qadın isə düşünürdü ki, onda sadəcə mədə yarasıdır, tezliklə keçib gedəcək və hər şey yaxşı olacaq. Lakin onlar bu dəyişdirmə əməliyyatını Markuşeviçlər ailəsilə aparmalıdırlar. Trifonovda hər şey son dərəcədə dəqiqdir, adlara qədər.
Yeri gəlmişkən, mən də təsvir olunanlara çox bənzəyən Markuşeviçləri tanıyırdım. Trifonovu oxuyanda müəllifin sizin həyatınızı ona xas fikrin məcrasında təsvir etdiyini hiss edirsiniz. Trifonov hadisələri təsvir etmir, yenə də dediyim kimi, bütün bunları dolayı yolla verir, personajların düşüncə tərzini və onun ritmini, tempini, fasilələrini təsvir edir. Həmişə özünə haqq qazandıran, hər zaman örtülü, inteqral gedişlər axtaran bu düşüncələr zəncirini tanımaqla, Mandelştamın dediyi kimi, biz həm də özümüzü tanımış oluruq, çünki bu, özünə haqq qazandırma zamanıdır, özümüzü kənardan olduğumuzdan daha layiqli görmək cəhdləridir.
Dmitriyevin başına nə gəlir? O, bir zamanlar arvadına dəli kimi aşiq olduğunu xatırlayır. Yadına başgicəlləndirici çılğın ehtiras dövrü düşür. Həqiqətən də, indi qırxa yaxın yaşı olan Lena, kitabda, ümumiyyətlə, pis adam olsa da, kişini tamahlandıra bilir, onda nə istədiyini bilən qadın cazibəsi var. Trifonovun bunu təsvir etməyi bacarır. Və deməliyəm ki, yetmişinci illərin ədəbiyyatında bu tip çoxalmışdı. Bu dövr qadınların dövrüdür, hakimiyyəti ələ alan qadınların dövrüdür. Fikir verin: “Moskva göz yaşlarına inanmır”, “Köhnə divarlar”, “Qəribə qadın”. Qadınların dövrü, belə demək mümkünsə ehtiras dövrü idi. Çünki kişilər artıq şəhvətdən başqa heç nəyə qadir deyildilər. Onlar vertikal iyerarxiyada olduqlarından əyilməyə alışmışdılar, bu vaxt qadınlar hakimiyyəti ələ alır, qadın strategiyalarının zamanı gəlir.
Beləcə, Dmitriyevin çox ehtirasla sevdiyi bu Lena, tədricən, yataq vasitəsi ilə, Nataşanın qızının taleyi üzərindən şantaj yolu ilə, ərinin içindəki aşağılıq kompleksini alışdırmaq yolu ilə – bax, hər kəs uğur qazandı, amma sən bacarmadın – axırda onu inandırır ki, Kseniyanın yaşadığı köhnə bolşeviklər qəsəbəsinə getsin və anası ilə danışıb onu evi dəyişdirməyin lazım olduğuna, onlara köçmək məcburiyyətində olduğuna inandırsın, əks halda onlar mənzili itirə bilərlər. Anaya izah etmək lazımdır ki, bunu hökmən etməlidir. Ana, yeri gəlmişkən, bu an özünü pis hiss edir, yarıhuşsuz hala düşür. Dmitriyev evi dəyişdirmək barədə onunla söhbət etməyə başlayanda, birdən qadın elə bil prostrasiya vəziyyətindədir, taqətsiz, üzgün halda ona deyir. Bu povestin əsas sözləridir – axı niyə görə, sən ki artıq dəyişdiribsən?
Bu povest artıq hər şeyin dəyişdirildiyi, mübadilə edildiyini göstərən əsərdir, amma hələ heç kim bunu hiss etmir. Başqa həyat – həmin an olan ən qorxulu şey bax budur. "Başqa həyat" povesti Sergeyin ölümündən sonra onun arvadının ərinin maraqları, mənəvi maraqları ilə daha yaşamamasından bəhs edir. O, tarixçi, xəyalpərəst, şən, Rusiyanın taleyini çox dəqiq duyan adamdır, lakin ölümündən sonra qadının həyatı tədricən bataqlığa gömülür və bu bataqlıq hər dəfə onun qorxulu yuxularına girir. Rus ədəbiyyatında ən qorxulu, dəhşətli yuxu səhnəsini Trifonov təsvir edib, onu gecə oxusanız, buna əmin olarsınız. Budur, yuxusuna girənlər: bataqlıq, balaca bataqlıq və avtobus, şalban, meşənin içində qorxulu yaşıl ev. Hər şeyi danışıb dadını qaçırmaq, sizi o zövqdən məhrum etmək istəmirəm.
Ancaq başqa həyatın çəkiciliyi hissi, Moskva silsiləsinin hər beş povestində, xüsusən də “Çay kənarında ev”də üstünlük təşkil edir. Bu əsərdə dövrün əsas qəhrəmanı, Şulepin mebel mağazasının düşgünləşmiş, “əldə etməyi bacaran”, malyükləyən fəhləsidir. Bir zamanlar o da onlarla bir binada yaşayırdı, o da çay sahilindəki evdən idi. Ən səfil, ən sərxoş, ən axırıncı, ən əhəmiyyətsiz olan bu adam bu gün qalibdir, çünki o hər şeyi əldə edə bilir, bacarır. Yeri gəlmişkən, bunu özü də başa düşür, o, içlərində ən ağıllısıdır, buna görə də özünə dərin nifrət edir.
Beləcə, xüsusən “Dəyişdirmə” və “İlk yekunlar” əslində Moskva meşşanlığının, təkcə Moskva deyil, həm də Sovet meşşanlığının tədricən eyni diaqonal ilə, çəpinə, həyat məntiqini necə dəyişdirdiyini, yaşamaq məqsədinin necə başqalaşdığını açıb göstərən povestlərdir. Uğur meyarı deyilən şey artıq nəyi dərk etməyin və nəyə gəlib çıxmağın deyil, nələri əldə etməyin idi və bu ən pis meyar deyil, çünki təcrübəli insanlar da əldə edə bilirdilər. Digər tərəfdən biz indi bu dəyişdirmənin, mübadilənin nəticələri ilə yaşayırıq. Bilirsiniz, axı hər şey birdən-birə, səksəninci illərdə, bu “bacaranlar”ın sadəcə olaraq leqallaşaraq çatların arasından sürünüb çıxmaqları ilə dəyişməmişdi. Çünki hələ səksəninci illərdir, əvvəlcə maariflənmiş kooperativçilər birinci yerə çıxır, sonra üzr istəyirəm, ibtidai qapağanlar yəni rüşvətxorlar, ibtidai oğrular ortaya çıxır. Bu o dövrdür ki, komsomol biznesi adı altında akula biznesi meydana çıxmağa başlayır. Bu səksəninci, doxsanıncı illərdir. Axı belə şeylər 1985-ci ildə yox idi. Trifonov isə hər şeyi bacara bilən bu insanların necə tədricən yüksəlməyə başlama mexanizmlərini göstərir. Bu o adamlardır ki, Vladimir Orlov "Altist Danilov" romanında, biz bu müəllif haqda danışacağıq, onları “xlopobudlar” və ya “budoxloplar”, yəni gələcəkdən ötrü əlləşib-vuruşanlar, narahat olanlar adlandırır. Məhz bu həmişə əlləşən, daim çalışıb çabalayan adamlar indi yüksəlməyə başlayırlar.
Dmitriyev təbiətcə tamamilə fərqli adamdır. Lakin o, Dmitriev – Trifonov, burada birbaşa paralel var, bütün bunların ona necə nüfuz etdiyini hiss etməyə başlayır. O axı niyə başqası kimi olmalıdır? Axı, ətrafdakıların hamısı onsuz da belədir, işdə hamı belədir, bu adamlar işləmək yerinə daim şahmat turnirləri təşkil edir və yaxud harada hansı həkimi tapmalı və hansı mebelləri haradan əldə etmək barədə söhbət edirlər. Bu adamlar hansı cəhətləri ilə ondan yaxşıdırlar? O məhz belə şeylərin onun içinə nüfuz elədiyini, içinə girdiyini hiss etməyə başlayır. Və ən pisi, ən dəhşətlisi odur ki, onda daxili müqavimət yoxdur.
Buna görə Trifonov həmin dövrdə narodovolçular haqqında, Kibalçiç haqqında “Dözümsüzlük” romanını yazdı. Bu roman ən anti-sovet seriyasında, Politizdat nəşriyyatında “Alovlu inqilabçılar” seriyasından çıxdı. Bu seriyada Voynoviç, Aksyonov, Okudjava, Qladilin, bütün gələcək mühacirlər və ya dissidentlər çapdan çıxmışdı. Niyə bu seriya? Ona görə ki, bu adamlar “Alovlu inqilabçılar”da öz istinadgahlarını, söykənəcəklərini görürlər, çünki, bilirsiniz, bu o azsaylı kəslərdir ki, yetmişli illərdə onlara baxmaq, istinad etmək olar. Vera Fiqner, Krasin, Jelyabov, Kibalçiç, hətta Lenin.
Sovet hökumətinin başlanğıcda necə dəhşətli, necə qəddar olması barədə çox danışmaq olar. Bəli, o, elə tip adam dünyaya gətirmişdi ki, bu tip adam üçün qarnın tox olması yeganə məqsəd deyildi, bu tip adam üçün bəşəriyyət sözü boş səslənən sözlər deyildi. Beləcə, Trifonov yetmişinci illərdə bu insanlara nəzər salıb, baxanda deyir: “Yəqin, bütün dəhşətlərə baxmayaraq, bu adamlar daha yaxşı idi”. Çünki tozlu dəbilqə taxmış bu komissarlardan sonra Yuqoslaviya şkafları və Çex divanları olan komissarlar gəldi, yeyib-içmək kahinləri gəldi. Budur ən dəhşətli olan.
Yeri gəlmişkən, o dövrdə Trifonov iyirminci illəri ideallaşdıran tək adam deyildi. O heç onları romantikləşdirmir, ideallaşdırmır, sadəcə deyir ki, həmin insanların arxasında ən azından bir növ bütövlük var idi, heç olmasa özlərinə bəraət qazandıran dəyərləri var idi. İndi yaşayan insanlar heç nəyi müdafiə etməyə hazır olmayan insanlardır, buna görə də onun sonuncu, adında diaqnoz olan, romanı “Yoxaçıxma” adlanır. Və o, Sovet İttifaqının bir gün yox olacağını dəhşətli şəkildə qabaqcadan demişdi. Sovet İttifaqı yaxşı və ya pis ola bilərdi, amma hər halda onun üstünə çıxan və onun əleyhinə olan kifdən, çürüntüdən daha yaxşı idi.
Bu barədə eyni zamanda Trifonovla tamamilə əks mövqedə olan “poçvennik” (“zəminçi”) yazıçı Valentin Rasputin yazıb-yaradırdı. Matyora adası yaxşı və yaxud pis ola bilərdi, amma onu batıran su daha betərdir, çünki ada nəsə bir həyatdır, amma onu batıran su ölümdür. Beləliklə “Dəyişdirmə”, “İlk yekunlar”, “Vidalaşma uzun çəkdi” – bu əsərlər suyun dibinə çökən, bataqlıq lehməsinin altında qalan həyatın salnaməsidir.
Son olaraq bir məqamı da deyək. Trifonov nəsrinin dadını deməliyəm. Bu ələxüsus, "Başqa həyat"da çox açıq təsvir edilmişdir. Gecə qadın durub ya valokordin, ya da tünd, dəmlənmiş çay içir. Bax, bu tünd qara çayın və valokordinin tamı acı, nanəli və eyni zamanda şəfa verən bir daddır. Uzun, sıx və təfsilatlı geniş mürəkkəb cümlələrlə yazan, bir cümləsində digər müasirlərinin bütün romanından daha çox məlumat yükü olan Trifonov, yeni bir Modus Operandi, nəsrə tamamilə yeni bir yanaşma təklif etmişdir.
Yuxarıda, yasəmənlər barədə əsərdən hissəyə diqqət yetirsəniz, bu mətnin rus ədəbiyyatında hansı əsərin başlanğıcına, hansı əsərin ilk cümləsinə göndərmə olduğunu müəyyən edə bilərsiniz. Əlbəttə ki, “Dirilmə”yə. Həmin yer yadınızdadırsa, xırdaca bir yerə yüz minlərcə yığışan bu adamlar torpağı təpikləsələr də, cücərən hər otcığazı yolsalar da... və sair ilaxır, bahar, hətta şəhərdə də bahardır. Bu yasəmənləri nə qədər yolub qopartsalar da...
Trifonov şəhər yasəmənlərinin həmin acı ətrinin müəllifidir. Bu şəhər peyzajının sonrakı mətnlə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, yasəmənlərin yerində indi "Ət" mağazasıdır, bu da çox dəqiq, açıq-aşkar bir metaforadır. O, ümumiyyətlə, mətnlərini heç qəlizləşdirmir, hər şey həmişə aşkar ortadadır.
Lakin özünün qadın kimi zərif dolğunluğu ilə miskin küçəni dolduran həmin yasəmənlər, sovetin, onun son dövrünün, əyalətin acı ətir saçan yasəmənləri, Sovet İttifaqında olan o həyatın mənası, o yaşayışın havası idi. Sonra isə “Ət” mağazası peyda oldu və orada alış-veriş etmək həmin insanlara çox rahat olardı. Problem budur ki, artıq həmin insanlar yoxdur və onun acı, kədərli və belə bir mükəmməl nəsrinin oxucusu bu aqibət ilə baş-başa qalmışdır.
25.03.2017
Mənbə: ru-bykov.livejournal.com
Rus dilindən tərcümə: Elçin İmanov