Müasir dünyanın kölələri
Bob Blek Onun aşağıda verilm…
Ailə mövzusu Tolstoyun həm həyatı, həm də yaradıcılığında əhəmiyyətli yer tutur. Əvvəlcə yaradıcılığına müraciət edək.
(Kurs: “Lev Tolstoy hamıya qarşı”. 1-ci audiomühazirənin mətni)
Tolstoyun demək olar ki, bütün erkən əsərləri bu və ya digər dərəcədə avtobioqrafikdir yaxud bir növ avtobioqrafik mənşəyə, motivə malikdir. Tolstoyun “Uşaqlıq” adlı ilk əsərini götürək. “Uşaqlıq” povesti təkcə uşaqlığa həsr olunmayıb, əlbəttə, burada ailə mövzusu, ata, ana mühüm yer tutur. Yadımıza salaq: Nikolenka İrtenyevin uşaqlığı nə vaxt qurtarır? Onun uşaqlıq çağı anasının vəfatı ilə qurtarır. Ananın ölümü uşaqlığın sonu və tamamilə fərqli bir həyatın başlanğıcı deməkdir. Bu, ruhun səmavi halının itirilməsidir. Nikolenka artıq şüurlu yaşda olanda anasını itirir, anasının həyatda olmadığını, ananın indi cəsədə çevrildiyini anlayır. Ananın ölümü bir mövzu kimi Tolstoyun həyatından gəlirdi, amma bir qədər fərqli şəkildə. Tolstoy anasını itirəndə heç iki yaşı yox idi. Belə ki, dörd qardaş Tolstoylar və bacıları Maşa əvvəlcə yarı-yetim vəziyyətə düşürlər. Sonra hələ həddi-büluğa çatmayan bu uşaqlar atalarını da itirirlər (Levin səkkiz yaşı var idi) və bununla qəyyumları bibilərin himayəsində məşəqqətli, sıxıntılı dövr başlayır. Əvvəlcə onlar Moskvada, bibiləri Aleksandra İliniçna Osten-Sakenin evində yaşayırlar, sonra atalarının o biri bacısı Pelageya İliniçnagildə yaşamaq üçün Kazana köçürlər. Bibilər, düzdür, əlbəttə ki, qardaşı oğullarını və qardaşı qızını sevirdilər, di gəl öz problemləri vardı və Tolstoyun uşaqlıq və ilk gəncliyi belə ailəsiz bir mühitdə keçdi. Məhz buna görə “Uşaqlıq” əsərində ailə təməlini göstərmək onun üçün çox vacib idi. Çünki ana və ata olanda uşaq xoşbəxt olur. Ana öləndə uşaqlıq bitir.
Tolstoyun növbəti əsərinə baxaq. Götürək “Kazaklar”ı. Görəsən bunun ailə mövzusu ilə nə əlaqəsi var? Povestin qəhrəmanı Olenin əvvəl Qafqaza gedir, sonra Qafqazdan qaçır: gənc adam özünü axtarır. Ancaq burada çox vacib bir məqam var: qoca kazak Yeroşka yunker Oleninə deyir: “Ürəyəyatan adam deyilsən!”. Hətta qadınlar da ona yaxın gəlmir (hərçənd kazak qadını Maryananın hədiyyələrə görə onunla nəsə bir münasibət qurmağa hazır olduğu aydın olsa da, onu sevmir, heç vaxt da sevməyəcəkdir və o, bunu anlayır), beləcə o özünə sığınacaq tapa, ailə qura bilmir. Bu yer aydın şəkildə özünü biruzə verməsə də, amma diqqətlə oxunsa, ümumilikdə “Kazaklar”da başa düşmək olar. Buna görə də o çıxıb gedir, yelqovanın biridir, bir yerdə qərar tuta bilmir. Təsadüfi deyil ki, Tolstoy əvvəlcə “Kazaklar”ı “Qaçaq” adlandırmaq istəyirdi.
Bunun özü də Tolstoy üçün avtobioqrafik mövzudur, çünki Tolstoy özü hər zaman qaça-qaçda idi. 1847-ci ildə qardaşları ilə birlikdə Kazanda yaşayanda (yeri gəlmişkən, Oleninin gedişi Tolstoyun Kazandan gedişini çox xatırladır), kiçik qardaş artıq yetkinlik yaşına çatır və atalarının mirasını bölüşürlər. Lev qardaşlarından Yasnaya Polyana – ailə malikanəsini almaq üçün yalvar-yaxar edir. Bu mülk ataları Nikolay İlyiçin sahib olduğu mülklərin içində ən zəngin olmasa da bəlkə də, hətta ən kasıb bir mülk idi. Yasnaya Polyana üç mülkdən biri idi. Niyə Yasnaya Polyana? Bu çox maraqlı bir məqamdır.
Tolstoy daha sonralar qardaşlarına 15 yaşında öz ailəsini qurmaq arzusunda olduğunu etiraf etmişdi. 15 yaşlı uşağın hansı xəyalları olur? Amerikaya getmək, zabit olmaq, səyahətə çıxmaq. 15 yaşlı Levin isə xəyalı ailə qurmaq, ailə sahibi olmaq idi. Düşünürəm ki, bunun səbəbi, yetimlik təcrübəsini, qəyyumlarda keçən sıxıntılı həyat təcrübəsini, köç həyatını yaşamış Levin, Tolstoyların ailə şəcərəsini davam etdirmək arzusunda olmasıdır. O üzərinə bu məsuliyyəti və öhdəliyi götürür və məhz buna görə Yasnaya Polyanaya köçmək istəyir.
Maraqlıdır ki, Tolstoy qardaşları içində Levdən başqa heç kim əsl ailə xoşbəxtliyini tapa bilmir. Ən böyüyü Nikolay sadəcə islahedilməz subay idi, üstəlik vərəmdən vaxtsız ölmüşdü (özü də Levin qucağında). İkinci qardaş Sergeyin ailə həyatı vardı, amma bu çox qəribə həyat idi: qaraçı taborundan sıqan Maşa Şişkinaya vurulmuş, onu almış və ömrünün sonunadək, yəni 1904-cü ilə qədər onunla birlikdə yaşamışdı. Əlbəttə ki, bu mezalyans idi: qadın təhsilsiz idi, çubuq çəkirdi, kartla fala baxırdı. Bunu da bilmək lazımdır ki, Tolstoyun böyük qardaşı Sergey Nikolayeviç qismən “Hərb və Sülh”dəki knyaz Bolkonskinin prototipidir. Yəni hazırcavab, ağıllı, çox oxumuş adamdır.
Digər qardaş Dmitriyə gəlincə, o, tamamən bədbəxt idi. O da vərəmdan həyatdan vaxtsız getmişdi və ölümündən bir qədər əvvəl yaşadığı qadından ayrılmışdı, o, qadını fahişəxanadan götürmüşdü. Bu məqam, “Anna Karenina”da, Konstantin Lyovinin vərəmdən ölən qardaşı Nikolayı yoluxma səhnəsində təsvir edilmişdir. Bu, Mityanın son günlərində ona qulluq edən həmin çopur Maşadır.
Bacısı Maşa da öz ailə həyatında bədbəxt idi. O, uzaq qohumu Valerian Tolstoya ərə getmiş, övladları olmuşdu, amma ər “Anna Karenina”dakı Stiva Oblonski kimi bir adamdı, bir qadını da əldən qoymurdu. Mariya Nikolayevna çox qürurlu qadın idi, ona görə ərini tərk etmişdi. O, bir müddət Moskvada yaşamış – Lev onun özü və uşaqları üçün mənzil kirayələmişdi – sonra xaricə getmiş, sonda rahibə olmuşdu. Çox çətin, bəxtsiz taleyi var idi, ailə həyatı alınmamışdı. Bir gün Mariya Nikolayevna Levə belə məktub yazır: “Kaş bizim ailədən bir adam [ailə həyatında] xoşbəxt olaydı!”. Mənə elə gəlir ki, Tolstoy bu məsuliyyəti öz üzərinə götürmüşdür.
1862-ci il, yəni sonradan qrafinya Sofya Andreyevna Tolstoy adlanacaq Soneçka Bers ilə evləndiyi ərəfədə Tolstoy, ümumiyyətlə, bəxtəvər adam sayıla bilər. Qafqazda xidmət etmiş, Sevastopolda döyüşmüşdü, bu arada artıq tanınmış bir yazıçı idi. Artıq “Uşaqlıq”, “İlk gənclik”, “Gənclik” və ən əsası sonradan “Sevastopol hekayələri” adlandırılacaq “Sevastopol oçerklər”i nəşr edilmişdi. Çar II Aleksandrın özü bu oçerkləri oxumuş və qiymətləndirmişdi, o heyranlıq duyurdu. O dövrün yazıçıları – Turgenyev, Nekrasov və başqaları tərəfindən bu hekayələrə yüksək qiymət verilmişdi. Tolstoy bu zaman artıq mülkədardır, böyük mülk sahibidir, o mülkünü işlər müdirinə tapşırıb Turgenyev kimi xaricə gedə və orada yaşaya bilərdi. Yeri gəlmişkən o, iki dəfə xaricdə olmuşdu. Avropa həyatı ilə maraqlanmış, Cenevrədə, Berlində olmuş, İngiltərədə Gertsen ilə görüşmüşdü. Fəqət Tolstoy özünə tamamilə fərqli bir həyat planlaşdırır. O, məqsədli şəkildə ailə qurmaq üçün qız axtarmağa başlayır.
Əvvəlcə Valeriya Arsenyeva adlı gənc, yetim bir qız, özü də qonşusu, peyda olur; O, qızın qəyyumu idi. Amma münasibətləri alınmır. Sonra böyük rus şairi, həmçinin Tolstoyun sevimli şairi Tütçevin qızı Yekaterina Tütçeva ortaya çıxır. Hadisələr evlilik təklif ilə bitəcəyinə bənzəyir, amma yox, bu da alınmır. Sonra Sankt-Peterburq Elmlər Akademiyasının vitse-prezidentinin qardaşı qızı Dondukova-Korsakovanın namizədliyi məlum olur. Bu o vitse-prezidentdir ki, onun haqqında Puşkin bu tikanlı sətirləri yazmışdı: “Elmlər Akademiyasında/Knyaz Səfeh iclas keçirir”. (V Akademii nauk/Zasedaet knyaz Dunduk). Digər namizədlər də vardı. Tolstoy axtarışda idi.
Berslər ailəsi Tolstoy ailəsinə yaxın idi: Sofya Andreyevnanın babası Aleksandr Mixayloviç İslenyev Lev Nikolayeviçin atası Nikolay İlyiçlə dost idi. Birlikdə ov edirdilər, bir-birlərinin malikanələrinə qonaq gəlib-gedirdilər. Tolstoy əvvəlcə uşaqlıqdan tanıdığı Sonyanın anasıgilə qonaq gedir. Orada üç qızla tanış olur. Yazdığı kimi bunlar “sevimli qızlar”dır: ən böyüyü Lizadır; Sonya orta bacıdır; Tanya ən gəncidir. Bunlar hələ uşaqdırlar, Tolstoyun da hələ heç biri ilə evlənmək fikri yoxdur. Ancaq 1860-cı illərdə Tolstoy Berslər ailəsində yenidən peyda olanda artıq bu qızlara tamam başqa cür baxır və üstəlik bacısı Mariya Nikolayevnaya yazır ki, nə vaxtsa evlənsə, bu qız Berslərdən olacaq. Nəhayət Sonyanı seçir.
Tolstoyun ailə həyatı hərtərəfli öyrənilmiş, bu barədə çoxlu kitablar, araşdırmalar yazılmışdır və hər dəfə belə bir sual meydana çıxmışdır: Sofya Andreyevna Lev Nikolayeviç kimi dühaya nə qədər uyğun gəlirdi? Düşünürəm ki, Tolstoy çox dəqiq seçim etmişdir. Digər iki bacının xasiyyətini görəndə, başa düşürsən ki, əlbəttə, Sonya doğru seçim idi. Ancaq maraqlıdır ki, Kreml kilsəsində tez-tələsik nigah bağlayıb Yasnaya Polyanaya yola düşdükdə Tolstoy gündəliyində ikicə söz yazır: “O deyil”. Tolstoyun bioqrafları bu iki kəlməni çox fərqli şəkildə şərh edirlər. “O deyil” nə deməkdir? Buna qədər Tolstoy bir neçə qız bəyənmiş, sonra imtina etmişdi – deməli, Sonya da “o deyil”dir? Bundan bəzən belə nəticə çıxarırlar ki, bəlkə də Tolstoy arvadını sevməyib, tələm-tələsik evlənərək səhvə yol vermişdir. Üstəlik, sonralar aralarında həqiqətən də bir sıra münaqişələr olmuşdu.
Düşünürəm ki, məsələ bunda deyildi, məsələ onda idi ki, Tolstoy həqiqətən çox uzun müddət özünə evlənməyə qız axtarmış, həyat yoldaşı seçmişdi, buna görə də bu an yenə də şübhə etməyə davam edirdi. Ancaq sonrakı həyat (Tolstoy ailə həyatının ən az 15 ili) əlbəttə ki, tam xoşbəxtlik içində keçən bir həyatdır. Bəli, söz-söhbətlər olurdu, bəli, zaman-zaman qadın gözünün yaşını axıdır, kişinin isə acığı tuturdu.
O dövrdə Tolstoy ailəsində baş verən əsas münaqişənin səbəbi Tolstoyun ailə qurmamışdan qabaq kəndli qız Aksinya Bazıkina ilə yaşanmış münasibətləri idi. Bu əlaqədən onun qeyri-qanuni övladı dünyaya gəlmişdi. Bu kimi münasibətlərin aqibəti barədə daha sonra Tolstoy ən güclü əsərlərindən birini – “Şeytan” povestini yazacaq və yazandan sonra Sofya Andreyevnanın əlinə keçməməsi üçün əlyazmasını 20 il kreslonun içində gizlədəcəkdi. Niyə? Çünki gənc Sofya malikanəyə gələndə, öyrənir ki, burada ərinin vaxtikən münasibətdə olduğu bir qadın və nigahdan kənar uşağı yaşayır. Bu, təbii ki, Sofyanı bərk incitmiş və söz-söhbətlərə gətirib çıxarmışdı. Buna baxmayaraq, ilk 15 illik həyatın Tolstoy üçün necə məhsuldar bir dövr olduğunu başa düşmək üçün, bu müddət ərzində Tolstoya dünya şöhrəti gətirən iki əsərin – “Hərb və Sülh” və “Anna Karenina”nın yazıldığını söyləmək kifayətdir. Tolstoy bu romanları yazanda Sofya Andreyevna onun təkcə həyat yoldaşı, xanımı deyil, həmçinin onun əməkdaşı, işçisidir. O, qaralamaların üzünü bir neçə dəfə köçürür, qadın obrazları ilə bağlı ərinə məsləhətlər verirdi. Nəhayət, “Anna Karenina”nı götürüb oxusaq, görərik ki, Kiti və Lyovinin sevgi, evlilik və ailə həyatı hekayəsi Lev Nikolayeviç ilə Sofya Andreyevnanın ailə həyatının ilk illərinin eyni surətidir. “Anna Karenina”da bu həyat hərfiyyən, əslində olduğu kimi təsvir edilmişdir! Məsələn, Lyovinin Kiti Şerbatskayanı istəməyə gəldiyi səhnəni götürək. Lyovin lomber masasında baş hərflərlə onu sevdiyini yazır və ona evlilik təklifi edir, Kiti onun nə demək istədiyini baş hərfləri oxuyaraq başa düşür – bu səhnə həqiqətən Lev Nikolayeviç ilə Sonyanın başına gəlmişdi. Doğrudan da Tolstoy kart masasında hərflərlə yazı yazmışdı. O başqa məsələ ki, bu hadisənin şahidi olan Sonyanın kiçik bacısı Tanyanın sonradan yazdığı kimi, Sonya, əlbəttə ki, Levin nə demək istədiyini hərflərdən başa düşməmişdi, Lev fikrini ona yavaşcadan demişdi. Hər halda bu hadisə romana köçürülüb. Kiti və Lyovinin malikanədəki sonrakı həyatı, ailə həyatında ortaya çıxan problemlər, sevinc və kədərləri – bütün bunların hamısı əlbəttə ki, canlı həyatdan götürülüb.
Lakin Tolstoy Sofya Andreyevnaya evlilik təklifi etdikdən sonra çox böyük bir səhvə yol verdi. Bu səhv “Anna Karenina”da təsvir edilmişdir – eynən bu səhvi Konstantin Lyovin də edir. O zamanlarda gündəlik tutmaq kimi bir adət vardı. Bu başqa məsələdir ki, Tolstoya görə gündəlik adi gündəlik olmaqdan daha artıq idi: sonrakı illərdə Tolstoy deyirdi ki, gündəlik onun yazdığı əsas əsəridir. O, gündəliyini hətta “Hərb və Sülh” və “Anna Karenina”dan yüksəkdə tuturdu.
Gündəlikdə elə şeylərdən özü də səmimi şəkildə danışılırdı ki, bunları gənc həyat yoldaşına demək olmazdı. Ona görə ki, əlbəttə, o, hər bir gənc kişi kimi, üstəlik xaricə səyahət etmiş bir zabit kimi qadınlarla təsadüfi münasibətləri olmuşdu. Nəhayət, Yasnaya Polyanada Aksinya adlı bir qadınla münasibəti və bu münasibətdən qanuni olmayan bir oğlu vardı. Tolstoy bütün bunları – hətta deyərdim, həddən ziyadə bir təfərrüatla – ilk gündəliklərinə yazmışdı. Buna görə də – xüsusən də məlumatı olmayan bir oxucda – gənc Tolstoyun az qala erotoman, yəni şəhvət düşkünü olmağı barədə bir təəssürat yarana bilər. Əslində bu belə deyil.
O, hər bir belə əlaqədən utanır, xəcalət çəkirdi və bu səbəbdən bütün bu kimi hallara çox diqqətlə yanaşır, onların hamısını bir-bir qeyd edirdi ki, sonradan tövbə etsin. Soneçkaya evlilik təklifi edəndə və o da onun arvadı olmağa razılıq verəndə, Tolstoy, fikrimcə, tamamilə səhv bir hərəkət etdi: ona öz ilk gündəliklərini göstərdi. Üstəlik, onu təkid və məcbur etdi ki, gündəliyi oxusun.
O, niyə belə etdi? Bunun bir neçə izahı ola bilər. Birincisi: Tolstoy gələcək həyat yoldaşı ilə səmimi, dürüst olmaq istəyirdi ki, bu məsələdə arvadın fikrində heç bir qaranlıq yer qalmasın. Məni ya belə, olduğum kimi qəbul et, yaxud da rədd et. Digər tərəfdən, daha bəsit bir izah da var. Tolstoy sadəcə istəmirdi ki, Aksinya ilə əlaqənin və bu əlaqədən oğlunun doğulması bir hadisə kimi Sonya üçün gözlənilməzlik olsun. O, bu barədə ona danışa da bilərdi, lakin onu məcbur elədi ki, bu gündəlikləri özü oxusun. Bu, onların həyatında həlledici bir məqam idi, çünki Sonya bunları çox ağrılı bir şəkildə qəbul etmiş və üstəlik, sonrakı ailə həyatı boyunca bunları heç vaxt unuda bilməmişdi. Sonyanın gündəliklərini oxuyanda (istedadla yazılmış bu gündəlik, bu günəcən yazılmış qadın gündəlikləri içindən ən yaxşılarındandır), görürsən ki, o bu hadisəni tez-tez xatırlayırmış. Beləliklə, bu gündəlik Tolstoylar ailəsinin xoşbəxtliyinə yerləşdirilmiş bir bomba oldu. Gənc qızı şoka salmağa ehtiyac yox idi. Lakin Tolstoy bu hərəkəti etdi – onun haqlı və ya haqsız olduğunu mühakimə etmək çətindir.
Ancaq 15 il ərzində, 1862-ci ildən 1877-ci ilə qədə Tolstoy ilə Sofya Andreyevna ailə həyatında xoşbəxtdirlər. Bir-birinin ardınca uşaqları dünyaya gəlir. Lakin 1877-ci ildə Tolstoyun düşüncəsində, sonradan mənəvi, ruhi çevriliş adlandırılan dəyişiklik baş verir və bundan sonra yeni Tolstoy dünyaya gəlir. O, təkcə ailəyə deyil, ümumiyyətlə həyata və dünyaya tamamilə fərqli gözlə baxır. Bir vaxtlar ona qara görünən şeylər indi ağ kimi görünür; əvvəllər ağ kimi görünən şeylər indi qara görünür. İlk 15 ilin Tolstoyu düzgün ər, düzgün mülkədar və düzgün yazıçı idi. Bu dövrdə o var-dövlət, pul toplamağa can atan adamdır, Samara quberniyasında yeni mülklər alır, bunlar ucuz torpaqlardır və bilir ki, vaxtı gələndə bu torpaqların qiyməti artacaq, çünki qara torpaqdır. O, naşirlərdən qonorarın artırılmasını istəyir, Nekrasovdan uzaqlaşaraq Katkova, “Sovremennik”i atıb “Russkiy Vestnik”ə gedir, çünki Katkov daha çox qonorar ödəyir. Ümumiyyətlə, belə deyək, onun ailə planlarında çoxlu uşaq, çox miqdara pul-para, övladlarına qoyub gedəcəyi böyük bir miras və sair var idi.
Ancaq 1870-ci illərin sonu – 1880-ci illərin əvvəllərindən tamamilə fərqli bir Tolstoyu görürük. Tolstoy belə bir düşüncəyə gəlir ki, xüsusi mülkiyyət – şərdir, pul – şübhəsiz şərdir və bütün bunlardan xilas olmaq lazımdır. Əgər biz Tolstoyun 1880-ci illərin əvvəllərində tutduğu gündəliyinə yazdığı ailə həyatı layihəsini oxusaq, bunun ailə kommunası layihəsi olduğunu görərik: birində kişilər, digəri qadınlar üçün olan iki otaq. Ruhdan düşmüş, ümidsiz adamlar üçün, təklikdə ağlamaq üçün tənhalıq otağı. Hər kəsin işləyəcəyi dirrik. Qalanlarını da yoxsullara vermək.
O, Sofya Andreyevnaya, əlbəttə ki, bu layihəni yazılı şəkildə göstərməmiş, yalnız şifahi şəkildə demişdi. Və bu andan etibarən ailədə çox ciddi münaqişələr başlayır. Çünki həyat yoldaşı bu yeni həyat layihəsi ilə razı deyildi. Bu məsələ ilə əlaqədar olaraq, sonralar bioqrafları düşündürən bir sıra suallar yarandı. Görəsən bu nə ilə bağlı idi? Bəlkə Sofya çoxlu var-dövlət istəyirdi, buna görə də ərini başa düşmürdü? Elə deyil. Sofya Andreyevna tamahkar qadın deyildi və ərini də yaxşıca başa düşürdü. O, ümumiyyətlə, çox ağıllı qadın idi, ərinin yaradıcılığını incədən-incəyə başa düşür və ümumiyyətlə onun dəyişən düşüncələrini də anlayırdı. Di gəl ki, Tolstoyun düşüncələrində çevriliş meydana gəldiyi anda, ailə üzvlərinin sayı çox idi. Ümumiyyətlə, Sofya Andreyevna 13 uşaq dünyaya gətirmişdi, lakin onlardan beşi, XIX əsrdə tez-tez olduğu kimi, körpə vaxtı dünyasını dəyişmişdi. Tibb olduqca aşağı səviyyədə idi, antibiotiklər yox idi və uşaq ölümü çox yüksək idi.
Beləliklə, Tolstoyun mənəvi çevrilişi zamanı o, böyük külfət sahibidir. Uşaqların ən böyüyü Sergeyin universitetə getmək vaxtıdır; digər iki qardaşlar İlya və Lev gimnaziyaya getməlidirlər. Sergeydən sonra yaşca ikinci böyük övladı Tatyana ərlik qızdır – ərə getmək vaxtı çatmışdır. O, olduqca istedadlı rəssam idi, onun istedadını İlya Yefimoviç Repin təqdir etmişdi; O, Moskva rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbinə daxil olmuş və bununla əlaqədar olaraq ailə Yasnaya Polyanadan Moskvaya köçmüşdü. Digər tərəfdən, Sofiya Andreyevnanın hələ də qucağında gəzdirdiyi iki körpəsi var. Belə bir vəziyyətdə, əlbəttə ki, Sofya ərinin tərəfini tuta bilməzdi. Üstəlik, düşünürəm ki, Tolstoy da bunun mümkün olmadığını başa düşür və məhz bu səbəbdən ortaq məxrəcə gəlmək üçün bir növ kompromis axtarırdı. Tolstoy ilə Sofya Andreyevnanın sonrakı həyatı bu kompromis, orta yol axtarışlarından ibarətdir.
Əvvəla, Tolstoy xüsusi mülkiyyətdən əl çəkmir, əmlakını həyat yoldaşı və uşaqlarının adına keçirir – bu hadisə 1890-cı illərin əvvəllərində baş verir. Sofya Andreyevna Yasnaya Polyananın yiyəsi olur və əslində bütün evin təsərrüfat işləri onun üzərinə düşür. O, eyni zamanda ərinin əsərlərinin naşiridir. O, əsərləri özü dərc edir, mətbəələrə daşıyır, sonra kitabları Moskvada Xamovnikiyə aparıb evdə saxlayırdı. Bu evə topdan satan kitab satıcıları gəlirdi. Sonralar, 1890-cı illərin əvvəllərində Tolstoy müəllif hüquqlarından tamamilə imtina etməyə cəhd göstərdi. Doğrudan da heyrətamizdir. Yazıçı düşünürdü ki, əsərləri üçün heç nə almalı deyil, çünki ədəbiyyat mənəvi bir işdir, buna görə də bu işə görə pul almaq olmaz. Lakin Tolstoyun əsərlərindən gələn gəlir ailənin əsas gəlir yeri idi. Yenə də bir kompromisə gəlməli olurlar: Sofya Andreyevna, Tolstoyun 1881-ci ilə qədər yazdığı əsərləri çap etmək hüququnu alır. Bunlar “Hərb və Sülh”, “Anna Karenina”, “Kazaklar”, “Sevastopol hekayələri”, “Uşaqlıq”, “İlk gənclik”, “Gənclik” avtobioqrafik trilogiyasıdır. Yəni bu gün bizim Tolstoyun qızıl dövrü dediyimiz əsərlər. Ancaq 1881-ci ildən sonra yazdıqları artıq Sofyaya deyil və bir qəpiksiz, müftə nəşriyyatlara gedir.
Bu zaman, Tolstoyun ailəsində, əlbəttə ki, göz ardı edə bilməyəcəyimiz bir nəfər peyda olur – Vladimir Qriqoryeviç Çertkov. Bu şəxsin müəmmalığı indiyədək mübahisə mövzusu olaraq qalır. O, şübhəsiz, mənəvi çevrilişdən sonra Tolstoyun ən sadiq şagirdi olsa da, lakin Tolstoyun ailə hekayəsində çox məşum, nəhs bir rol oynamışdır.
Çertkov çox varlı bir ailənin övladı idi, orduda onu parlaq karyera gözləyirdi, lakin günlərin bir günü 1883-cü ildə o, Tolstoyun Xamovnikidəki evinə gəlmiş və bundan sonra necə deyərlər özünü ona xidmət etməyə həsr etmişdi. Yəni o, Tolstoya bütün ömrü boyu xidmət etməyə hazır idi. O, Tolstoyun əsələrini, o cümlədən ruhi çevrilişdən sonra yazılmış əsərlərini, dini əsərləri – “Etiraflar”, “Mənim inancım nədir” və digərlərini də oxumuş və buradakı fikirlərlə tam razı idi. Sonradan Çertkov bu əsərlərin bütün dünyada yayılmasında və təbliğində çox böyük rol oynamışdı. Özü onları tərcümə edir, tərcüməçilər tapır və xaricdə çap etdirirdi, çünki Rusiyada Tolstoyun bütün dini əsərlərinə kilsənin mövqeyi ilə üst-üstə düşmədiyi üçün dini senzura qoyulmuş, əsərlərin çapı qadağan edilmişdi. Çertkov Tolstoyun arxivini qorumaq üçün də çox şey etmişdi, bu da çox vacib məsələdir.
Ancaq Tolstoyun ailə həyatı, bioqrafiyasında oynadığı rol baxımından, əlbəttə ki, bu, nəhs bir rol idi, çünki müəyyən bir andan sonra o, Sofya Andreyevna ilə şiddətli bir ixtilafa girmişdi. Sofya ərini əldən buraxmaq istəmir, düşünürdü ki, Lev Nikolayeviç həm də böyük bir ailənin atası, külfətin başıçısıdır, təkcə bütün dünyaya deyil, həm də ailəyə xidmət etməlidir. Çertkov isə düşünürdü və buna əmin idi ki, Tolstoy bir ailəyə məxsus ola bilməz, Tolstoy bütün bəşəriyyətə aiddir. Tolstoyun əsas və ən sadiq şagirdi özünü ona dahinin həyat yoldaşından daha yaxın insan hesab etdiyi zaman Tolstoyun arvadı tamamən buna qarşı çıxır. Və bu qarşıdurma, bu ixtilaf nəticədə ədəbi miras barədə vəsiyyətin imzalanmasına gətirib çıxarır. Çertkov Tolstoyu inandırır elə bir vəsiyyət yazsın ki, orada arvadın adı çəkilməsin. Tolstoyun Yasnaya Polyanadan çıxıb getməsinin əsas səbəblərindən biri bu vəsiyyət idi, çünki belə bir vəsiyyətin yazıldığı barədə şayiələr gec-tez arvada çatmış, bütün bunlar isə ailə vəziyyətini daha da gərginləşdirmişdi. 1910-cu ilin payızında Tolstoy dostu doktor Makovitski ilə birlikdə Yasnaya Polyananı tərk edir və yolda Astapovo stansiyasında vəfat edir. Əvvəlcə Sofya Andreyevnanı ölən ərini görməsinə icazə vermək istəmirdilər. Həqiqətən də çox faciəli bir vəziyyət əmələ gəlmişdi.
Yəni, kənardan belə görünür ki, bu ailə həyatının axırı fəlakətli imiş. Bəli, bu fəlakət idi, amma bu müsibətin 48 illik bir prelüdiyası, müqəddiməsi var idi. O, Sofya Andreyevna ilə birlikdə 48 illik ömür yaşamışdı. Sofya 13 uşaq dünyaya gətirmişdi. Tolstoyun birbaşa nəslindən olanların sayı bu gün dünyada təxminən 400 nəfərdir, onlar dünyanın demək olar bütün ölkələrində yaşayır və bir-birlərini tanıyırlar. Bir-birilərilə məktublaşır, hər iki ildən bir Yasnaya Polyanaya yığışırlar. Mən Tolstoy kimi həm həyatında, həm də ölümündən sonra belə uzun bir ailə tarixçəsinə sahib olan başqa bir yazıçı tanımıram.
Ailə mövzusu Tolstoyun bütün əsərlərinin canını təşkil edir. “Hərb və Sülh”ü götürün: bəli, bu bir epopeyadır, xalq müharibəsi tarixidir, ancaq cəhd edib romandan Rostovlar, Bolkonskilər ailələrin süjetlərini, Pyerin bəxtsiz evlilik hekayəsini, onun sonra Nataşa Rostova ilə evlənməsini çıxarın. Bu zaman, epopeyanın sadəcə ayrı-ayrı hərbi epizodlara və Tolstoyun müharibə haqqında düşüncələrinə parçalanacağını görəcəksiniz. Yəni, ailə hekayəsi Tolstoyun öz ailə soyunun əksidir, çünki Rostovlar Tolstoylardır; Bolkonskilər Tolstoyun ana şəcərəsi olan Volkonskilərdir. Pyer surətində əlbəttə ki, Tolstoy özünü müəyyən dərəcədə təsvir edib. Ailənin tarixçəsi romanı sementləyir, ona fabula qatır, istiqamət verir, bu məqam ekran işində xüsusilə nəzərə çarpır.
Ancaq gəlin Tolstoyun sonrakı əsərlərini götürək, görəcəyik ki, onun ailəyə baxışları kəskin şəkildə dəyişsə də, ailə mövzusu yenə də ortaya çıxır. 1890-cı illərin əvvəllərində yazılmış “Şeytan” povestini mən artıq qeyd etdim, eyni zamanda, 1890-cı ildə tamamilə ailə mövzusuna – qısqanclıq mövzusuna həsr olunmuş “Kreyser sonatası” çapdan çıxır. Əsər, arvadın öldürülməsi və ərin bunu niyə etdiyinə dair monoloqu ilə başlayır. Başqa bir maraqlı məqam. Tolstoyun sonuncu ən böyük əsərini, ailə mövzusunun olmadığı görünən "Hacı Murad" povestini götürək. Bu əsər çeçen müharibəsindən bəhs edir. Povest Şamili atıb rusların tərəfinə keçən, sonra yenə onlardan qaçan Hacı Muradın real şəxsiyyəti barədədir, o, yolda haxlanaraq öldürülür. Bəs Hacı Murad niyə ruslardan qaçır? O, ruslardan qaçır ona görə ki, Şamil arvadını və oğlunu girov götürmüşdü və oğlunu kor etməklə hədələyirdi. Hacı Murad bu xəbəri öyrənəndə qalan bütün düşüncələr buxarlanıb yox olur! Ailənin əsas məsələ olduğu ortaya çıxır.
Tolstoy ilə Sofiya Andreyevnanın uşaqları ayrı bir maraqlı mövzudur. Tolstoyun bütün uşaqları – yetkinlik yaşına qədər yaşaya bilənlər – çox parlaq, hərəsi tamam fərqli insanlar idi. Ancaq eyni zamanda onların hamısını birləşdirən bir cəhət vardı. Tolstoyun özü Tolstoyların qaba, yabanı olduğunu söyləməyi sevirdi. Qabalıq, yabanılıq cahillik mənasında deyil, əlbəttə onlar çox savadlı insanlar idilər, bir neçə xarici dil bilirdilər, çox kitab oxumuşdular və s. Qabalıq deyəndə burada hər hansı xarici, yad standartın rədd edilməsi mənasında başa düşülməlidir. Onlar hamısı standartdan kənar insanlardı. Hər kəsin ata ilə, xüsusilə oğullarının ataları ilə olduqca mürəkkəb əlaqəsi vardı. Qızları - Tatyana, Mariya, Aleksandra - tamamilə atalarına bağlı idilər. Lev Nikolayeviçin ilk köməkçiləri qızlar idi: əvvəlcə Tatyana, sonra Mariya, daha sonra Aleksandra. Yalnız ömrünün sonlarında onun öz katibləri ortaya çıxdı: Nikolay Nikolayeviç Qusyev, Valentin Fyodoroviç Bulqakov. Onlara qədər isə hər şeyi qızları görürdü: ataları üçün mətnin üzünü köçürdürdülər, onun bütün dünya ilə geniş yazışmalarını, məktublaşmalarını aparırdılar, kömək edirdilər və s. Oğulları isə hərə öz həyatını yaşayırdı. Sergey, İlya, Lev, Andrey və Mixail - hamısının öz ailələri var idi. Levin, Lev Lvoviçin, çox böyük ailəsi vardı, isveçli qızla ailə qurmuşdu. İlyanın da kifayət qədər böyük bir ailəsi var idi. Andrey və Mixailin də öz ailə həyatı, yaşayışları vardı.
İnqilabdan sonra iş elə gətirdi ki, ən böyüyü Sergey istisna olmaqla, qalanları xaricə köçdülər. Bu gün Tolstoyun nəsilləri əsasən xaricdə yaşayırlar. Bunun başlıca səbəbi inqilab və Vətəndaş müharibəsidir. Tolstoyların dünyaya yayılma səbəbini anlamaq üçün bir faktı demək kifayətdir. Kiçik qızı Aleksandranı iki dəfə həbs etmişdilər. Onu, bolşeviklərlə sıx əlaqəsi olan Tolstoyun şağirdi və ən sadiq dostu Vladimir Qriqoryeviç Çertkov xilas etmişdi. Aleksandra, nəhayət, 1929-cu ildə mühacirətə getmişdi.
Xüsusən oğulların ata ilə çətin münasibətləri var idi. Dahinin oğlu olmaq çox çətindir. Özü də oğlan uşağına, sonra yeniyetmə adama, daha sonra isə yetkin bir adama çox çətin idi, çünki hamısı orijinal idi, bir-birinə oxşamırdılar, hamısı fərdiyyətçi idilər, hamısı birtəhər bu həyatda özlərini reallaşırmaq istəyirdilər. Üstəlik: məsələn, İlya Lvoviç çox istedadlı bir yazıçı idi, İvan Bunin onun istedadını təqdir etmişdi. O, dram, povest, bir neçə hekayə yazmışdı, ancaq yazıçı olmadı, özü də yazıçılıqdan şüurlu olaraq imtina etdi, başa düşürdü ki, belə bir atanın yanında yazıçı olmaq mümkün deyil: atandan yaxşı yaza bilmərsən. Bu mənada Lev Lvoviçin başına faciə gəldi, çünki o da yazıçı olmaq istəyirdi və oldu da. Siz bir təsəvvür edin – onun da adı Lev idi, yaxşı, əsərlərinə necə imza atsın? Bəlkə bir təxəllüs fikirləşsin? Nə olursa olsun, deyəcəklər ki, bu Tolstoyun oğludur, özü də Lev Tolstoydur. Buna görə də əsərlərinə "Lev Tolstoy – kiçik" deyə imza atırdı. Ancaq əlbəttə ki, atasında olan dahilik, zəka onda yox idi. Bu məsələ onu bütün ömrü boyu əzab vermişdi və ümumiyyətlə axırda ona gətirib çıxardı ki, nəticədə atasına nifrət etdi və aralarında ciddi mübahisə oldu.
Buna baxmayaraq, uşaqlar, sözsüz, Tolstoyu çox sevirdilər, bunu onların xatirələrindən, gündəliklərindən görmək olar. Demək olar ki, hamısı ataları haqqında çox gözəl xatirələr qoyub getmişlər. Əlbəttə ki, onların içində ən görkəmlisi Amerikada Tolstoy fondunu təşkil edən Aleksandra Tolstaya olmuşdur. Bu fond təkcə ruslara deyil, həm də müxtəlif müharibələrə görə qaçqın düşmüş mühacirlərə kömək əli uzadan çox möhtəşəm bir təşkilatdır. Amerika prezidentləri Aleksandraya böyük ehtiramla yanaşırdı. Soljenitsın ona yubiley münasibətilə təbrik teleqramları göndərmişdi. Görkəmli şəxs olan Aleksandra 95 yaşınacan yaşadı.
Mənbə: Arzamas
Qeyd: P.Basinski “Lev Tolstoy: Cənnətdən qaçış” (2010), “Müqəddəs Levə qarşı. İoann Kronştadski və Lev Tolstoy. Bir ədavətin hekayəsi” (2013), “Lev Levin kölgəsində” (2015), “Lev Tolstoy – azad insan” (2016) kitablarının müəllifidir.
Rus dilindən tərcümə etdi: Elçin İmanov