post-title

Cəhənnəmin isti bucağı

Rus mediası, jurnalistləri Qərbdə baş verən hansısa problemi, xırda məsələni üfürüb şişirtməyə, milçəkdən fil qayırmağa öyrəşib. Bu, təkcə sovetdən qalma ənənə deyil. İndi Qərbi aşağılamaq Putin rejiminə çox lazımdır, çünki demokratik ölkələri aşağılamasan adamlar özlərinin yaşadığı əcaib rejimdən bezərlər, hökumətə sərf etməyən suallar verərlər. Bizim medianın da dünyaya çıxış-girişləri əsasən rus mediası üzərindən olduğu üçün onların bütün pis ənənələrini təkrarlayırıq.

Örnək üçün, bir ara (deyəsən, elə indi də) bizim mətbuatda “Skandinaviya ölkələrində intiharlar hər yerdəkindən çoxdur, camaat psixoloji gərginlikdən özünü öldürür” mifi yayılmışdı. Bu mənə inandırıcı gəlmədi, dünya ölkələri üzrə intihar statistikasını araşdırdım, məlum oldu Skandinaviya ölkələri orada heç ilk əllilikdə də yer tutmur. Daha dəqiqi, İsveç 50-ci, Norveç 76-cı, Danimarka isə 89-cu yerdə idi. Bunları damğalayan Rusiyanın özü, sizcə, neçənci yeri tuturdu? 3-cü yer!

Təzəlikcə buna bənzər bir xəbərlə rastlaşdım. Yazmışdılar ki, Estoniyada qadınlara qarşı zorakılıq artır, hökumət bilmir neyləsin. Əslində Estoniyada və başqa Baltikyanı dövlətlərdə qadınlara qarşı zorakılığın artmasından bizim kimi Şərq-müsəlman ərazilərində narahat olmaq dünyanın ən tragikomik hallarından biri sayılmalıdır, çünki oralarda bizdən fərqli olaraq qadınlar çoxdandır dövləti idarə eləyir, kişilərlə eyni hüquqa malikdir, parlamentlərinin bəzən yarısı qadınlar olur və sair. Qadınların idarə etdiyi rejimlərin daha humanist, daha sosial bərabərliyə meylli olması da artıq kimsəyə sirr deyil. Nəsə, qayıdaq Estoniyanın üzləşdiyi “faciəyə”. Yazmışdılar ki, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə qətlə yetirilən qadınların sayı Estoniyada 100 faiz artıbdır.

Dəhşət. Otur ağla. Ancaq orada bu ilin 6 ayında öldürülən qadın sayı neçə olsa yaxşıymış? 1 nəfər! 

Xəbər yalandırmı? Yox. Keçən ilin 6 ayında məişət zorakılığına heç bir eston qadın qurban getməyib, deməli bu il 1-i öldürüləndə 100 faiz artım alınır.

Estoniyanın əhalisi 1 milyon 325 min nəfərdir (onlardan biri də əziz dostum, “Estonca-azərbaycanca lüğət”in tərtibçisi Vidadi bəydir, buradan ona atəşin salamlarımı yollamaq fürsətini qaçırmaq istəmirəm). Deməli Estoniya Azərbaycandan 10 dəfə az əhaliyə malikdir. Bizdə bu ilin 6 ayında 33 qadın ailə-məişət zorakılığı üzündən həlak olub. Vəziyyət o qədər ağırdır ki, hətta Baş Prokurorluq xalqa müraciət yaydı, belə əməllərdən çəkinməyə çağırdı. Müqayisəmizi davam etdirsək, Estoniya qadınlarının Azərbaycan qadınları qədər ağır gün-güzəran sürməsi üçün orada azı 10 qadın qətlə yetirilməliydi. Lakin biri ölüb, səsi aləmi bürüyüb.

Söhbətimiz adət-ənənələr mövzusuna dirənmişkən, bu yaxında Mərdəkan çimərliyində 35 min manatlıq saatı, 2 min manatı, hardasa 8 min manata qədər dəyərdə mobil telefonları oğurlanan həmvətənimizə də salam yollayıram. Gərək qardaşımız evdə arvad-uşağın nə qızılları varsa onları da yığıb özü ilə çimərliyə aparaydı, balıqlara göstərəydi. Lazımdır. Manıslarımız nə təhər oxuyardılar, pandemiyadan qabaq: “Balıqların şahı ölüb dəryada...” Sözgəlişi, toylarımızda ən xoşuma gələn pulyığma çağırışlarından biri belə olardı: “Göydə bir ulduz var, adı Talıbdır, Bəyin əmisi (dayısı, atası, qardaşı və sairə - vəziyyətə baxırdı - Z.H.) yaddan çıxıb qalıbdır”.

Bir də sonda onu qeyd eləmək istəyirəm ki, ey yerin-göyün yaradıcısı, əgər varsansa cəhənnəmində ən isti, ən qaynar, ən zarıltılı bucaqlarından birini çimərlikdə yüksək səslə mahnı oxutdurub camaatın istirahətini burnundan gətirən yaramazlar üçün saxla. İlahi, amin.

Zamin Hacı

Musavat.com

Yuxarı