Ədəbiyyat üzrə Nobelə layiq görülən yazar kimdir?
Modiano 1945-ci il, İyulun 30-u Parisin qərb şəhərətra…
Mənim iti yaddaşım var. Demək olar ki, yüngülvari əhəmiyyəti olan hadisələr, qarşıma çıxmayacaq insanların üzləri yaddaşımda həmişəlik qalır. Bilirsiz də, iki cür insan olur, daha doğrusu olmalıdır, rəqəmləri sevən və hərfləri sevən. Uşaqlıqdan mənim boynuma qoymuşdular ki, sən hərfləri sevirsən, rəqəmlər sənlik deyil. Beləcə, mən buna uyğun, hərfləri sevə-sevə böyüdüm.
Amma mənə deməmişdilər ki, hərfləri sevənlərin yaddaşı əzab verəcək qədər kəskin olur. Hansısa bir sabah oyandım ki, mənim yaxşı yaddaşım var. Nə biləydim, mən bu əzabla uzun illər yaşamalı olacam. Yaddaşım məni, hərdən, narahat eləsə də, ondan imtina eləməzdim. Qoy olsun. Yaxşı yaddaş mənə lazımdır. Axı mən həm də yazmaq istəyirəm.
Yusif Y. “Yaddaşın hekayəsi”
Yazı yazmağa hamı kimi yeddi yaşında başlamışam. Çox səliqəsiz və az yazırdım. Ev tapşırıqlarımı anamın təkidi ilə məndən böyük iki bacım yerinə yetirirdi. İbtidai sinif müəllimim sinifdəki çalışmaları səliqəsiz yazırdım deyə məni döyür, döyəndən sonra bu ilan-qurbağa yazılar ilə ilk dəfə qarşılaşdığını deyirdi. O, həmçinin məni hərfləri yazmamaq, onları rəsm etməklə günahlandırırdı. İlk uşaqlıq illərimin belə davam edir, mən ya yazıdan uzaq salınır, ya da yazıb döyülürdüm. Ancaq bu zorakı tənbəlliyim mənim yaxşı oxuyan şagird adını almağıma maneə olmurdu. Sözün əsl mənasında yaxşı oxuyan şagird idim. Sözləri, mətnləri, su kimi içir, istənilən şeiri əzbərləyir, şifahi cavablarla özümü gözə soxurdum. Lakin yazı yazmaqla barışa bilmirdim. Dərsi əzbərləyir, çalışmaları başa düşür, cavabları seçirdim, amma əyani sübut kimi onları qeyd eləmək vaxtı gələndə, ya anam önümu kəsir, ya da əllərim sözümə baxmırdı, elə bil qocalmışdım. Bəs, yaxşı, necə oldu ki, mən yazmağa qərar verdim? Yazmağa öz xoşumla yox məcburiyyətdən başladım. Çünki eşqə düşmüşdüm. Sevdiyimi etiraf edə bilməyəcək qədər uşaq, sevdiyimi dərk edəcək qədər böyük idim. Həyatın bu mərhələsində dadıma yaşıl üzlü on iki vərəqli dəftər və köhnə pulla iki yüz əlli manatlıq (indiki beş qəpik) mavi başlı qələm çatdı. Onlarla hisslərimi bölüşməyə qərar verdim və on yaşımda yazmağa başladım. On iki vərəqli dəftəri yazıb bitirdim. Onu hər gecə yatmazdan əvvəl dəfələrlə oxuyur, sonra yastığımın altına günah kimi gizlədir, hamıdan mühafizə edirdim. Əmin idim ki, o dəftəri sevdiyim qıza on beş- iyirmi il sonra özüm oxuyacam, inanırdım ki, biz evlənəcəyik. Ancaq sən saydığını say, gör sinfi ziddiyyətlər nə sayır.
Bir neçə il sonra sevdiyim qız məktəbimizdən çıxdı və daha yaxşı məktəbə keçdi. On iki vərəqli yaşıl üzlü dəftərim itdi, mənə qalan yazı ilə doğmalaşmağım oldu.
Daha sonra şeirlər, romanlar, hekayələr yazmağa başladım, hamsı da yarımçıq qaldı. Məhəbbətdə natamamlıq yazılarıma da təsir eləmiş, onların taleyini dəyişdirmişdi.
Bütün bunlara baxmayaraq, inanırdım ki, nə vaxtsa bu qaralamalardan birini tamamlayacam. Mütləq tamamlayacam. Amma indi gözləmək vaxtı idi, yazmaq olmazdı. O zaman bir qərar verdim, bu, heç şübhəsiz mənim həyatımdakı ən ağır qərarlardan biri idi. Daha yazmayacaqdım. Sadəcə, müşahidə edib əhvalatları yaddaşıma köçürəcək illər sonra tam hazır olduqda bu xatirələri yazmağa başlayacaqdım.
Qərarımda qəti oldum. Məni hara dəvət edirdilər gedirdim, ən iyrənc mühitlərdə belə olurdum, həyatı, insanları müşahidə edir, onları tanımağa çalışırdım. Arxayın, özgüvənli, hər şeyə hazır idim.
Bir yandan da təhsil alır, özümü inkişaf etdirir, yaxşı kitablar oxuyur, maraqlı filmlər izləyir, “incəsənət nədir” deyə düşünürdüm.
Gələcək kitablarım üçün özümü qurban verdiyim o ərəfədə çimərlik, hotel, qəlyanxana, qumarmasası, konsert, siyasi -ideoloji yığıncaqlarda ,toy məclislərində oldum, LGBT+ nümayəndəsi dostlarla tanış olub, qısa müddətli könüllü fəaliyyət göstərdim, ən nəhayət, yenidən sevdim və narkotik maddə ilə qiyabi də olsa tanış oldum. Sadalananlar arasında bəzi yerlər var ki, mən ora getməyə nifrət edirdim, orda özümə xəyanət elədiyimi düşünürdüm, məsələn çimərlik. Çimərlikdə olmaq, yarıçılpaq adamlar görmək və kanalizasiya axan Xəzər dənizində üzmək əsl işgəncə idi. Mən bir də heç zaman Xəzərdə üzməyəcəm.
Hər bir səhnə yaddaşımda həmişəlik iz saldı. Bu unudulmaz anlar, yaddaşımın hekayəsi kimi ilk kitabımda özünü göstərdi. Onları mən yaşadım, mən yazdım.
Hər mühitə, hər insana dözməyin bəhrəsi kimi on möhtəşəm hekayə ortaya çıxdı. Yaddaşım və təxəyyülüm 25 ilin xatirələrini on hekayə ilə ortaya qoydu. Qərarımda qəti olmağım məni asosial, apolitik, bir sözlə, sıradan həyatdan xilas elədi. Getdiyim hər məclisdə, tanış olduğum hər insanda ədəbiyyata, yazacağım kitablara aid nələrsə axtardım. Həmişə də tapdım. Həm də onu öyrəndim ki, ədəbiyyatı ortaya çıxaran yaddaşımız və xatirələmizdi. Bu gün mən təşəxxüslə deyə bilərəm ki, “Yaddaşın hekayəsi” gənc bir yazıçının yavan müşahidələrinin, bədii abırsızlığının, möhkəm iradəsinin və qəribə xatirələrinin harmoniyasıdır.
Kitabımı yazıb nəşr edəndən sonra, istəyirdim ki, yazdığım xatirələr yaddaşımdan silinsin, mən onları birdəfəlik unudum. Onları yalnız kitabımı oxuyanda xatırlayım.Alınmadı. On hekayənin onu da bu bu gün yaddaşımdakı yerində qaya kimi dayanıb. Hekayələrim həmişəlik mənimlədir. Bəlkə də onlar urvatsız oğullar kimi başıma qaxınc, evdə qalmış qızlar kimi belimdə yük olacaq. Nə bilmək olar, bəlkə onlar üzümü ağardacaq, şanımı yüksəldəcəklər. Həyatdı, ədəbiyyatdı hər ikisində də gözlənilmədən nələrsə ola bilər. Mən hər şeyə hazıram. Elə, “Yaddaşın hekayəsini” də buna görə yazmışam.
Azlogos