Hollivud ulduzları hansı yazıçıları oxuyur?
Axı kimin ağlına gələ bilərdi ki, İrland əsilli amerikalı aktyor …
“Oldu, ya rəbb, həlak insanlar,
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüsl var, nə kəfən".
(Heyran xanım, 19-cu əsr)
Bu yaxında bir avtobus sürücüsünü marşrut başında tutub cərimələdilər, deyəsən, 10-15 sutka həbs də verdilər. Çünki yoldaş sükan arxasında “patı” narkotik maddəsindən yararlanıbmış.
“Patı” adlanan metamfetamin millətin düşdüyü təzə zibildir, deyəsən. Bundan qabaq əsasən təbiətsevərlərimizin əkdiyi marixuana otu, prokuror uşaqlarının satdığı ekstazi həbləri, İranlı mollaların cənnət bileti kimi göndərdiyi tiryək, bir rəhmətlik deputatın çıxışından adını öyrəndiyimiz kristal kokain-zad modda olardı. Metamfetamini isə o kimya müəlliminin çəkildiyi dünyaca ünlü serialdan (“Breaking Bad” - “Çətinliyə baş vurmaq”) tanımışıq, kinoya söz yoxdur, çox baxımlı əsərdir. Bəs bizdə bu “patı” - serialda ona “met” deyirdilər - hansı səbəbdən geniş yayılıb, hələlik heç bir rəsmi açıqlama yoxdur. Bəlkə Azərbaycandakı kimya müəllimləri də gizli sex qurub narkotik istehsal edirlər? Pandemiyadır, məktəblər bağlı, kasıbçılıq, uşaqlar kitab arası açmır, həmdərd yox, tale zəbun - şair demişkən... Ancaq dəli şeytan qulağıma pıç-pıç edir ki, bizim məktəblərin kimya laboratoriyalarında elmi təcrübələri axırıncı dəfə sovetlərin dönəmində, 1989-cu ildə aparılıbdır, o üzdən müəllimlərimiz heç bilmirlər hansı maddəni qarışdırsan nə ortaya çıxar.
Burada rəhmətlik kimya müəllimin Dadaş Heydərovu xoş şəkildə anmağımın yeri var, çünki həmin o uzaq 80-ci illərdə bir dəfə kimya təcrübəsi aparanda qəsdən maddələri qarışdırıb sinifdə balaca alovlanma yaratmışdım. Savadlı adam idi, qohumlarından birinin başındakı şişi özü kəsib müalicə eləmişdi - isti təndir çörəyi və ilan qabığından istifadə eləməklə. Bir dəfə də bizə gəlmişdi, bu vaxt nənəm evin zirzəmisindən yumurtadan təzə çıxmış əcaib, dörd ayaqlı, qurbağa kimi oturmuş cücəni gətirdi (əsl “Xəzər TV”nin malıydı). Dadaş müəllim cücəyə baxan kimi dedi: “Bu, Darvinin təkamül nəzəriyyəsinin isbatıdır, çünki suda-quruda yaşayanlar quşların əcdadıdır”. Nəticədə mənim uşaq ağlımda elmin vacibliyi qığılcımı oyandı. Yoxsa indiki müəllimlərin çoxu elə şeylər görəndə “bismillah” deyib Atobba pirinə nəzir aparır. Dəqiq söhbətdir, zarafat eləmirəm. Bir müəllimdən eşitmişəm ki, onun dərs dediyi məktəbdə tarix müəllimi xürrəmilər hərəkatını tədris eləyərkən “Lənətə gəlmiş Babək” deyə təqdimat yapırmış. Ədəbiyyat müəllimi Almas Yıldırımın ünlü və gözəl şeirindəki “Könlümə tək Kəbə yapdım səni mən, Sənsiz neylim qürbət eldə günü mən? Sənsiz neylim Allahı mən, dini mən, Azərbaycan, mənim taxtım, tacım, oy. Oyanmazmı kor olası baxtım oy!” bəndini küfr sayıb uşaqlara keçmirmiş. Sən də deyirsən təhsil eksperti elə getdi, fisincan plov belə gəldi, xaş üçün dananın ayağını filan cür ütmək lazımdır... Elə təhsilin də belə eksperti olar, nə gözləyirsiniz?
Təklifim nədir? Onu yazmaq istəyirəm ki, deyəsən, bu gedişlə biz əhalini COVİD-19 peyvəndinə alışdırmaq üçün “Hər peyvəndin üstündə ”patı" verilir" propaqandası aparmalı olacağıq, Operativ Qərargahın da bir adı Patı Qərargahı olacaq. Çünki bu dəqiqə narkomanların sayı peyvənd olunanların sayından çox kimi görünür. Əgər, zəhləmgetmiş leksikonla yazsam, “ötən ilin müvafiq dövründə” (ya da “cari ildə keçən ilə nisbətən”) hüquq-mühafizə orqanları əsasən maska taxmayanları, küçəyə çıxanları, hasar deşiyindən baxanları tutub cərimə edirdisə, indi hara baxsan, hansı xəbər lentini fırlatsan “patı” dartanların tutulması xəbəridir. Maraqlıdır ki, ələ keçənlər əsasən pərakəndə satışın xırda-mırda həşəratlarıdır, daha zırpı narkobaronlar, sərhəddən bu qədər malı keçirənlər, ya da iri şəhərlərimizdə gizli laboratoriyalarda istehsalını quranlar heç tutulmur. Görəsən niyə? (Bekarçılıqdan verilən sualdır, cavab istəmirəm).
Zamin Hacı
Musavat.com