Bakıda sənədli filmlər festivalı keçirilir
Bu gün, 29 noyabr festivalın son günüdür. Fes…
Bu gün təsadüfən Ədəbiyyat Qəzetində dərc olunmuş bir yazıya rast gəldim, Kamal Abdullanın hələ çıxmamış romanı müzakirə olunurdu, Qismət, Elnarə Akimova, fəlsəfə doktoru Nərgiz və yazıçı Vaqif Nəsib əsərin məziyyətləri haqqında öz fikirlərini yazmışlardı. Fikirlərinə, savadına hörmət etdiyim Qismət Rüstəmovun qeydlərini gözdən keçirməyə başladım, bu gənc yazarımızın qələmindən çıxan bütün yazıları oxumağa çalışıram, çünki onun qısa yazıları bir mənada məni qalın kitabları oxumaqdan xilas edir. Bu müzakirələrdəki bir cümləsi diqqətimi cəlb etdi, Kamal Abdulla haqqında belə bir ifadə işlətmişdi: "İnterdisiplinar eranın yazıçısı Kamal Abdulla"... Cəmi bir həftə əvvəl Seymur Baycan haqqında yazdığı "Seymur nə üçün qışqırır" yazısı yadıma düşdü və bir az xəyala daldım. Müzakirədə iştirak edən digər adamların yazılarını oxumadım, artıq söhbətin hansı ruhda gedəcəyi məlum idi. (Vaqif Nəsibin "interdisiplinar" söhbətlərə nə dəxli var və Qismət belə ciddi mətləbləri nə üçün onunla müzakirə etsin ki? Vaqif Nəsib öz təriflərində yerli sabundan istifadə edir, buna əmin olmaqdan ötrü məqaləsni tapıb özünüz oxuya bilərsiniz.)
Birincisi, Kamal Abdullaya "İnterdisiplinar eranın yazıçısı" və Seymura "nə üçün qışqırır" deməkdən asan heç nə yoxdur indiki halda, çətin olan şey Seymur Baycana "İnterdisiplinar eranın yazıçısı" deməkdir - ən azı on cür yozula bilən bu söz birləşməsini Seymura aid etməkdən ötrü illah ki bir səbəb tapa bilərik. Qismətdən, ədəbi prosesimizin ulduzundan, yeganə intellektualından gözlədiyimiz budur və bu ola bilər, lakin Qismət bunu demir. İkincisi, kim bilməsə də Qismət yaxşı bilir ki, interdisiplinar əsərin yazılması üçün ən azından interdisiplinar oxucu kütləsi olmalıdır, yetişməlidir və ya yetişdirilməlidir. Halbuki, bizdə nəinki interdisiplinar, heç disiplinar oxucu kütləsi də yoxdur. Və ya yoxa bərabərdir. Yazan, özünü ədəbiyyata həsr edən insan üçün bu bir faciədir. Məsələn, Seymur üçün bu bir faciədir. Bilirəm, deyəcəksiniz, internet var, bizim oxucu olmasın, başqa oxucu olsun, və bunun üçün də yazıçı interdisiplinar olmalıdır... Lakin, Azərbaycan ədəbi prosesi ölüb, bunu belə bilmək lazımdır. Ən pisi və ən faciəlisi bu ölümün özü deyil, bu ölümlə hər kəsin barışmasıdır, hər kəsin, yəni bütün ədəbiyyat adamlarının, yazarların, istedadı olanların və olmayanların. Təqribən belə bir psixoloji alt yapısı var bu barışmışlığın: “ölülər səltənətində ortabab yazarlar öz cılız varlıqlarıyla boy göstərə bilirlər”. Demək, ədəbiyyat nə qədər ölü olsa Azərbaycan yazıçısına bir o qədər sərf edəcək.
Prosesin ölməsindən narahat olan, səsini çıxaran, üsyan edən insanlar da var. “İnsanlar” dedim, hələlik tək bir insan var, o da Seymur Baycan. Yaramaz uşaq kimi ədəbiyyat küçəsinə girib şüşələri sındıran, yatanları yuxudan bidar edən, yetdiyinə yetib, yetmədiyinə də xəbərdarlıq edən, dəmir yumruq göstərən, bəzi adamlarla “ayrıca haqq-hesab çürüdən”, “yaxın günlərdə necə lazımdırsa cavabını alacaq” deyən Seymur Baycan. “Bir hekayəmi Orxan Pamukun üstünə atsam altında qalıb xıncım-xıncım olar” deyən son nəsil Azərbaycan ədəbiyyatının ən güclü siması, ziddiyyətlərlə və mübahisələrlə dolu olan bir qələm adamı. Prosesin canlı olmasında maraqlı olan hələlik təkcə o var, çünki gerçəkdən güclüdür. Güclü olduğundandır yəqin ki güclülərin arasında güclü olmaq istəyir, ölüşkəmiş qələmlərin arasında deyil.
"İnadkarın ram edilməsi" filmində olduğu kimi, hər kəs Seymuru ağıllandırmağa çalışır. Zatən, yaradıcı adamın özəlliyi budur, standart düşünməməli, barışmamalı, aykırı olmalıdır. Yaxşı yazıçı özünə qədər yazılmış nə varsa hamısını inkar etməlidir. Əks halda ütülənmiş, ətrafına da süni çiçəklər əkilmiş ədəbiyyat parkında hər şey, Azərbaycan ədəbiyyatında olduğu kimi, ölümə məhkumdur.
Ədəbiyyat ölüb, onu yerdən götürmək lazımdır, bir nəfər qalxıb hay-küy salacaq, amandır qoymayın deyəcək, amma bizim öz dostlarımız, içimizdən biriləri birinci sırada o səs salanın başından basacaq, sənin nəsrin yaxşıdır, publisistikan isə köhnəlib, başqa bir dostumuz da o tərəfdən, yox, sənin nəsrin də bir şey deyil deyəcək, son nəticədə, ədəbiyyatı öldürən o kaftarlar güruhuna xidmət etdiklərinin heç fərqində də olmayacaqlar. Bəlkə Seymurun olmamasında onlar da maraqlıdır, axı necə olur, bir nəfər, içimizdən biri heç bir sistemə tabe olmadan yaşaya bilir, xaricdə oturub bura ehkam kəsir, öz azad ruhuna xəyanət eləmir, pul dalınca qaçmır, şəxsi həyatını bu mənasız işə, ədəbiyyat işinə qurban verir. Tam yazıçı həyatı yaşayan yeganə adam olur və "boşboğazlıq etmək" haqqını da özündə saxlaya bilir. Məncə bu axırıncı çox önəmlidir, hər bir insan (hər bir yazıçı), boşboğazlıq etmək haqqını özündə saxlamalıdır. Sistemin qalstukunu boynuna keçirməməlidir, yoxsa bu sistem səni elə o qalstukundan tutub sürütləycək. Yeri gəlmişkən, bu Qismətin sözləridir: "Seymurun ürəyi istəyən qədər boşboğazlıq etmək haqqı varsa, mənim də ürəyim istəyən qədər tərif yazmaq haqqım var". Yaxşı sözdür, amma bir amması var. Boşboğazlıq edən sabah boşboğazlıq etməyə bilər, səhvini başa düşər və düzəldər, ancaq "tərif yazan" nalayiq bir ad qazanar və bu adı üzərindən silə bilməz heç zaman.
Şərti olaraq "Seymur Baycan davası” adlandırdığım polemikalar ədəbiyyat tariximiz üçün açar mahiyyəti daşıya bilər. Bu polemikalar Qismətin cavabı ("Seymur Nə üçün qışqırır" - yeri gəlmişkən, bu yazı yaxşı dil materialıdır) mərhələsində diqqətimi çəkməyə başladı və Seymurun nə cavab verəcəyini maraqla gözləməyə başladım. Bu cavab gecikmədi və hesab edirəm ki, ədəbi prosesimiz üçün vazkeçilməz bir təsbiti özündə əks etdirdi. Qismətin illərlə dolayı və birbaşa yolla əsaslandırmağa çalışdığı “yazıçının, sənətkarın şəxsiyyətini yaradıcılığından kənarda tutmaq lazımdır” tezisini, yumşaq desək, tərksilah etdi, milli ədəbiyyatımızın ortadan qopmuş şahmat taxtasında öz rəqibinə mat qoydu, partiya tamamlandı. Bilirəm, yenə “hər şeyi ağ-qara görmək, bolşevizm” ittihamları pırtıldayacaq, lakin bəri başdan deyim ki, hər şeyi ağ qara görməmək bütün rəngləri qarışdırmaq demək olmadığı kimi, bolşevik olmamaq da yaramazlıqlarla barışmaq anlamına gəlməməlidir.
Bir az da dərindən baxanda bu polemikanı Yazıçılar Birliyi ilə Azad Yazarlar Ocağı arasındakı davanın yeni mərhələyə keçməsi kimi qiymətləndirmək olar. Başqa cür ifadə etsək, Sovet Yazıçısı statusunu yeni redaksiyada təqdim edənlərlə, hakimiyyətin yanında olub eyni zamanda sokak insanının həyatından romanlar yazmağın mümkünlüyünə inanan, dolayısıyla bir əli daim hakimiyyətin kaskası üzərində olan yazıçılarla, heç bir rəsmi struktura daxil olmayan, yaradıcılığa karyera vasitəsi kimi baxmayan, hakimiyyətin yanında olmayan və onu tənqid etmək haqqını özündə saxlayan, hür yazıçı iradəsini hər şeydən üstün tutan, aykırı düşüncəli (aykırı olmaq düşüncənin təbii halıdır, onun əsas xassəsidir), nonkonformist yazarların (İndiki durumda tək bir yazarın - Seymurun) qarşı-qarşıya gəlməsi kimi dəyərləndirmək olar. Savaş meydanında tək qalmış Seymuru əsl qəhrəmana bənzətmək olar; Seymur bu polemikada kimsənin xoşuna gəlmək, kimsədən sağol almaq, dolayısıyla kimlərisə haqlı çıxartmaq məqsədi güdmürdü, yalnız öz ideallarına arxalanırdı, ola bilsin bəzi məqamlarda barıtı çox qoyurdu, lakin, şəxsən mən onunla söz güləşdirənlər haqqında eyni sözləri deməkdə çətinlik çəkirəm.
Polemikaların haradan başladığını və qarşılıqlı neçə yazı yazıldığını bilmirəm, səhv etmirəmsə mübahisələr Seymurun Orxan Pamuku və ya Salman Rüşdünü bəyənmədiyini ifadə edən hansısa bir cümləsindən başlamış ola bilər. Şəxsən mənim üçün Orxan Pamuk böyük yazıçıdır və ondan öyrəniləsi çox şey var. Əslində Orxan Pamuk fenomeni vaxtilə Nazim Hikmətin Azərbaycan ədəbiyyatına göstərdiyi təsir kimi hərəkətverici özəllik daşıyır. Digər tərəfdən (baxanda görürsən ki), Orxan Pamukun varlığı bizim pamuk içərisində bəslənən, nazbalışlı yazarlarımıza əməlli başlı təkan verib, bir anlamda laboratuvar yazarı olmağın mümkünlüyünə inandırıb, həvəsə gətirib. Bir az da Seymurun dedikləriylə empati qurmaq, Orxan Pamuka və ya Rüşdüyə Seymurun gözüylə baxmaq pis olmazdı düşünürəm. Dünya yazarlarına xalis monet kimi baxıb əyər-əksiyini görməmək gerçək yazıçı duruşu deyil məncə. Başqa ölkələrin yazarlarının öz məsələsi var, Azərbaycan yazarının öz məsələsi. Əlbəttə, interdisiplinar yazarlara və şairlərə aid deyil bu söz.
Ədəbiyyat nədir sualına cavab vermək pendirə tikiş vurmaq kimi bir şey olsa da çox məşhur yazıçılar ona çeşidli təriflər verib, ciddi ciddi yazıçılar qollarını çırmalayıb onun olmayan kənarlarına sərhəd dirəkləri basdırmağı özlərinə borc bilib. Nəticədə dünya üzrə genəl bir ədəbiyyat kuramı ortaya çıxıb. Bununla yanaşı olaraq da hər bir milli ədəbiyyatın öz məsələsi var, yazan yaradan insanlar, qələm adamları nə qədər dönüb dolaşsalar da bu “öz məsələsi”ndən aralana bilmirlər, ilan sümüyü kimi boğazlarında ilişib qalır, onu tüpürmədən və ya udmadan yollarına davam etmək müşkülə dönür. Bizim ədəbiyyatın öz məsələsini təşhis etməyə çalışacam. Əvvəla onu deyim ki, bir milli ədəbiyyatın öz məsələsinin olması hərəkətverici amildir. Əgər yoxdursa, demək o yoxa bərabərdir, hansısa daha güclü ədəbiyyat paytaxtının kopyası və ya kölgəsidir. Bizim ədəbiyyatda da bu tendensiya var, guya hardasa bir ədəbiyyat adası var və məqsəd oraya çatmaq, lövbərini həmin yerə sallamaqdır, guya ədəbiyyat adlı bir cənnət yumurtası var və Azərbaycan yazarının da məqsədi o yumurtaya çatmaq, onu mayalandırmaqdır. (Çox zaman bizim yazarlar ortaya gözəl dil materialı qoymaqla bu yumurtanı mayalandırmağa çalışırlar, bu zaman ədəbiyyatın "dil vurmaq" hadisəsi olmadığını, dilbaziliklə ədəbiyyatı mayalandıra bilməyəcəklərini unudurlar). Gəlirəm bizim ədəbiyyatın öz məsələsinə. Lafı uzatmadan deyim, bu, tarixən şəkillənmiş və “saray ədəbiyyatı” namı verilmiş həmin o ədəbiyyatdır ki, ta Nizamidən üzübəri Azərbaycan yazarını təqib etməkdə, onun qara qayğusuna çevrilməkdə, yediyinə içdiyinə haram qatmaqdadır. Həm azad olmaq, bağımsız şair ruhunu daşımaq həm də eyni zamanda hakimiyyətdən axça almaq – biri birini kəsən bu iki yol ayrıcında Azərbaycan yazarının edam kötüyü qurulub, şəxsiyyəti, taleyi, müqəddəratı, hər şeyi bu keçişmə nöqtəsində masaya yatırılıb. Azərbaycan yazarı həm ülviyyət sferalarında dolaşmalı, həm də hakimin, despotun ətəyindən bərk-bərk yapışmalı, həm cəsarət nümayiş etdirməli və həm də bərayi-ehtiyat özünün mütilik maskasını çənəsinin altında tutmalıdır. Bu çəlişkili duruma uyğun əlüstü özünün fəlsəfəsini də gəlişdirməlidir, təqribən belə: “Yazıçının, sənətkarın şəxsiyyətini yaradıcılığından kənarda tutmaq lazımdır”.
Bəli, Seymur Baycan adı ətrafında ədəbi polemikalar uzun sürdü. Çox "tutarlı" dəlillərlə Seymurun mənəvi ölüm-qalım məsələsi həll olunurdu, son yumşaq, intellektual zərbəni Qismət vurdu, rəqib susduruldu. Lakin son anda Seymur ona hücum edən yarımmüstəqil yazarların qapısına qələbə qolunu vura bildi: "İllər əvvəl Lermontovun “Qafqaz” şeirini facebookda, səhifəmdə paylaşmışdım. Bir aktivist yazmışdı ki, belə bir şeiri Fikrət Qoca yazsaydı şeiri lağa qoyardın. Bədii təfəkkürü axsayan həmin aktivistə dedim ki, əvvala Fikrət Qoca belə bir şeiri çətin yaza bilər. İkincisi, Siyavuş Novruzov durub demokratiyadan, insan azadlığından danışsa, bu sənə necə təsir edər? Yəni, biz Lermontovun “Qafqaz” şeirini oxuyarkən, həm də əlavə olaraq ona görə təsirlənirik ki, Leromontovun əzablı bioqrafiyasını xatırlayırıq. Bizim məmur yazıçılardan biri müsahibələrindən birində Tomas Vulfu dostum adlandırmışdı. Otuz il məmur kreslosundan yapışasan, istedadın olmadığı halda özünü zorla ədəbiyyata pərçim edəsən və durub otuz doqquz yaşında ölmüş, sözün həqiqi mənasında bədbəxt bir adamı dostum adlandırasan. Hər şeyin bir sərhədi olmalıdır. Ay məmur yazıçı, axı sən heç Tomas Vulfun iztirablarını hiss etmək iqtidarında deyilsən. Sən necə durub onu dostum adlandırırsan? Burada Belinskinin çox sevdiyim bir sözünü növbəti dəfə tirajlamalı olacam. Belinski deyirdi ki, İsa peyğəmbər iztirabları ilə öz həqiqətlərini möhürləmiş oldu. Dəqiq, sərrast fikirdir. Bəli, İsa peyğəmbərin iztirabları olmasaydı, onun həqiqətləri bu qədər cəlbedci, bu qədər təsirli, bu qədər uzun ömürlü olmayacaqdı."
Çoxdan yazılmalı yazıydı. Düzdür, vəziyyət dəyişməyəcək, hakimiyyətin qucağında oturan, əl altından Yazıçılar Birliyinə üzv olan quzubala yazarlar yenə öz yollarına davam edəcəklər. Amma həqiqət bilinəcək, Seymurun bu yazısını 10 il, 20 il sonra da kimlərsə onların qarşısına qoyacaq. Bu polemikalarda Azərbaycanda azad yazıçı sözü bir daha parladı, bıçaqlandısa da amma yıxılmadı, mühəndis Seymurun hiperboloidinin amansız həqiqət şüası onları dəlib keçdi.
Literaz.com