post-title

Zaxar Prilepin: İntəhasız acı nəğmə


Başlanğıcda Qorki çox yaxşı insan idi. Demək olar elə Lenin qədər yaxşı insan idi. Lenin ilə Qorki şahmat oynardı və heç kim çox vaxt oyunun axırda necə bitəcəyini təxmin edə bilməzdi. Oyun isə yalnız dostluqla bitə bilərdi! Yalnız gülüşlə! Vladimir İliç qəhqəhə çəkər, qıyılmış gözlərində bir damcı yaş görünərdi. Aleksey Maksimoviç bərkdən gülər, it gözlərinə oxşayan mehriban gözlərindən yaş seli sərbəst axıb tökülərdi. Yaxınlıqda Sorrento balıqçıları gəzişər, gülüşərdilər.

 

Qorki insanı sevirdi. O, insanların taleyi barədə xeyli düşünür, onlara daim köməklik göstərir və yalnız pinqvinləri axmaq hesab edirdi. Qorki nağıllar yazır və uşaqları hədsiz bir məhəbbətlə əzizlərdi. Balacaları öpəndə belini əyməli olurdu. Əyiləndə aşağı qatlanardı, bu zaman o elə bil utancaq adama çevrilirdi. Hətta yarım əsrlik məsafədən hiss olunurdu ki, Qorkinin bığları adamı qıdıqlayır. Qorki uşaqları öpmək üçün əyildikdə, Korney Çukovski xoşbəxtlikdən yerindəcə donub qalmış və Aybolit obrazını kimə baxıb yaratmalı olduğunu nəhayət dərk eləmişdi.

Qorki insanlara qarışmış, xalqın içinə getmişdi, Rusiyanı başdan-başa gəzib dolaşmışdı, Çelkaş və Dankonu görmüş və bizə onların həyatını danışmışdı. Çelkaş rus, Danko beynəlmiləl idi, amma biz hər ikisini bəyənmişdik. Qorki aristokrat deyildi, buna baxmayaraq ədəbi aristokratiya ilə ilk rəqabətə girərək “mavi qan” və “ağ sümüy”ə qalib gəlmişdi. Qorki elə bir dolğun, mənalı həyat yaşamışdı ki, Lev Tolstoy və Lenin istisna olmaqla, hamı özünü onun yanında uşaq kimi hiss edirdi. Tolstoy və Çexovun ölümündən sonra ədəbiyyatda ən böyük sima Qorki oldu. Təkcə rus ədəbiyyatında yox, hətta dünya ədəbiyyatında. Tolstoy ona əl ağacını hədiyyə etmişdi. Qorki Tolstoyun kotanını da götürə bilərdi, ancaq qərara gəldi ki, kotanı Yasnaya Polyanadakı kəndlilərə saxlasın. Çexov isə ona eynəyini bağışlamışdı. Çexov vərəmini də bağışlaya bilərdi, amma Qorkinin öz vərəm xəstəliyi var idi. Qorki Mayakovskinin gözünün içinə düz baxa bilirdi, zaman o zaman idi ki, hamı Mayakovskiyə aşağıdan yuxarı baxırdı. Qorki istəyəndə Blok və Blokun baş çəkdiyi fahişə haqqında yaza bilərdi, hərçənd o qadına toxunmamış, sadəcə oturub kədərlənmişdi. Heç kim Qorkidən niyə o fahişəni axtarıb tapdığını soruşmadı. Yesenin, Qorkinin onu tərifləməsi üçün ona köpəklər haqqında mahnı oxuyardı, Qorki də onu tərifləyərdi. Hamı Qorkidən tərif eşitməyi arzu edirdi. Sonra Blok, Yesenin, Mayakovski vəfat etdilər və yenə də Qorki onları təriflədi: sanki bu iş üçün o anadangəlmə bir ixtiyar sahibi idi.   

O zamanlar bütün yazıçılar Qorki kimi olmaq istəyirdi. Leonid Andreyev Qorki kimi olmaq istəyirdi, lakin həyatdan vaxtsız getdi. Serafimoviç Qorki kimi olmaq istəyirdi, amma cəmi bir böyük kitab yazdı və tükəndi. Fyodor Soloqub Qorki kimi olmaq istəyirdi, özünü elə aparırıdı ki, sanki "Balaca şeytan"ı Qoqol və Dostoyevskidən bəhrələnərək yazıb, lakin Qorkidən də aşkar təsirlənmişdi! Bunin isə özünü elə aparırıdı ki, guya Qorki kimi olmaq istəmir, amma hamı bilirdi ki, kimsə Buninin yanında “Qorki” adını pıçıldasa, Bunin hökmən nəyisə vurub qıracaq: qələmi, yazı stolunu, qrammofonu, ayfonu. Zaytsev və Şmelyov da Qorki kimi olmaq istəyirdilər, ancaq onlar Parisə yollandılar və beləliklə yox oldular. Sergeyev-Senski Qorki kimi olmaq istəyirdi, o isə heç yerə getmədi, amma getmək lazım idi. Aleksey Nikolayeviç Tolstoy demək olar ki, Qorki idi, ancaq hamı xəlvətdə bilirdi ki, Tolstoy fırıldaqçı və özü də qrafdır. Mixail Afanasyeviç Bulqakov həyatda ən çox Qorki kimi yaşamaq istəyirdi, ancaq taleyi üzünə gülmədən bu dünyadan köçdü.
 

Qorki hamıdan ağıllı tərpəndi: əvvəlcə heç yerə getmədi, hərçənd gedə bilərdi, sonra isə çıxıb getdi, bu dəfə isə geri dönməyə bilərdi, amma yenə qayıtdı, hamı da buna sevindi. Hətta bu qayıdışa sevinməyənlər belə, məcbur qalıb, üz əzələlərinə əziyyət verib özlərini məmnun qalmış kimi göstərirdilər.
 

Qorki insanların içini görməyi və hadisələrin mahiyyətini anlamağı bacarırdı. Astarını gördüyü şeylər də öz növbəsində Qorkidən çəkinirdi. O, Klim Samginin həyatı haqqında, çox az adamın oxuduğu, lakin filminə çoxlarının baxdığı irihəcmli roman yazıb. Bu filmin nümayiş olunduğu o dövrdə Qorki göylər qədər nəhəng, səma boyda idi. Sonra isə birdən nəsə düşüb sındı. Kolun dibindən bir uşaq çığırdı ki, Qorki hamını aldadıb və Qorki, ümumiyyətlə, pis adam olub. Deyəsən uşaq saqqallı idi. Onu, eynən Puşkinin və Leninin böyük qardaşının adı kimi Saşa çağırırdılar. Onun atasının adı peyğəmbər adı kimi İsayeviç idi. O uşaq Qorkinin Solovetski düşərgəsinə getməsindən danışırdı. Solovetski düşərgəsində Qorkini qarşılayan kimsəsiz uşaqlar əvvəlcədən belə bir plan qurmuşdular: “Pravda” qəzetini baş-ayaq, tərs tutsunlar ki, Qorki onların eyhamını başa düşsün: yəni bu lagerdə hər şey yalandır. Qorki onların eyhamını başa düşmüş və sahibsiz uşaqlardan birini xəlvət otağa çəkərək düşərgə barədə dəhşətli həqiqəti ondan öyrənmişdi. Qorki göz yaşlarına qərq olmuş, uşağın saqqalından öpmüş, söz vermişdi ki, hər şeyi Stalinə və Lev Tolstoya danışacaq və çıxıb getmişdi. Kimsəsiz uşaqlar gizlənib komissiyanın gəlməsini, bütün çekistlərin öldürülüb düşərgələrin ləğv edilməsini gözlədilər. Lakin vəziyyət daha da pisləşdi və kimsəsiz uşaqlar cərimə taboruna göndərildilər. Məlum oldu ki, Qorki heç kimi sevmirmiş: rus mujikini sevməyib, Bloku sevməyib, Yesenini sevməyib, Mayakovskini sevməyib, keşişləri sevməyib, qara camaatı sevməyib, doğma uşaqlarını da sevməyib, yalnız övladlığa götürdüyü oğlunu sevib, amma bu münasibəti də indiki dildə desək dolaşıq olub. Sonra məlum oldu ki, Qorkinin "Ana" romanı pis romandır və əsərdəki ana da pisdir, çünki o, demokratların və ya orada qəşəng jandarmların deyil, eybəcər bolşeviklərin tərəfini tutub, "Fırtına quşu haqqında nəğmə" də pisdir, çünki sizə fırtına, bizə isə böyük Rusiya lazımdır və "Həyatın dibində" pyesində isə balıq tutmaq haqqında heç bir şey yoxdur.
 

Müasir dövrdə Qorkinin yazılarından yalnız "Vaxtını qabaqlamış düşüncələr" faydalı hesab edildi – bu düşüncələr, demək olar ki, Buninin "Lənətlənmiş günləri" ilə eyni şeydir. Ancaq Qorkinin sonradan fikrini dəyişdirdiyinə və Solovkini qınamadağına görə vaxtından əvvəlki düşüncələr dəyərini itirib. Bizə Qorkinin "Ana" romanını bolşevik təbliğatı olaraq Lenin tərəfindən sifariş verildiyini və əvəzində ona partiyadan qızıl ödənildiyini söylədilər. Partiyanın qızıllarını əvvəllər banklar qarət edən hansısa Koba əldə etmişdi. Qorki qızılları Karpridəki çarpayısının altında, qara çamadanda saxlayırmış. Hərdən Qorki qızıllarını açıb diqqətlə baxır, ancaq qonaqlar qapını döymədən içəri girəndə, çamadanı ani hərəkətlə, dabanı ilə yatağın altına itələyirmiş. Beləliklə, yerdə memuaristlərin memuarlarda tez-tez qeyd etdiyi qoşa cızıq qalmışdı. Stalin ona yenə bir çamadan qızıl vəd edərək Qorkini Moskvaya gətirdə bildi. Ancaq bunun əvəzinə köhnə çamadanın qaytarılmasını xahiş etmişdi. Qorki isə çoxdan bütün qızılları ev xidmətçiləri və dəniz kənarında keçirdiyi həyatına sərf etmişdi, buna görə də tiranı rəhmə gətirmək üçün ona qız və ölüm haqqında nağıl oxumağa başladı. Tiranın qulaqları yaxşı eşitmirdi, ona görə də "qız"ı (devuşka) "baba" (deduşka) kimi başa düşürdü. Tiran qəlyanın çubuğundan Qorkinin çayına zəhər süzürdü, hərgah baba ölüm istəyirsə, ona necə etiraz edə bilərsən. Beləcə Qorki vəfat etdi, hərçənd daha 100 il yaşaya bilərdi.
 

Bu minvalla, Qorki uzun yaşasaydı, biz maraqlı hadisələrin şahidi ola bilərdik, məsələn görərdik ki, arabir Pelevin və Sorokin bir ağız Qorkiyə tərəf hürüşür, Qorki isə onları görmək üçün ikiqat bükülüb, ikisini də ovucunda götürərək onlara baxıb gülür. Və gülməkdən gözlərindən yaş axır. Amma biz Qorkinin bütün Avropa teatrlarından necə qovulmağının şahidi olduq, hərçənd bir vaxtlar o, səhnəyə qoyulan tamaşa sayı baxımından Şekspir, İbsen və Çexovla rəqabətə girir və çox vaxt onları məğlub edirdi. Sonra Qorkini məktəb proqramından da kənarlaşdırdılar. Beləcə bir müddət Qorki olmadan yaşadıq və hətta bu vəziyyətə bir qədər alışdıq da. Qorki var idi, amma eyni zamanda elə bil yoxuydu – sadəcə keçmiş Qorki şəhərində Qorki adına meydanda nəsə bir heykəl qaralırdı. Əslində isə Qorki necə idisə elə olduğu kimi qalmışdı. Qorki – titandır. Biz sevinməliyik ki, o, hələ də Volqa çayının yuduğu yamacın ətəyində oturaraq Oka və Volqanın sularının bir-birilə necə qarşılaşdığını seyr edir. Biz bu sulara, bu göy üzünə, Qorkinin üzərində gəzdiyi torpağa, onun sözlərinə birbaş bağlıyıq. Qorki yaxşı və pis, dürüst və hiyləgər, alicənab və üzügülməz, soyuq adam idi – axı, o, insan idi, heykəl deyildi.  

 

Rus dilindən tərcümə etdi: Elçin İmanov

Yuxarı