Qonaqlıq
Axırı, bir gün yığışıb qərara gəldik ki, kim onu harada t…
Çexiya yazıçısı Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanı ikinci dəfə çap olundu.
Əsər "Qanun" nəşriyyatında çap olunub.
Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir. İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir. İnsan daim seçim qarşısındadır və bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.
Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsəri yaradıcılığında xüsusi yer tutur. Obyekt yenə də insan və onun hissləridir. Yazıçı romanı dörd nəfərin – Tomaş və Tereza, Səbinə və Fransın üzərində qurub.
Çexoslovakiyanın Varşava paktından qopa biləcəyindən narahat olan Moskva 1968-ci ildə ölkəyə qoşun yeridir. Moskvaya sədaqəti ilə tanınan Dubçek həbs edilərək Moskvaya aparılır. Bu, həmin Dubçek idi ki, kommunist rejimin tərəfdarı olsa da, öz ölkəsində bir sıra demokratik addımlar atmışdı, senzuranı ləğv edərək ölkə vətəndaşlarına hökuməti tənqid etmək üçün imkanlar yaratmışdı. Onun bu addımları Moskvanı qorxuya salır. Dubçek dəfələrlə ölkəsinin Varşava Paktını tərk etməyəcəyini bəyan etsə də, sovet qoşunları Çexoslovakiyaya girir. Moskvaya aparıldıqdan sonra vətənə qayıdan Dubçek artıq əvvəlki Dubçek olmur. O, reforma istəklərindən daşınır, onun aciz və məğlub durumunu Kundera "Varlığın dözülməz yüngüllüyü" romanında ustalıqla təsvir edib.
Tomaş da, Tereza da, Səbinə də bu məğlubiyyətin qurbanlarıdırlar. Tomaş ixtisasca həkimdir, ölkəsi işğal olunandan sonra isə hansısa firmada pəncərəsilən işləyir, sifarişlə evlərə gedir. Onun həyatındakı qadınlar da bu məğlubiyyətin ortağıdırlar. Tomaşın Terezanın əylənməsi üçün evə gətirdiyi itin - Kareninin ölümü də bu varoluşun yüngüllüyünə dözülməz bir ağırlıq əlavə edir.
Tomaşın təsadüfən bir kafedə gördüyü ofisiant qız onun həyatının dözülməz yüngüllüyünə çevrilir və həyatın əks bucağında isə dözülməz bir ağırlıq var; Frans və Səbinə. Balans gah pozulur, gah bərpa olunur. Yüzlərlə çex ziyalısı kimi öz işini, mövqeyini itirən bu insanlar nəinki tarixin gedişatına heç bir təsir göstərə bilmirlər, hətta bundan sonrakı həyatlarını necə yaşayacaqları haqqında seçim etməkdə acizdirlər.
Amerikalı rejissor Filip Kaufman 1988-ci ildə əsəri ekranlaşdırır. Film Britaniya Kinoakademiyası "ən yaxşı adaptasiya olunmuş ssenari" mükafatına layiq görüb.
Kulis.az