Nquqi va Tionqo: Nyoreqa (Hekayə)
BioqrafiyaNquqi va Tionqo 5 yanvar 1938-ci ildə Keniyanın Kamiritu …
...Məktəbə getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı. Bu kitab uşaqlar üçün nəşr olunan "The arabian Nights" – "Min bir gecə" idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir. Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.
O kitab hamısı eyni cür, kvadratşəkilli formatda olan, uşaqlar üçün hazırlanmış kitablar seriyasından idi. Bir-birindən yalnız üz qabığındakı rəngli şəkil ilə fərqlənirdilər. Cildlərdəki şrift də eyniydi, elə bil bir kitabı oxuyurdun. Necə də gözəl kitab seriyası idi! Sonralar heç vaxt daha belə bir şey görmədim. Hamısının adı xatirimdədir. “Min Bir Gecə”dən sonra biri digərini əvəz etdi: “Qrimm qardaşlarının nağılları”, “Robinzon Kruzo”, “Qulliverin Səyahəti”, “Tales from Shakespeare”*, “Don Kixot”, Dante, “Vilhelm Tell”.
Danteni uşaqlar üçün uyğunlaşdırmışdılar, bu, heyrətamiz idi. Hər kitabda çoxlu rəngli şəkillər vardı, amma mən onları bəyənmirdim, mənim üçün hekayələr daha maraqlı idi, o şəkilləri indi görsəm çətin tanıyaram. Sonralar məni formalaşdıran şeylərin həyatımın yeddinci ilində atamın istəyi ilə oxuduğum kitablardan gəldiyini göstərmək mənə asan oldu. Sonradan heç vaxt ayrılmadığım obrazlar arasında təkcə Odissey yox idi.
Oxuduqdan sonra atamla həmin kitab barəsində söhbət edirdim. Bəzən o qədər həyəcanlanırdım ki, o, mənə təskinlik verməli olurdu. Lakin o, heç vaxt mənə, adətən böyüklərin dediyi şeyi – nağılların yalan olduğunu söyləmədi. Buna görə ona xüsusilə minnətdaram, mən indi də nağılları, bəlkə, həqiqət kimi qəbul edirəm. Mən başa düşürdüm ki, Robinzon Kruzo dənizçi Sindbaddan tamamilə fərqli insandır, ancaq bir hekayəni digərindən daha az əhəmiyyətli hesab etmək heç vaxt ağlıma gəlməyib. Doğrudur, Dantenin cəhənnəmi yuxularıma girir, məni qorxudurdu. Anam atama "Cek, bu kitabı ona gərək verməzdin, onun üçün hələ tezdir" dediyini eşidəndə qorxuya düşmüşdüm ki, mənə daha kitab verilməyəcək. Ona görə də yuxularımı sirr kimi saxlamağı öyrəndim. Ancaq atam təslim olmadı və Dantedən sonra Vilhelm Tell ilə məşğul olduq. Bu kitab haqda söhbətdə mən ilk dəfə "azadlıq" sözünü eşitdim. Atamın o zaman dediklərini indi xatırlamıram, yalnız İngiltərə haqqında nəsə söylədiyi yadıma gəlir: biz buraya köçmüşük, ona görə ki, burada azadıq. Onun İngiltərəni çox sevdiyini bilirdim. Anam isə Vyanayla bağlı adam idi. Atam ingilis dilini düzgün öyrənməyə çalışır, həftədə bir dəfə yanına müəllim gəlirdi. Gənclik illərindən vərdiş etdiyi və daha çox anam ilə danışdığı alman dilindən fərqli olaraq ingilis dilindəki ifadələri fərqli səsləndirdiyinə fikir verirdim. Bəzən bəzi ifadələri bir neçə dəfə təkrarladığını eşidirdim. O, sözləri heyranlıq duyurmuş kimi yavaş-yavaş, təkrar-təkrar tələffüz edərək onlardan zövq alırdı. O indi bizimlə, uşaqlarla yalnız ingilis dilində danışırdı. İndiyə qədər ana dilim olan ispan dili arxa plana keçmişdi və mən bu dili yalnız başqalarından, əsasən köhnə qohumlardan eşitməli olurdum.
O istəyirdi ki, oxuduğum kitablardan yalnız ingilis dilində ona bəhs edim. Düşünürəm ki, məhz bu ruh yüksəkliyi ilə aparılmış oxu sayəsində çox qısa zamanda uğur qazana bildim. O, fikrimi sərbəst şəkildə ifadə etməyi bacardığımı görəndə sevinirdi. O, sözləri xüsusi bir məna ilə deyirdi: danışığında səhv etməmək üçün hər ifadəni, hər cümləni düşünür, sanki ucadan oxuyurdu. O saatları indi təntənəli bir şey kimi xatırlayıram, bu, onun mən uşaq ikən bizim üçün uydurduğu əyləncəli oyunlara bənzəmirdi.
Onun mənə gətirdiyi sonuncu kitab Napoleon haqqında idi. İngilis mövqeyindən yazılmış kitabda Napoleon, bütün ölkələri, xüsusən də İngiltərəni özünə tabe etmək istəyən qorxunc tiran kimi təsvir edilmişdi. Mən bu kitabı oxuduğum müddətdə atam vəfat etdi. O zamandan bəri Napoleona qarşı qarşısıalınmaz bir antipatiya duyuram. Kitabı bir qədər oxuduqdan sonra kitab haqqında atamla söhbət etməyə başladım. O, kitabı mənə “Vilhelm Tell”dən sonra vermişdi və azadlıq haqqındakı söhbətdən sonra bu onun üçün kiçik bir eksperiment idi. Qısa vaxtdan sonra mən Napoleon haqqında çox həyəcanla danışarkən o dedi: “Gözlə, hələ danışmaq tezdir. Kitabın ardını oxu. O zaman hər şey tamamilə fərqli olacaq." Yaxşı yadımdadır ki, o vaxt Napoleonun imperator olduğu hissəyə hələ çatmamışdım. Bəlkə məni sınamaq istəyirdi, bəlkə də imperator əzəməti qarşısında müqavimət göstərə bilib-bilməyəcəyimi görmək istəyirdi. Kitabı oxumağı atamın ölümündən sonra bitirdim, sonralar, ondan aldığım bütün saysız-hesabsız kitablar kimi o kitabı da təkrar oxudum. O zamanlar hakimiyyət haqqında məlumatım az idi. Hakimiyyət haqqında ilk təəssüratım həmin kitabın sayəsində yaranıb və hər dəfə Napoleonun adını eşidəndə bu şəxslə atamın qəfil ölümünü əlaqələndirirəm. Napoleonun bütün qurbanları arasında mənim üçün ən böyük və ən dəhşətli qurban atam idi.
1981
* Tales from Shakespeare - Şekspirdən nağıllar (1807, cild 1-2). - "London romantik"i Çarlz Lem bacısı Meri En Lem (1764-1847) ilə birlikdə Şekspirin pyeslərini uşaqlar üçün uyğunlaşdırdığı nağıllar kitabı bir çox ölkədə geniş populyarlıq qazanmışdı.
Rus dilindən tərcümə etdi: Elçin İmanov