İndi o həmişəlik getdi
Stiv Cobs: “Tezliklə öləcəyimin fərqində ol…
Elmin ünsiyyəti bir zamanlar dillərin poliqlotu vasitəsilə baş tuturdu, indisə yalnız ingilis dili hökmranlıq edir. Bu necə baş verdi – və nəyin bahasına?
Əgər bu cümləni oxuya bilirsinizsə, siz bir elm adamı ilə söhbət edə bilərsiniz. Bəlkə də onun tədqiqatının təfərrüatları haqqında danışa bilməyəcəksiniz, amma ən azından, siz onunla eyni dili paylaşmış olacaqsınız. Bu gün fizika, kimya, biologiya, geologiya və s. təbiət elmlərində ünsiyyətin böyük əksəriyyəti ingilis dilində baş verir; çap versiyasında və konfranslarda, elektron poçtlarda və “Skype” vasitəsilə əməkdaşlıqlarda. Kuala Lumpurda və ya Montevideoda, yaxud Hayfadakı araşdırma qurumlarının zallarında dolaşaraq bunu sınaqdan keçirmək olar. Çağdaş elm ingilisdillidir.
Daha önəmlisi isə, çağdaş elm monoqlotdur (təkdilli): hər kəs, demək olar, bütün başqa dilləri istisna edərək ingilis dilindən istifadə edir. Yüz il əvvəl qərb elminin əksər araşdırmaçıları, ən azından, bir az ingilis dilini bilirdilər, lakin onlar həm də fransız, alman, hətta bəzən daha “kiçik” dillərdə, məsələn yeni-yeni inkişaf etməyə başlayan rus dilində və ya sürətlə zəifləyən italyan dilində oxuya, yaza və danışa bilirdilər.
Müasir elmin keçmiş poliqlot xarakteri təəccüblü görünə bilər. Bir dilə malik olmaq daha səmərəli olmazdımı? Benzol derivantlarının sintezi üçün üç dildə oxumağı və yazmağı oyrənməyə nə qədər vaxt hədər gedər! Hər kəs eyni dildən istifadə etsəydi, tərcümədən yaranan ziddiyyətlər (məsələn, nəticələrin müxtəlif dillərdə aşkara çıxarılması səbəbindən kimin nəyi birinci kəşf etdiyinə dair müzakirələr) daha az olardı və pedaqogiya da daha az yorucu olardı. Bu nöqteyi-nəzərdən, çağdaş elm bu cür dəyərləndirmədə daha önə çıxır, çünki biz indi “elm”in üzərinə fokuslanırıq, dil kimi səthi məsələlər üzərinə deyil.
Şəxs ingilis dilində danışaraq böyüyürsə, bu fikri müdafiə etmək daha asandır, lakin bu gün çalışan elm adamlarının çoxunun ana dili ingilis dili deyil. Onların dil öyrənməyə sərf etdikləri zamanı nəzərə alsaq, ingilis dilinin fəthi heç də poliqlot elmdən daha çox səmərəli deyil – sadəcə, fərqli formada səmərəsizdir. Hələ də dünyada dil öyrənmə və tərcümə prosesləri gedir, elm yalnız Böyük Britaniyada və ya Avstraliyada, yaxud da Birləşmiş Ştatlarda baş vermir. Toz sadəcə palazın altına süpürülüb, tamamilə təmizlənməyib.
Bu günün elm adamları tamamilə anqlofoniya ilə əhatələniblər və elmi tədqiqatların sürətli mahiyyəti digər fənlərə dair yaddaşı qısaldır. Elm həmişə belə olmayıbmı? Xeyr, belə olmayıb, yalnız daha yaşlı alimlər bunun necə olduğunu xatırlayırlar. Çox vaxt elm adamları və ya humanistlər güman edirlər ki, ingilisdilli elm monoqlot almandilli elmi əvəzləyib, ondan əvvəl fransız, ondan əvvəlsə latın dili olub, bununsa kökü monoqlot yunanca baş verdiyinə inanılan qərb elminin yaranışına qədər gedib çıxır. Elm tarixini monolinqual transferlər zənciri kimi qəbul etməyin bəzi səthi səbəbləri var, lakin bu, doğru deyil. Heç vaxt da doğru olmayıb.
Məsələni daha geniş miqyasda təhlil etdikdə, qərb elmində iki təməl linqivistik rejimin olduğunu müşahidə edə bilərik: poliqlot və monoqlot. Monoqlot kifayət qədər yenidir, 1920-cı illərdə başlayıb və yalnız 1970-ci illərdə əsrlərlə yaşı olan çoxdilli rejim üzərində qələbə qazanıb. Elm ingiliscə danışır, lakin monoqlot sistem içərisində yetişən ilk nəsil hələ də sağdır. Bu önəmli dəyişikliyin necə baş verdiyini anlamaq üçün daha da geriyə getməliyik.
15-ci əsrdə Qərbi Avropada təbiət fəlsəfəsi və təbiət tarixi – 19-cu əsrdən etibarən “elm” kimi tanınacaq olan bu iki öyrənmə sahəsinin hər ikisi fundamental olaraq poliqlot institutlar idi. Orta əsrlərin ən yüksək inkişaf dövründə və intibah dövründə öyrənmə dilinin latınca olması faktına baxmayaraq, əvvəlki cümlədə söylənilən təsbit doğrudur.
Latın dilinin bu qeyri-adi statusu poliqlot sistemlə ziddiyyət təşkil etmir, əksinə, onu təsdiqləyir. İntibah dövrünün istənilən yaxşı humanistinin və ya daha gec orta əsrlər sxolastikinin də bildiyi kimi, latınca təbiət fəlsəfəsi öz tarixinə Romanın şanlı günlərindən başlayır (Siseron və Seneka bu sahəyə dair önəmli əsərlər yazıblar). Lakin elə həmin humanistlər və sxolastiklər onu da bilirdilər ki, Romanın yüksəlişinə qədər antik dövrdə alimlik dili latın deyil, ellinlərin yunan dili olub. Onu da bilirdilər ki, əsrlər öncə ərəb dilində digər klassik dillərdən daha çox təbiət fəlsəfəsi öyrənilirdi. Kanonik təbiət fəlsəfəsinə dair əsərlərin ərəb dilindən latıncaya çevrilməsi Qərbdə öyrənmənin dirçəlişinə yardım etdi. Oxumuş insanlar bilirdi ki, təhsil, öyrənmə çoxdilli prosesdir.
Həddindən ziyadə çalışqan bəzi nadir insanlardan başqa (Mişel Montenin də bunlardan biri olduğu söylənilir), heç kim latıncanı birinci dil kimi öyrənmirdi və az adam bunu şifahi olaraq istifadə edirdi. Latın dili yazılı elm üçün idi, lakin bundan istifadə edən hər kəs – məsələn, Rotterdamlı Erazm – bu dili xidmətçiləri, ailə üzvləri və himayədarları ilə ünsiyyətdə danışdıqları digər dillərlə yanaşı istifadə edirdi. Latınca vasitəçi dil idi, linqivistik icmaları birləşdirən körpü rolunu oynayırdı və daha neytral bir dil hesab olunurdu. Daha yaxşı təhsil tələb etdiyinə görə sinfi sərhədləri keçə bilmirdi, lakin dini və siyasi bölgüləri rahatlıqla atlaya bilirdi: protestantlar latın dilini daha tez-tez istifadə edirdilər (çox vaxt katoliklərdən daha zərifcəsinə) və hətta latın dili ən gec 18-ci əsrdə Ortodoks Rusiyasına yeni yaradılmış Sankt-Peterburq Elmlər Akademiyasının elm dili kimi daxil oldu.
Bəlkə də, ən önəmlisi bu idi ki, latın dili xüsusi bir xalqın dili olmadığına və Avropa və ərəb cəmiyyətlərindəki alimlər bu dildən bərabər faydalana bildiklərinə görə, bu dili kimsə “özününkü”ləşdirmədi. Bu səbəblərdən, latın dili universal təbiət haqqında iddialara uyğun gələn bir vasitəyə çevrildi. Lakin bu söhbətlərdə hər kəs poliqlot idi və auditoriyasına uyğun dil seçirdi. Bir isveçli alim beynəlxalq kimyaçılara yazanda latıncadan istifadə edirdi, söhbət mədən mühəndisliyindən gedirdisə, onlar isveç dilinə üstünlük verirdilər.
Bu sistem 17-ci əsrdə, “elmi inqilab” deyilən şeyin ortasında dağılmağa başladı. Qalileo Qaliley Yupiterin ayları haqqında kəşfini 1610-cı ildə “Sidereus Nuncius” adı ilə latın dilində nəşr etdirdi, lakin onun sonrakı əsas əsərləri italyanca idi. Himayəçilik və dəstək üçün daha çox yerli auditoriyanın diqqətini cəlb etməyə çalışdığından dili dəyişdirmişdi. Nyutonun “Prinsipia”sı (1687) latınca üzə çıxmışdı ilk dəfə, lakin “Opticks” 1704-cü ildə ingiliscə yayınlandı (1706-cı ildə latıncaya tərcümə olundu).
Avropa boyunca alimlər dillərin melanjından istifadə etməyə başladılar, latın və fransızcaya tərcümələr ünsiyyətə imkan verəcək dərəcədə inkişaf etdi. 18-ci əsrin sonlarından etibarən kimya, fiziologiya və botanika sahələrindəki əsərlər başlıca olaraq ingilis, fransız və alman dillərində, həmçinin italyan, holland, isveç, daniya və digər dillərdə meydana çıxmağa başladı. 19-cu əsrin ilk qərinəsinə qədər bir çox təhsilli elitalar hələ də latın dilinə üstünlük verirdilər. (Alman riyaziyyatçısı Karl Fridrix Qauss elmi qeydlərini, ən azından 1810-cu illər boyunca, Yuli Sezarın öz qeydləri üçün istifadə etdiyi dildə aparırdı.) Müasir elm orqanik olaraq intibahın poliqlot buxarından çıxıb.
Həmişə şübhəsiz ki, yaxşı bir şey olan səmərəlilik qayğıları 19-cu əsr Avropa sənayeləşməsi ilə birlikdə daha da artaraq, əsrlərlə yaşı olan poliqlot sistemi dəyişməyə başladı. Bir çox dillər hədər vaxt itkisi kimi görünürdü; təbiət fəlsəfəsinə dair son yenilikləri oxumaq üçün bütün vaxtını dillər öyrənməyə sərf edirsən və heç vaxt heç bir tədqiqat həyata keçirə bilmirsən. Təqribən 1850-ci illərdə elmi dillər ingilis, fransız və alman dili ilə məhdudlaşmağa başladı, bu dillərdən hər biri ümumi məhsulun təxminən bərabər proporsiyasına malik idi (lakin hər elmin müxtəlif bölgüsü vardı: əsrin sonlarına yaxın alman dili kimyada öndə gedirdi).
Sənayeləşmənin çiçəklənməsi ilə bərabər müasir millətçilik də bütün Avropada yayılmışdı. Qitələr boyunca şairlər və intellektuallar on doqquzuncu əsr modernizminin dayaqları kimi yerli dilləri inkişaf etdirir, tez-tez kəskin dəyişikliklər edirdilər. Dil mühafizləri kəndlilərin danışıq dillərini yüksək ədəbiyyat və təbiət elmlərinin tələblərinə uyğunlaşdırmaqda çətinliklərlə üzləşdilər. Sənətlə bağlı məsələ aydındır: müasir macar, çex, italyan, ivrit, polyak və digər dillər əsrin ikinci yarısında çiçəkləndi. Lakin elmdə səmərəliliyin yüksək dəyərləndirilməsi bu yeni Babil qülləsini bir az ram etmişdi, bircə rus dili müdaxilə edərək elmi nəşrlərin önəmli (amma daha kiçik) dilinə çevrilmişdi. “Kiçik dillər”in tərəfdarları kənarda qalmaqdan şikayətlənirdilər, o böyük üç dilin danışanları isə digər iki dili öyrənmək məcburiyyətində olduqlarına görə gileylənirdilər.
Üç dil ağır yükdü, şübhəsiz. Elmin öyrənilməsi üçün yalnız bir dilin olmasını dəstəkləyənlər vardı, onlar öncəki əsrlərdə latın dilinin malik olduğu universallığa və qəbul olunmuş neytrallığına istinad edirdilər. Esperanto tələb edirdilər. Məntiqli arqumentlər söyləyirdilər, həmin arqumentləri bu gün ingilis dilinə dair eşidə bilərsiniz. Esperanto hətta bir neçə yüksək profilli dəstəkçilərə də malik idi, məsələn, 1909-cu ildə kimya üzrə Nobel mükafatı almış Vilhelm Ostvald və daniya linqivisti Otto Cespersen, lakin onların entuziazmı daha radikal süni dil layihələrinə qədər gedib çıxdığına görə, tezliklə utopik xəyalpərəstlər kimi ciddiyə alınmadılar. Hər kəsə aydın idi ki, elm poliqlot sistemdən başqa formada mövcud ola bilməz.
Dəyişiklik baş verdi. Biz indi esperantistlərin arzuladığı dünyada yaşayırıq, lakin təbiət elmlərinin universal dili ingilis dilidir, bir sıra çox güclü xalqın ana dili olan və nəticədə heç də neytral olmayan bir dil. Elmin poliqlot sisteminə nə oldu? Dağıldı. Daha dəqiq, dağıdıldı. 1914-cü ilin yayında Mərkəzi Güclərlə (əsasən Almaniya və Avstriya-Macarıstan) Antanta Üçlüyü (Böyük Britaniya, Fransa, Rusiya) arasında Böyük Müharibə başladığı zaman yaşanan ilk hadisələrdən biri xeyirxah internasionalizm idealları idi. Alman alimləri digər intellektuallara qoşularaq Almaniyanın müharibə məqsədlərinin tərifini göylərə qaldırırdılar. Fransız və Britaniya alimləri isə bunları izləyib qeydə alırdılar unutmamaq üçün.
Müharibədən sonra qalib Antantanın himayəsi altında yaradılmış – sonradan ABŞ-ın daxil edildiyi, bolşevik inqilabının burulğanına düşmüş Rusiyanın isə çıxarıldığı - Beynəlxalq Araşdırma Şurası Mərkəzi Güclər ölkələrindən olan alimlərin boykot edilməsi təşəbbüsünü qaldırdı. 1920-ci illərin əvvəllərində elm üzrə yeni beynəlxalq qurumlar yaradılarkən almandilli alimlərin üzünə qapılar bağlanıldı. Bu çıxdaş etmə elə bir uzunmüddətli partlayıcı idi ki, növbəti onilliklərdə elmin aparıcı dili kimi alman dilinin ölümünə gətirib çıxaracaqdı. Üç dil Avropanın bir hissəsi üçün ikiyə endirildi. Almanlar bu xoşagəlməz duruma öz doğma dillərinə sədaqətlərini yenidən gücləndirməklə cavab verdilər. Çoxdilli sistem çat verməyə başlamışdı, lakin onu darmadağın edən amerikalılar oldu.
Alman fobiyası çılğınlığı içərisində, 1917-ci ilin aprelində ABŞ-ın müharibəyə daxil olması ilə, alman dili cinayət kateqoriyasına salındı. Ayova, Ohayo, Nebraska və digər ştatlar ABŞ-da (mərkəzi Avropadan ola kütləvi immiqrasiyanın nəticəsi olaraq) ingilis dilindən sonra ən çox danışılan bir dildən imtina etməli oldular. Alman dilinin qeyri-qanuni elan edilməsi müharibənin bitdiyi gündən sonra güclənməyə başlandı. 1923-cü ilə qədər ABŞ-ın ştatlarının yarıdan çoxunda alman dilinin ictimai yerlərdə, teleqraf və telefon rabitələrində və uşaqların təhsilində istifadəsi qadağan edilmişdi.
Həmin il Ali Məhkəmə dönüş nöqtəsi olan “Meyer Nebraskaya qarşı” işin də bu qanunları ləğv etdi, lakin artıq zərbə vurulmuşdu. Xaric dil təhsili məhv olmuşdu, hətta fransız və ispan dillərinə qarşı; bütöv bir amerikan nəsli, o cümlədən gələcək alimlər, əcnəbi dilləri öyrənmədən böyüdü. 1920-ci illərin ortasında, alman və avstriyalı fiziklər yeni kvant mexanikası barədə əsərlər nəşr edərkən, amerikalı fiziklərin alman elmi məqalələrini oxuya bilmələrinə səbəb yankilərin hələ də Veymar Almaniyasında təhsil almaq üçün Atlantiki kəsib keçmələri və məcburən bu dili öyrənmiş olmaları idi.
Səfər istiqaməti tezliklə dəyişdi. 1933-cü ildə Adolf Hitler qısa müddətdə “qeyri-ari”ləri və sol yönümlü professorları qovaraq alman elmini məhv etməyə başladı. 1930-cu illərdə immiqrasiya edəcək qədər bəxti gətirmiş yəhudi alimlər bir sıra problemlərlə üzləşməli oldular. Albert Eynşteynin keçmiş köməkçilərindən biri olan Korneliy Lançoş həm mövzusuna görə, həm də “mətni yaxşı dostların dolğun redaktəsinə məruz qoymağına” baxmayaraq, “dili pisdir” bəhanəsi ilə öz əsərlərini ingilis dilində nəşr etdirməkdə problemlər yaşamışdı. Hətta Eynşteyn belə tərcüməçilərə və əməkdaşlara bel bağlamışdı.
Eyni vaxtda alman fizik Ceyms Frank Çikaqoya köçdü və nəhayət, ingilis dilinə uyğunlaşdı, Maks Born isə Edinburqa yerləşərək gənc yaşlarında sevinc içində öyrəndiyi ingilis dilini istifadə etməyə başladı. Bu şəxslərdən çoxu yeni dillə olan mübarizələrini sonradan xatırlayırdılar, bu gün yapon nobelçilərinin öz avtobioqrafiyalarında arxipelaqdan kənarda tanınmaq və nüfuz qazanmaq üçün ingilis dilindəki ilk nəşrlərininin əhəmiyyətini qeyd etdikləri kimi. 1930-cu illərdə Hitler həmçinin xarici tələbələrin əksəriyyəti üçün vizanı ləğv etdi. Alman universitetlərinə qəbulun sərtləşdirilməsi alman dilinin daha da zəifləməsi, Böyük Müharibə ilə başlamış prosesin uğurla başa çatması demək idi.
İkinci dünya müharibəsindən sonra elmin dili hekayəsi demokrafik və geopolitik məsələyə çevrildi. 19-cu əsrdə Britaniya imperiyasındakı çoxdilli yanaşma ilə müqayisədə, 20-ci əsrdə yüksəlməyə başlayan Amerika imperiyasından olan alimlərdən xarici dil bacarıqlarına sahiblənmək gözlənilmirdi. Bununla belə, müharibədən sonra inkişaf edən böyük həcmdə sovet alimləri və mühəndisləri ABŞ üçün yeni elmi rəqib idi. 1950-60-cı illərdə dünya elmi nəşrlərinin 25 faizinə sahib olmaqla, Rusiya ikinci ən böyük elm dilinə çevrildi, ondan öncə isə 60 faizlə ingilis dili gəlirdi. Lakin 70-ci illərdə alimlər dünyanın hər yerinə anqlofoniyanı yaydıqlarına görə rus nəşrlərinin faizi düşdü.
Amerikalıların rusca öyrənmək bacarıqsızlığı və ya öyrənməkdən imtina etmələri, – başqa dillər haqqında heç danışmayaq – eləcə də, öz elmlərini irəli aparmaq üçün amerikanlaşmış elm sisteminin Atlantikdən keçərək ingilisdilli və qeyri-ingilisdilli ölkələrə ixracı daha sonra elmin ingilisləşməsini gücləndirdi. Avropalıların, latın amerikalıların və digər xalqların bu yeni təkdilli rejimə daxil olmaq istəyi də bu məsələdə rol oynadı. Öz sahələrinin liderləri tərəfindən istinad olunmaq istədiklərinə görə, hollandlar, skandinavlar və iberlər öz əsərlərini fransız və alman dillərində nəşr etdirməyi dayandırdılar və yazılarının dilini ingiliscəyə çevirdilər. Paradoks buradadır ki, ingilis dilindən başqa hər hansı bir dildə nəşr olunmaq artıq millətçi partikulyarizmin təzahürü kimi qəbul olunmağa başlamışdı: anadili fransız olmayan heç kim fransızca nəşr etdirmirdi əsərlərini; alman dili üçün də “mutatis mutandis” – yəni eyni hal baş verdi.
Soyuq müharibə gücləndikcə rus dilində nəşr olunmaq da aşkar siyasi bəyanat kimi qəbul olunurdu. Eyni vaxtda, dünyanın hər yerində alimlər ingilis dilini öyrənməyə davam edirdilər, lakin elm tarixində baş verən bu qəribə yenilik çox vaxt dərin siyasi məsələ kimi qeyd edilmir. 1980-ci illərə qədər ingilis dili təbiət elmlərinə dair dünya nəşrlərinin 80 faizindən artığını əhatə edirdi. İndisə təxminən 99 faiz civarındadır.
Nəticəsi nə oldu? Bəlkə də, səmərəlilik həvariləri haqlı çıxdılar və indi elmin ünsiyyəti bir dildə olduğuna görə elm daha yaxşı vəziyyətdədir – elmin son aşkar nailiyyətləri bu arqumentlə izah oluna bilər. Lakin biz bunun nəyin bahasına başa gəldiyini də dəyərləndirməliyik. 1869-cu ildə Dmitri Menteleyev dövri cədvəlini almanca deyil, rus dilində nəşr etdirdiyinə görə, demək olar, etibarını itirmişdi. Bu gün ingilis dilindən başqa hər hansı kiçik dildə və aparıcı bir jurnaldan başqa hansısa bir jurnalda dərc olunmaq əsərin diqqətə alınmamasına gətirib çıxarır.
Fransız riyaziyyatçıları tez-tez fəxrlə fransız dilində nəşr olunurlar, lakin riyaziyyatdakı formallıqlar ingilisdillilərin riyazi məsələlərin həllini izləmələrinə yardım edir. Bərabərlik işarəsinin daha az işləndiyi ağır eksperimental elmlərdə isə bu, ağlasığmazdır. Nə qədər perspektivli tələbə çoxvariantlı hesablamalarla deyil, ingilis dili ilə daha çox vaxt keçirdiyinə görə elmi karyeradan kənarda qalıb! Dünyadakı dərslik istehsalı da (hətta ali məktəblər üçün) ingilis dilinə doğru istiqamətləndikcə problem daha da kəskinləşir: bazar meyarları çex və ya suahili dilindəki mikrobiologiya kitablarını, sadəcə, müdafiə etməyəcək. Monoqlot elmin ödədiyi bir bədəl var.
Lakin qurulub ərsəyə gəldikdən sonra monoqlot dil daha stabil görünür kənardan. Elmi dillərin indiki durumu hərfi mənada presendentsiz olduğuna görə, elmi dillərin gələcəyi barədə fərziyyə irəli sürmək təhlükəlidir. Əvvəllər heç vaxt elmi ünsiyyətin belə bir monoqlot sistemi olmayıb. Bu sistem yer kürəsinin hər küncünə yetişir və artıq elmin dili böyük hərbi və iqtisadi gücün ana dilidir.
Bununla belə, iki şeyi inamla vurğulamaq olar. Birincisi, monoqlot sistemi bu səviyyədə saxlamaq çox enerji tələb edir, dil təlimlərinə və qeyri-ingilisdilli ölkələrin dillərinə tərcümələrə nəhəng resurslar xərclənir. İkincisi, əgər ingilisdilli xalqlar sabah yox olmağa məruz qalsalar, artıq mövcud olan sistemin böyük ətaləti nəticəsində ingilis dili hələ də elmin önəmli dili olaraq qalacaq. Alimlərin keçmiş bilginin köməyi ilə yaratdıqları lövbər effekti dünənin poliqlot, bu günün monoqlot rerjimlərinin hər ikisini dəstəkləyir.
Sadəcə, ən yaxınlıqdakı alimdən soruşun. O sizi başa düşəcək.
Michael D. Gordin,
Prinston Universitetinin modern və çağdaş tarix üzrə professoru
Bilge.az